15 Noyabr 2019, Cümə

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 24-də Fransa Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Zakari Qrosun etimadnaməsini qəbul edib.

Səfir Zakari Qros fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Zakari Qros etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Səfirlə söhbət edən Prezident İlham ƏLİYEV dedi:

-Sizə Azərbaycanda xoş günlər arzulayıram. Artıq uzunmüddətli və çox uğurlu bir tarixə, böyük potensiala malik əməkdaşlığımızın əhatə dairəsini nəzərə alaraq ümid edirəm ki, dolğun bir gündəliyiniz olacaq. Əlbəttə ki, əməkdaşlığımızın inkişaf mərhələləri sizə yaxşı məlumdur. Bilirsiniz ki, Azərbaycan hər zaman sizin ölkənizi dünyanın ən mühüm tərəfdaş ölkələrindən biri kimi qəbul edir. Mənim Parisə çoxsaylı səfərlərim və Prezident Şirak, Prezident Sarkozi və Prezident Olland ilə, həmçinin ötən il Prezident Makron ilə olan görüşlərimin hamısı və digər yüksək səviyyəli rəsmilərlə görüşlərim əməkdaşlığımızın inkişafında çox böyük rol oynamışdır. Təsadüfi deyil ki, fransız şirkətləri Azərbaycanda bir çox mühüm layihələr həyata keçiriblər. Xatırlayıram ki, Prezident Ollandın səfəri zamanı bir neçə milyard dollarlıq müqavilələr imzaladıq. Onlardan bir hissəsi artıq icra edilib, digərləri isə icrasını gözləyir. Fransız şirkətləri burada çox geniş təmsil olunur. Əlbəttə, MEDEF ilə çoxsaylı görüşlərim haqqında da məlumatlısınız. Son dəfə bu görüş burada, Bakıda keçirildi. Fransada və burada da görüşmüşük. Qarşılıqlı böyük maraq və yaxşı nəticələr var. Düşünürəm ki, bu sahədə möhkəm əməkdaşlığımız var və bu əməkdaşlıq böyük perspektivlərə malikdir. Əlbəttə ki, siyasi əlaqələrimiz də şirkətlər arasında əməkdaşlıq və iqtisadi sahədəki əlaqələrin inkişafında mühüm rol oynayır. Ötən il Prezident Makronla görüşüm əlaqələrimizin gələcək əməkdaşlıq planlarının müəyyənləşdirilməsi baxımından çox önəmli idi. Bu görüş bugünkü tərəfdaşlığın inkişaf etdirilməsində mühüm rol oynadı. Əlbəttə ki, nazir Lö Merin səfəri də çox uğurlu oldu. Biz münaqişənin həlli məsələsində də əməkdaşlıq edirik və danışıqların hansı fazada olduğunu bilirik. Əlbəttə ki, Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının inkişafında da sizin ölkəniz mühüm rol oynayır. İyul ayında Prezident Tuskun da səfəri çox uğurlu idi. Beləliklə, əməkdaşlığımız çox geniş gündəliyə malikdir. Əminəm, görüləsi işləriniz çoxdur və ümid edirəm ki, mövcud əlaqələrimizin müsbət dinamikası fəaliyyətiniz dövründə də davam etdiriləcək.

Səfir Zakari QROS dedi:

-Təşəkkür edirəm. Prezident Makronun ən səmimi salamlarını Sizə çatdırıram. Burada, gözəl və uğurla inkişaf edən şəhərinizdə olmağımdan çox məmnunam. Artıq Sizin də qeyd etdiyiniz kimi, bizim möhkəm ikitərəfli münasibətlərimiz mövcuddur və bu məsələdə Sizin şəxsi töhfəniz bizim üçün çox önəmlidir. Təhlükəsizlik məsələləri mühüm əhəmiyyətə malikdir. Azərbaycan və Cənubi Qafqazın təhlükəsizliyi Avropanın təhlükəsizliyi üçün çox əhəmiyyətlidir. Regionda gərginliyin mövcudluğu şəraitində - İran məsələsində Prezident Makron gərginliyin aradan qaldırılmasına səy göstərir. Əlbəttə ki, ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransa münaqişənin dinc yolla, ölkənizin ərazi bütövlüyünə hörmət prinsipi çərçivəsində həllini arzulayır və bu sahədə fəal olmaq niyyətindədir. Biz ölkələrimiz arasında siyasi dialoqu davam etdirməyə ümidvarıq. Sizin də qeyd etdiyiniz kimi iqtisadiyyat, energetika, nəqliyyat və təhlükəsizlik sahələrində əməkdaşlıq bizim üçün çox vacibdir.

Prezident İlham Əliyev Fransa Prezidenti Emmanuel Makronun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Fransa Respublikasının Prezidentinə çatdırmağı xahiş etdi.

AZƏRTAC

ARXİV

Noyabr 2019
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR