15 Aprel 2021, Cümə axşamı

Fevralın 27-də Naxçıvan Biznes Mərkəzində keçirilən tədbirdə Ali Məclisin Sədri Vasif Talıbov çıxış edərək demişdir: Sahibkarlıq fəaliyyətinin dəstəklənməsi və özəl bölməyə qayğı ümummilli liderimiz Heydər Əliyevin müəllifi olduğu iqtisadi inkişaf strategiyasının əsas istiqamətidir. Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən bu yolun uğurla davam etdirilməsi Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında sahibkarlıq fəaliyyəti üçün geniş imkanlar açmışdır. Muxtar respublikada özəl bölməyə dövlət dəstəyi artırılmış, biznes subyektlərinin qeydiyyat və lisenziya sistemi sadələşdirilmiş, əlverişli investisiya mühiti yaradılmışdır. Hazırda muxtar respublikada ümumi daxili məhsul istehsalının 88 faizi özəl bölmənin payına düşür. 

Ali Məclisin Sədri demişdir: Sahibkarlığın inkişafında başlıca hədəf sosial-iqtisadi səmərəlilikdir. Son illər muxtar respublikada sahibkarlıq fəaliyyəti üçün yaradılan şərait iqtisadiyyatın dinamik inkişafını təmin etməklə yanaşı, iş yerləri də açılmış, əhalinin məşğulluğu və rifahı yüksəlmişdir. Hazırda muxtar respublikada məşğul əhalinin 85 faizi özəl sektorda çalışır, istehsal edilən sənaye məhsulunun 93 faizini özəl bölmə təşkil edir. Kənd təsərrüfatı olmadan nə sahibkarlığın inkişafına, nə də ərzaq təhlükəsizliyinin təmin olunmasına nail olmaq mümkündür. Ona görə də muxtar respublikada aqrar sahənin inkişafı diqqətdə saxlanılır, torpaq mülkiyyətçiləri və fermerlər müasir texnika və texnoloji avadanlıqlarla, mineral gübrələrlə təchiz edilir, subsidiya və güzəştli kreditlər verilir, aqrar sığorta sistemi tətbiq olunur. Artıq muxtar respublikada aqrar sahədə məhsul istehsalının 100 faizə yaxını özəl mülkiyyətə əsaslanır. 

  Qeyd olunmuşdur ki, özəl bölmənin inkişafını stimullaşdıran başlıca amillərdən biri də sahibkarlıq subyektlərinin əlverişli maliyyə resurslarına çıxışının təmin edilməsidir. Bu gün təsərrüfatçılıq fəaliyyəti üzrə banklar tərəfindən verilən kreditlərin ən aşağı orta faiz dərəcəsi muxtar respublikada tətbiq edilir. 2020-ci ildə muxtar respublikada sahibkarlara 37 milyon manatdan artıq kredit verilmiş, 138 yeni istehsal və xidmət sahəsi yaradılmışdır. Həmçinin pandemiya halını alan virusun muxtar respublikada yaratdığı çətinliklərin aradan qaldırılması məqsədilə sahibkarlıq subyektlərinə 7 milyon 279 min manat maliyyə yardımı göstərilmişdir. Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının fəaliyyətinin dəstəklənməsi kiçik və orta sahibkarlığın inkişafına, ən əsası isə özünüməşğulluğun təmin olunmasına və yerli istehsalın artmasına şərait yaratmışdır. Hazırda muxtar respublikada mindən artıq iri ailə təsərrüfatı fəaliyyət göstərir. Özünüməşğulluq tədbirləri sırasında aztəminatlı ailələrin aktiv əməyə cəlbi də xüsusi yer tutur, bu kateqoriyadan olan ailələrə dəstək verilir. Muxtar respublikada iqtisadiyyatın bütün sahələri ilə yanaşı, xidmət sektorunda da sahibkarlıq fəaliyyəti genişlənmişdir. Aparılan kompleks quruculuq işləri, müasir yol-nəqliyyat infrastrukturunun formalaşması, yerli istehsalın artması, ən əsası isə sabitlik turizm sektorunun inkişafına və bu sahədə sahibkarlıq fəaliyyətinin genişlənməsinə səbəb olmuşdur. 

Ölkə Prezidenti demişdir: “Bizim fəaliyyətimizin əsas istiqamətləri daxili tələbatı daxili istehsal hesabına ödəməkdən və ixrac potensialımızı artırmaqdan ibarətdir”. Muxtar respublikada sahibkarlığın bütün parametrlər üzrə inkişafı yerli istehsalın həcminin artmasına və xarici ticarət əlaqələrinin genişlənməsinə töhfə vermiş, ixracyönümlü məhsul istehsalına nail olunmuşdur. Hazırda muxtar respublikada 384 növdə məhsul istehsal olunur, 350 növdə məhsula olan tələbat isə tamamilə yerli istehsal hesabına ödənilir. Dünyanın 72 ölkəsi ilə ticarət əlaqələri olan muxtar respublikada 11 ildir ki, xarici ticarət əlaqələrində müsbət saldo qeydə alınır. Sadalanan uğurlar bir daha təsdiq edir ki, muxtar respublikada dövlətin sahibkarlar üçün yaratdığı şərait, eyni zamanda sahibkarların göstərilən qayğıdan düzgün istifadəsi ümumi inkişafı təmin etmişdir. 

Ali Məclisin Sədri Naxçıvan Muxtar Respublikasında sosial-iqtisadi inkişafın təmin olunmasında və özəl bölmədə uğurlu nəticələrin qazanılmasında əməyi olanlara, eləcə də bütün sahibkarlara təşəkkürünü bildirmişdir. 

"Muxtar respublikada sahibkarlıq fəaliyyəti üçün bütün imkanlar mövcuddur. Bu imkanlardan səmərəli istifadə etmək, daha yüksək nəticələrə nail olmaq isə həm dövlət orqanlarını, həm də sahibkarları daim düşündürməli, muxtar respublikanın iqtisadi və investisiya imkanlarından səmərəli istifadə olunmalıdır", - deyən Ali Məclisin Sədri bildirmişdir ki, İqtisadiyyat Nazirliyi və Sahibkarlar Konfederasiyası yeni istehsal sahələrinin yaradılması ilə bağlı təkliflər verərkən daxili bazarın tələbatını və ixrac imkanlarını təhlil etməli, düzgün biznes-planlar tərtib olunmalı, müəssisələrin rentabellik göstəriciləri dəqiq müəyyənləşdirilməlidir. Kiçik və orta sahibkarlığın inkişaf istiqamətləri araşdırılmalı, rayonların sosial-iqtisadi inkişaf perspektivləri nəzərə alınmaqla yerli resurslara əsaslanan istehsal və xidmət sahələri yaradılmalı, ailə təsərrüfatlarının fəaliyyətinə dəstək verilməlidir. Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsi, Sahibkarlığa Kömək Fondu kreditlər verilərkən ehtiyac meyarlarını düzgün qiymətləndirməli, maliyyə riskləri ciddi şəkildə araşdırılmalıdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi özünüməşğulluq proqramı çərçivəsində aztəminatlı ailələrin məşğulluğu ilə bağlı işləri davam etdirməli, sahibkarlıq müəssisələrində əməyin mühafizəsi qaydalarına nəzarət olunmalıdır. 

Ali Məclisin Sədri demişdir: Muxtar respublikada müasir texnologiyalara əsaslanan və yerli xammalla işləyən istehsal sahələrinin yaradılması işin bir tərəfidir. Əsas məsələ isə keyfiyyətli məhsul istehsal etməkdir. Hər bir sahibkar kəmiyyətdən daha çox keyfiyyət barədə düşünməlidir. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti də keyfiyyətə nəzarəti gücləndirməli, rəqabətədavamlı məhsul istehsalına nail olunmalıdır. Dövlət Gömrük Komitəsi ixracyönümlü məhsul istehsal edən sahibkarlar üçün lazımi şərait yaratmalı, gömrük yoxlamaları sadələşdirilməli, elektron xidmətlərə üstünlük verilməlidir. Sahibkarlıq subyektləri də öz məhsullarının daxili bazarla yanaşı, muxtar respublikadan kənarda da satışına çalışmalı, marketinq araşdırmaları aparmalıdırlar. İqtisadiyyat və Kənd Təsərrüfatı nazirlikləri aqrar sahədə sahibkarlıq fəaliyyətinin genişlənməsinə diqqəti artırmalı, yarmarkalar davam etdirilməlidir.  

  Qeyd olunmuşdur ki,  2020-ci il muxtar respublikada "İxrac ili" elan olunsa da, pandemiya ilə bağlı məhdudiyyətlər qarşıya qoyulan vəzifələrin tam icrasına imkan vermədi. Ona görə də 2021-ci il muxtar respublikada "İxrac ili" kimi saxlanılır.    

  Ali Məclisin Sədri demişdir: Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, həqiqi sahibkar olmaq üçün birinci növbədə gərək yaxşı iş qurasan, ikinci növbədə gərək sahibkar kimi ölkənin iqtisadi tərəqqisi üçün səylər göstərəsən, öz nüfuzunu, hörmətini və imicini daim qoruyasan. Dahi şəxsiyyətin tövsiyələri hər bir sahibkar üçün əsas fəaliyyət istiqamətidir. Dövlətimiz üzərinə düşən vəzifələri yerinə yetirir. Sahibkarlar da dövlət qarşısında öhdəliklərinə əməl etməli, istehsal və xidmət müəssisələrində təhlükəsiz və sağlam əmək şəraiti yaradılmalı, mövcud imkanlar düzgün qiymətləndirilməli və ümumi inkişafa töhfə verilməlidir. 

  Ali Məclisin Sədri bu yolda sahibkarlara uğurlar arzulamışdır. 

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat naziri Tapdıq Əliyev çıxış edərək demişdir ki, iqtisadi sahədə qazanılan uğurlar muxtar respublikada makroiqtisadi göstəricilərin həcminin artmasına müsbət təsir göstərmiş, ötən il ümumi daxili məhsulun həcmi 1,1 faiz artaraq 2 milyard 908 milyon manata yaxın olmuşdur. Ümumi daxili məhsulun tərkibində ilk yeri 27,6 faizlik payla sənaye sahəsi tutmuş və maddi istehsalın payı 59,3 faiz təşkil etmişdir. 2020-ci ildə sənaye məhsulunun həcmi artaraq 1 milyard 40 milyon manatdan artıq olmuş, sənayedə özəl sektorun payı isə 93 faiz təşkil etmişdir. Tapdıq Əliyev özəl sektorun inkişafına göstərdiyi diqqət və qayğıya görə muxtar respublika sahibkarları adından Ali Məclisin Sədrinə minnətdarlıq etmişdir.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev demişdir ki, Naxçıvan Muxtar Respublikasında özünüməşğulluq proqramının uğurlu icrası nəticəsində sosial qayğıya ehtiyacı olan ailələrin fərdi təsərrüfatlara sahib olmaları onların dövlət yardımından asılılığının aradan qalxmasına, gəlirlərini artırmalarına və sahibkarlığa çıxış imkanı qazanmalarına hərtərəfli şərait yaratmışdır. Proqramın icrası nəticəsində 2017-ci ilin iyun ayından başlayaraq bu günədək muxtar respublika üzrə 2834 nəfər ailə üzvü olan 622 ailənin özünüməşğulluğu təmin edilmiş və proqramın icrası üçün 2 milyon 289 min manatdan artıq vəsait sərf olunmuşdur. Proqrama cəlb olunmuş 555 ailəyə heyvandarlıq, 67 ailəyə isə xidmət, istehsal və digər sahələr üzrə aktivlər verilmişdir. O cümlədən 622 sosial qayğıya ehtiyacı olan ailədən 164-nə verilən aktivlər müqavilədə göstərilən müddət bitdiyi üçün akt əsasında onların mülkiyyətinə keçirilmişdir. Ötən dövrdə 20 ailəyə 47 min manat dəyərində əlavə həvəsləndirici aqreqatlar verilmişdir. 2020-ci ildə də 1289 nəfər ailə üzvü olan 291 ailə proqrama cəlb edilmiş, bu məqsədlə 1 milyon 207 min 784 manat vəsait sərf olunmuşdur. Proqramın cari il ərzində davam etdirilməsi məqsədilə 1 milyon 280 min manat vəsait ayrılmışdır ki, bu vəsaitlə təqribən 400-ə yaxın sosial qayğıya ehtiyacı olan ailənin özünüməşğulluq tədbirlərinə cəlb olunması nəzərdə tutulur. Ötən il də peşə hazırlığı və ixtisasartırma kurslarına cəlb diqqətdə saxlanılmış, Naxçıvan Regional Peşə Tədris Mərkəzində təşkil olunan kurslarda, ümumilikdə, 374 nəfər iştirak etmiş, 1148 nəfər muxtar respublika ərazisində fəaliyyət göstərən müxtəlif sahibkarlıq müəssisələrində işlə təmin olunmuşdur. 

Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının sədri Vüqar Abbasov bildirmişdir ki, 2006-cı ildən fəaliyyət göstərən Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyası sahibkarların uğurlu biznes fəaliyyətinə öz dəstəyini göstərir. Konfederasiya hazırda 33 üzvü özündə birləşdirir. Bu sahibkarlar arasında sənaye və ərzaq məhsulları, mebel və tikinti materialları istehsalı, tibb və ticarət xidmətləri üzrə geniş profildə fəaliyyət göstərən iş adamları vardır.  Sahibkarlarımızın təşkil etdiyi ailə təsərrüfatları, arıçılar, quşçular və istixanaçılar birlikləri də, öz növbəsində, konfederasiya ilə sıx əlaqədədirlər. Ötən il bank və digər kredit təşkilatları tərəfindən yeni istehsal sahələrinin yaradılması və ya genişləndirilməsi məqsədilə 16 milyon 860 min, fərdi sahibkarlığın inkişafı məqsədilə isə 20 milyon 816 min manat kredit verilmiş, 37 hüquqi, 2 min 404 fiziki şəxs qeydiyyata alınmışdır. Artıq muxtar respublikada yaradılan istehsal müəssisələri daxili bazarı təmin etməklə yanaşı, xarici bazarlara məhsul ixrac etmək potensialına da malikdir. Ali Məclis Sədrinin tapşırığına əsasən 2020-ci ildə muxtar respublikada pandemiyanın sahibkarlığa mənfi təsirini azaltmaq məqsədilə sahibkarlar üçün dəstək mexanizmləri işə salınmış və iqtisadi fəaliyyət sahələrinə müvafiq maliyyə yardımları göstərilmişdir. Vüqar Abbasov yaradılan şəraitə görə muxtar respublika sahibkarları adından minnətdarlıq etmişdir.  

Ailə təsərrüfatı sahibi Tağı Tağıyev demişdir: 2011-ci ildə Şərur rayonunun Qarxun kəndində ailə təsərrüfatçısı kimi çörək istehsalı ilə məşğul olmağa başlamışıq. Şəxsi vəsaitimiz hesabına müəssisənin yaradılmasına 35 min manat vəsait sərf etmişik. Müəssisəmiz istehsala başlayan zaman gündəlik çörək istehsalı 90 kiloqram idisə, sonradan artan tələbatı ödəmək məqsədilə fəaliyyətimizi genişləndirərək istehsal gücünü gündəlik 120 kiloqrama çatdırdıq. Fəaliyyətimizin genişləndirilməsi, yeni texnologiyalara əsaslanan avadanlıqların alınması və rəqabətqabiliyyətli məhsul istehsal edilməsi məqsədilə ümumi dəyəri 65 min manat olan layihə hazırlamışıq. Avadanlıqların alınması üçün müqavilə əsasında ilkin olaraq 25 min manat daxili imkanlarımız hesabına ödənilmişdir. Hazırlanmış layihənin reallaşdırılması məqsədilə Sahibkarlığın İnkişafı Fonduna 40 min manat maliyyə dəstəyinin göstərilməsi üçün müraciət etmişik. Müəssisənin istehsal gücü saatda 120 kiloqram lavaş istehsalından 900 kiloqrama çatdırılacaqdır ki, bu da kəndin və yaxın yaşayış məntəqələrinin əhalisinin bu məhsula olan tələbatını ödəyəcəkdir. İstehsal sahəsi ilə yanaşı, burada 90 kvadratmetr həcmində hazır məhsul, xammal anbarı yaradılmışdır. Təsərrüfatımızda ailə üzvlərimizlə yanaşı, 4 nəfər də daimi işlə təmin edilmişdir. Çörək istehsalı ilə yanaşı, pay torpağımızda əkdiyimiz kartof, soğan və digər kənd təsərrüfatı məhsullarının saxlanılması məqsədilə ümumi tutumu 40 ton olan soyuducu anbar da yaratmışıq. Ali Məclis Sədrinin muxtar respublikada ailə təsərrüfatlarının fəaliyyətinə göstərdiyi qayğıdan bəhrələnərək kiçik sahibkara çevrilmişəm. Tağı Tağıyev ailə təsərrüfatçılarına göstərilən qayğıya görə Ali Məclisin Sədrinə minnətdarlıq etmişdir. 

Ali Məclisin Sədri bildirmişdir ki, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Sahibkarlar Konfederasiyası bu il də ailə təsərrüfatlarının inkişaf etdirilməsinə, özünüməşğulluğun təmin olunmasına və yerli xammala əsaslanan istehsal müəssisələrinin qurulmasına üstünlük verməlidirlər. Mövcud potensialdan, yerli resurslardan tam gücü ilə istifadə olunmalıdır. Qarşıya məqsəd qoyulmalıdır ki, ixracyönümlü məhsulların istehsalı artırılsın, xarici bazarlara çıxış əldə edilsin. İş adamları da yeni layihələr hazırlayıb təqdim etməli, məhsul istehsalı və satışı əvvəlcədən müəyyənləşdirilməlidir.  Naxçıvanda kifayət qədər məhsul istehsal olunur. Lakin əsas vəzifə ixracyönümlü məhsul istehsalının artırılmasıdır. 

Ali Məclisin Sədri demişdir: 2020-ci il ölkəmizin tarixinə Zəfər ili kimi daxil oldu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Milli Ordumuz işğal altında olan torpaqlarımızı azad etdi. Ölkə rəhbəri həmin torpaqlarda geniş quruculuq işlərinin aparıldığını elan edib. Aid qurumlar və  Sahibkarlar Konfederasiyası iş adamları ilə birgə orada fəaliyyət göstərən şirkətlərlə əlaqə yaratmalı, öz məhsullarını və xidmətlərini təklif etməli, logistik mərkəzin qurulmasına səy göstərilməlidir. 

Sonra Ali Məclisin Sədri yeni istehsal və xidmət sahələrinin yaradılması üçün 10 sahibkara güzəştli kreditlərin çeklərini təqdim etmişdir. Bu kreditlər mebel və çörək istehsalı sahələrinin genişləndirilməsi və avadanlıqların alınması, arıçılıq təsərrüfatının genişləndirilməsi, eləcə də heyvandarlıq təsərrüfatının genişləndirilməsi və yaradılmasına sərf olunacaqdır.

Güzəştli kreditlə təmin olunanlardan Abbas Babayev minnətdarlıq edərək demişdir ki, muxtar respublikamızda sahibkarlara qayğı göstərilir. Ali Məclis Sədrinin iştirakı ilə keçirilən görüşlər, verilən tövsiyə və tapşırıqlar, təqdim olunan kreditlər fəaliyyətimizin genişləndirilməsinə, yeni istehsal sahələrinin və sahibkarlıq subyektlərinin yaradılmasına stimul verir. 20 il bundan əvvəl kiçik mebel müəssisəsi yaratmaqla sahibkarlıq fəaliyyətinə başlamışıq. Bizə göstərilən qayğı nəticəsində müəssisəmizin fəaliyyəti xeyli genişlənmişdir. 

Tədbirdə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafından bəhs edən filmə baxış olmuşdur. 

Ali Məclisin Sədri Naxçıvan Biznes Mərkəzində muxtar respublikanın sosial-iqtisadi inkişaf göstəriciləri, müəssisələr, istehsal olunan məhsullardan ibarət sərgiyə və Naxçıvan Avtomobil Zavodunun istehsalı olan yeni model avtomobillərə baxmışdır. 

Qeyd olunmuşdur ki, mərkəzdə muxtar respublikada fəaliyyət göstərən istehsal müəssisələrinə aid stendlər, bölmələrdə istehsal olunan məhsullar və ya onların fotoşəkilləri, eləcə də muxtar respublikanın sənaye və kənd təsərrüfatı sahələri xəritəsi qoyulmuşdur.  Burada muxtar respublikada fəaliyyət göstərən 78 müəssisənin 166 növdə 1293 çeşiddə, eləcə də 86 ailə təsərrüfatının 25 növdə 162 çeşiddə məhsulu nümayiş olunur. Həmçinin mərkəzdə muxtar respublikada fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 2020-ci ildə istehsalına başlanılan məhsulları da sərgilənir. 

Ali Məclisin Sədri muxtar respublikada istehsal olunan məhsulların çeşidinin, keyfiyyətinin və ixrac imkanlarının artırılması, ailə təsərrüfatlarının fəaliyyətinin dəstəklənməsi, daxili bazarın qorunması, Naxçıvan Avtomobil Zavodunda çeşidlərin artırılması barədə tapşırıqlar vermişdir.

Naxçıvanda plastik kapsul və qapaq

istehsalı sahəsinin fəaliyyəti genişləndirilir 

“Gəmiqaya Plastmas Kapsul və Qapaq” Məhdud Məsuliyyətli Cəmiyyətinin yeni  istehsal xətti fəaliyyətə başlamışdır. 

Fevralın 27-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə iştirak etmişdir. 

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat naziri Tapdıq Əliyev demişdir ki, bu gün fəaliyyəti genişləndirilən “Gəmiqaya Plastmas Kapsul və Qapaq” Məhdud Məsuliyyətli Cəmiyyəti sahibkarlığın inkişafı, istеhsаlçılаrın fəаliyyətinin stimullаşdırılmаsı, yеni iş yеrlərinin аçılmаsı istiqаmətində həyata keçirilən tədbirlərin davamlı xarakter almasının əyani ifadəsidir. Müəssisədə istehsal ediləcək yeni çeşiddə plastmas kapsul və qapaq istehsalı daxili bazarda tələbatın yerli və keyfiyyətli məhsullar hesabına ödənilməsinə imkan yaradacaqdır. Yeni istehsal xəttinin istifadəyə verilməsi ilə müəssisə tərəfindən istehsal olunacaq plastmas kapsul çeşidi 12-yə, qapaq çeşidi 4-ə çatıdırılacaq, qulp istehsalı isə 1 çeşiddə həyata keçiriləcəkdir. İstehsal sahəsi ilə yanaşı, burada hazır məhsul, xammal anbarı və digər xidmət sahələri də yaradılmışdır. Müasir tələblərə cavab verən tam avtomatlaşdırılmış plastmas kapsul və qapaq istehsalı müəssisəsi əhalinin məşğulluğunun təmin olunmasına da müsbət təsir göstərmişdir. 


Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək demişdir: Bu gün istifadəyə verilən müəssisə muxtar respublika üçün çox əhəmiyyətlidir. Ona görə ki, muxtar respublika ərazisi mineral sularla zəngindir. Eyni zamanda  maye şəklində istehsal olunan bir sıra məhsullar vardır ki, bu müəssisədə istehsal olunan taralara ehtiyacı vardır. 2020-ci ildə "Sirab" Mineral Sular Zavodunda 29, "Badamlı" Mineral Sular Zavodunda isə 16 milyon litrə yaxın su qablaşdırılıb satışa verilmişdir. Onların 60 faizə yaxını bu gün istifadəyə verilən müəssisənin istehsal edəcəyi 5, 10, 19 litrlik taralarda satışa çıxarılmışdır. Ötən il muxtar respublikaya 3 milyona yaxın belə tara idxal hesabına gətirilmişdir. Lakin bu gündən etibarən muxtar respublikada bu cür taralara olan ehtiyac yerli istehsal hesabına ödəniləcək, hətta böyük ixrac imkanları da yaranacaqdır. 

Ali Məclisin Sədri müəssisənin yeni istehsal xəttini işə salmışdır. 

Məlumat verilmişdir ki, 2019-cu ildə müəssisədə 0,33, 0,5, 1, 1,5 litr olmaqla, 4 çeşiddə plastmas kapsul və 1 çeşiddə qapaq istehsalı sahəsi istifadəyə verilmiş, yaradılmış istehsal xətti hesabına bu məhsullara olan tələbat 100 faiz ödənilmişdir. 2020-ci ildə müəssisədə 5, 10, 19 litr olmaqla, 3 yeni çeşiddə plastmas kapsul, 5-10, 19 litr üçün 2 çeşiddə qapaq, 5-10 litr üçün 1 çeşiddə qulp istehsalı xətti yaradılmışdır. Yeni istehsal sahəsinin yaradılmasına 3 milyon 200 min manatı Sahibkarlığın İnkişafı Fondu, 2 milyon 920 min manatı isə müəssisənin daxili imkanları hesabına olmaqla, ümumilikdə, 6 milyon 120 min manat vəsait sərf olunmuşdur. 

Müəssisədə Kanada istehsalı olan “HUSKY” markalı yeni avadanlıq quraşdırılmış, Türkiyə və Cənubi Koreyadan xammal alınmışdır. Yeni istehsal xəttinin gücü ildə 15 milyon 840 min kapsul və 18 milyon 480 min qapaq istehsal etməyə imkan verir. Ötən il muxtar respublikada 5, 10, 19 litr çeşiddə olan məhsullara tələbat 2,5-3 milyon ədəd olmuşdur. Yeni istehsal xəttinin istifadəyə verilməsi ilə tələbat 100 faiz yerli imkanlar hesabına ödəniləcək, eləcə də ixrac imkanı yaranacaqdır. İstehsal xəttinin yaradılması ilə 8 yeni iş yeri açılmışdır. 

Müəssisənin laboratoriyasında məhsulların keyfiyyətinə daim nəzarət olunur. 

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin mətbuat xidməti

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR