22 Sentyabr 2021, Çərşənbə

“Şərq qapısı” – 100

 

Birəsrlik tarixi olan və 100 illik yubileyinə hazırlaşdığımız muxtar respublikamızın bütün sahələrini özündə əks etdirən “Şərq qapısı” qəzetində müxtəlif dövrlərdə bir-birindən dəyişik qələm sahibləri fəaliyyət göstərmişdir. Onlardan biri də haqqında danışacağım babam Məmməd Rzayevdir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 1 iyun tarixdə imzaladığı “Şərq qapısı” qəzetinin 100 illik yubileyinin qeyd olunması barədə” Sərəncamına əsasən fəaliyyətə başlamasının 100 illiyini qeyd etməyə hazırlaşdığımız “Şərq qapısı” qəzetinin işıq üzü görən ilk saylarını vərəqlədikcə orada dərc olunan məqalələrin mövzu dairəsinin çox geniş və əhatəli  olduğunu görürük. Burada əhalinin böyük əksəriyyətinin savadsız olduğu bir dövrdə insanları məlumatlandırmaq, onlara maraqlı xəbərlər çatdırmaq, maarifləndirmək məqsədilə bölgə həyatının bütün sahələrinə həsr olunmuş böyük və kiçikhəcmli məqalələr özünə yer almışdır. Savadsızlığın ləğv olunması istiqamətində işlər aparıldığı həmin dövrdə “Şərq qapısı” qəzeti öz üzərinə düşən vəzifəni ləyaqətlə yerinə yetirmiş, insanlar onun məlumatlarından yararlanmışlar. Təsadüfi deyildir ki, Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyev “Şərq qapısı” qəzeti haqqında bəhs edərkən qeyd etmişdir ki, “Mən “Şərq qapısı” qəzetinin təsiri altında tərbiyələnmişəm. Hələ gənc ikən, burada orta məktəbdə, pedaqoji texnikumda oxuyanda müxtəlif məsələləri öyrənmək üçün “Şərq qapısı”ndan çox istifadə etmişəm. Qəzetiniz o vaxtdan nüfuzlu qəzet kimi hafizəmdə qalıb”.

Ardını oxu...

“Şərq qapısı” – 100

 

Bu il “Şərq qapısı” qəzetinin kollektivi olaraq çox sevincli və qürurluyuq. Ona görə ki, muxtar respublikamızın güzgüsü sayılan doğma qəzetimizin 100 yaşını qeyd edirik. Bir əsrdir, fəaliyyət göstərən qəzetimizin mənalı, bir o qədər də keşməkeşli tarixi inkişaf yoluna nəzər saldıqda, Naxçıvanda qəzetçiliyin əsasını qoyan bu mətbuat orqanının xalqımızın maariflənməsi və inkişafı yolunda yorulmadan, usanmadan sona qədər mübarizəsinin şahidi olduqda onunla bir daha fəxr edirik. Xalqımızın xilaskarı, ümummilli liderimiz Heydər Əliyevin “Mən “Şərq qapısı” qəzetinin təsiri altında tərbiyələnmişəm. Hələ gənc ikən burada orta məktəbdə, pedaqoji texnikumda oxuyanda müxtəlif məsələləri öyrənmək üçün “Şərq qapısı”ndan çox istifadə etmişəm. O vaxtdan nüfuzlu qəzet kimi hafizəmdə qalıb” fikirləri də qəzetin bütün dövrlərdə, eləcə də bu gün də muxtar respublikamızda baş verən ictimai-siyasi proseslərin, uğurla həyata keçirilən dövlətçilik siyasətinin, elm, təhsil, iqtisadiyyat, mədəniyyət, ədəbiyyat və digər sahələrdə baş verən yeniliklərin güzgüsü olduğunun və üzərinə düşən vəzifələri layiqincə yerinə yetirdiyinin bariz ifadəsidir. Məhz Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Şərq qapısı” qəzetinin 100 illik yubileyinin qeyd olunması barədə” 2021-ci il 1 iyun tarixli Sərəncamı muxtar respublikada jurnalistika məktəbini formalaşdıran “Şərq qapısı” qəzetinin gücünün və nüfuzunun, bu mətbu orqanın əməkdaşlarının yorulmaz fəaliyyətinin məntiqi nəticəsi olmaqla, eyni zamanda bu məktəbin yetirməkdə olduğu jurnalistlər nəslinin bundan sonrakı geniş fəaliyyəti üçün də böyük bir stimuldur. Bir gənc jurnalist kimi gecəsini, gündüzünü qəzetçiliyə həsr edən jurnalistlərin əməyinə verdiyi dəyərə, göstərdiyi qayğıya görə Ali Məclis Sədrinə minnətdarlığımı bildirməyi özümə mənəvi borc hesab edirəm.

Ardını oxu...

Kütləvi informasiya vasitələrinin, həmçinin tarixi həqiqətləri xalqımıza və dünyaya təhrif olunmadan çatdıran peşəkar jurnalistlərimizin fəaliyyəti həmişə Azərbaycan dövlətinin, o cümlədən Naxçıvan Muxtar Respublikasında diqqət mərkəzində olmuş, onların fəaliyyəti hərtərəfli qayğı ilə əhatə edilmişdir. “Şərq qapısı” qəzetinin 100 illik yubileyinin qeyd olunması barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı bunu bir daha təsdiq edir.

Ardını oxu...

Heç xatirimdən çıxmaz. İki böyük çamadan qəzetlə dolu idi. Atam hər dəfə bu çamadanı açar, yeni qəzet qoyar, bir də, sanki xəzinə qoruyurmuş kimi bağlayardı. Demək olar ki, bu proses gündəlik belə davam edərdi. Uşaq ikən bütün bunların nə olduğunu dərk etməzdim. Atam isə hər dəfə evə gələndən sonra masa arxasına keçər, sarı kağızlara elə hey nə isə yazardı. Böyüdükcə anladım ki, atam jurnalistdir. İşdən yorğun gəlməsinə baxmayaraq, sirdaş olduğu o sarı kağızlara tökülən sözlər isə çamadana yığılan qəzet səhifələrində yer alardı. Demək ki, atam o çamadanda yuxusuz gecələrinin zəhmətinin barını və nəhayətdə, doğma qəzeti – “Şərq qapısı”nı saxlayar, hifz edərdi. Fikrimdən heç jurnalist olmaq keçmədi. Müəllimlərim mənə öz peşələrini sevdirmişdilər – müəllimliyi. Elə bu ixtisasın da ardınca getdim. Lakin deyir sən saydığını say, gör fələk nə sayır. Düşünürəm ki, uşaqlıqda insan nəyi görür və təsiri altına düşürsə, o bilavasitə ruhuna sirayət edir. Beləcə, ruhum çəkib məni “Şərq qapısı”na apardı. Kim nə deyir desin, jurnalistika bir eşqdir, qurtula bilməyəcəyin bir sevgidir. Elə ki girdabına düşdün, unut çıxacağını. Fəaliyyət o vaxt bitər ki, ruhun bədənini tərk edər. Bax belə bir sevdadır əsl jurnalist olmaq. Ömürlərinin son gününədək sənətlərini yaşadan sevdalıları gördüm mən: Səxavət Kəngərlini, Sevindik Həmzəyevi, Eldar Əhmədovu, Cəfər Kərimovu, Cəfər Əliyevi, Cəlil Vəzirovu və atam Hacı Rəsulovu. Doğma qəzetimizin 100 illiyi ərəfəsində hər birini ehtiramla anırıq.

Ardını oxu...

1921-ci ildən Naxçıvanda nəşrə başlayan, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 1 iyun tarixli Sərəncamı ilə yüzillik yubileyi muxtar respublika ictimai-siyasi həyatında mühüm hadisə kimi qeyd olunan “Şərq qapısı” qəzetinin ilk müxbirlərindən biri də Seyid Səbri Mirsadıq oğlu Əsədli (1896-1974) olmuşdur. S.Səbrinin “Şərq qapısı” qəzetinin 50 illiyi münasibətilə həmin qəzetin 1971-ci il 2 iyul tarixli nömrəsində çap etdirdiyi “Yaddaşımdan bir neçə söz” adlı məqaləsində qəzetin nəşrə hazırlanma şəraiti, böyük çətinliklər bahasına varlığını qoruya bilməsi, bu işdə fəallıq göstərən şəxslərin xidmətləri və özünün müxbirliyi haqqında maraqlı məlumatlar verilmişdir.

Ardını oxu...

Sizə kimdən danışım, kimdən deyim bir əsr yaşayan, bir əsrdir xalqı ilə nəfəs alan, dil açıb oxucuları ilə danışan, çətinliklərə baxmayaraq durmadan, dayanmadan nəşr olunan yeganə mətbu orqan olan, yurdunun gözəlliklərini, keşməkeşli günlərini öz səhifələrinə köçürən “Şərq qapısı” qəzetindən. Bu yurda yaşayan elə bir ziyalı tapılmaz ki, yolu heç olmasa bir dəfə bu yüz yaşlı qoca ilə rastlaşmasın. Elə bir ziyalı yoxdur ki, onun necə deyərlər şinelindən çıxmasın. Bəli yüz ildir onun  şinelindən neçə -neçə ziyalılar çıxıb. Mənim onunla ilk tanışlığım isə 2002- ci ilə təsadüf edir. Yazdığım ilk məqaləni ya da məqalə zənn etdiyim yazımı əlimə götürüb böyük bir binanın birinci mərtəbəsinə sığdırılmış redaksiyanın kiçik pəncərələrindən bütün respublikaya yayılan nurdan pay almağa gəlmişdim.

Ardını oxu...

XX əsrin birinci yarısında yaşayıb-yaradan Əbülfəz Əli oğlu Sadıqov (1898-1956) “Əvəz Sadıq” imzası ilə Azərbaycan ədəbiyyatı və mətbuatı tarixində nasir, tərcüməçi və jurnalist kimi özünəməxsus iz buraxan tanınmış yaradıcı şəxsiyyətlərdən biri olmuşdur. Onun fəaliyyəti daha çox mətbuatla bağlı olmuş, publisistika isə yaradıcılığının mərkəzində dayanmışdır. “Kommunist”, “Şərq qapısı”, “İnqilab və mədəniyyət”, “Şərq qadını”, “Vətən yolunda” və “Kirpi”  kimi mətbuat orqanlarındakı müxbir, məsul katib və redaktorluq fəaliyyəti bu qənaətimizi əsaslandıran faktlardır. 

Ardını oxu...

Mənim atam mütaliəni sevən ziyalı bir insandır. Vaxt olub ki, ona paxıllıq etmişəm. Bu qədər işin içində necə vaxt tapır mütaliə etməyə? – deyə. Sən demə, insan sevdiyi işə hökmən zaman ayırır. Əks halda sevmir, zaman sadəcə bəhanədir.  Məsələnin mahiyyəti bu deyil, təbii ki. Mənim “Şərq qapısı” qəzetində çalışmağım üçün atam 6 il öncə çox səy göstərmişdi. Hər zaman deyirdi: Qəzetdə hansı işi görürsən gör, onun sehri səni ziyalı olmağa sövq edəcək. İstər sürücü ol, istər operator, istər korrektor ol, istər dizayner, istər mühasib ol, istər mühafizəçi, sən hökmən o qəzeti oxuyacaqsan. Çünki, üzərində zəhmətin olan hər şeyin bəhrəsini görmək zövq verir insana. Atam, əvvəllər bu sahədə çalışmışdı. Bəlkə də onun üçün bilirdi qəzetin sehrli bir aləmi olduğunu. O qəzeti mənə elə sevdirmişdi ki, sanki, o mühitə düşən kəsə sehirli dəyənək toxunur və sən ziyalı, mədəni, özünü və hisslərini sözlərlə daha düzgün ifadə edən bir insana çevrilirsən. Mən bunun mahiyyətini qəzetdə ilk dəfə məqaləm dərc edilərkən anladım. Heç unutmaram, ilk dərc olunan məqaləmi qəzet səhifəsindən saysız-hesabsız, heç yorulmadan, bəlkə də on dəfə həyəcanla oxumuşdum. Daha sonra digər müəlliflərin yazılarına nəzər salmışdım, kimin yazısı daha maraqlıdır, – deyə. Çünki, sən istəsən də, istəməsən də, insan övladına xas olan bir eqoizm var daxilində və hökmən səni digərləri ilə müqayisə etməyə məcbur edir. Bəlkə də, elə atamda da mütaliəyə sevgi qəzetdə çalışarkən yaranmışdı. Çünki, bu məndə də belə oldu. Mütaliəyə marağım uşaqlıqdan vardı əslində. Amma bunu üçün xüsusi zaman ayırmazdım, sadəcə boş zamanlarda bəlkə də atamın təkidi ilə mütaliə edərdim. Amma indi elə deyil, bu gün bu qəzet məndə mütaliəyə təkcə maraq yox, həm də sevgi yaradıb, xoş ətirli çörəyi səhərlər necə iştahla yeyiriksə, hər səhər redaksiyaya gələrkən qəzeti də eyni təşnəliklə vərəqləyir, eyni acgözlüklə oxuyuruq. Çünki, bu qəzet bizim həyat amalımızdı. Sizə ikinci bir nüansı xüsusilə qeyd etmək istərdim, insanın doğulduğu ev onun həyatına necə təsir bağışlayırsa, düşdüyü mühit, çalışdığı iş ikiqat öz təsirini göstərir. Hər gün qəzetin baş redaktorunun qəzeti öz övladı kimi əzizləyib, nazını çəkdiyini gördükdə təbii ki, hər kəs qəzet üzərində öhdəliklərini daha dərindən mənimsəyir. Hər kəs öz işinə daha sıx tellərlə bağlanır, qəzetin ən incəliklərinə belə həssaslıqla yanaşır. Çünki, hər kəs dərk edir ki, bu qəzet bizim keçmişimiz, gələcəyimiz və bu günümüzdür. Çünki, bu qəzetdə keçmişdən süzülüb gələn dəyərlərimiz, sevinclə yaşadığımız bu günümüz və xoşbəxtliyə aparan gələcəyimiz var. 100 illik qədəmin mübarək doğma qəzet!

Gülcamal Tahirova

“Şərq qapısı” – 100

“Şərq qapısı” redaksiyasının kollektivinə!

“Əkinçi” qəzeti ilə təməli qoyulan milli mətbuatımız özünəməxsus zəngin və çoxcəhətli inkişaf yolu keçmiş, xalqımızın sosial-mədəni tərəqqisində mühüm rol oynamışdır. “Şərq qapısı”qəzeti də bir əsrlik tarixi boyunca milli mətbuatımızın inkişafına böyük töhfələr vermiş, Azərbaycanın inkişafında özünəməxsus rol oynamışdır.

“Bizim ümumi məqsədimiz mətbuata daha da çox azadlıq vermək, söz azadlığını daha da geniş təmin etmək və Azərbaycanda demokratiyanı bütün sahələrdə inkişaf etdirməkdən ibarətdir”, deyən ümummilli lider Heydər Əliyevin 1998-ci ildə imzaladığı “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanı ilə kütləvi informasiya vasitələri üzərindən senzuranın götürülməsi “Şərq qapısı” qəzetinin də tarixində yeni bir səhifənin açılmasına səbəb olmuş, müstəqillik illərində inkişafının ən yüksək pilləsinə yüksəlmişdir.

Ardını oxu...

          1 iyun 2021-ci il tarixində ilhamlanıb alıram qələmi əlimə, muxtar respublika mətbuatına Ali Məclis Sədrinin növbəti qayğısının, “Şərq qapısı” qəzetinin 100 illik yubileyinin qeyd olunması barədə Sərəncamın işığında yazmağa çalışıram bu yazını. Bir əsrlik ömür kitabını vərəqlədikcə düşünürəm: Yüzlərlə, minlərlə jurnalistin yaradıcılıq yoluna nur çiləyən, gələcəyinə çıraq tutan, ulu tariximizdən, mədəniyyətimizdən, adət-ənənələrimizdən, keşməkeşli dünənimizdən, nailiyyətli bu günümüzdən, blokadalı inkişafdan, tərəqqidən, quruculuqdan, səndən, məndən, bizdən, hər birimizdən söhbət açan çinar ömürlü söz təknəsinin özündən söhbət açmaq necə də məsuliyyətli hiss, necə də ağır missiyadır...

           1921-ci il 9 noyabr tarixində dünyaya göz açan, minlərlə gözləri dünyaya açdıran doğma qəzetimizin səhifələrində nələr yer almayıb, nələr. Nələrdən danışmayıb, nələrdən yazmayıb ki bu mətbu orqan. Vərəqlədikcə hər səhifəsindən hiss edirik, duyuruq əcdadlarımızın ayaq səslərini, səyahət edirik ulu babalarımızın təxəyyül, təfəkkür dünyalarına, diqqətimizə hakim kəsilir dünənimizdə baş verənlər, öyrənirik bu günümüzün reallıqlarını, müstəqilliyimizi, inkişafı, tərəqqini hər incə detalınadək, varırıq faktlarla zəngin dolğun nəticəyə. İşıqlı sabahlara aparan yolda qarşımıza çıxan maneələri aşdığımız, közərən çıraq işığına nigaran nəzərlə baxdığımız, qəlbimizdə işıldayan ümid, inam işığından güc aldığımız, titrəyən nəfəsimizlə əsən əlimizi isitməyə çalışdığımız qaranlıq gecələrdə, gecə rəngli gündüzlərdə çəkdiyimiz əziyyətlərlə qarşılaşırıq rəngi solmuş səhifələrə nəzər saldıqca...

Ardını oxu...

“Şərq qapısı” qəzetinin yüzillik yubileyinin qeyd olunması muxtar respublikada
jurnalistikanın inkişafına növbəti dövlət qayğısıdır 

         Mətbuat hər bir xalqın milli mədəni tərəqqisinin güzgüsü, cəmiyyətin, dövlətin demokratik-hüquqi inkişafının inikasıdır, – desək, yanılmarıq. Görkəmli maarifpərvər ziyalı Həsən bəy Zərdabinin 22 iyul 1875-ci ildə nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə əsası qoyulmuş Azərbaycan milli mətbuatının çoxəsrlik inkişaf tarixinə böyük maarifçilik ənənələrinə malik doğma Naxçıvanımızın da adı qızıl hərflərlə yazılmışdır. Naxçıvanda mətbuatın birəsrlik qədim və zəngin tarixə malik olması dediklərimizi bir daha təsdiq edir. Ümumilikdə, böyük maarifçilik məktəbi, mütərəqqi ideyaların beşiyi sayılan “Şərq qapısı” qəzeti ictimai-siyasi fikir tariximizdə, milli-siyasi təfəkkürün formalaşması və inkişafında mühüm rola malikdir. 

Tarixi sərəncam işığında mətbuat salnaməmizin tarixinə bir nəzər

       Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Şərq qapısı” qəzetinin 100 illik yubileyinin qeyd olunması barədə” 2021-ci il 1 iyun tarixli Sərəncamı bu mətbu orqanın muxtar respublikamızın ictimai-siyasi, sosial həyatındakı, bütövlükdə, Azərbaycan ictimai-siyasi fikir tarixindəki yerini bir daha aydın təsdiq edir. Sərəncamda deyilir: “1921-ci il noyabrın 9-da nəşrə başlayan qəzet Naxçıvanda maarifin, elmin və ictimai fikrin inkişafına mühüm töhfələr vermiş, peşəkarjurnalist kadrların hazırlanmasında baza rolunu oynamışdır. Ötən əsrin 70-80-ci illərində ümummilli liderimiz Heydər Əliyevin qayğısı ilə qəzetin böyük formatda nəşri təmin edilmiş, qəzetdə xalqımızın milli dəyərlərinə və mədəniyyətinə həsr olunmuş yazılar işıq üzü görmüş, 50 illik yubileyi qeyd olunmuşdur. 1990-1993-cü illərdə isə “Şərq qapısı” qəzeti görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycanın xilası naminə həyata keçirdiyi tədbirləri və qəbul etdiyi tarixi qərarları geniş xalq kütləsinə çatdırmış, informasiya blokadasının aradan qaldırılmasında və milli dövlət quruculuğu yolunda fəal mübarizlərdən olmuşdur

      Müstəqillik illərində “Şərq qapısı” qəzetinin maddi-texniki bazası gücləndirilmiş, yaradıcılıq imkanları genişləndirilmiş, rəngli nəşrinə başlanmış, yubileyləri dövlət səviyyəsində qeyd olunmuşdur. “Şərq qapısı” qəzeti Naxçıvanın tarixini və keçdiyi inkişaf yolunu gələcək nəsillərə çatdıran salnamədir. Qəzet bu gün də muxtar respublikanın sosial-iqtisadi və mədəni inkişafına öz töhfəsini verir”. 1921-ci ilin noyabrında Gənclər İttifaqının orqanı olan “Cavanlar həyatı” qəzetinin nəşrə başlaması ilə Naxçıvanda qəzetçiliyin təməli qoyulmuş, hələ XIX əsrin 90-cı illərindən meydana gələn qəzet nəşr etdirmək ideyası, nəhayət ki, gerçəyə çevrilmişdir. Vərəqə şəklində çap olunan “Cavanlar həyatı” qəzeti iki aya yaxın müddətdə fəaliyyət göstərmiş, 1921-ci ilin dekabrından etibarən Naxçıvanda “Füqəra səsi” adlı yeni bir qəzet nəşr olunmuşdur. 1922-ci ilin aprel ayından nəşr edilməyə başlayan “Şərq qapısı” qəzeti isə müxtəlif tarixi mərhələlərdə ictimai-siyasi, ədəbi-mədəni proseslərin işıqlandırılmasında, millilik və maarifçilik ideyalarının təbliğində mühüm rol oynamışdır.

     Ötən əsrin 70-80-ci illərində “Şərq qapısı” qəzetinin gündəlik və böyük formatda nəşri təmin edilmişdir. Qəzetin 50 illik yubileyində “Şərəf nişanı” ordeni ilə təltif olunması həmin dövrdə Azərbaycana rəhbərlik edən görkəmli dövlət xadimi Heydər Əliyevin mətbuata böyük qayğısının təzahürü idi.TarixənAzərbaycançılıq ideologiyasına, milli məfkurəyə xidmət edən “Şərq qapısı” qəzeti XX əsrin 90-cı illərinin əvvəllərində Sovetlər Birliyində nəşr olunan ilk müstəqil mətbuat orqanı kimi tarixə düşmüş, 1990-cı il 20 yanvar tarixdən etibarən səkkiz nömrəsi müstəqil çıxan qəzet milli həmrəylik, demokratiya və milli müstəqillik uğrunda mübarizədə ideoloji bayraqdar funksiyasını yerinə yetirmişdir. Ümummilli lider Heydər Əliyevin “Şərq qapısı” qəzetinin 26 iyul 1990-cı il tarixli nömrəsində dərc olunan müsahibəsi, ulu öndərin Vətənə qayıtdıqdan sonra Azərbaycan mətbuatında dərc olunmuş ilk müsahibə kimi qəzetin fəaliyyət tarixində şanlı səhifəni təşkil edir. Qəzet muxtar respublikamızda fəaliyyət göstərən görkəmli dövlət xadiminin müstəqilliyimizin bərpası və möhkəmləndirilməsi yolunda həyata keçirdiyi tədbirlərin fəal təbliğatçısı olmuşdur. 1990-1993-cü illərdə ulu öndərimiz qəzetin fəaliyyəti ilə yaxından maraqlanmış, çətin şəraitdə belə, onun nəşr olunmasını təmin etmişdir.

      Ümummilli liderin Moskvadan Naxçıvana qayıtdıqdan sonra “Şərq qapısı”na verdiyi müsahibədə dediyi bu müdrik kəlam, bütövlükdə, qəzetin tarixi dəyərini ifadə etməklə bu mətbu orqanın sonrakı fəaliyyəti boyu həyat və ideya vəsiqəsinə çevrilmişdir: “Mən “Şərq qapısı” qəzetinin təsiri altında tərbiyələnmişəm. Hələ gənc ikən burada orta məktəbdə, pedaqoji texnikumda oxuyanda müxtəlif məsələləri öyrənmək üçün “Şərq qapısı”ndan çox istifadə etmişəm. O vaxtdan nüfuzlu qəzet kimi hafizəmdə qalıb”.

Ardını oxu...

Zəngin maarifçilik ənənələrinin təsiri ilə yaranmış “Şərq qapısı” qəzetinin ilk nömrəsinin nəşr olunmasından 100 il ötür.

1921-ci il noyabrın 9-da nəşrə başlayan qəzet Naxçıvanda maarifin, elmin və ictimai fikrin inkişafına mühüm töhfələr vermiş, peşəkar jurnalist kadrların hazırlanmasında baza rolunu oynamışdır. Ötən əsrin 70-80-ci illərində ümummilli liderimiz Heydər Əliyevin qayğısı ilə qəzetin böyük formatda nəşri təmin edilmiş, qəzetdə xalqımızın milli dəyərlərinə və mədəniyyətinə  həsr olunmuş yazılar  işıq üzü görmüş,  50 illik yubileyi  qeyd olunmuşdur. 1990-1993-cü illərdə isə “Şərq qapısı” qəzeti görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycanın xilası naminə həyata keçirdiyi tədbirləri və qəbul etdiyi tarixi qərarları geniş xalq kütləsinə çatdırmış, informasiya blokadasının aradan qaldırılmasında və milli dövlət quruculuğu yolunda fəal mübarizlərdən olmuşdur.

Ardını oxu...

ARXİV

Sentyabr 2021
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR