02 İyun 2020, Çərşənbə axşamı

Muxtar respublikada ərzaq təhlükəsizliyinin təmin olunması sahəsində görülən tədbirlər sırasında heyvandarlığın inkişafı mühüm yer tutur. Damazlıq işinin düzgün qurulması və cins tərkibinin yaxşılaşdırılması diqqətdə saxlanılır, səmərəli metod kimi süni mayalanma tədbirlərinə geniş yer verilir. Görülən işlər məhsul istehsalının artırılmasında xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Naxçıvanda Süni Mayalanma Mərkəzinin yaradılması heyvandarlığın inkişafında yeni mərhələnin əsasını qoyacaqdır.

 Mayın 12-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Süni Mayalanma Mərkəzində görülən işlərlə maraqlanmışdır.

Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavini Elşad Əliyev məlumat vermişdir ki, mərkəzdə südlük və ətlik-südlük istiqamətində "Holştein-friz", "Simmental", "Qafqaz camışı", "Balbas", "Mazex", "Romanov", "Hələb", "Saanen" və yerli cins iri və xırdabuynuzlu törədicilər saxlanılır. Muxtar respublikada 2002-2019-cu illərdə 83 min 610 baş iribuynuzlu mallarda süni mayalandırma aparılmış 53 min 584 baş cins buzov alınmışdır. Ana malların süni mayalandırılmasında südlük istiqamətdə "Holştein-friz", südlük-ətlik istiqamətdə "Şvis", ətlik istiqamətdə "Aberdin Anqus", "Limuzin", "Şarolle", ətlik-südlük istiqamətdə isə "Simmental" cinsli törədici toxumlarından istifadə olunmuşdur. 2015-2019-cu illərdə alınmış 24 min 485 baş buzova görə sahibkarlara 2 milyon 448 min manat subsidiya ödənilmişdir.

Hazırda muxtar respublikada 23 süni mayalanma məntəqəsi vardır. Həmin məntəqələrin tələbatını tam ödəyən maye azot istehsalı müəssisəsi də fəaliyyət göstərir. Yeni yaradılan mərkəz bu sahədə işləri daha da təkmilləşdirəcək, digər məntəqələrdə həyata keçirilən tədbirlər vahid mərkəzdən idarə olunacaqdır. Bununla da heyvanların cins tərkibinin yaxşılaşdırılması prosesi sürətlənəcək ki, bu da süd və ət istehsalının bir neçə dəfə artmasına imkan verəcəkdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək demişdir: Muxtar respublikada heyvandarlığın inkişafında əsas məsələ onun cins tərkibinin yaxşılaşdırılmasıdır. Ona görə də Süni Mayalanma Mərkəzinin yaradılmasına ehtiyac vardı. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 fevral və 2019-cu ilin 22 noyabr tarixli Sərəncamlarına əsasən muxtar respublikada Süni Mayalanma Mərkəzinin yaradılması ilə bağlı vəsait ayrılmış və mərkəzin tikintisinə başlanılmışdır. Muxtar respublikada nə keçmiş Sovetlər Birliyi dövründə, nə də müstəqillik illərində Süni Mayalanma Mərkəzi olmamışdır. Lakin 15 ilə yaxın bir dövrdə muxtar respublikada mal-qaranın cins tərkibinin yaxşılaşdırılması diqqətdə saxlanılmış, süni mayalanma tədbirləri həyata keçirilmişdir. Törədici toxumların və digər avadanlıqların idxal olunmasına baxmayaraq ötən dövrdə muxtar respublikamızda 83 min başa yaxın mal və camışlarda süni mayalanma aparılmış, 60 minə yaxın cins buzov alınmışdır. Artıq muxtar respublikada mal-qaranın cins tərkibində ciddi dəyişiklik vardır. Zərurət nəzərə alınaraq muxtar respublikada müasir Süni Mayalanma Mərkəzinin yaradılmasına başlanılmış və işlər əsasən başa çatmışdır.
Ali Məclisin Sədri demişdir: Heyvandarlığın inkişafında ixtisaslı kadr hazırlığı və elmi yanaşma mühüm şərtdir. Çünki hər hansı bir sahədə inkişafa nail olmaq üçün, ilk növbədə kadr hazırlığı aparılmalıdır. Naxçıvan Dövlət Universitetində Baytarlıq təbabəti ixtisası yaradılmış, müvafiq ixtisas üzrə təhsil alan tələbələr ödənişlərdən azad olunmuşlar. Naxçıvan Dövlət Universitetində və Naxçıvan Dövlət Texniki Kollecində bu sahə üzrə təhsillərini başa vuran gənclərimiz hazırda muxtar respublikanın Dövlət Baytarlıq Xidmətində fəaliyyətlərini davam etdirirlər. Muxtar respublikada yeni Süni Mayalanma Mərkəzinin yaradılması da bu sahədə işlərin lazımi səviyyədə həyata keçirilməsinə imkan verəcəkdir. Tələbələr ali və orta ixtisas təhsili müəssisələrində bu işi nəzəri, Dövlət Baytarlıq Xidmətində və Süni Mayalnam Mərkəzində isə praktik cəhətdən öyrənəcəklər.

Ali Məclisin Sədri demişdir: Muxtar respublikada süni mayalanma işinə ciddi diqqət yetirilməli, Kənd Təsərrüfatı Nazirliyi heyvandarlığın inkişafında rayonlaşma aparmalı, ərazilərə uyğun heyvanların saxlanılması elmi əsaslarla öyrənilməli, sahibkarlar və əhali maarifləndirilməlidir. Heyvandarlığın inkişafında əsas məsələlərdən biri də təbiətə ziyan vurulmamasıdır. Muxtar respublikada təbiətin qorunması birinci məsələdir. Ona görə də aid qurumlar təbiətdən istifadə etməklə yanaşı, həm də onu qorumalı, maldarlığın və heyvandarlığın inkişafında rayonlaşmaya mütləq əməl edilməlidir.

Ali Məclisin Sədri bildirmişdir ki, Süni Mayalanma Mərkəzi muxtar respublikada heyvandarlığın və maldarlığın inkişafına, bu sahədə mütəxəssislərin yetişməsinə böyük təkan verəcəkdir. Mərkəz istifadəyə verildikdən sonra baytar həkimlərin təcrübə və peşəkarlıqları daha da artacaqdır. Əvvəllər süni mayalanma materiallarının qonşu ölkələrdən gətirilməsində çətinliklər yaranırdı. Lakin bundan sonra azot istehsalı da daxil olmaqla, bütün materiallar yerli istehsal hesabına həyata keçiriləcək. Naxçıvan Dövlət Universitetinin və Naxçıvan Dövlət Texniki Kollecinin müvafiq ixtisaslarının tələbələri mərkəzdə yaradılan şəraitdən istifadə edərək biliklərini və praktik vərdişlərini artırmalı, elmi işlər götürülməli, bu sahə ilə bağlı xarici ədəbiyyatlar tərcümə olunaraq nəşr edilməlidir.
“Muxtar respublikada süni mayalanma işi ən kiçik detallar nəzərə alınmaqla həyata keçirilir. Bu sahədə fəaliyyətin düzgün təşkili, heyvanların cins tərkibin yaxşılaşması insanların gəlirlərinin nəzərəçarpacaq dərəcədə artmasına imkan verəcəkdir. Bu gündən etibarən Süni Mayalanma Mərkəzi tədris sahəsi kimi baytarlıq təbabətilə məşğul olanların istifadəsinə verilir”, - deyən Ali Məclisin Sədri yaradılan şəraitdən lazımi səviyyədə istifadə olunacağına və mərkəzin inkişafının təmin ediləcəyinə əminliyini bildirmişdir.

Baxış zamanı bildirilmişdir ki, 2 hektar ərazidə inzibati bina, yataqxana, karantin binaları, baytarlıq klinikası, toxum alma sahəsi, tövlə, yem anbarları, texnika parkı və digər xidməti binalar inşa olunmuşdur. İnzibati binada yeməkxana və iş otaqları, elektron lövhə ilə təmin edilmiş təlim-tədris mərkəzi və arxiv, karantin binasında baytar otağı, anbar və törədicilərin saxlanma yeri, baytarlıq klinikasında heyvan saxlama yeri və müayinə otağı vardır. Toxum alma sahəsində laboratoriya yaradılmışdır. Burada ən müasir avadanlıqlar quraşdırılacaqdır.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

 

ARXİV

İyun 2020
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR