07 İyun 2020, Bazar

  

Muxtar respublikada informasiya-kommunikasiya sisteminin təkmilləşdirilməsi və yeni texnologiyaların tətbiqi sahəsində kompleks tədbirlər həyata keçirilir. Maddi-texniki bazanın gücləndirilməsi iqtisadiyyatın bütün sahələrində yeni texnologiyaların uğurla tətbiqinə, yaşayış məntəqələrində poçt-rabitə xidmətlərinin səviyyəsinin yüksəldilməsinə səbəb olmuşdur. Hazırda muxtar respublikanın ən ucqar dağ kəndi də sürətli internetlə təmin olunmuş, sakinlərin yeni texnologiyaların imkanlarından və müasir rabitə xidmətindən istifadəsinə lazımi şərait yaradılmışdır.

Mayın 15-də Culfa rayonunda Yeni Nəsil Telekommunikasiya Sistemi və Rabitə Evi istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmişdir.
Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar naziri Vüsal Sevdimalıyev çıxış edərək demişdir ki, muxtar respublikada rabitə sektoruna investisiyaların cəlbi müasir infrastrukturun qurulmasına səbəb olmuşdur. Artıq muxtar respublikada tam kəsintisiz telekommunikasiya sistemi mövcuddur. Naxçıvanın beynəlxalq transavrasiya fiber-optik magistrallarına ikitərəfli çıxışı təmin edilmişdir. Fiber-optik kabel xətləri üzərində qurulan iritutumlu telekommunikasiya şəbəkələri elektron hökumət, bank, maliyyə, vergi, təhsil, səhiyyə və digər sahələr üzrə elektron xidmətlərin təşkilinə imkan verir. Muxtar respublikanın hazırda qlobal internet sisteminə dördtərəfli çıxışı təmin edilmiş, bütün yaşayış məntəqələri genişzolaqlı sabit və 4-cü nəsil mobil internet xidmətləri ilə təmin edilmişdir. Rabitə sahəsində həyata keçirilən kompleks tədbirlərin davamı olaraq Culfa rayonunda Yeni Nəsil Telekommunikasiya Sistemi və Rabitə Evi istifadəyə verilir. Vüsal Sevdimalıyev yaradılan şəraitə görə bütün rabitə işçiləri adından minnətdarlıq etmişdir.
Culfa Rayon Rabitə İdarəsinin əməkdaşı Sevda Hüseynova demişdir: “Muxtar respublikada aparılan quruculuq işləri insanların həyat səviyyəsini günbəgün yaxşılaşdırır. Kollektivimiz heç vaxt bugünkü qədər müasir və rahat iş şəraiti ilə təmin olunmamışdı. İstər binanın tikilib istifadəyə verilməsi, istərsə də yeni nəsil telekommunikasiya sistemlərinin qurulması rayonumuzda rabitənin inkişafına göstərilən qayğının bariz nümunəsidir. Artıq Culfa rayonunun bütün yaşayış məntəqələrində insanlar ən müasir rabitə xidmətindən istifadə edəcəklər”.
Culfa Rayon İcra Hakimiyyətinin başçısı Siyam Hacıyev çıxış edərək demişdir ki, muxtar respublikada yeni infrastruktur sahələrinin yaradılması, tikinti-quruculuq və abadlıq işləri Culfa rayonunu da əhatə etmişdir. Bu il Culfa şəhərində yanacaqdoldurma məntəqəsi və maye qazdoldurma stansiyası istifadəyə verilmişdir. Hazırda Camaldın kəndində kənd və xidmət mərkəzləri, həkim ambulatoriyası, 252 yerlik məktəb binası yenidən qurulur. Culfa şəhərində “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin Yük və Sərnişin Daşımaları İdarəsi üçün vaqon təmiri sexi, idarəetmə mərkəzi və inzibati bina tikilir, Culfa Rayon Dövlət Yanğın Təhlükəsizliyi İdarəsi, Təhsil Şöbəsi, Darıdağa gedən yol və Ərəzin-Camaldın avtomobil yolu yenidən qurulur. Bununla yanaşı Camaldın körpüsünün əsaslı təmiri, Ləkətağ körpüsü tarixi abidəsinin bərpası, Qazançı kəndində yeni məscid binasının, Bənəniyar, Saltaq, Yaycı, Əlincə və Xoşkeşin kəndlərində mərasim evlərinin tikintisi, Culfa şəhərində “Şəhidlər xiyabanı”nın, 27 və 42 nömrəli yaşayış binalarının yenidən qurulması, eləcə də “Darıdağ Arsenli Su Müalicə Kompleksi”nin tikintisi davam etdirilir. 2020-ci ilin məhsulu üçün rayonda 7896 hektar sahədə əkin aparılmışdır ki, bunun da 7574 hektarı taxıldır. Siyam Hacıyev göstərilən qayğıya görə rayon əhalisi adından minnətdarlıq etmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək demişdir: Ölkəmizdə həyata keçirilən dövlət proqramlarının tərkib hissəsi kimi Naxçıvan Muxtar Respublikasında da yeni proqramlar qəbul olunaraq icra edilir. Bu gün Culfa şəhərinin Heydər Əliyev prospektinin, rayonda Yeni Nəsil Telekommunikasiya sistemi və Rabitə Evinin istifadəyə verilməsi də dövlət proqramları çərçivəsində görülən işlərdir.
Ali Məclisin Sədri bu münasibətlə rayon sakinlərini təbrik edərək demişdir: Culfa rayonu 1 şəhər və 22 kənddən ibarətdir. Rayonda 47 mindən artıq əhali yaşayır. Culfa rayonunda əhalini dayanıqlı rabitə və yüksək sürətli internet xidmətləri ilə təmin etmək üçün müasir sistemin qurulmasına ehtiyac var idi. 2018-ci ilin noyabr ayında Çin Xalq Respublikasının “Huawei” şirkəti ilə bağlanmış müqavilə əsasında müasir texnologiyalar alınmış və rayonda Yeni Nəsil Telekommunikasiya sistemləri qurulmuşdur. Bu gün rayonun bütün yaşayış məntəqələrini əhatə edən 9 min 344 nömrə yerlik 28 yeni nəsil telefon stansiyası və Rabitə Evi sakinlərin istifadəsinə verilir. Hazırda Culfa rayonunda 7 minə yaxın telefon və 4 minə yaxın internet istifadəçisi vardır. Bunlar mühüm nəticələrdir. Çünki muxtar respublikada müasir telekommunikasiya sistemlərinin qurulması insanların yeni texnologiyalardan rahat istifadə etməsinə imkan verir. Culfa rayonunun timsalında bunu görmək mümkündür.
Ali Məclis Sədri demişdir: Yeni nəsil telefon stansiyaları vasitəsilə əhaliyə yalnız telefon və internet deyil, eyni zamanda 25-ə yaxın digər rabitə xidmətləri göstəriləcəkdir. Bu gün həyatı yeni texnologiyalarsız təsəvvür etmək mümkün deyil. Culfa rayonunun bütün kəndlərinə fiber-optik kabel xətlərinin çəkilməsi, yeni nəsil stansiyaların qurulması, 20 poçt bölməsinin fəaliyyət göstərməsi, 4-cü nəsil “Naxtel” mobil operatorunun, eləcə də “Azercell”, “Bakcell” və “Azerfon” mobil operatorlarının yaşayış məntəqələrini tamamilə əhatə etməsi bunu bir daha təsdiq edir. Bütün bunlar da imkan verir ki, sakinlər istənilən telekommunikasiya sistemlərindən rahat istifadə etsinlər. Rabitə Evində Culfa Rayon Rabitə İdarəsi ilə yanaşı, İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzinin Culfa rayon filialı, “Naxtel” müştəri xidmətləri və “Naxçıvanpoçt” publik hüquqi şəxsinin Culfa Rayon filialının işçiləri üçün də müasir iş şəraiti yaradılmışdır. Müasir iş şəraiti məsuliyyəti daha da artırmalı, avadanlıqlardan düzgün istifadə olunmalı və göstərilən xidmətin səviyyəsi yüksəldilməlidir. Çünki dövlətin həyata keçirdiyi bu tədbirlərin əsas məqəsdi də ondan ibarətdir ki, sakinlər yaşadıqları yerlərdə hərtərəfli rabitə və internet xidmətləri ilə təmin olunsunlar, vaxtlarını daha çox öz təsərrüfatlarına və işlərinə sərf etsinlər.
Ali Məclisin Sədri bir daha sakinləri təbrik etmiş, yaradılan şəraitdən səmərəli istifadə olunacağına əminliyini bildirmişdir.
Sonra Ali Məclisin Sədrinə Yeni Nəsil Telekommunikasiya Sistemi və Rabitə Evi haqqında məlumat verilmişdir. Bildirilmişdir ki, muxtar respublikada 2005-ci ildən optik şəbəkənin qurulmasına, 2010-cu ildən isə mərhələlərlə yeni nəsil texnologiyanın tətbiqinə başlanmışdır. Hazırda muxtar respublika üzrə istismar olunan 213 avtomat telefon stansiyasından 195-i və ya 91,5 faizi yeni nəsil texnologiyaya əsaslanır. Culfa rayonunda 9 min 344 nömrə tutumu olan 28 yeni nəsil telefon stansiyası qurulmuş, 3 qovşaq yaradılmış, bütün yaşayış məntəqələri telefonlaşdırılmışdır. Yeni sistem abunəçilərə telefon, videotelefon, İP televiziya, genişzolaqlı internet, qapalı virtual şəbəkələr və digər xidmətlərin göstərilməsinə imkan verəcəkdir.
Ali Məclisin Sədri Culfa rayonu ərazisində qurulan Yeni Nəsil Telekommunikasiya Sistemini işə salmışdır.
Zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət olan binada Culfa Rayon Rabitə İdarəsi, İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzinin Culfa rayon filialı, “Naxtel” müştəri xidmətləri, “Naxçıvanpoçt” publik hüquqi şəxsinin Culfa Rayon filialının fəaliyyəti üçün lazımi iş şəraiti yaradılmışdır. Binada müvafiq sahələrə uyğun olaraq tədris, arxiv, mühəndis, poçt göndərişləri, avtomat telefon stansiyası, daxili şəbəkə, təlimat və digər xidməti otaqlar, iclas və xidmət zalları, bufet yerləşir.
“Naxçıvanpoçt” publik hüquqi şəxsin Culfa rayon filialı 19-u kənd, 1-i hərbi şəhərcikdə olmaqla 20 poçt böməsindən ibarətdir. Müasirtipli binalarla təmin olunmuş bütün poçt bölmələri kompüterləşdirilmiş və POS-terminallar quraşdırılmışdır. Poçt bölmələrində ənənəvi xidmətlərlə yanaşı, kommunal ödənişlərin, sığorta və üzvlük haqlarının, dövlət yol polisi cərimələrinin, bələdiyyə rüsumlarının və kreditlərin ödənilməsi, pensiya və sosial yardımların paylanması həyata keçirilir. Bundan başqa poçt bölmələrində əhaliyə itmiş əşyaların sahibinə çatdırılması və “Naxtel” müştəri xidmətləri də göstərilir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

İyun 2020
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR