24 Fevral 2020, Bazar ertəsi

 

Fevralın 11-də İran İslam Respublikasının Naxçıvandakı Baş Konsulluğu İran İslam Respublikasının yaranmasının 41-ci ildönümü – İslam İnqilabı Günü münasibətilə rəsmi qəbul təşkil etmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov rəsmi qəbulda iştirak etmişdir.

Tədbirdə Azərbaycan Respublikasının və İran İslam Respublikasının Dövlət himnləri səsləndirilmiş, “Qurani-Kərim”dən ayələr oxunmuşdur.
İran İslam Respublikasının Naxçıvandakı Baş konsulu Seyid Əhməd Hüseyni çıxış edərək İran İnqilabının tarixinə nəzər salmış, ölkəsinin keçdiyi inkişaf yolundan danışmışdır. İran İslam Respublikasının Azərbaycanla və onun Naxçıvan Muxtar Respublikası ilə əlaqələrini diqqətə çatdıran baş konsul qarşılıqlı əməkdaşlığın inkişafının əhəmiyyətini qeyd etmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov İran İslam İnqilabının 41-сi ildönümü münasibətilə qardaş İran xalqını təbrik etmiş, İran dövlətinə inkişaf və tərəqqi arzulamışdır. Ali Məclisin Sədri ümummilli liderimiz Heydər Əliyevin “İran ilə Azərbaycan arasındakı əlaqələrin çox zəngin tarixi vardır. Biz Azərbaycan-İran əlaqələrinə xüsusi əhəmiyyət veririk. Ümid edirəm ki, gələcəkdə də bu əlaqələr inkişaf edəcəkdir” - fikirlərini xatırladaraq demişdir: “Bu gün ulu öndərin yolunun uğurla davam etdirilməsinin nəticəsidir ki, ölkәlәrimiz arasındakı dostluq vә əməkdaşlıq ilbəil möhkəmləndirilir. Ölkə Prezidentlərinin qarşılıqlı sәylәri, həyata keçirilən rəsmi səfərlər dövlətlərarası münasibətləri yeni inkişaf mərhələsinə yüksəldib”.
Sözsüz ki, ikitərəfli əlaqələrdə Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İran İslam Respublikası arasındakı əməkdaşlıq xüsusi yer tutur. Ötən dövrdə bu istiqamətdə mühüm işlər görülmüş, enerji, nəqliyyat, təhsil, turizm, iqtisadi-ticarət və səhiyyə sahələrində əməkdaşlıq üçün hərtərəfli zəmin yaradılmışdır. 2019-cu il dekabrın 1-dən etibarən muxtar respublikaya səfər edən İran İslam Respublikası vətəndaşlarının giriş və viza tələbindən azad olunması isə əlaqələrin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.
Ali Məclisin Sədri səmimi dostluq və qardaşlığın bundan sonra da inkişaf edəcəyinə əminliyimi bildirmiş, bir daha İran xalqını İslam İnqilabının ildönümü münasibətilə təbrik etmişdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Fevral 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR