12 Avqust 2020, Çərşənbə

Naxçıvan Muxtar Respublikasında aparılan genişmiqyaslı quruculuq işləri bütün şəhər və kəndləri əhatə edir. Yeni sosial obyektlər inşa olunur, əhalinin rahat yaşayışı təmin edilir. Bu il Şərur rayonunun Xələc kəndində də geniş quruculuq işləri görülmüş, kənd muxtar respublikanın abad yaşayış məntəqələri sırasına daxil olmuşdur.  

Yeni məktəbdə müasir tədris şəraiti yaradılıb 

Dekabrın 9-da Xələc kənd tam orta məktəbinin yeni binası istifadəyə verilmişdir. 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov məktəbin açılışını bildirən lenti kəsmişdir. 

Ali Məclisin Sədri məktəb binasında yaradılan şəraitlə maraqlanmışdır. Məlumat verilmişdir ki, tədrisin keyfiyyətinin yüksəldilməsi üçün geniş imkanların yaradıldığı müasir tipli məktəb 360 şagird yerlikdir. Üç mərtəbəli yeni təhsil ocağında 218 şagirdin təlim-tərbiyəsi ilə 29 müəllim məşğul olur. Məktəbdə 3-ü elektron lövhəli olmaqla 22 sinif otağı, hərbi kabinə, kimya, biologiya və fızika laboratoriyaları, şahmat sinfi, kompüter, müəllimlər və psixoloq otaqları, kitabxana və idman zalı vardır.    

 Şagirdlərin mənimsəmə qabiliyyətlərinin möhkəmləndirilməsi üçün kimya, biologiya və fizika laboratoriyalarında müasir avadanlıqlar quraşdırılmış, idman zalında lazımi şərait yaradılmışdır. 

 Məktəbdə 20kompüter və3elektron lövhə quraşdırılmış, kompüterlər və elektron lövhələr internetə qoşulmuşdur. 

Muxtar respublikanın məktəblərində yaradılan kitabxanalar şagirdlərin mütaliə imkanlarını genişləndirir, dünyagörüşlərini artırır. Məktəbin kitabxana fondunda 2345-i dərslik və 1943-ü bədii ədəbiyyat olmaqla 4288 kitab vardır. Burada "Oxunması zəruri olan kitablar"dan ibarət guşə yaradılmışdır. Kitabxanaçı Zəminə Şabanova şagirdlərin hərtərəfli biliklərə yiyələnməsi üçün yaradılan şəraitə görə Ali Məclisin Sədrinə minnətdarlıq etmişdir. 

Məktəblə tanışlıq zamanı  Cəmşid Naxçıvanski Muzeyi ilə muxtar respublikanın ümumtəhsil məktəbləri arasında keçirilən interaktiv dərs izlənmişdir. 

 2019-2020-ci tədris ilində məktəbin birinci sinfinə 17 şagird qəbul olunmuşdur. 

Gənclərin əqli inkişafında, onların asudə vaxtlarının səmərəli təşkilində və dəqiq elmlərə yönləndirilməsində şahmatın mühüm rolu vardır. Məktəbdəki şahmat sinfi lazımi avadanlıqlar və dərsliklərlə təmin edilmişdir. Müəllim Fətulla Nəsirov şahmat dərslərinin mükəmməl tədrisi üçün yaradılan şəraitə görə minnətdarlıq etmişdir.   

Sonra Ali Məclisin Sədri müəllimlər otağında məktəbin pedaqoji kollektivi ilə görüşmüşdür. 

Xələc kənd tam orta məktəbinin direktoru Lətif Orucov çıxış edərək demişdir ki, Ali Məclis Sədrinin diqqət və qayğısı sayəsində muxtar respublikamızın şəhər, rayon və kəndlərində geniş quruculuq işləri görülür. Bu işlərin davamı kimi Xələc kəndində də kompleks quruculuq və abadlıq işləri aparılmışdır. Bunlardan biri də müəllim və şagirdlərin istifadəsinə verilən kənd tam orta məktəbidir. 

Lətif Orucov Xələc kəndində müasir məktəb binasının qurulmasına görə məktəbin kollektivi adından Ali Məclisin Sədrinə minnətdarlığını bildirmişdir. 

Məktəbin müəllimi Zəriş Quliyeva minnətdarlıq edərək demişdir:  Təhsil quruculuğu, məktəb işi gələcəyimizə xidmət edir. Muxtar respublikada bu sahədə görülən işlər də etibarlı gələcəyin təminatıdır. Məktəbimizdə tədris üçün hər cür şərait yaradılmış, müasir kompüterlərlə, elektron lövhələrlə təchiz edilmişdir. Bütün bunlar şagirdlərimizin daha yaxşı təhsil almalarına imkan verəcəkdir. 

Müdriklər deyir ki, biliyin ağası olmaq üçün zəhmət çəkmək lazımdır. Müasir tədris şəraiti daha çox zəhmət çəkməyi, öz üzərimizdə işləməyi tələb edir. Vətənpərvər və savadlı gənclik yetişdirmək əsas vəzifəmizdir. Bu yolda səylərimizi əsirgəməyəcək, etimadı doğruldacağıq. 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Xələc kənd tam orta məktəbinin istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək demişdir: “Ümummilli lider Heydər Əliyev deyirdi ki, “Təhsil millətin gələcəyidir”. Bu gün ümummilli liderin siyasi xətti ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən müasir tələblər də nəzərə alınmaqla uğurla davam etdirilir. Bu siyasi xəttin nəticəsi bu gün Xələc kəndinin timsalında aydın görünür. 

Müstəqil dövlətin aparıcı qüvvəsi onun təhsilli, vətənpərvər gəncləridir. Ölkəmizdə təhsilə göstərilən qayğının əsas məqsədi də gələcəyimiz üçün təhsilli və vətənpərvər gənclər hazrlamaqdan ibarətdir”, - deyən Ali Məclisin Sədri bildirmişdir ki, təhsilin inkişafında müəllim hazırlığı, onların fəaliyyətləri üçün yaradılan şərait mühüm əhəmiyyətə malikdir. Yaradılan şərait imkan verir ki, müəllimlər daha səylə çalışaraq gələcəyimiz olan gəncləri hərtərəfli hazırlasınlar. 

Ali Məclisin Sədri demişdir: Gənclərin müxtəlif peşə sahələrinə yönləndirilməsi məktəbin qarşısında duran əsas vəzifədir. Çünki məktəbi bitirən hər bir gənc mütləq bir peşə sahibi olmalıdır. Bugün muxtar respublikanın bütün ərazisində internetə çıxışın təmin edilməsi gənclərin hərtərəfli inkişafına hesablanmışdır. Dərslərin qavrama yolu ilə öyrədilməsi şagirdlərin intellektual inkişafında vacib məsələdir. Xələc kənd tam orta məktəbindəki elektron lövhələr, laboratoriyalar, fənn kabinələri, internetə çıxışı olan kompüterlər, kitabxana imkan verir ki, müəllimlər dərsləri qavrama yolu ilə öyrətsinlər. Məktəbdə yaradılan şərait tədrisin tələblərinə cavab verən səviyyədədir. Müəllimlər də müasir texnologiyanı mənimsəməlidir.  Xələc kənd tam orta məktəbində yaradılan şərait də gənclərin hərtərəfli və vətənpərvər hazırlanmasına hesablanmışdır. Bu yolda müəllim tələbkarlığı və şagird çalışqanlığı öz bəhrəsini verəcəkdir. 

Ali Məclisin Sədri yaradılan şəraitdən səmərəli istifadə olunacağına, nailiyyətlərin daha da artacağına əminliyini bildirmiş, kollektivə tədrisdə uğurlar arzulamışdır.  

Binanın həyətində bufet və fərdi qazanxana tikilmiş, açıq idman qurğuları  quraşdırılmış, abadlıq işləri aparılmış, yaşıllıq sahəsi salınmış, müasir suvarma və işıqlandırma sistemi çəkilmişdir. 

Xələc Kənd Mərkəzi istifadəyə verilmişdir 

 Dekabrın 9-da Xələcdə kənd mərkəzinin açılışı olmuşdur. 

 Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsdikdən sonra binada yaradılan şəraitlə tanış olmuşdur. 

Bildirilmişdir ki, kənd mərkəzində inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, rabitə evi, polis sahə və baytarlıq məntəqələri, kitabxana, feldşer-mama məntəqəsi, statistika otağı, klub, o cümlədən Yeni Azərbaycan Partiyası Xələc kənd ərazi ilk təşkilatı, arxiv və 56 yerlik zal yerləşir. Bütün təşkilatlar üçün müasir iş otaqları ayrılmış və lazımi avadanlıqlarla təchiz edilmişdir. 

Kənd kitabxanasında 2923 kitab vardır ki, onlardan da 970-i latın, 1953-ü kiril əlifbası ilə çap olunmuş ədəbiyyatlardır. 

Yeni Azərbaycan Partiyası Xələc kənd ərazi ilk təşkilatının sədri Cümşüd Zahirli demişdir: Xələc müasir inkişaf dövrünü yaşayır. Kənddə istifadəyə verilən sosial obyektlər sakinlərin razılığı ilə qarşılanır. Partiya üzvlərinin sayı ilbəil artır. Hazırda ərazi ilk təşkilatının 187 üzvü vardır ki, onların da 56-sı gənc, 26-sı isə qadındır. Yeni Azərbaycan Partiyasının üzvləri qarşıdan gələn bələdiyyə seçkilərində fəal iştirak edərək layiqli namizədlərə səs verəcəklər. 

256 nömrə tutumlu yeni nəsil ATS Xələc kəndində 140 abonentə xidmət edir. Kənddə 44 internet istifadəçisi vardır. Yeni poçt şöbəsi də sakinlərin istifadəsinə verilmişdir. 

Həyətdə abadlıq işləri aparılmış, müasir suvarma və işıqlandırma sistemi çəkilmişdir. 

Binanın birinci mərtəbəsində feldşer-mama məntəqəsi üçün 3 otaq ayrılmışdır. Məntəqə ginekoloji müayinə masası, mama müayinə alət dəsti, təcili yardım çantası, qlükometr, tərəzi, boyölçən, soyuducu və tibbi ləvazimatlarla təmin edilmişdir. 

Tibb işçisi Aygün Ələsgərli yaradılan müasir iş şəraitinə görə minnətdarlıq etmiş, insanların sağlamlığının qorunmasında səylərini artıracaqlarını bildirmişdir. 

Ali Məclisin Sədri tibbi xidmətin təşkili ilə bağlı müvafiq tapşırıq və tövsiyyələrini vermişdir. 

Yengicə-Xələc-Çomaxtur kənd avtomobil

yolu yenidən qurulmuşdur 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “Yol olan yerdə kənd təsərrüfatının inkişafı da sürətlənir, yol olan yerdə sosial məsələlər də öz həllini tapır. Bunun çox böyük əhəmiyyəti var”. 

Muxtar respublikada yol infrastrukturunun yenilənməsi istiqamətində işlər davam etdirilir. Xüsusilə kənd yollarının yenidən qurulması, həmçinin daxili yolların təmiri iqtisadiyyatın və kənd təsərrüfatının inkişafında mühüm əhəmiyyət kəsb edir. 

Dekabrın 9-da Yengicə-Xələc-Çomaxtur kənd avtomobil yolu  istifadəyə verilmişdir. 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmişdir. 

Bildirilmişdir ki,ümumi uzunluğu 7730 metr olan Yengicə-Xələc-Çomaxtur kənd avtomobil yolu yenidən qurulmuş, asfalt örtük salınmışdır. 2000 metr uzunluğunda kənddaxili yollar təmir olunmuş, qum-çınqıl qatı verilmişdir. Yolun üzərində 25 su keçidi qoyulmuş, 540 metr beton su kanalı çəkilmişdir. 

Kənddə yeni xidmət mərkəzi fəaliyyətə başlamışdır 

Həmin gün Xələc kəndində yeni xidmət mərkəzi istifadəyə verilmişdir. 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmişdir. 

Xidmət mərkəzində bərbərxana, gözəllik salonu, dərzi, ət satışı yeri, ərzaq, sənaye və təsərrüfat malları mağazaları, eləcə də 2 anbar yerləşir. Mərkəzdə 6 sakin işlə təmin olunmuşdur. Mağazada ərzaq və sənaye malları ilə yanaşı, kənddəki ailə təsərrüfatlarında istehsal olunan müxtəlif çeşidli məhsullar üçün ayrıca bölmə yaradılmışdır. 

Xidmət mərkəzində işlə təmin olunan İradə Qarayeva öz minnətdarlığını bildirmişdir. 

Xidmət mərkəzinin istifadəyə verilməsindən sonra sakinlərlə görüş olmuşdur. 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov sakinləri kənddə aparılan quruculuq işləri münasibətilə təbrik edərək demişdir: Bu gün Xələc kəndi ölkəmizin abad yaşayış məntəqələri sırasına daxil oldu, kənddə lazım olan infrastruktur yaradıldı. Kənddə məktəb binasının, kənd və xidmət mərkəzlərinin, feldşer-mama məntəqəsinin, yolun istifadəyə verilməsi kəndin inkişafına və sakinlərin rahat yaşayışına xidmət edir. Bütün bunlar ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinin ölkə Prezidenti tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir. Bu gün ümummilli lider Heydər Əliyevin yolu, əməlləri yaşayır və bu yol Azərbaycanı inkişaf edən ölkələr sırasına çıxarmışdır. Ölkəmizin hər bir yaşayış məntəqəsi müasirliyə, inkişafa qovuşmuş, insanların rahat və təhlükəsiz yaşayışı təmin edilmişdir. Aparılan quruculuq işləri Xələc kəndində də inkişafa səbəb olmuşdur. Sakinlər bu imkanlardan istifadə edərək torpaqları əkməli, təsərrüfatları genişləndirməli, muxtar respublikanın inkişafına öz töhfələrini verməlidirlər. Kənddə tikilib qurulanlar qorunub saxlanılmalı, abadlıq işləri davam etdirilməlidir. 

Ali Məclisin Sədri sakinləri təbrik etmiş, onlara firavan həyat arzulamışdır.  

Kənd ağsaqqalı Sabir Şabanov minnətdarlıq edərək demişdir: Muxtar respublikamızda quruculuq işləri Ali Məclis Sədrinin  uzaqgörən siyasəti nəticəsində sürətlə inkişaf edir və bütün kəndlərimiz  günü-gündən gözəlləşir. Bu gün Xələc kəndində də müasir tələblərə cavab verən məktəb binasının, kənd və xidmət mərkəzinin və yeni çəkilmiş yolun istifadəyə verilməsi kənd sakinləri arasında böyük sevinclə qarşılanır. Əvvəlcə kəndin yolları pis vəziyyətdə idi. Rayona gedib-gəlmək çətin idi. Sakinlər əziyyət çəkirdi. İndi isə yollar abadlaşmış, Yengicə-Xələc-Çomaxtur kənd avtomobil yolu yenidən qurulmuş, kəndin küçələrinə asfalt örtük salınmış, telefon, internet, qaz və elektrik xətləri yenilənmişdir. İndi Xələc kəndi ilə şəhər arasında heç bir fərq qalmamışdır. 

Bu il ailə təsərrüfatı ilidir. Xələc kəndinin sakinləri də zəhmətkeş, torpağa bağlı insanlardır. Kənd camaatının əsas məşğuliyyəti əkinçilik və maldarlıqdır. Ali Məclis Sədrinin qayğısı ilə Araz çayından çəkilən suyun hesabına kəndin su problemi həll edilmişdir. Bizə verilən pay torpaqlarını əkir, vaxtlı-vaxtında suvara bilirik. Bunlar hamısı Ali Məclis Sədrinin kənd sakinlərinə göstərdiyi diqqət və qayğının sayəsindədir. Çalışacağıq ki, bundan sonra da torpaqlarımızı əkib-becərək, yaxşı məhsul əldə edək, yarmarkalarda, festivallarda rayonumuzu layiqincə təmsil edək. 

Ali Məclisin Sədri kənd sakinləri ilə xatirə şəkli çəkdirmişdir. 

*  *   *

Xələc kəndində abadlıq işləri də aparılmış, 1364 metr fiber-optik, 9195 metr rabitə xətləri, 2 transformator yenidən qurulmuş,7000 metr izolyasiyalı hava elektrik xətti çəkilmişdir. 1734 metr yeni qaz xətti çəkilmiş, 4450 metr mövcud qaz xətti təmir olunmuşdur. 5,9 kilometr kollektor lildən təmizlənmiş, mövcud subartezian quyusu təmir edilmişdir. 

Sənaye məhəllələrinin yaradılması

yeni layihələrə yol açır 

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 13 sentyabr tarixli müvafiq Fərmanına əsasən Şərur rayonunda Sənaye Məhəlləsi yaradılır. 

Dekabrın 9-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov  Şərur Sənaye Məhəlləsinin yaradıldığı əraziyə gəlmiş, görülən işlərlə tanış olmuşdur. 

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat naziri Tapdıq Əliyev layihə əsasında sənaye məhəlləsində yaradılacaq istehsalı sahələri haqqında məlumat vermişdir. Qeyd olunmuşdur ki, 6 istehsalat korpusundan ibarət olacaq sənaye məhəlləsində ilkin olaraq bitki yağı, ofis ləvazımatları, kağız-torba və corab istehsalı sahələrinin yaradılması nəzərdə tutulmuşdur. Məqsəd tələbatın müəyyən hissəsini yerli istehsal hesabına ödəmək, əhalinin məşğulluq səviyyəsini artırmaqdır. Tikinti aparılacaq sahələr, o cümlədən istehsal prosesi, istehsal sahələrinin illik gücü, məhsulların ümumi dəyəri, alınacaq avadanlıqlar haqqında da ətraflı məlumat verilmişdir. 

Ali Məclisin Sədri tikinti işlərinin layihəyə uyğun aparılması, daha çox tələbat olan məhsulların istehsalına üstünlük verilməsi, mühəndis-texniki tələblərə əməl olunması barədə tapşırıqlar vermişdir. 

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin mətbuat xidməti 

  

ARXİV

Avqust 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR