26 Yanvar 2020, Bazar

Ölkə Prezidenti cənab İlham Əliyev demişdir: “Naxçıvan Muxtar Respublikasının inkişafı daim diqqət mərkəzindədir. Respublikada gedən abadlıq-quruculuq işləri məni çox sevindirir. Naxçıvan son illər ərzində böyük dərəcədə inkişaf etmişdir, həm sosial sahədə, iqtisadi sahədə, sənaye potensialının möhkəmləndirilməsi istiqamətində böyük addımlar atılmışdır. Bu, çox sevindiricidir”.

 Azərbaycan dövlətinin inkişaf dinamikasını əks etdirən Naxçıvan Muxtar Respublikası ulu öndər Heydər Əliyev siyasi xəttinin təntənəsidir. Dahi şəxsiyyətin yolunun davam etdirilməsi Naxçıvanın inkişafında yeni mərhələnin əsasını qoymuşdur. Muxtar respublikada enerji, ərzaq, müdafiə və informasiya təhlükəsizliyi təmin olunmuşdur. Hər bir sahədə yenilik, tərəqqi müşahidə olunur. Geniş quruculuq işləri aparılır, müasir kənd infrastrukturu yaradılır, insan amilinə yüksək qiymət verilir.

 Yanvarın 13-də Ordubad rayonunun Vənənd kəndində yeni sosial obyektlər istifadəyə verilmişdir.  

2020-ci ildə ilk məktəb binası Vənənddə istifadəyə verilmişdir

Yanvarın 13-də Vənənd kənd tam orta məktəbinin yeni binasının açılışı olmuşdur.

 Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov məktəbin açılışını etmiş, yaradılan şəraitlə maraqlanmışdır.

Bildirilmişdir ki, 432 şagird yerlik iki mərtəbəli məktəbdə 27 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, 2 kompüter otağı, 3 elektron lövhəli sinif, hərbi kabinə, 2 şahmat sinfi, müəllimlər və  psixoloq otaqları, kitabxana və idman zalı vardır. Kitabxana fondunda 5100-ü dərslik və 4730-u bədii ədəbiyyat olmaqla 9830 kitab vardır. Kompüter otaqlarında isə 43 kompüter quraşdırılaraq internetə qoşulmuşdur.

 Ali Məclisin Sədri birinci sinifdə və məktəbəqədər hazırlıq qrupunda tədrisin təşkili ilə maraqlanmışdır. Bildirilmişdir ki, bu il birinci sinifdə 25 şagird təhsil alır. Məktəbəqədər hazırlıq qrupunda isə 30 şagird vardır.

Hərbi kabinəyə baxış zamanı qeyd olunmuşdur ki, məktəbdə şagirdlərin hərb sənətinə marağının artırılması diqqətdə saxlanılır. Ötən il 3 şagird Heydər Əliyev adına Hərbi Liseyə qəbul olunub.

 Elektron lövhəli sinifdə Naxçıvan Dövlət Tarix Muzeyi ilə ümumtəhsil məktəbləri arasında keçirilən interaktiv dərs izlənilmişdir.

Müəllimlərdən Şükufə Mirzəyeva, Aynurə Məmmədova, Günel İmamquliyeva və Ətrübə İmanova Ali Məclisin Sədrinə minnətdarlıq etmişlər. Ətrübə İmanova demişdir: “Bu gün Vənənd kəndində bayramdır. Çünki kənd tamamilə yenidən qurulub. Aparılan quruculuq işlərinin nəticəsi kimi kollektivin istifadəsinə müasir məktəb binası verilib. Naxçıvanda elmə, təhsilə böyük qayğı göstərilir. Bütün bunlar ulu öndərimizin siyasi xəttinin uğurla davam etdirilməsinin nəticəsidir”.

İdman zalında və şahmat siniflərində də şagirdlərin fiziki və əqli inkişafı üçün lazımi şərait yaradılmışdır.

Sonra məktəbin pedaqoji kollektivi ilə görüş olmuşdur.

 Məktəbin direktoru Təranə İsmayılova çıxış edərək demişdir ki, muxtar respublikamızda quruculuq işlərinin bütün yaşayış məntəqələrini, xüsusilə kəndləri əhatə etməsi inkişafın ən mühüm amilidir. Vənənd kəndində də kompleks quruculuq və abadlıq işləri aparılmış, ən müasir məktəb binası tikilmişdir. Müasir tədris şəraiti ilə təmin olunmuş məktəb bu gün müəllim və şagirdlərin istifadəsinə verilir.  Yeni məktəbdə yaradılan şərait bundan sonra da tədrisin yüksək səviyyədə təşkilinə və nailiyyətlərin artmasına imkan verəcəkdir. Təranə İsmayılova kollektivi adından minnətdarlıq etmiş, gənc nəslin təlim-tərbiyəsində səylə calışacaqlarına söz vermişdir.

 Məktəbin müəllimi Surə Ağayeva Ali Məclis Sədrinə müraciət edərək demişdir: “1995-ci ildə muxtar respublika rəhbəri seçilərkən təhsil quruculuğunu inkişafın əsas istiqaməti kimi müəyyənləşdirmişdiniz. Ötən dövrdə muxtar respublikamızda təhsil islahatları geniş vüsət almışdır. Şəhər və rayon mərkəzləri ilə yanaşı, ucqar dağ kəndlərində də yeni məktəb binaları inşa olunub. Artıq Naxçıvan təhsili yeni inkişaf dövrünü yaşayır. Yaratdığınız şəraitin nəticəsidir ki, muxtar respublikada istedadlı və bilikli gənclər yetişir. Hər il yüzlərlə məzun ali məktəblərə qəbul olur, yüksək nəticə göstərirlər. Müəllim əməyinə də yüksək qiymət verilir. Gənc müəllimlərin işlə təminatı üçün əlverişli şərait yaradılır. Müəllimlərin əməkhaqqı dəfələrlə artırılır. Fərqlənən müəllimlər dövlət mükafatları ilə təltif olunurlar. Sevinirik ki, təhsilə, elmə yüksək dəyər verildiyi, müəllim adının yüksək tutulduğu Naxçıvanda yaşayır və çalışırıq. Qarşıdan gələn yubileyiniz münasibətilə Sizi təbrik edir, doğma Naxçıvanımızın işıqlı gələcəyi naminə fəaliyyətinizdə möhkəm cansağlığı və uğurlar arzulayırıq”.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Vənənd kənd tam orta məktəbinin istifadəyə verilməsi münasibətilə kollektivi təbrik etmiş, ümummilli liderimiz Heydər Əliyevin “Müstəqil dövlətdə yaşayan hər bir gənc birinci növbədə yaxşı təhsil almalı, vətənpərvərlik əhval-ruhiyyəsi ilə tərbiyə olunmalıdır”, fikrini xatırladaraq demişdir: Vənənd kənd tam orta məktəbində ümummilli liderimizin tövsiyyələrini həyata keçirmək üçün hərtərəfli şərait yaradılıb. Görülən işlər  tədrisin keyfiyyətinin yüksəldilməsinə xidmət edir. Əvvəlki məktəbdə müasir tədris şəraiti yox idi. Lakin bu gün məktəbdə elektron lövhələr, laboratoriyalar, kitabxana, elektron dərsliklər və lazım olan digər müasir tədris avadanlıqları pedaqoji kollektivin istifadəsinə verilir. Ona görə də müəllimlər öz üzərlərində işləməli, tədris müasir metodlar əsasında qurulmalıdır.

 Ali Məclisin Sədri demişdir: Birləşmiş Millətlər Təşkilatı XXI əsri elm və təhsil əsri adlandırıb. Bu çağırışlara uyğun olaraq ölkəmizdə təhsilin inkişafına diqqət göstərilir. Azərbaycanda təhsil islahatlarının əsası ümummilli liderimiz Heydər Əliyevin ölkəmizə birinci rəhbərliyi dövründə - ötən əsrin 70-ci illərində qoyulmuşdur. Həmin dövrdə Azərbaycanda yeni təhsil müəssisələri yaradılmış, hər il minə yaxın gənc Sovetlər Birliyinin ən yüksək ali məktəblərinə təhsil almağa göndərilmişdir. Ulu öndər müstəqillik illərində də Azərbaycanda təhsil işinə və müəllim əməyinə yüksək qiymət vermişdir. Bu gün də ölkə Prezidentinin Heydər Əliyev yoluna sədaqətinin nəticəsidir ki, Azərbaycanda sabitlik, inkişaf və tərəqqi vardır. Təhsilin müasir tələblər səviyyəsində qurulması və gənclərin hərtərəfli təhsil almaları üçün lazımi tədbirlər görülür. Dünyada elə ölkələr var ki, orada təhsilin inkişafından danışmaq mümkün deyil. İnsanlar ancaq yaşamaq uğrunda mübarizə aparırlar, gənclər təhsildən kənarda qalıblar. Lakin Azərbaycan savadlılıq səviyyəsinə görə dünya ölkələri sırasında 100 faiz nəticəyə malik olan ölkələrdəndir. Bütün bunlar da ölkəmizin inkişafına xidmət edir.

“Bu gün dünyada qəbul olunmuş “elmdən istehsalata” təcrübəsi Azərbaycanda uğurla tətbiq olunur. Gənclər təhsilin bütün pillələri üzrə hərtərəfli təhsil almaq imkanlarına malikdirlər. Muxtar respublikada da bu sahədə görülən işlər təhsilin inkişafını təmin etmişdir. Artıq Naxçıvan Muxtar Respublikasında təhsilin inkişaf göstəriciləri ümumi Azərbaycan üzrə orta səviyyədən yüksəkdir”, -deyən Ali Məclisin Sədri Vənənd kənd tam orta məktəbi kollektivinin timsalında muxtar respublikanın bütün müəllim və təhsil işçilərinə təşəkkür etmişdir.  

Qeyd olunmuşdur ki, Vənənd kənd tam orta məktəbinin yaxşı təhsil ənənələri vardır. Son 5 ilin nailiyyətləri onu deməyə əsas verir ki, məktəbdə tədris nümunəvi təşkil olunmuş, məzunların 53 faizi ali məktəblərə qəbulda uğurlu nəticə göstərmiş, 500-700 intervalında yüksək bal toplamışlar. Həmçinin məktəbin şagirdləri Heydər Əliyev adına Hərbi Liseydə və ali hərbi məktəblərdə təhsillərini davam etdirirlər. Qazanılan nailiyyətlərin nəticəsidir ki, məktəbin müəllimlərindən 2-si Azərbaycan Respublikasının "Əməkdar müəllim"i fəxri adına layiq görülmüşdür.

Ali Məclisin Sədri demişdir: Orta təhsilini başa vuran hər bir gənc peşə sahibi olmalı, cəmiyyət və ölkə üçün yararlı vətəndaşa çevrilməlidir. Ona görə də gənclər ümummilli liderimizin tövsiyyələrini əsas götürərək ilk növbədə yaxşı təhsil almalı, vətənpərvərlik əhval-ruhiyyəsi ilə tərbiyə olunmalıdırlar. Bu gün muxtar respublikamızda təhsil sahəsində görülən işlər onu deməyə əsas verir ki, müəllimlərin səyi və tələbkarlığı, şagirdlərin çalışqanlığı nəticəsində hər bir gənc yaxşı təhsil alır, peşə öyrənir, eyni zamanda vətənpərvərlik ruhunda tərbiyə olunur.

Ali Məclisin Sədri kollektivə bir daha təbrik etmiş, tədrisdə uğurlar arzulamışdır.

Binanın həyətində bufet və fərdi qazanxana tikilmiş, açıq idman qurğuları  quraşdırılmış, abadlıq işləri aparılmış, yaşıllıq sahəsi salınmış, müasir suvarma və işıqlandırma sistemi çəkilmişdir.

Vənənd kənd Uşaq-Musiqi məktəbinin açılışı olmuşdur


Muxtar respublikada gənc nəslin təhsili ilə yanaşı, onların istedad və bacarıqlarının üzə çıxarılması, asudə vaxtlarının səmərəli təşkili istiqamətində də ardıcıl tədbirlər görülür. Uşaq-musiqi məktəbləri üçün yeni binaların tikilməsi də bu baxımdan mühüm əhəmiyyət kəsb edir.

 Yanvarın 13-də Vənənd kənd Uşaq-Musiqi məktəbinin yeni binası istifadəyə verilmişdir.

 Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmişdir.

Məlumat verilmişdir ki, 3 mərtəbəli məktəb binasında tədris üçün bütün imkanlar yaradılmışdır. Binada direktor və müəllimlər otaqları, musiqi ədəbiyyatı, solfecio, nağara, qarmon, saz, kamança, nəfəsli alətlər, tar, fortepiano, xanəndəlik sinfi olmaqla 34 sinif otağı, 22 yerlik konsert zalı, musiqi ədəbiyyatı və oxunması zəruri olan kitablarla təmin edilmiş kitabxana, musiqi alətlərinin təmiri otağı və arxiv  yerləşir.

 

Musiqi alətlərinin təmiri ustası-müəllim Vahid Məmmədov yaradılan şəraitin fəaliyyət üçün geniş imkanlar açdığını bildirmiş, daha səylə çalışacaqlarına söz vermişdir.  

 Məktəbdə Xalq Çalğı Alətləri və Nəfəsli alətlər orkestrləri, Sazçalanlar və Nağaraçalanlar ansamblları, eləcə də Xor kollektivi fəaliyyət göstərir, fortepiano, tar, kamança, nağara, saz, qarmon, klarnet və xanəndəlik ixtisasları tədris olunur.

Ali Məclisin Sədri musiqi məktəbinin müəllimləri ilə görüşmüşdür.

 Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova çıxış edərək demişdir ki, muxtar respublikada mədəniyyətin, xüsusilə musiqi sənətinin inkişafı əsas vəzifələr sırasındadır. Uşaq musiqi və bədii sənətkarlıq məktəbləri üçün yeni binalar tikilərək istifadəyə verilir, gənc nəslə milli musiqi sənətimizin öyrədilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Yaradılan şəraitin nəticəsidir ki, bu gün muxtar respublikada uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin şagirdləri ölkəmizdə, eləcə də beynəlxalq miqyasda keçirilən müsabiqələrdə uğurla iştirak edirlər. Ordubad rayonunun Vənənd kəndində musiqi məktəbi üçün yeni binanın istifadəyə verilməsi də bu sahədə görülən işlərin davamıdır. Natəvan Qədimova muxtar respublikanın mədəniyyət ictimaiyyəti adından Ali Məclisin Sədrinə minnətdarlıq etmişdir.

 Məktəbin müəllimi Leyla Yaqubova demişdir: “Kəndimizdəki musiqi məktəbi Sovet dönəmindən qalmış köhnə və heç bir şəraiti olmayan binada yerləşirdi. Lakin Ali Məclis Sədrinin qayğısı ilə Vənənd kəndində aparılan geniş quruculuq işləri musiqi məktəbini də əhatə etmişdir. Bu gün müasir tələblər səviyyəsində, yüksək standartlara cavab verən musiqi məktəbi kollektivin istifadəsinə verilir. Çalışacağıq ki, yaradılan şəraitin müqabilində daha əzmlə fəaliyyət göstərək, musiqi sənətinin sirlərini gənc nəsilə öyrədək. Yaradılan şəraitə və göstərilən qayğıya görə kollektiv adından minnətdarlığımızı bildirir, qarşıdan gələn doğum gününüz münasibətlə təbrik edir və dövlətçilik fəaliyyətinizdə daha böyük uğurlar arzulayırıq”.

 Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov musiqi məktəbinin istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək demişdir: Bu gün Naxçıvan Muxtar Respublikasında 26 uşaq-musiqi məktəbi fəaliyyət göstərir. Onlardan 2-si Ordubad rayonunda - Ordubad şəhərində və Vənənd kəndində yerləşir. Bu gün muxtar respublikada musiqi təhsilinin bütün pillələri üzrə hərtərəfli şərait yaradılmışdır. Uşaq-musiqi məktəbləri ilə yanaşı, Naxçıvan Musiqi Kolleci, Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsi və konservatoriyası fəaliyyət göstərir. Ona görə də musiqi məktəblərinin üzərinə mühüm vəzifə düşür. Uşaq-musiqi məktəblərində təhsil alan gənclərə gələcəkdə musiqi təhsillərini davam etdirmələri üçün seçdiyi ixtisaslar dərindən öyrədilməlidir. Bu gün musiqi məktəblərində ixtisaslı müəllimlər dərs deyir. Bunlar da imkan verir ki, musiqi təhsili gənclərə yaxşı öyrədilsin. Çünki musiqi məktəblərində təhsilin düzgün təşkili ölkənin mədəniyyətinin inkişafına da böyük töhfədir. Milli musiqimiz, xalq və bəstəkar mahnıları, dünya musiqisi gənc nəsilə musiqi məktəblərində öyrədilir.

 Ali Məclisin Sədri demişdir: Azərbaycan milli musiqisinin və mədəniyyətinin inkişafı ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər ölkəmizə rəhbərliyi dövründə musiqi mədəniyyətimizin inkişafını diqqət saxlamış, yeni əsərlər yazılmışdır. Ölkəmizdə ümummilli liderin yolunun uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün də musiqi sənətinin inkişafı sahəsində nailiyyətlər vardır. Vaxtilə Azərbaycan gəncləri yalnız Sovetlər Birliyindəki məktəblərdə təhsil ala bilirdilərsə, bu gün müstəqil Azərbaycanın gəncləri dünya konservatoriyalarında tanınmış musiqiçilərdən dərs alırlar.

 Qeyd olunmuşdur ki, peşəkar musiqiçilərin yetişməsində ilkin musiqi təhsili mühüm əhəmiyyət daşıyır. Ona görə də musiqi məktəblərində gənclərə yaxşı təhsil verilməli, milli musiqinin sirləri dərindən öyrədilməlidir. Vənənd kənd Uşaq-Musiqi məktəbində bu vəzifələrin icrası üçün lazımi şərait yaradılıb. Burada 8 ixtisas üzrə 119 şagird təhsil alır. 34 nəfərdən ibarət pedaqoji kollektiv şagirdlərə musiqi təhsili verir. Ona görə də təhsilin səviyyəsi daim yüksək olmalı, musiqiyə marağı olan şagirdlər məktəbə cəlb edilməlidir.

 Ali Məclisin Sədri məktəbin nailiyyətlərinə görə kollektivə təşəkkürünü bildirmiş, onlara təhsildə uğurlar arzulamışdır.    

 Konsert zalında məktəbin şagirdləri musiqi nömrələri təqdim etmişlər.

Kənddə tibbi xidmətin səviyyəsi yüksəlmişdir


Yanvarın 13-də Vənənd kənd həkim ambulatoriyasının açılışı olmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmiş, ambulatoriyada səhiyyə xidmətinin təşkili ilə maraqlanmışdır.

 Məlumat verilmişdir ki, ambulatoriya 11 otaqdan - baş həkim, stomatoloq üçün kabinə, palata, tibb bacısı, fizioterapiya, doğuş, manipulyasiya, peyvənd, qeydiyyat, aptek və texniki otaqdan ibarətdir. Ambulatoriyaya stomatoloji qurğu, doğuş masası, quruducu şkaf, peyvənd və təcili yardım çantaları, mikroskop, sentrifuqa, hemometr, qlükometr, tərəzi, boyölçən, soyuducu və digər tibbi avadanlıqlar verilmişdir. Fizioterapiya kabinəsi isə elektroterapiya və ultrasəslə müalicə aparatı, ultrayüksək tezlikli cərəyanla müalicə aparatı, parafinəritmə qazanı və solyuks lampası ilə təmin olunmuşdur.

 Həkim ambulatoriyasında qeydiyyat elektron formada aparılır. Burada quraşdırılan kompüter səhiyyə informasiya idarəetmə sisteminə qoşulmuşdur.

 Ötən il Vənənd kəndində 26 uşaq doğulmuşdur. Hazırda hamilə qadınlara mütəmadi patronaj xidmət göstərilir. Eyni zamanda peyvənd işi də diqqətdə saxlanılır, uşaqlar vaxtlı-vaxtında peyvənd olunur.

 Tibb bacısı Arifə Rzayeva yaradılan şəraitə görə minnətdarlıq etmişdir.

 Ali Məclisin Sədri kənddə səhiyyə xidmətinin təşkilinin vacibliyini qeyd etmiş, tapşırıq və tövsiyyələrini vermişdir.

Vənənddə dövlət qurumları müasir kənd mərkəzində fəaliyyət göstərəcək


Yanvarın 13-də Vənənddə yeni kənd mərkəzinin də açılışı olmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsdikdən sonra binada yaradılan şəraitlə tanış olmuşdur.

 Bildirilmişdir ki, kənd mərkəzində inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, rabitə evi, polis sahə və baytarlıq məntəqələri, kitabxana, statistika otağı, mədəniyyət evi, o cümlədən Yeni Azərbaycan Partiyası Vənənd kənd ərazi ilk təşkilatı, arxiv və 58 yerlik zal yerləşir. Bütün təşkilatlar üçün müasir iş otaqları ayrılmış və lazımi invertarlarla təchiz edilmişdir. Kənd kitabxanasında 11 min 705 kitab vardır.

Yeni Azərbaycan Partiyası Vənənd kənd ərazi ilk təşkilatının sədri Məryəm Zeynalova demişdir ki, kənddə aparılan quruculuq işləri sakinlər tərəfindən minnətdarlıqla qarşılanır. Bu tədbirlər Yeni Azərbaycan Partiyası tərəfindən həyata keçirilib. Sakinlər partiya sıralarına daxil olmaq üçün müraciət edirlər. Hazırda ərazi ilk təşkilatının 366 üzvündən 121-i gənc, 219-u isə qadındır.

 Rabitə evində poçt bölməsinin fəaliyyəti üçün hərtərəfli şərait yaradılmış, 568 yerlik yeni nəsil ATS quraşdırılmışdır. Kənddə 228 internet istifadəçisi vardır.

Xanağa-Ağrı-Dizə-Vənənd kənd avtomobil yolu yenidən qurulmuşdur


Yanvarın 13-də Ordubad rayonunun Xanağa-Ağrı-Dizə-Vənənd kənd avtomobil yolu əsaslı yenidənqurma işlərindən sonra istifadəyə verilmişdir.

 Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmişdir.

  Bildirmişdir ki, Vənənd kəndində kompleks tikinti işləri aparılarkən 10,7 kilometrlik yol da yenidən qurulmuşdur. Tikinti işləri zamanı bütün mühəndis texniki tələblərə əməl edilmiş, yol yatağı genişləndirilərək asfalt örtük salınmış, 186 su keçidi qoyulmuş, 2800 metrlik beton kanal çəkilmişdir. Həmçinin 900 metr uzunluğundakı kənddaxili yollar da təmir olunaraq qum-çınqıl qatı verilmişdir.

Xidmət Mərkəzində 9 sakin işlə təmin olunmuşdur

Vənənd kəndində xidmət mərkəzi də istifadəyə verilmişdir.

Ali Məclisin Sədri açılışı bildirən lenti kəsmiş, mərkəzin fəaliyyəti ilə maraqlanmışdır. Bildirilmişdir ki, xidmət mərkəzində gözəllik salonu, bərbərxana, dərzi, ət satışı yeri, ərzaq, sənaye və təsərrüfat malları mağazaları, eləcə də 3 anbar yerləşir. Mərkəzdə 9 nəfər işlə təmin olunmuşdur.

 Xidmət mərkəzi ilə tanışlıqdan sonra kənd sakinləri ilə görüş olmuşdur.

Ali Məclisin Sədri Vənənd kəndinin abad yaşayış məntəqələri sırasına qoşulması münasibətilə sakinləri təbrik edərək demişdir: Bu gün ölkəmizin ümumi inkişafının tərkib hissəsi kimi muxtar respublikamızda da quruculuq işləri aparılır, kəndlər abadlaşır, yollar çəkilir, yeni məktəblər tikilir, su-kanalizasiya sistemləri qurulur. İnsanların rahat yaşaması, təsərrüfatların inkişafı, əhalinin məskunlaşması üçün dövlət tərəfindən lazımi tədbirlər görülür. Həyata keçirilən tədbirlər Vənənd kəndinin timsalında aydın görünür. Bu gün Azərbaycanda əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan sabitlik, inkişaf və dövlət-xalq birliyi mövcuddur. Ölkə Prezidenti tərəfindən həyata keçirilən tədbirlərin nəticəsidir ki, sabitlik və inkişaf Azərbaycanın həyat tərzinə çevrilib. Muxtar respublikada da inkişaf təmin olunmuşdur. Bu gün Vənənd kənd xidmət mərkəzində satılan məhsulların 90 faizi yerli istehsaldır. Muxtar respublikamızda 2019-cu ildə elan olunmuş "Ailə təsərrüfatları ili”nə Vənənd kəndi xüsusi töhfə vermiş, təsərrüfatlar inkişaf etmişdir.

Ali Məclisin Sədri bütün bunlara görə kənd sakinlərinə təşəkkürünü bildirərək demişdir: Vənənd muxtar respublikamızın böyük kəndlərindəndir. Kənddə aparılan quruculuq işləri həcminə görə bir rayonda görülən işlərə bərabərdir. Artıq kənddə bütün sahələr üzrə müasir iş şəraiti yaradılıb. Yaxşı iş şəraiti olan yerdə isə yüksək əhval-ruhiyyə, dövlətə və sabaha inam olur. Bir sözlə, Vənənd müasir Azərbaycan kəndinin nümunəsidir. Ona görə də yaradılanlar qorunmalı və onlardan səmərəli istifadə olunmalıdır.

 Ali Məclisin Sədri bu işlərin həyata keçirilməsində əməyi olanlara təşəkkürünü bildirmiş, sakinlərə yeni ildə rahat və firavan həyat arzulamışdır.                 

Kənd ağsaqqalı Cəmil Məmmədov sakinlər adından minnətdarlıq edərək demişdir: Naxçıvan Muxtar Respublikası hərtərəfli inkişaf edir. Vənənd kəndində görülən işlər Ali Məclis Sədrinin qayğısı nəticəsində həyata keçirilmişdir. Bu gün gözəl şəraiti olan məktəb binası, musiqi məktəbi müəllim və şagirdlərin istifadəsinə verilir. Kənd və xidmət mərkəzləri sakinlərin gündəlik qayğısına hesablanıb. Kənd yolları yenidən qurulmuş, asfalt örtük salınmışdır. Kəndin rabitə xətləri yenilənmişdir. Tarix boyu Vənənd kəndində bu cür şərait olmamışdır. Quruculuq işlərindən sonra Vənənd kəndi qəsəbə görkəmi almışdır. Kəndin bugünkü siması, yaradılan şərait vaxtilə buradan köçüb gedənlərin qayıtmasına səbəb olmuşdur. Kənddəki ailə təsərrüfatları genişləndirilmiş, istehsal olunan məhsulların satışına şərait yaradılmışdır. Bütün bunlar dövlətin öz vətəndaşlarına göstərdiyi qayğının nəticəsidir.

 Cəmil Məmmədov sakinlər adından Ali Məclisin Sədrini qarşıdan gələn 60 illik yubileyi münasibətilə təbrik etmişdir.

***

 Kənddə quruculuq işləri aparılarkən 800 metr fiber-optik, 530 metr yeraltı, 1920 metr hava rabitə xətti çəkilmiş, 55 yeni elektrik dayağı basdırılmış, 8100 metr elektrik xətti çəkilmiş, 4 transformator yarımstansiyası yenidən qurulmuşdur. Həmçinin 700 metr polietilen borularla qaz xətti çəkilmiş, 7210 metr qaz xəttində təmir-bərpa işləri aparılmışdır. Vənənddə içməli su təminatı da yaxşılaşdırılmış, 2088 metr uzunluğunda plastik borularla içməli su xətti çəkilmiş, 180 çıxışı olan 15 supaylayıcı qoyulmuşdur. 

Naxçıvan Muxtar Respublikası

 Ali Məclisinin mətbuat xidməti

 

 

 

ARXİV

Yanvar 2019
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR