21 Sentyabr 2021, Çərşənbə axşamı

Muxtar respublikada nəşriyyat işinin müasir səviyyədə təşkili diqqətdə saxlanılır. "Əcəmi" Nəşriyyat-Poliqrafiya Birliyi üçün yeni kompleks istifadəyə verilmiş, ən müasir mətbəə avadanlıqları quraşdırılmış, maddi-texniki baza gücləndirilmişdir. Birliyin Naxçıvan şəhərindəki Kitab Evində yeni sərgi-satış mərkəzinin yaradılması da bu sahədə görülən işlərin davamıdır.

        İyulun 29-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov "Əcəmi" Nəşriyyat-Poliqrafiya Birliyinin Sərgi-Satış Mərkəzində yaradılan şəraitlə tanış olmuşdur.

        Məlumat verilmişdir ki, mərkəz sərgi-satış zalından, 2 iş otağı və anbardan ibarətdir. Burada təmir işləri aparılmış, fiber-optik internet və telefon xətti çəkilmiş, müasir barkod aparatı və kompüter alınmış, video-nəzarət sistemi quraşdırılmışdır. Zalda “Ümummilli lider Heydər Əliyevə həsr olunmuş ədəbiyyatlar”, “Naxçıvan Muxtar Respublikasına həsr olunmuş elmi ədəbiyyatlar”, “Oxunması zəruri olan kitablar”, “Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyi üzvlərinin əsərləri”, “Məktəbli ləvazimatları” olmaqla, 5 bölmə yaradılmışdır.


        Mərkəzdə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş kitablar, müstəqillik illərində  Naxçıvanla bağlı çap olunmuş elmi ədəbiyyatlar, oxunması zəruri olan  kitablar, Yazıçılar Birliyi üzvlərinin əsərləri, müxtəlif bədii ədəbiyyatlar, dəftərxana ləvazimatları, müəllimlər üçün dərs planları, lüğət dəftərləri, hüsnxətlər, dəftərlər, məktəbli kitabçaları, ümumilikdə “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində nəşr olunmuş 15 minə yaxın məhsul satışa çıxarılmışdır. Həmçinin burada “Nəşriyyat xidmətləri” bölməsi yaradılmış, mətbəə işlərinin görülməsi üçün çoxfunksiyalı çap avadanlıqları qoyulmuşdur. Mərkəzdə 3 nəfər işlə təmin olunmuşdur.

        Ali Məclisin Sədri mərkəzin əhəmiyyətini vurğulayaraq demişdir: Muxtar respublikada nəşriyyat işi yüksək səviyyədə təşkil olunmuşdur. Bu da mətbəə mədəniyyətinin formalaşmasının və ümumi inkişafın göstəricisidir. Artıq muxtar respublikada məktəbli ləvazimatlarının, idarə və müəssisələrə aid blankların çapı həyata keçirilir. "Əcəmi" Nəşriyyat-Poliqrafiya Birliyinin Sərgi-Satış Mərkəzinin fəaliyyəti həm çap olunmuş məhsulların sərgi-satışını təşkil etmək, həm də dövlət büdcəsi ilə maliyyələşən təşkilatları dəftərxana ləvazimatları ilə təmin etməkdən ibarətdir. Birlik geniş imkanlara malikdir və bundan da səmərəli istifadə olunmalıdır. Qazanılmış təcrübə imkan verəcəkdir ki, dəftərxana ləvazimatları təminatı bir yerdən həyata keçirilsin, standartlara uyğun və keyfiyyətli məhsullar istehsal olunsun, büdcə təşkilatları isə  dəftərxana ləvazimatları ilə təmin olunsun. Mərkəzin fəaliyyət göstərməsi həm də muxtar respublikanın tanıdılmasında böyük əhəmiyyətə malik olacaqdır. Çünki burada ölkəmizin və Naxçıvanın tarixini, mədəniyyətimizi, milli dəyərlərimizi əks etdirən kitablar satışa çıxarılıb.

        "Əcəmi" Nəşriyyat-Poliqrafiya Birliyinin Sərgi-Satış Mərkəzinin fəaliyyətə başlaması yenilikdir", - deyən Ali Məclisin Sədri bildirmişdir ki, mətbəə işinin müasir tələblər səviyyəsində qurulması bu gün  muxtar respublikada nəşr olunan  bütün qəzetlərin yüksək keyfiyyətlə çapına, həmçinin kitabların müasir tələblərdə nəşrinə imkan verir. Ali Məclisin Sədri dövlət idarə və müəssisələrinə aid dəftərxana ləvazimatlarının qanunvericiliyə uyğun hazırlanması və mərkəzin fəaliyyətinin təşkili  barədə müvafiq tapşırıqlar vermişdir.

        “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyinin direktoru Pərvin Məmmədov kollektiv adından minnətdarlıq etmiş, yaradılan şəraitdən səmərəli istifadə etməklə fəaliyyətlərini günün tələbləri səviyyəsində quracaqlarına söz vermişdir.

        Sonra Ali Məclisin Sədri Kitab Evindəki digər dəftərxana ləvazimatları, eləcə də idman mallarının satış mərkəzlərində də olmuş, göstərilən xidmətlərlə maraqlanmışdır.

 

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin mətbuat xidməti

 

 

 

ARXİV

Sentyabr 2021
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR