04 Aprel 2020, Şənbə

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də Tovuzda “ASAN Həyat” kompleksinin açılışında iştirak edib.

Dövlətimizin başçısı kompleksin rəmzi açılışını bildirən lenti kəsdi.

 Prezidentin köməkçisi - Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov və Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev kompleks barədə dövlətimizin başçısına ətraflı məlumat verdilər.

Bildirildi ki, bu kompleks Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sayca 18-ci mərkəzidir. Kompleksin tikintisinə 2018-ci ilin aprel ayında başlanılıb. Tovuz rayonunun Aşağı Quşçu kəndinin ərazisində yerləşən, öz möhtəşəmliyi ilə seçilən kompleksin inşaat işləri bu ilin martında başa çatdırılıb.

Dövlətimizin başçısı kompleksi işə saldı.

Məlumat verildi ki, bu kompleks Tovuz, Qazax, Ağstafa, Şəmkir, Gədəbəy və Samux rayonlarında qeydiyyatda olan 737 minə yaxın vətəndaşla yanaşı, ölkə üzrə ərazi məhdudiyyəti olmadan bütün vətəndaşlara xidmət göstərəcək. “ASAN xidmət” mərkəzində müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən, ümumilikdə, 320-dən çox xidmət həyata keçiriləcək. Kompleksdə çalışacaq əməkdaşların sayı 205, könüllülərin sayı isə 50 nəfərdir.

Tovuz “ASAN Həyat” kompleksində “ASAN xidmət” mərkəzi ilə yanaşı, ictimai iaşə obyektlərinin istifadəyə verilməsi də nəzərdə tutulur. Belə ki, vətəndaşlar operativ və gülərüz xidmətlə yanaşı, bu konseptin istirahət və əyləncə imkanlarından da istifadə edə biləcəklər. Kompleks vətəndaş rahatlığı üçün həyat standartlarının yaxşılaşdırılmasına xidmət edən müxtəlif həlləri əhatə edir.

Prezident İlham Əliyev kompleksdə təqdim edilən innovativ yeniliklərlə tanış oldu.

Qeyd edildi ki, “ASAN Müraciət” ictimai-nəzarət platforması kommunal məsələlər, yol-nəqliyyat problemləri, infrastrukturun təmiri, abadlaşdırılması, təmizliyi və digər məsələlər ilə bağlı şikayətlərin elektron xəritə üzərində qeyd edilməklə aidiyyəti dövlət qurumlarına təqdim olunması üçün elektron sistemdir. Sistem vətəndaşlara problem barədə foto-video görüntülər qeyd edilməklə məlumat göndərilməsi və problemin həlli ilə bağlı görülən işlər barədə məlumat əldə edilməsi üçün imkan yaradacaq.

Dövlətimizin başçısına məlumat verildi ki, vətəndaş mobil tətbiq üzərindən problemi bildirir, müraciət Situasiya Mərkəzinə daxil olur və sistem üzərindən aidiyyəti quruma ötürülür. Qurum tərəfindən müraciət araşdırılır, problem həll edildikdən sonra nəticəsi barədə vətəndaşa tətbiq üzərindən bildiriş göndərilir və vətəndaş nəticəni sistem üzərindən qiymətləndirir. Sistem problemlərin həllində vaxta və resurslara qənaət etməklə yanaşı, problemli sahələrlə bağlı məlumatların toplanması və təhlili üçün imkanlar yaradır.

Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi - “eAgro” isə şəffaf və səmərəli idarəetmə, innovasiyanın tətbiqi, daxili və xarici sistemlərlə inteqrasiya imkanlarını əhatə etməklə ölkədə kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən çoxsaylı subyektlərin həm xidmət göstərdiyi, həm də xidmət aldığı vahid platformadır. Sistem aqrar sektorun dövlət tərəfindən dəstəklənməsində şəffaflığı və hesabatlılığı təmin etmək üçün müxtəlif analizlərin aparılmasına, müasir texniki həllərin tətbiqinə, peyk yoxlamalarına, dəqiq məlumatlara əsaslanan proqnozların verilməsinə imkan yaradır. Aqrar sahənin iştirakçıları Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi vasitəsilə heyvan və bitki sağlamlığına, subsidiyaların verilməsinə dair müraciətlərin qəbulu, kənd təsərrüfatı istehsal vasitələrinin - torpaq, gübrə, toxum, pestisid, texnika və sair, həmçinin kənd təsərrüfatı məhsullarının qeydiyyatı, tanıdılması və onlayn satışı kimi xidmətlərlə təmin edilirlər.

Prezident İlham Əliyevə məlumat verildi ki, hazırda sistem üzərindən 473 mindən çox fermer, 400-dən çox təchizatçı və tədarükçü, 1000-dən çox baytar mütəxəssis qeydiyyatdan keçib, sənədləşmənin tam elektronlaşması nəticəsində fermerlərdən bir neçə dəfə toplanan 1 milyondan çox kağız sənəd aradan qaldırılıb, 2 milyon 222 min 101 hektar ərazi üzrə 596 min 479 torpaq sənədi sistemdə yerləşdirilib. Sistem kənd təsərrüfatı ilə bağlı bütün proseslərin məntiqi əlaqəliliyinin qurulmasına və tamamlanmasına, analizlərin aparılmasına, müasir texniki həllərin tətbiqinə, peyk yoxlamalarına, dəqiq məlumatlara əsaslanan proqnozların verilməsinə imkan yaradır.

Digər bir innovativ yenilik isə ekspertizasının keçirilməsi tələb olunmayan tikinti obyektlərinin inşasına və istismarına icazələrin verilməsi sistemidir. Bu sistem “bir pəncərə” prinsipi əsasında bəzi tikinti obyektlərinin inşasına və istismarına icazələrin verilməsinə, eləcə də tikinti prosedurlarının sürətləndirilməsinə şərait yaradan elektron müraciət sistemidir. Belə ki, sifarişçi qeyd olunan sistemə elektron qaydada müraciət edərək 15 iş günü müddətində tikintiyə icazəni, 10 gün müddətində isə istismara icazəni əldə edə bilər.

Bildirildi ki, sistem bütün iştirakçı tərəflərin və müvafiq dövlət qurumlarının informasiya sistemləri ilə inteqrasiya edilib, nəticədə tikintiyə icazə alınması prosedurlarının sayı 18-dən 7-yə, prosesin müddəti isə 118 gündən 38 günə qədər azalıb.

Prezident İlham Əliyevə Virtual reallıq texnologiyası və onun tətbiqi ilə bağlı da məlumat verildi.

Bildirildi ki, bu texnologiya xüsusi avadanlıqlar və proqram təminatı vasitəsilə istifadəçini real olmayan mühitin içərisində hiss etdirən vizual görüntülərdən və səs effektlərindən ibarətdir. Virtual reallıq eynəkləri və onlara qoşulmuş idarəetmə qurğuları vasitəsilə istifadəçi virtual aləmdə səyahət edərək oradakı cisimlərə toxuna və onlar barədə məlumat ala, eyni zamanda, baş verən hadisələrə müdaxilə edə bilər. Virtual reallıq texnologiyası səhiyyə, təhsil, tikinti, turizm, psixologiya, elmi tədqiqat, oyun sənayesi və s. sahələrdə tətbiq edilməklə, istifadəçi üçün daha rahat öyrənmə və tətbiqetmə imkanları yaradır.

Hazırda ölkəmizdə 17 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxtda, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli, Şəki, Şamaxı və Kürdəmirdədir. Həmçinin Bakıda əhaliyə kommunal sahədə xidmətlər göstərən 2 “ASAN Kommunal” mərkəzi fəaliyyətdədir. Bu il Ağcabədi və Balakəndə “ASAN xidmət” mərkəzlərinin istifadəyə verilməsi nəzərdə tutulub. Onların hər biri regional xarakter daşıyır. Bununla yanaşı, Bakıda “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərinin açılışı da planlaşdırılır. Həmçinin Bakı, Gəncə və Sumqayıtda növbəti, Lənkəran, Salyan və Naxçıvanda isə ilk “ASAN xidmət” mərkəzləri tikiləcək. Bu günədək “ASAN xidmət” mərkəzlərinə daxil olan müraciətlərin sayı 37 milyona yaxındır. Keçirilən rəy sorğularına əsasən vətəndaşların xidmətlərdən məmnunluq əmsalı 100 faizə yaxındır.

Tovuz “ASAN Həyat” kompleksinə daxil olan infrastruktur obyektlərindən biri də “ABAD” publik hüquqi şəxsin növbəti, sayca 6-cı “ABAD” mərkəzidir. Digər mərkəzlərdə olduğu kimi, bu mərkəzin də əsas təyinatı region üzrə vətəndaşların ölkəmizin sosial-iqtisadi fəaliyyətində fəal iştirakını təmin etmək və rəqabətədavamlı ailə bizneslərinin, mikro və kiçik sahibkarların formalaşdırılmasına əlavə töhfə verməkdir.

İlk dəfə olaraq bu “ASAN Həyat” kompleksində “ABAD Factory” Bitkilərin Emalı və Qurudulması Fabriki inşa olunub.

Dövlətimizin başçısı fabriki işə saldı.

Azərbaycan Prezidenti İlham Əliyevin Fərmanı ilə yaradılan “ABAD” publik hüquqi şəxsin Tovuz “ABAD Factory” fabriki 2019-cu ildə inşa edilib. Müasir standartlara cavab verən və Azərbaycanda ilk dəfə tətbiq ediləcək avadanlıqlarla təchiz olunan bu fabrikin fəaliyyəti ölkəmizə həm sosial, həm də iqtisadi faydalar gətirəcək. Belə ki, fabrikdə rəqabətqabiliyyətli, ixracyönümlü 80 adda məhsulun istehsalı nəzərdə tutulur. Mövsümdən asılı olaraq fabrikdə 30-100 yerli vətəndaş çalışacaq ki, bu da öz növbəsində regionda məşğulluğun təmin edilməsinə əlavə töhfə verəcək.

Kompleksdəki Hərbi Vətənpərvərlik Mərkəzi isə gənclərin hərbi vətənpərvərlik ruhunda böyümələrinə imkan verəcək. Burada gənclər hərb tariximiz, ordu quruculuğu barədə geniş məlumatlar almaqla yanaşı, ibtidai hərbi hazırlıq təmrinlərində iştirak edə biləcəklər. Bu mərkəzin “ASAN xidmət”də yerləşdirilməsi isə yeniyetmələrin və gənclərin günün istənilən vaxtı rahat və maneəsiz buraya gəlmələrinə əlverişli imkan yaradacaq.

Tovuz “ASAN Həyat” kompleksinə daxil olan infrastruktur obyektlərindən biri də “ABAD” publik hüquqi şəxsin növbəti, sayca 4-cü “ABAD” Məktəbidir. Bu məkanda region gənclərinin tikiş, rəssamlıq, turizm, saz musiqi alətinin hazırlanması, informasiya texnologiyaları və aqrar-texniki peşələrə yiyələnmələri üçün lazımi şəraitə malik sinif otaqları mövcuddur.

Komplekslə tanışlıqdan sonra dövlətimizin başçısı “ASAN xidmət” əməkdaşları və könüllüləri ilə görüşdü.

Prezident İlham Əliyev onun üçün qoyulmuş xüsusi kresloya görə iradını bildirərək dedi:

-Mənə belə xüsusi kreslo qoymusunuz, adi stuldan yoxdur? Götürün. Belə şeylərə yol vermək olmaz. Qətiyyən.

Dövlətimizin başçısı görüşdə çıxış etdi.

Prezident İlham Əliyevin
çıxışı

-Əziz gənclər, mən sizi ürəkdən salamlayıram. Bu gün Tovuz “ASAN Həyat” mərkəzinin açılışıdır. Bu münasibətlə sizi təbrik edirəm. Bu mərkəzlə tanış olarkən çox sevinirəm. Çünki bu mərkəzdə bizim siyasətimizin bir çox əlaməti öz əksini tapır. “ASAN xidmət” bizim intellektual məhsulumuzdur. Artıq 18-ci mərkəz işə düşür və mən bütün mərkəzlərin açılışında şəxsən iştirak etmişəm. Hər dəfə yeni planlar, yeni proqramlar, yeni layihələr haqqında mənə məruzə edilir, o cümlədən bu gün.

“ASAN xidmət” öz fəaliyyətini genişləndirir, həm coğrafi əhatə, həm də xidmətlərin sayı artır. Biz birinci mərkəzi açarkən o vaxt xidmətlərin sayı demək olar ki, məhdud idi. Ancaq bu gün burada, Tovuz “ASAN Həyat” mərkəzində 320 xidmət göstərilir və müraciətlərin sayı getdikcə artır. Mən fevral ayında Kürdəmirdə “ASAN Həyat” mərkəzinin açılışında idim və o vaxt 36 milyon müraciət olmuşdu. Amma bu gün martın əvvəlidir və müraciətlərin sayı 37 milyona çatıb. Yəni, bir ay da keçməyib, amma müraciətlər bir milyon artıb. Siz də yaxşı bilirsiniz ki, məmnunluq əmsalı 99,4 faizdir. Hesab edirəm ki, bu, maksimum nəticədir və heç bir başqa xidmət bu qədər məmnunluq doğurmur. Nəyə görə? Çünki yenə də deyirəm, “ASAN xidmət”də bizim siyasətimiz öz əksini tapır. Vaxtilə mənim tərəfimdən verilmiş göstərişlər dəqiqliklə icra edilir.

“ASAN xidmət”də işləyənlərin mütləq əksəriyyəti gənclərdir, yeni nəslin nümayəndələridir. Burada onlar yeni baxışlarla, yeni təfəkkürlə, yeni mədəniyyətlə xidmət göstərirlər. Ona görə “ASAN xidmət” çox uğurlu layihədir və bu uğurun təməlində həm düşünülmüş siyasət, həm də bu işi təşkil edənlərin səmərəli fəaliyyəti dayanır. Biz qısa müddət ərzində ictimai xidmətlər sahəsində inqilab edə bildik. İctimai xidmətlər sahəsi həmişə çox problemli sahədir. Hələ sovet dövründə bu sahə ilə bağlı çoxlu şikayətlər var idi. O cümlədən müstəqillik illərində də ictimai xidmətlər sahəsində bürokratiya, korrupsiya, rüşvətxorluq adi hal kimi qəbul olunurdu və əfsuslar olsun ki, vətəndaşların bir çoxu buna öyrəşmişdi. Ona görə “ASAN xidmət”in fəaliyyətə başlaması həm böyük ümidlər yaratdı, həm də müəyyən dərəcədə təəccüb doğurdu. Çünki bu, doğrudan da yenilik idi. Amma bu gün artıq 18-ci mərkəz işə düşəndə hesab edirəm, hər kəs görür ki, bu, hansısa bir fərdi layihə deyil. Bu, yanaşma tərzidir, bu, düşüncə tərzidir, bu, bizim siyasətimizdir. “ASAN”da olan şəffaflıq, mədəniyyət hər yerdə tətbiq edilməlidir. Yəni, “ASAN xidmət” bir çox sahələr üçün nümunə olub. Təsadüfi deyil ki, indi sosial təminat sahəsində də buna oxşar layihə həyata keçirilir – DOST mərkəzləri fəaliyyətə başlayır və “ASAN xidmət” kimi, DOST mərkəzləri də bütün ölkəmizi əhatə edəcək.

“ASAN xidmət” mərkəzlərinin yaradılması ilə bağlı kifayət qədər geniş proqramımız var. Dediyim kimi, bu, sayca 18-ci mərkəzdir, ancaq yaxın gələcəkdə mərkəzlərin sayı 27-yə çatacaq. Ağcabədi, Balakən, Naxçıvan, Sumqayıt, Gəncə, Lənkəran və Salyan şəhərlərində mərkəzlər, Bakıda isə daha iki mərkəz tikiləcək. Əlbəttə ki, bu proses sonra da davam etdiriləcək. Beləliklə, insanlara daha da keyfiyyətli xidmətin göstərilməsi təmin olunacaq. Bu mərkəz bir neçə rayonu əhatə edir. Bu rayonlarda 700 min əhali yaşayır. Bu, qərb zonasında sayca 2-ci mərkəzdir, birincisi dediyim kimi, Gəncə şəhərində açılıb. Üçüncü mərkəz də Gəncə şəhərində açılacaq. Çünki buna tələbat var. “ASAN xidmət”in üstünlüklərinin biri də odur ki, burada növbələr müşahidə olunmur. Ancaq Bakıda tələbat o qədər böyükdür ki, biz iki yeni mərkəzin açılışına qərar verdik. O cümlədən Gəncə və Sumqayıt şəhərlərində də ikinci mərkəzin fəaliyyətinə ehtiyac var.

Onu da bildirməliyəm ki, bizim təcrübəmiz digər ölkələrdə öyrənilir. Artıq “ASAN xidmət” “ASAN” adı altında başqa ölkələrdə də fəaliyyət göstərməyə başlayıb. Bu, bizim şərtimiz idi, çünki bu, bizim brendimiz, bizim intellektual məhsulumuzdur. Əlbəttə, biz öz təcrübəmizi istənilən ölkə ilə bölüşməyə hazırıq və bunu edirik. Əlbəttə, sevinirik ki, digər ölkələr də bizim təcrübəmizdən istifadə edirlər.

Beynəlxalq təşkilatlar “ASAN”ın fəaliyyətini yüksək qiymətləndirirlər. BMT “ASAN”ı fərqləndirib, mükafat verib. Bu da əlbəttə ki, görülən işlərin nəticəsidir.

Bu mərkəzdə təkcə “ASAN xidmət” sahəsində 200-dən çox, könüllülər üçün isə 50 iş yeri yaradılıb. Eyni zamanda, ABAD fabrikində birinci mərhələdə 50 iş yeri yaradılıb. “ASAN” fəaliyyətini genişləndirdikcə öz funksiyalarını da genişləndirir. Bu mərkəzlər bölgələrdə artıq ictimai mərkəzlər kimi fəaliyyət göstərirlər - kafelər, diskotekalar, açıq səhnələr, kinoteatr. Məsələn, Tovuz şəhərində bu günə qədər, yəni, müasir dövrdə kinoteatr olmayıb. Amma indi iki kinoteatr var. Gənclərin asudə vaxtlarını səmərəli keçirmələri üçün bütün imkanlar var.

Əlbəttə ki, Azərbaycanda könüllülər hərəkatı “ASAN xidmət”dən başlamışdır. İndi könüllülər hərəkatı digər sahələri də əhatə edir. Mən göstəriş vermişəm ki, dövlət qurumlarında könüllülər dəstələri, qrupları yaradılsın. Artıq bəzi nazirliklərdə könüllülər qrupları yaradılıb. Bizim beynəlxalq tədbirlərdə - Avropa və İslam oyunlarının keçirilməsində könüllülər çox böyük xidmət göstərmişlər. Amma başlanğıc “ASAN”dan start alıb. Bu gün minlərlə könüllü artıq bu təlimdən keçib və həyatda öz layiqli yerini tutub. Əminəm ki, “ASAN xidmət”də çalışan, eyni zamanda, könüllülər kimi fəaliyyət göstərən gənclərin çox parlaq gələcəyi olacaq. Çünki onlar artıq çox xeyirxah bir işlə təmin olunublar. Bu iş çoxşaxəlidir, insanlarla birbaşa ünsiyyətdir, insanlara göstərilən yardımdır, xidmətdir, köməkdir. Eyni zamanda, mərkəzlər innovasiya baxımından çox mütərəqqi təcrübəyə malikdir. Ona görə gənclərin gələcəkdə həyatlarını daha da yüksək səviyyədə təmin etmələri üçün bu təcrübə, hesab edirəm ki, əvəzolunmazdır.

“ASAN xidmət”, eyni zamanda, bizim xalqımıza xas olan xüsusiyyətləri də özündə ehtiva edir. Çünki xalqımız həmişə qonaqpərvər olub. Buraya müraciət edən vətəndaş da buranın qonağıdır. Biz həmişə qonaqlara böyük hörmət göstərmişik. Gənc nəsil də bu milli dəyərlər əsasında tərbiyə almalıdır. Mədəni davranış, mədəni rəftar qaydaları, mədəni xidmət - bütün bunların Azərbaycanda dərin kökləri var. Sadəcə olaraq, bu gün bu, mütəşəkkil formada “ASAN xidmət”də öz əksini tapır. Bu, ümumiyyətlə, ictimai münasibətlərə də müsbət təsir göstərir. Mən tam əminəm ki, bu mərkəzə qədəm qoyan hər bir insan buradan məmnunluqla ayrılacaq. Çünki birincisi, binanın gözəlliyi, ikincisi, mövcud olan şərait, işçilərin təbəssümləri, göstərilən xidmətlər, operativlik, vaxtın itirilməməsi, “ASAN xidmət”də korrupsiya və rüşvətxorluğa sıfır dözümlülük var. Hər yerdə belə olmalıdır. Azərbaycanda rüşvətxorluğa, korrupsiyaya qarşı mübarizədə “ASAN xidmət”in xüsusi rolu var. Çünki bu mərkəzlərdə göstərilən xidmətlər artıq korrupsiya, rüşvətxorluq üçün yer qoymur. Ona görə biz bu bəla ilə bir çox alətlərlə mübarizə aparmalıyıq. Əlbəttə ki, inzibati tədbirlər, cəza tədbirləri.

Son vaxtlar bütün vətəndaşların diqqətinə çatdırılan operativ tədbirlər, rüşvətxor məmurların ifşa olunması, onların bədnam əməllərinin ifşa edilməsi – bütün bunlar onu göstərir ki, korrupsiya və rüşvətxorluqla bağlı tədbirlər sistem xarakteri daşıyır. Əgər kimsə bunu bu günə qədər başa düşməyibsə, o, gərək başa düşsün və bu mübarizə davam etdiriləcək. Cəza tədbirləri cinayətkarlara qarşı tətbiq olunmalıdır. Eyni zamanda, sistem xarakterli tədbirlər də olmalıdır. Onlardan biri və bəlkə də birincisi “ASAN xidmət”də yaradılmış qaydalardır. Çünki burada imkan da yoxdur. Gənclər artıq bu ruhda tərbiyə olunur. Dürüst olmaq, xeyirxah olmaq, həmişə kömək etməyə hazır olmaq - bütün bunlar insanların formalaşması üçün çox önəmli amillərdir. Ona görə “ASAN xidmət” haqqında danışanda biz, sadəcə olaraq, vətəndaşlara göstərilən xidmətlərlə məhdudlaşmamalıyıq. Bu, daha dərin, daha geniş məna daşıyan çox ciddi bir hərəkatdır və bizim siyasətimizi əks etdirən hərəkatdır.

Mən bir dəfə demişəm, bir daha demək istəyirəm, birinci mərkəzlər açılan zaman kimsə düşünə bilərdi ki, bu, sadəcə olaraq, ictimai xidmət mərkəzləridir. Elə deyil. Bizim niyyətimiz tam başqa idi. Bu, cəmiyyətimizə müsbət yenilik gətirən təşəbbüs idi və artıq həyatda öz əksini tapıb. Azərbaycan bu sahədə də liderdir. İntellektual məhsulun yaradılması və bu gün ixracı artıq reallıqdır.

Əlbəttə, bir daha demək istəyirəm, gənclər burada çox gözəl məktəb keçərək həyatda layiqli yer tutacaqlar ki, gələcəkdə ölkəmizin inkişafı üçün səylərini əsirgəməsinlər. Buna nail olmaq üçün ilk növbədə, bilikli, savadlı və vətənpərvər olmalısınız. Hesab edirəm ki, bu üç əsas amil gələcəkdə də Azərbaycanı bütün bəlalardan qoruyacaq, necə ki, bu gün qoruyur. Bu gün dünyada gedən proseslər gözümüzün qabağında baş verir. Yeni münaqişə ocaqları, yeni müharibə ocaqları, yeni köçkün dalğası, ziddiyyətlər, kütləvi etirazlar, polis zorakılığı, dinc nümayişçilərə qarşı amansız zorakılıq göstərilməsi, minlərlə nümayişçinin həbs edilməsi, onların öldürülməsi - bunlar inkişaf etmiş ölkələrdə bizim gözümüzün qabağında baş verir, hansısa geridə qalmış ölkədə deyil. Bunun səbəbləri var. Səbəblər də kütləvi narazılıqdır. Bunun da səbəbləri var. Bu, təkcə maddi amillərlə məhdudlaşmır. Ədalətsizlik, hakimiyyətlə xalq arasındakı uçurum, təbəqələşmə, sosial problemlərin həll edilməməsi, bir çox amillər var, mən hamısını sadalamaq istəməzdim. Ancaq fakt budur ki, bu, bu gün reallıqdır. Belə bir mənzərə fonunda Azərbaycanda mövcud olan əmin-amanlıq, sabitlik, inkişaf, əlbəttə ki, bizim böyük sərvətimizdir və bunu biz özümüz qazanmışıq, heç kim bizə kömək etməyib. Ən ağır günlərdə heç kim bizə kömək etməyib. Mən istəyirəm ki, gənclər bunu bilsinlər. Nəyi əldə etmişiksə, öz gücümüz, cəsarətimiz, istedadımız hesabına əldə etmişik. Bizim elə günümüz var idi ki, pulumuz yox idi. O vaxt - 1990-cı illərin əvvəllərində Azərbaycan əhalisi 8 milyon idi, bunlardan 1 milyonu qaçqın, köçkün. Pul yox, iqtisadiyyat dağılmış, sənaye iflic vəziyyətdə. Çadır şəhərcikləri, köçkünlər vaqonların içində, vaqonların altında yaşayırdılar. Bütün bunları biz yaşamışıq. Amma görün, bu gün düşünülmüş siyasət, sabitlik nəticəsində Azərbaycan dünya miqyasında inkişaf baxımından aparıcı yerlərdədir. Sabitlik, əmin-amanlıq, cəmiyyətdəki müsbət ovqat - bütün bunlar Azərbaycan reallıqlarıdır. Bölgələrin inkişafı. Tovuz şəhəri Bakıdan uzaqda yerləşir. Amma Tovuz şəhərinin timsalında biz bu inkişafı görürük. Baxın, indi qazlaşdırmanın səviyyəsi 90 faizdir. Təmirli yolların səviyyəsi 90 faizdir. İçməli su həmişə böyük problem olub. Artıq bir neçə ildir ki, Tovuz şəhərinin içməli su problemi öz həllini tapıb. Müasir xəstəxana, müasir dializ və diaqnostika mərkəzləri, idman kompleksi, parklar, sənaye müəssisələri. Bu gün mən Aşıq Sənəti Dövlət Muzeyinin və xalça fabrikinin açılışlarında iştirak etmişəm. Bütün bunlar onu göstərir ki, ölkəmizin hər bir bölgəsi inkişaf edir. Gənclər gələcəkdə elə işləməlidirlər ki, bu inkişaf dayanıqlı olsun, müstəqilliyimiz əbədi olsun. Ona görə bir daha demək istəyirəm, - bunu nə qədər çox təkrarlasaq ziyanı yoxdur, - bilik, savad, vətənpərvərlik, Vətənə bağlılıq və milli dəyərlər hər şeydən üstün olmalıdır. Bizi xalq kimi, millət kimi əsrlərboyu qoruyan, assimilyasiyadan qoruyan bizim dəyərlərimiz olub. Ana dilimiz, ədəbiyyatımız, incəsənətimiz və milli şüurumuz. Bunu biz heç vaxt itirə bilmərik, heç vaxt! Nə qədər ki, mən prezidentəm, var gücümlə çalışacağam ki, bu dəyərlər tam bərqərar olsun, o cümlədən gənclər arasında. Çünki indi gənclər yaşlı nəsildən təbii ki, fərqlənir. Onların maraqları da fərqlidir. Onların informasiya əldə etmək üsulları da fərqlidir. Gənclərin bir çoxu televiziyaya baxmır. Onların əlində telefon var, bütün informasiyanı oradan alırlar. Gənclər bəzi hallarda virtual məkanda yaşayırlar, real həyatdan bir qədər kənarda qalırlar. Bütün bunlar, təbiidir, bu, dövranın, necə deyərlər, mənzərəsidir. Amma bütün bunlara baxmayaraq, bizim gənclər milli ruhda tərbiyə almalıdırlar. Bilməlidirlər ki, Azərbaycanın bundan sonra da müstəqil ölkə kimi yaşaması üçün onların hər biri vətənpərvər olmalıdır. Hər biri öz bayrağını həmişə uca tutmalıdır, öz milli atributlarına hörmətlə yanaşmalıdır və heç kimin təsiri altına düşməməlidir.

Xalqımız uzun əsrlərboyu başqa ölkələrin, imperiyaların tərkibində yaşayıb. Müstəqillikdən, azadlıqdan mərhum olub, başqalarının diktəsi ilə yaşayıb. Biz artıq 30 ilə yaxındır ki, müstəqil ölkə kimi yaşayırıq və əbədi yaşamalıyıq. Bundan sonra heç vaxt müstəmləkə olmamalıyıq. Buna nail olmaq üçün iqtisadi, hərbi, mənəvi gücümüz, dəyərlərimiz olmalıdır, var və hər şeydən üstün olmalıdır. Ona görə indi müxtəlif yollarla, müxtəlif adlar altında gah qloballaşma deyirdilər, indi bu söz də artıq lüğətdən silinib. Bəlkə də 10 il bundan əvvəl qloballaşma deyilən bir meyil var idi və belə bir fikir aşılanırdı ki, qloballaşma sərhədləri aşacaq, sərhədləri, millətləri aradan götürəcək, hamı bir dildə danışacaq, hamı bir təfəkkürdə olacaq. Milli xüsusiyyətlərin sarsıdılması və məhvi üçün ziyanlı bir siyasət aparılırdı, bu gün də aparılır, amma bu gün başqa adlarla. Bu gün bəzi hallarda demokratiya adı ilə ölkələri öz təsirləri altına almaq istəyirlər. O ölkələr ki, özləri demokratiyanı kobudcasına pozurlar, insan haqlarını pozurlar, jurnalistləri əsassız ittihamlarla həbs edirlər, nümayişçiləri əzirlər, öldürürlər, itləri, atları onların üstünə salırlar, rezin güllələrlə vururlar, gözlərini çıxarırlar, qazlardan istifadə edirlər, hamısı göz qabağındadır. Bizə demokratiyadan dərs vermək istəyənlərin özləri bunu edirlər. Ona görə demokratiyanı şüar edib xalqları, dövlətləri özlərinə tabe etmək istəyirlər, o cümlədən bizi. Ona görə də təzyiqlərlə, iftiralarla, çirkin kampaniyalarla üzləşirik. Ona görə ki, heç kimin qabağında baş əymirik və heç vaxt əyməyəcəyik. Bizim milli qürurumuz, ləyaqətimiz hər şeydən üstündür. Ona görə müxtəlif vasitələrlə gəncləri yoldan çıxarmaq istəyirlər. Çünki bilirlər ki, gənclər hələ yetişməyiblər, formalaşmayıblar, onlar daha çox tələbkardırlar, pozuntulara daha çox dözümsüzdürlər. Bu da təbiidir, bu da olmalıdır, amma xalq naminə, dövlət naminə, hansısa başqa paytaxtda oturanın maraqlarını təmin etmək üçün yox. Ona görə bütün bunları gənclər bilməlidirlər və düzgün təhlil aparmalıdırlar. Bilməlidirlər ki, bizim hamımızın birinci vəzifəsi müstəqilliyimizi möhkəmləndirmək, Azərbaycan dövlətinin qüdrətini artırmaq və öz milli xüsusiyyətlərimizi qorumaqdır. “ASAN xidmət” mərkəzlərində, o cümlədən burada işləyənlər və könüllülər bax, bu ruhda tərbiyə alırlar. Buna görə bir daha qayıdıram “ASAN xidmət” mərkəzlərinin fəaliyyətinə ki, xalq tərəfindən belə yüksək qiymət verilir. Mən sizi mərkəzin açılışı münasibətilə bir daha təbrik edirəm, sizə uğurlar arzulayıram. Sağ olun.

X X X

ASAN könüllüsü Ummahanı Abdullayeva: Möhtərəm cənab Prezident, Sizi salamlayıram. Mən Beyləqanda keçirilmiş “Hərbiyyə” hərbi vətənpərvərlik düşərgəsinin iştirakçısı olmuşam. Mən bir hərbçi qızı olaraq demək istəyirəm ki, atam mənə həmişə hərbçi həyatı barədə danışanda mən bunu, sadəcə, onun dedikləri və televizorda gördüklərim qədər təsəvvür edirdim. Layihəyə müraciət barədə elanı gördükdən sonra isə qərara gəldim ki, mən də bu layihədə iştirak edim. Layihə sayəsində mən əsgərlərimizlə çiyin-çiyinə olarkən onların bizim rahat və təhlükəsiz yaşamağımız üçün necə çalışdıqlarını və hansı çətinliklərin öhdəsindən gəldiklərini gördüm. Atamın danışdıqlarının həqiqətən də canlı şahidi oldum. Xanım olsaq da, biz layihə iştirakçıları bütün gücümüzlə hərbi təlimlərdə, taktiki hazırlıq, topoqrafiya, atəş və digər hərbi hazırlıqlarda iştirak etdik. Bir həftə boyunca özümüzü əsl əsgər olaraq hiss etdik.

Ölkəmiz tarixboyu öz qəhrəman oğulları ilə yanaşı, mərd xanımları ilə də tanınıb. Biz Sara xatunun, Həcərin, Nigarın yetirmələriyik. Vətənpərvərlik hissi, mərdlik damarlarımızdan axan qanımızda var.

Cənab Prezident, Siz Sərəncamınızla elan etdiyiniz bu “Könüllülər ili”ndə hərbi vətənpərvərlik düşərgəsində sevərək iştirak edəcəyəm. Demək istəyirəm ki, Azərbaycan xanımları olaraq biz də Sizin göstərişinizlə bir an belə düşünmədən torpaqlarımızı işğaldan azad etməyə hazırıq.

Prezident İlham Əliyev: Sağ olun.

ASAN könüllüsü Bəxtiyar Rzayev: Möhtərəm Prezident, cənab Ali Baş Komandan, mən də Sizi salamlayıram. Mən “ASAN xidmət” tərəfindən Gədəbəydə və Beyləqanda təşkil edilən “Hərbiyyə” vətənpərvərlik düşərgəsinin iştirakçısı olmuşam. Onu qeyd edim ki, bu layihə beş dəfə həyata keçirilib və 500 gənc bu düşərgənin iştirakçısı olub. Baxmayaraq hərbi xidmətə yollanmağıma azı 2 il var, mən yenə də hərbi düşərgəyə qatılmağı və o mühiti vaxtından əvvəl görməyi özümə borc bildim. Hər iki düşərgədə yaşadığımız əsgər həyatı bizə sabit bir dövlətin mövcudluğu üçün möhkəm sütunların olduğunu göstərdi. Biz əsgərlərimizlə, komandirlərimizlə və qazilərimizlə eyni mühitdə peşəkar orduya sahib olduğumuzu gördük. Mən və komanda yoldaşlarım orada olarkən bizə sual verdilər: Əmr gəlsə, kimlər düşmən qarşısına çıxmağa, şəhid olmağa hazırdır. İştirakçıların hər biri “mən” deyərək cavab verdi. Bu, ani bir refleks deyildi, çünki bizim hər birimiz bu ruhda yetişmişik və bu ruhda da tərbiyə alırıq.

Cənab Prezident, Sizin Münxendəki paneldə aşkar üstünlüyünüz, düşməni əminliklə susdurmağınız bizi daha da ruhlandırdı. Həmin çıxışla bir daha sübut olundu ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etmək üçün təkcə hərbi gücə malik deyil. O, öz həqiqətlərini sülh və danışıqlar yolu ilə də hər kəsə sübut edə bilib. Demək istəyirəm ki, istər sülh yolu ilə, istərsə də müharibə yolu ilə Vətənimiz uğrunda hər şeyə hazırıq. Cənab Ali Baş Komandan, biz hər birimiz Sizin sadiq əsgərinizik.

Prezident İlham Əliyev: Sağ ol.

ASAN könüllüsü Leyla Sarıyeva: Möhtərəm cənab Prezident, Sizi Tovuz elində xoş gördük. Bu an mənim və könüllü yoldaşlarım üçün həqiqətən də unudulmaz tarixi andır. Sizin sərəncamlarınızla regionlarda “ASAN xidmət” mərkəzlərinin yaradılmasına dair xəbərləri eşitdikcə rayonumuzla bağlı da bu xəbəri eşidəcəyimiz günü səbirsizliklə gözləyirdik. Bu gün mən ikiqat xoşbəxtəm. Bu xəbəri eşitməklə, arzuma çatmaqla yanaşı, eyni zamanda, mən burada region gənclərini təmsil edirəm.

Cənab Prezident, Siz Kürdəmir “ASAN xidmət” mərkəzinin açılışında da qeyd etdiyiniz kimi, ASAN təkcə bir layihə deyil, bu, bir siyasətdir, hərəkatdır, niyyətdir. Biz də bu siyasətin davamçıları olaraq çox xoşbəxtik və qürur duyuruq. Bura mən və mənim kimi gənclər üçün yeni ideyalar, təşəbbüslər və təcrübə mərkəzidir. Biz burada faydalı işlər görə biləcəyimiz peşəkar kadrlarla zəngin bir mühit əldə etmişik. Bununla da insanların, cəmiyyətin, dövlətin həyatında iştirak hüququ qazanmışıq. Biz bu gün şadıq ki, sülh və sabitliyin mövcud olduğu ölkədə yaşayırıq. Bu sabitliyi qorumaq üçün əlimizdən gələni edəcəyik. Mən də bu il təşkil olunacaq “Hərbiyyə” hərbi vətənpərvərlik düşərgəsində iştirak edəcəyəm.

Cənab Ali Baş Komandan, əminik ki, Sizin rəhbərliyinizlə tezliklə Qarabağ problemi həll olunacaq. Hər zaman bizi dinlədiyiniz, bizə dəstək olduğunuz və yaratdığınız bu imkanlar üçün təşəkkür edirik.

Prezident İlham Əliyev: Çox sağ olun.

Tovuz regional “ASAN xidmət” mərkəzinin əməkdaşı Aygün Cabbarlı: Möhtərəm cənab Prezident, rayonumuza xoş gəlmisiniz. Sizi doğma yurdumuzda görməyə çox şadıq. Mənim üçün bu gün çox qürurvericidir. Çünki mən ASAN könüllüsü kimi başladığım bu yolda Tovuz regional “ASAN xidmət” mərkəzinin əməkdaşı kimi qarşınızda çıxış edirəm. Sizin təşəbbüsünüzlə yaradılan bu mərkəz rayonumuzu daha da gözəlləşdirib. Gözəlləşdirməklə yanaşı, burada olan istər əyləncə sahələri, istərsə də sakinlərin inkişafına dəstək olan mərkəzlər Sizin sosial-iqtisadi siyasətinizin bütün komponentlərini özündə birləşdirir. Belə ki, “ASAN xidmət” mərkəzi sayəsində həm vətəndaşlarımız rahat xidmət alacaqlar, həm də Tovuz və ətraf rayonlardan 200-dən çox gənc işlə təmin olunacaq. Bu gənclər elə biz könüllülərik. Mərkəzimizə daxil olan ABAD məktəb təlim mərkəzi 6 sahə üzrə - saz musiqi alətlərinin hazırlanmasından tutmuş turizmə kimi müxtəlif peşələri özündə birləşdirir. Bu da yeni peşələrə yiyələnmək üçün əvəzolunmaz fürsətdir.

Cənab Prezident, bildiyiniz kimi, burada əhalinin çox hissəsi kənd təsərrüfatı ilə məşğul olur. Düşünürəm ki, ABAD fabrikin açılması həm onların əməyini dəyərləndirəcək, həm də rayonumuzda məşğulluq səviyyəsini daha da artıracaq. Ən əsası isə ASAN hərbi vətənpərvərlik mərkəzidir. Çünki bu mərkəz təkcə biz gənclərin deyil, həm də uşaqdan böyüyə hər kəsin vətənpərvər dəyərlərə sadiq, milli ruhda yetişməsinə təkan verəcək.

Sonda qeyd etmək istəyirəm, biz gənclər inanırıq və əminik ki, bu gün doğma Tovuzda açılan bu mərkəz sabah Qarabağ torpaqlarında açılacaq və bizim şanlı Azərbaycan bayrağımız orada yüksələcək. Diqqətinizə görə təşəkkür edirəm.

X X X

Sonda xatirə şəkli çəkdirildi.

X X X

Qeyd edək ki, 8 il bundan əvvəl - 2012-ci il iyulun 13-də Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yaradıldı və onun tabeliyində “ASAN xidmət” mərkəzləri fəaliyyətə başladı. Bu qurumun yaradılmasında məqsəd vətəndaşlara birbaşa xidmət göstərəcək “ASAN xidmət” mərkəzlərinin vahid şəkildə idarə edilməsi idi. Həmin ildən başlayaraq Bakının bir neçə rayonunda “ASAN xidmət” mərkəzləri sakinlərin istifadəsinə verildi. Daha sonra bu proses regionları da əhatə etməyə başladı. Hazırda bu mərkəzlərə daxil olan müraciətlər arasında şəxsiyyət vəsiqələrinin alınması və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, notariat fəaliyyəti, eləcə də miqrasiya və əmlak məsələləri ilə bağlı olanlar üstünlük təşkil edir. Bütün bunlar dövlət qulluqçusu-vətəndaş münasibətlərində yeni yanaşmanın formalaşmasında Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin mühüm tərkib hissəsidir.

Dövlət Agentliyi beynəlxalq əlaqələrə də üstünlük verir. Bu gün “ASAN xidmət”in fəaliyyəti Avropa İttifaqında, Avropa Parlamentində, Böyük Britaniya parlamentində, Fransa, Almaniya və digər ölkələrdə yüksək qiymətləndirilir. Özünəməxsus hüquqi strukturu olan bu model bir çox beynəlxalq qurumlar və ekspertlər tərəfindən təqdirəlayiq hesab olunur. Artıq Azərbaycanın “ASAN xidmət” modeli əsasında Əfqanıstanda dövlət xidmətlərinin göstərilməsi sahəsində eyniadlı qurum təsis edilib. Bundan başqa, İtaliya, Koreya Respublikası, Fransa, İndoneziya, Monteneqro və ISESCO təşkilatı ilə əməkdaşlığa dair Anlaşma memorandumları imzalanıb.

Bu illər ərzində xidmət bir neçə beynəlxalq dərəcəli sertifikata layiq görülüb, həmçinin Britaniya Əməyin Mühafizəsi Şurası tərəfindən beynəlxalq müsabiqənin qalibi olub. “ASAN xidmət” 2015-ci il BMT-nin “Dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsi” kateqoriyasında birinci yerə layiq görülərək xüsusi mükafat və diplomla təltif edilib. Bundan başqa, ötən il oktyabrın 25-də Dövlət Agentliyi ilə ISESCO arasında imzalanan Birgə Əməkdaşlıq Proqramına əsasən qabaqcıl idarəetmə üzrə “ISESCO-nun ASAN mükafatı” təsis olunub. Həmçinin “ASAN xidmət” və ISESCO tərəfdaşlığını əks etdirən İnkişaf Naminə İdarəetmə beynəlxalq təşəbbüsünün irəli sürülməsi, şirkətlərin biznes inkişafının və idarə edilməsinin yüksəldilməsi məqsədilə xüsusi “ASAN xidmət” məhsullarının formalaşdırılması əməkdaşlıq proqramında nəzərdə tutulur. Bundan başqa, ISESCO-nun 2019-2021-ci illər üzrə üçillik Fəaliyyət Planında üzv ölkələrdə sektoral idarəçilik mexanizminin inkişaf etdirilməsi məqsədilə “ASAN xidmət” modelindən faydalanmaq tövsiyə olunub.

2019-cu il iyunun 24-26-da Bakıda Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Birləşmiş Millətlər Təşkilatı ilə birgə BMT-nin Dövlət Xidmətləri Forumunu keçirib. Foruma dünyanın 100-dən çox ölkəsindən 800-dən çox nümayəndə qatılıb. Forum çərçivəsində ölkəmiz rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində BMT-nin xüsusi mükafatına layiq görülüb. Forumun Azərbaycanda keçirilməsinə zəmin yaradan ən önəmli amillər ölkəmizdə dövlət xidmətləri sahəsində qazanılmış nailiyyətlər, “ASAN xidmət”in uğurlu fəaliyyəti və 2015-ci ildə BMT-nin Dövlət Xidmətləri mükafatına layiq görülməsidir. Bütün bunlar bir daha təsdiqləyir ki, Azərbaycan brendi olan “ASAN xidmət”ə dünyada böyük maraq var.

AZƏRTAC

ARXİV

Aprel 2020
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR