29 Yanvar 2020, Çərşənbə

Yanvarın 8-də “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının 3-cü Sərhəd Zastavası üçün yeni xidmət və yaşayış kompleksi istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak etmişdir.

“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının komandiri, general-mayor Niyaməddin Tağıyev Ali Məclisin Sədrinə raport vermişdir.
Ali Məclisin Sədri açılışı bildirən lenti kəsmişdir.
Bildirilmişdir ki, 3-cü Sərhəd Zastavası əsaslı şəkildə yenidən qurulmuşdur. Qərargah binasında əsgərlər üçün 48 yerlik yataqxana, subay zabitlər üçün istirahət yerləri, sinif otağı, silah, rabitə və digər xidməti otaqlar, yeməkxana, mətbəx və ərzaq anbarı yerləşir. Ərazidə sərhədçi ailələri üçün 12 mənzilli 2 mərtəbəli xidməti yaşayış binası, hamam-camaşırxana, qazanxana, əşya, ərzaq və silah anbarları, avtomobillər üçün 2 saxlanc yeri, xidməti heyvanlar üçün yardımçı bina və helikopter meydançası inşa edilmişdir. Yaşayış binalarındakı mənzillərin hər birinə mebel dəstləri, məişət əşyaları qoyulmuş və fərdi qızdırıcı ilə təmin edilmişdir.
Ali Məclisin Sədri sərhədçi ailələri ilə görüşmüş, onları xidməti yaşayış binasının istifadəyə verilməsi münasibətilə təbrik edərək demişdir: 3-cü Sərhəd Zastavasında sərhədçi ailələri üçün lazımi şərait yaradılmış, xidməti yaşayış binası tikilmişdir. Görülən işlərin nəticəsidir ki, zastavada həm hərbi xidmət hərtərəfli təşkil ediləcək, həm də zabit-gizir ailələrinin rahat yaşayışı təmin olunacaqdır. Əvvəlki dövrdə burada yaşayış üçün normal şərait yox idi. Ailələr çətinlik çəkirdi. Lakin bu gün – yeni ilin ilk günlərində hər cür şəraiti olan mənzillər sərhədçi ailələrinin istifadəsinə verilir. Yaradılan şəraitdən düzgün istifadə olunmalı, tikilənlər qorunub saxlanılmalıdır ki, növbəti yerdəyişmələr zamanı gələn ailələr də mənzillərdən rahat istifadə etsinlər.
Ali Məclisin Sədri sərhədçi ailələrini yeni ildə müasir xidməti mənzillərlə təmin olunmaları münasibətilə bir daha təbrik etmiş, onlara rahat və firavan həyat arzulamışdır.
Sərhədçi ailələri adından çıxış edən Dilbər Hacızadə göstərilən qayğıya görə Ali Məclisin Sədrinə minnətdarlıq etmişdir.
Ali Məclisin Sədri uşaqlara hədiyyələr təqdim etmişdir.
Uşaqlardan Damla Hacızadə, Taleh Hüseynov və Dəniz Hacızadə vətənpərvərlik ruhunda şeirlər söyləmişlər.
Sonra şəxsi heyətlə görüş olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov sərhədçiləri salamlamış, 3-cü Sərhəd Zastavası üçün yeni xidməti və yaşayış kompleksinin istifadəyə verilməsi münasibətilə şəxsi heyəti təbrik edərək demişdir: Bu gün “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının 3-cü Sərhəd Zastavasının tarixində yeni bir dövr başlayır. Zastava əsaslı yenidənqurmadan sonra istifadəyə verilir. Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, “Azərbaycanın dövlət sərhədi Azərbaycanın müstəqilliyini, suverenliyini nümayiş etdirən amildir”. Bu gün müstəqil Azərbaycanda Sərhəd Qoşunları fəaliyyət göstərir və ölkəmizin sərhədləri etibarlı qorunur.
Ali Məclisin Sədri demişdir: 3-cü Sərhəd Zastavası 1981-ci ildə – Sovetlər Birliyi dövründə yaradılmışdır. Üç ölkənin sərhədinin kəsişdiyi ərazidə yerləşən zastavada heç vaxt bu cür xidməti şərait olmamışdır. Azərbaycan müstəqillik qazandıqdan sonra ərazinin vacibliyi nəzərə alınmış, zastavanın fəaliyyətinin təmin olunması sahəsində işlər görülmüşdür. Sovetlər Birliyi dövründə Sədərək rayonu ərazisindəki birinci sərhəd zastavası və Ordubad istiqamətindəki iki zastava Naxçıvan Sərhəd Dəstəsinə tabe deyildi. Lakin ölkəmiz müstəqillik əldə etdikdən sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işləyən ümummilli liderimiz Heydər Əliyevin səyləri nəticəsində Ordubad və Sədərək istiqamətlərində olan zastavalar Naxçıvan Sərhəd Dəstəsinin tabeliyinə verildi və onlar üçün xidməti şərait yaradıldı.
Ali Məclisin Sədri demişdir: Müstəqillik dövründə Azərbaycanda sərhəd qoşunlarının yaradılmasına ilk dəfə Naxçıvan Muxtar Respublikasında başlanılmışdır. Müstəqilliyin ilk illərində ölkəyə rəhbərlik edənlər muxtar respublikada yerləşən Sovet ordusunun hərbi birləşmələrinin ərazidən çıxarılması ilə əlaqədar silah-sursatın 50 faizinin onlara qaytarılması haqqında sərəncam vermişdi. Lakin ümummilli liderimiz Heydər Əliyev Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən Sovet ordu, birləşmə və hissələrinin bütün silah-sursatının muxtar respublikada saxlanması haqqında qərar qəbul etmiş və buna nail olmuşdur. 1992-ci ilin avqust ayında Naxçıvandakı sərhəd dəstəsində ilk dəfə müstəqil Azərbaycanın üçrəngli bayrağı qaldırılmış və ölkəmizdə ilk sərhəd dəstəsinin yaradılması elan olunmuşdur. Ötən dövrdə Naxçıvan Sərhəd Dəstəsi şərəfli yol keçmiş, 2004-cü ildə “Naxçıvan” Sərhəd Diviziyasına, 2015-ci ildə isə “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasına çevrilmişdir. Sərhəd zastavalarının fəaliyyəti üçün də lazımi tədbirlər görülmüş, yeni xidməti və yaşayış binaları tikilmişdir. 2019-cu ildə “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının 15-ci Sərhəd Zastavası yenidən qurulmuşdur. Bu gün isə 3-cü Sərhəd Zastavası tam müasir tələblərə uyğun səviyyədə istifadəyə verilir.
“Sərhəd ölkə üçün vacib sahə, onu qorumaq isə şərəfli peşədir”, – deyən Ali Məclisin Sədri yaradılan şəraitdən səmərəli istifadə olunacağına əminliyini bildirmiş, şəxsi heyətə xidmətdə uğurlar arzulamışdır.
“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının komandiri, general-mayor Niyaməddin Tağıyev çıxış edərək demişdir: “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının formalaşması və inkişafı istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. Diviziyanın maddi-texniki bazası möhkəmləndirilmiş, hərbi qulluqçuların xidmət və məişət şəraiti yaxşılaşdırılmışdır. Şəxsi heyət göstərilən qayğı və yaradılan şəraitdən səmərəli istifadə edərək bundan sonra da sərhədlərin etibarlı mühafizəsini təmin edəcək, verilən tapşırıqların icrasını layiqincə yerinə yetirəcəkdir. Niyaməddin Tağıyev yaradılan şəraitə görə şəxsi heyət adından minnətdarlıq etmişdir.
Əsgər Namiq Bağırov çıxış edərək sərhədlərimizi etibarlı qoruyacaqlarına söz vermişdir.
Ali Məclisin Sədri demişdir: Ötən dövrdə “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasında xidmət edən əsgər və zabitlər üzərlərinə düşən şərəfli vəzifəni layiqincə yerinə yetirmiş, sərhəd pozucularına qarşı qəhrəmancasına mübarizə aparmışlar. 3-cü Sərhəd Zastavasının adını daşıdığı Natiq Xəlilov da mərd, igid sərhədçi olmuşdur. O, 1995-ci ildə bu ərazini qanunsuz keçmək istəyən silahlı dəstələrlə mübarizədə həlak olmuş və adı bu zastavaya verilmişdir. Həmçinin “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasında xidməti vəzifələrini layiqincə yerinə yetirən əsgər, çavuş, gizir və zabitlər yüksək dövlət mükafatlarına layiq görülmüşlər. Ölkə Prezidentinin 2019-cu il 16 avqust tarixli müvafiq Sərəncamı ilə “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının komandiri də 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunmuşdur.
Ali Məclisin Sədri 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenini “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının komandiri, general-mayor Niyaməddin Tağıyevə təqdim etmişdir.
Şəxsi heyət “Hamı bir nəfər, bir nəfər hamı üçün” şüarını səsləndirmişdir.
Sərhəd zastavasının ərazisində video-kamera nəzarət sistemi quraşdırılmış, sıra meydanı, idman və təlim şəhərciyi, atəş hazırlığı sahəsi, futbol və voleybol meydançaları yaradılmışdır. Bundan başqa, uşaqlar üçün əyləncə qurğuları quraşdırılmış, geniş abadlıq işləri aparılmış, yaşıllıq salınmış, 4 kilometr məsafədən qaz və 1450 metr su xətti çəkilmişdir.
Gətirilmiş ərzaq məhsulları zastavanın anbarına təhvil verilmişdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

  

ARXİV

Yanvar 2019
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR