05 Dekabr 2020, Şənbə

Noyabrın 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Türkiyə Respublikasının Baş Ombudsmanı Şərəf Malkoçun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Ali Məclisin Sədri qonaqları salamlamış, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində göstərdiyi qardaşlıq dəstəyinə görə Türkiyə Respublikasının Prezidenti Rəcəb Təyyib Ərdoğana və türk xalqına hörmət və ehtiramını bildirmişdir. Həmçinin Ali Məclisin Sədri Türkiyənin İzmir şəhərində baş vermiş zəlzələ və insan tələfatı ilə bağlı kədərini ifadə etmiş, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına başsağlığı vermiş, yaralananlara və xəsarət alanlara şəfa diləmişdir.

Ali Məclisin Sədri nümayəndə heyətinin Naxçıvana səfərinin 30 ilədək işğal altında olan torpaqlarımızın azad olunduğu və Azərbaycan xalqının böyük qələbə sevinci yaşadığı günə təsadüf etdiyini bildirmiş, bunu Türkiyənin bir daha Azərbaycan xalqının yanında olduğunun əyani ifadəsi kimi dəyərləndirərək demişdir: Eyni zamanda bu gün Mustafa Kamal Atatürkün anım günüdür. İnsanlar vardır ki, bəşəriyyətə, insanlar da vardır ki, yalnız ölkəsinə, xalqına məxsusdur. Böyük öndər Mustafa Kamal Atatürk və ulu öndər Heydər Əliyev, sadəcə, dünyalarını dəyişiblər, ölməz əməlləri ilə bu gün də yaşayırlar. Xalqına xidmət etməklə bəşəri olmaq böyük şəxsiyyətlərə nəsib olur. Hər iki şəxsiyyət ayrı-ayrı dövrlərdə Azərbaycan-Türkiyə əlaqələrinin genişləndirilməsində mühüm rol oynamışlar. Baxmayaraq ki, uzun illər Azərbaycan Sovetlər Birliyinin tərkibində yaşamışdır, ancaq müstəqillik qazandıqdan sonra bu ideyalar yenidən dirçəlmiş, bugünkü Azərbaycan-Türkiyə qardaşlığı və strateji tərəfdaşlığı ­yaranmışdır.
Ali Məclisin Sədri Naxçıvanda ombudsman institutunun formalaşması, eləcə də bu sahədə görülən işləri diqqətə çatdırmış, çıxışını “Var olsun Türkiyə, var olsun Azərbaycan! Azərbaycan-Türkiyə qardaşlığına və dostluğuna eşq olsun!” fikirləri ilə tamamlamışdır.

Şərəf Malkoç göstərilən səmimi münasibətə görə nümayəndə heyəti adından minnətdarlıq edərək demişdir: 10 noyabr böyük öndər Mustafa Kamal Atatürkün anım günüdür. Həmçinin bu gün 30 ildir, işğal altında olan Azərbaycan torpaqlarının azad olunması ilə əlamətdardır. Bu qələbə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qətiyyəti və Azərbaycan xalqının əzmi, həmçinin türk xalqının və Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Təyyib Ərdoğanın dəstəyi ilə reallaşdı. Bu bir daha sübut etdi ki, Azərbaycan-Türkiyə qardaşlığı və dostluğu sarsılmaz və əbədidir.
Söhbət zamanı qarşılıqlı maraqdoğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
Sonra Türkiyə Respublikasının Baş Ombudsmanı Şərəf Malkoç Ali Məclisin Sədrinə xatirə hədiyyəsi təqdim etmiş, xatirə şəkli çəkdirilmişdir.
Türkiyənin Naxçıvan Muxtar Respublikasındakı Baş konsulu Məhmət Emin Kiraz görüşdə iştirak etmişdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Dekabr 2020
Be Ça Ç Ca C Ş B
30 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR