10 Dekabr 2019, Çərşənbə axşamı

Muxtar respublikada ordu quruculuğu sahəsində görülən işlərin tərkib hissəsi olaraq “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının maddi-texniki bazası möhkəmləndirilmiş, hərtərəfli xidmət şəraiti yaradılmışdır. Müasir yaşayış və xidmət kompleksləri tikilərək istifadəyə verilmiş, sərhəd zastavaları yenidən qurulmuş, sərhədlərimizin etibarlı mühafizəsi təmin edilmişdir.
Sentyabrın 17-də “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının 15-ci Sərhəd zastavası üçün yeni xidmət və yaşayış kompleksi istifadəyə verilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak etmişdir.
“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının komandiri, general-mayor Niyaməddin Tağıyev Ali Məclisin Sədrinə raport vermişdir.
Ali Məclisin Sədri açılışı bildirən lenti kəsmişdir. Bildirilmişdir ki, ikimərtəbəli qərargah binasında xidməti otaqlar, sinif otağı, əsgər və zabit yataqxanası, yeməkxana və ərzaq anbarı vardır. Yataqxana mebel dəstləri ilə təmin edilmiş, məişət guşəsi yaradılmış, soyutma və istilik sistemləri qurulmuşdur. Sinif otağında sərhəd xidmətinə aid ədəbiyyatlar və qəzetlər, eləcə də oxunması zəruri olan kitablar qoyulmuşdur.
Sərhədçi ailələri üçün tikilmiş yeni xidməti yaşayış binasında 4 mənzil yerləşir. Mənzillərdə lazımi kommunal-məişət şəraiti yaradılmış, mebel dəstləri qoyulmuş, xalça hədiyyə edilmişdir.
Ali Məclisin Sədri sərhədçi ailələri ilə ­görüşmüş, onları xidməti mənzillərlə təmin olunmaları münasibətilə təbrik edərək demişdir: Zastavada xidmət edən sərhədçi ailələri üçün hərtərəfli şərait yaradılmışdır. Bu gün yeni xidməti yaşayış binası istifadəyə verilir. Burada həm xidmət edən sərhədçilərin, həm də onların ailələrinin rahatlığı tam təmin olunacaqdır.
Sərhədçi ailələri adından çıxış edən Dilbər Bayramova yeni xidməti yaşayış binasının istifadəyə verilməsini göstərilən qayğının təzahürü kimi dəyərləndirmiş, bütün sərhədçi ailələri adından Ali Məclisin Sədrinə ­minnətdarlıq etmişdir.
Sərhədçi anası Elza İbrahimova demişdir: Dövlətimiz tərəfindən hərbçi ailələrinin ­sosial-məişət şəraitinin yaxşılaşdırılması sahəsində ardıcıl tədbirlər görülür. Bu tədbirlərin davamı kimi tikilən yeni yaşayış binası da övladlarımızın rahatlığına hesablanıb. Ana, valideyn olaraq rahatıq və fəxr edirik. Çünki bütün hərbi qulluqçular, o cümlədən övladım hər cür şəraiti olan mənzildə yaşayacaqdır.
Sonra şəxsi heyətlə görüş olmuşdur.
“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının komandiri, general-mayor Niyaməddin Tağıyev çıxış edərək demişdir: “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasında ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. Diviziyanın maddi-texniki bazası möhkəmləndirilmiş, hərbi qulluqçuların xidməti və məişət şəraiti yaxşılaşdırılmışdır. 15-ci sərhəd zastavası da ən müasir xidmət və yaşayış şəraiti ilə təmin edilmiş, ərazidə geniş quruculuq işləri aparılmışdır. Niyaməddin Tağıyev yaradılan şəraitə görə şəxsi heyət adından ­minnətdarlıq etmişdir.
Sonra şəxsi heyət “Hamı bir nəfər, bir nəfər hamı üçün” şüarını səsləndirmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yeni xidmət və yaşayış kompleksinin istifadəyə verilməsi münasibətilə şəxsi heyəti təbrik etmiş, ümummilli liderimiz Heydər Əliyevin “Azərbaycanın dövlət sərhədi Azərbaycanın müstəqilliyini, suverenliyini nümayiş etdirən amildir”, – fikrini xatırladaraq demişdir: Müstəqil Azərbaycan dövlətinin öz sərhədləri vardır. Azərbaycanın tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında da beynəlxalq hüquq normaları çərçivəsində tanınan 204 kilometrdən artıq dövlət sərhədimiz “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyası tərəfindən mühafizə olunur. Sərhədin qorunması vacib amildir. Çünki sərhədləri etibarlı qorunan ölkədə inkişaf və sabitlik olar.
Qeyd olunmuşdur ki, muxtar respublikada sərhədlərimizin qorunması sahəsində ardıcıl tədbirlər görülür, şəxsi heyət üçün lazımi əsgəri-məişət şəraiti yaradılır. 15-ci Sərhəd zastavası da 1962-ci ildən uyğunlaşdırılmış binada fəaliyyət göstərirdi. Ona görə də ərazidə yenidənqurma işləri aparıldı, binalar tikildi, zastavaya ilk dəfə yol və qaz xətti çəkildi, həm əsgərlər, həm də sərhədçi ailələri üçün lazımi şərait yaradıldı. Bu da imkan verəcəkdir ki, əsgər və zabitlər xidmətlərini layiqincə yerinə yetirsinlər. Bütün bunlar Azərbaycanda ordu quruculuğu sahəsində görülən işlərin nəticəsidir. Dövlətimiz tərəfindən 20 ildən artıq qüsursuz xidmət edən hərbi qulluqçulara mənzillərin verilməsi, fərqlənənlərin dövlət mükafatları ilə təltif olunması, eyni zamanda ölkə Prezidentinin müvafiq Sərəncamı ilə bu ilin sentyabrından hərbi qulluqçuların əməkhaqlarının artırılması ordu quruculuğu sahəsində görülən işlərin tərkib hissəsi kimi mühüm əhəmiyyətə malikdir. Göstərilən qayğı “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasında da xidməti vəzifələrin layiqincə yerinə yetirilməsinə imkan verir.
Ali Məclisin Sədri demişdir: Ölkə Prezidentinin 2015-ci il 17 avqust tarixli Fərmanı ilə “Naxçıvan” Sərhəd Diviziyasının bazasında “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyası ­yaradılmış, vəzifə və səlahiyyətlər artırılmışdır. Qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi isə müasir xidmət və yaşayış şəraitinin yaradılmasını zəruri etmişdir. Bu gün bütün sərhəd zastavalarında “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyası və muxtar respublikanın yerli icra orqanları tərəfindən birgə təmir-bərpa və yenidənqurma işləri aparılır.
Ali Məclisin Sədri yeni xidmət və yaşayış kompleksinin istifadəyə verilməsi münasibətilə bir daha şəxsi heyəti təbrik etmişdir.
Əsgər Elvin Kamilli minnətdarlıq edərək demişdir: “Sərhədlərin qorunması Vətənin müdafiəsinin ayrılmaz tərkib hissəsidir. Muxtar respublikamızda sərhədlərimizin mühafizəsi üçün yaradılan şərait məsuliyyətimizi daha da artırır. Şəxsi heyətin yaşayışı, qidalanması və xidməti üçün bütün imkanlar var. Ona görə də yaradılan şəraitdən səmərəli istifadə edəcək, sərhədlərimizi etibarlı mühafizə edərək göstərilən etimadı doğruldacağıq”.
Tikinti işləri aparılarkən zastavanın ərazisində yeni vertolyot meydançası, müşahidə qülləsi, təlim şəhərciyi və yardımçı binalar da tikilmişdir. Ərazidə videonəzarət sistemi quraşdırılmış, istənilən hava şəraitində müşahidələrin aparılması təmin edilmişdir. Zastavaya 10 kilometr məsafədən yol və qaz xətti çəkilmiş, ərazi abadlaşdırılmış, yeni artezian quyusu qazılmış, meyvə bağı və yaşıl­lıqlar salınmışdır.
Ali Məclisin Sədri sərhəd xidmətinin təşkili ilə bağlı müvafiq tapşırıqlar vermişdir.
Həmin gün “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasına “NİVA” markalı iki xidməti avtomobil təqdim olunmuşdur.
Gətirilmiş ərzaq məhsulları zastavanın anbarına verilmişdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

  

ARXİV

Dekabr 2019
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR