18 Aprel 2019, Cümə axşamı

 

ARXİV

Aprel 2019
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5

 

 

LİNKLƏR

 

 

Fevralın 9-da Naxçıvan Muxtar Respublikasının yaranmasının 95-ci ildönümü qeyd olunmuşdur. 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə çıxış edərək demişdir: Bu gün Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95-ci ilidir. Azərbaycanın dövlətçilik tarixində Naxçıvan Muxtar Respublikası mühüm rola malikdir. Tarixi mənbələrdən məlumdur ki, hələ yeddinci əsrdə, ərəblərin gəlişi zamanı burada müstəqil idarəçilik olmuş, onuncu əsrdə Naxçıvan Şahlığı feodal dövləti yaranmışdır. Naxçıvan şəhəri on ikinci əsrdə Azərbaycan Atabəylər dövlətinin paytaxtı olmuş, on səkkizinci əsrdə isə Naxçıvan xanlığının siyasi mərkəzi kimi inzibati idarəçiliyin formalaşmasına öz töhfəsini vermişdir. 1918-ci ildə Naxçıvanda bir milyondan çox əhaliyə malik Araz-Türk Respublikası yaradılmışdır. 1924-cü ildə isə Naxçıvana muxtar respublika statusu verilmişdir. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsində qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasına əsasən həmin tarixdən Naxçıvan Muxtar Respublikası muxtar dövlətdir. 

Ali Məclisin Sədri demişdir: Naxçıvanın muxtariyyəti asanlıqla qazanılmamış, böyük tarixi, hərbi-siyasi və diplomatik mübarizələrin nəticəsi kimi meydana çıxmışdır. 1920-ci ildə Azərbaycanın Zəngəzur mahalı Ermənistana verildikdən sonra ölkənin əsas ərazisindən təcrid olunan Naxçıvanın muxtariyyət məsələsi zərurətə çevrilmişdir. O dövrdə bunu zəruri edən mühüm bir amil də naxçıvanlıların daim Azərbaycanla bir olmaq tələbi,  ana Vətəndən ayrı düşməmək istəyi idi. 

 Qeyd olunmuşdur ki, Naxçıvana muxtariyyət verilməsinin əsas səbəblərindən biri də bu məsələnin böyüyərək regional müstəviyə çıxması və beynəlxalq hüququn subyektinə çevrilməsi idi. Göstərmək kifayətdir ki, Naxçıvan məsələsi 1918-1921-ci illər ərzində altı ölkədə müxtəlif səviyyələrdə iyirmi dəfədən çox  müzakirəyə çıxarılmış, sonda isə Naxçıvan əhalisinin və ziyalılarının inadlı mübarizəsi, qardaş Türkiyə hökumətinin tutduğu ədalətli mövqe nəticəsində 1921-ci ildə Naxçıvanın muxtar respublika statusunda Azərbaycanın tərkibində qalmasını şərtləndirən beynəlxalq Moskva və Qars müqavilələri imzalanmışdır. Bu müqavilələrin davamı və yaranmış real vəziyyətin hüquqi təsdiqi olaraq 1924-cü il fevralın 9-da Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının yaradılması haqqında Dekret verilmişdir. Bu, Azərbaycan xalqının olduqca mürəkkəb və çətin şəraitdə əldə etdiyi ən böyük tarixi nailiyyət idi.       

Ali Məclisin Sədri demişdir: Naxçıvanın muxtariyyət statusunun möhkəmlənməsində bu illər ərzində qəbul olunmuş konstitusiyalar da mühüm rol oynamışdır. 1926-1978-ci illərdə Naxçıvan Muxtar Respublikasının üç konstitusiyası, ölkəmiz müstəqillik qazandıqdan sonra, 1998-ci il dekabrın 29-da isə yeni konstitusiyası qəbul olunmuşdur. Ötən 95 il ərzində Naxçıvanın muxtariyyət bayramlarının 8 dəfə qeyd olunması da bu məsələnin siyasi gündəlikdə saxlanmasını şərtləndirmiş, muxtariyyət tarixi araşdırılmış və tədqiq olunmuşdur. Bütün bunlar onu göstərir ki, ölkəmizdə muxtariyyətin tarixi, hüquqi və siyasi bazası formalaşmış, Naxçıvan Muxtar Respublikası böyük inkişaf yolu keçmişdir. Ölkə Prezidenti cənab İlham Əliyevin də dediyi kimi, “Naxçıvanda hər bir sahədə uğurlu inkişaf gedir, hər bir sahəyə böyük diqqət göstərilir. Bu, Heydər Əliyev yolunun təntənəsidir”. 

 "Ulu öndər Heydər Əliyevin quruculuq yolu ilə gedən Naxçıvan Muxtar Respublikası sosial-iqtisadi sahədə də böyük inkişafa nail olub. Əhalinin həyat şəraiti və güzəranı əhəmiyyətli dərəcədə yaxşılaşıb. Bu inkişaf əhali artımına və məskunlaşmaya da öz təsirini göstərmiş, muxtariyyətin əvvəlindən bu günə muxtar respublika əhalisi 5 dəfə artaraq 456 min nəfərə çatmışdır", - deyən Ali Məclisin Sədri bidlirmişdir ki, bu gün Azərbaycanın Naxçıvan Muxtar Respublikası özünün böyük tarixi keçmişinə və milli dəyərlərinə sahibdir. Qədim tarixi abidələrimiz, gələcəyimiz olan gənc nəsil himayə olunur, milli adət və ənənələrin qorunması üçün tədbirlər görülür. Görülən işlərin nəticəsidir ki, Naxçıvan artıq beynəlxalq elm, mədəniyyət və idman tədbirlərinə də ev sahibliyi edir, elmi konfrans və simpoziumlar, rəsm festivalları keçirilir. Naxçıvan Muxtar Respublikası enerji, informasiya, ərzaq və müdafiə təhlükəsizliyi yüksək səviyyədə təmin olunan diyardır.       

Şübhəsiz ki, muxtar respublikanın inkişafında insan faktoru da mühüm rol oynamışdır. Ötən dövrlər ərzində hər bir muxtar respublika sakininin çəkdiyi əmək Naxçıvan Muxtar Respublikasının inkişafına, müdafiəsinə və nəticə etibarı ilə bugünkü tərəqqisinə xidmət etmişdir. Aparılan quruculuq işlərinə, təhsilin, mədəniyyətin, səhiyyənin inkişafına öz töhfələrini verənlərin əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilmiş, onlar dövlət mükafatları və fəxri adlarla təltif olunmuşlar.       

Ali Məclisin Sədri tarixi gündə muxtariyyətin və torpaqlarımızın müdafiəsində şəhid olanları yad etmiş, sabitliyin və sərhədlərin qorunmasında, inkişafın təmin edilməsində əməyi olanlara təşəkkürünü bildirmiş, tədbir iştirakçılarını muxtariyyət günü münasibəti ilə təbrik etmiş, çıxışını ümummilli lider Heydər Əliyevin fikirləri ilə tamamlamışdır: “Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir, biz bunu qoruyub saxlamalıyıq. Naxçıvanın muxtariyyəti Naxçıvanın əldən getmiş başqa torpaqlarının qaytarılması üçün ona xidmət edən çox mühüm amildir. Biz bu amili qoruyub saxlamalıyıq”. 

Sonra Naxçıvan Dövlət Televiziyasının hazırladığı "Muxtariyyətin 95 ili" filminə baxış olmuşdur. 

Tədbirdə Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası təltiflərinin və mükafatının təqdimatı olmuşdur. 

 Qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun, 10 oktyabr, 19 oktyabr, 30 oktyabr, 20 noyabr, 5 dekabr, 25 dekabr, 2019-cu il 31 yanvar tarixli Sərəncamları ilə muxtar respublikada səmərəli fəaliyyətlərinə görə bir qrup şəxs 1-ci, 2-ci və 3-cü  dərəcəli “Əmək” ordenləri, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, "İgidliyə görə", "Tərəqqi" və “Dövlət qulluğunda fərqlənməyə görə” medalları, Azərbaycan Respublikasının “Əməkdar mühəndisi” və Azərbaycan Respublikasının “Əməkdar kənd təsərrüfatı işçisi” fəxri adları ilə təltif olunmuşlar.  

Ali Məclisin Sədri orden, medal və fəxri adların döş nişanlarını və vəsiqələrini təltif olunanlara təqdim etmişdir. 

Təltif olunanlardan Həzi Həsənov, Hüseyn Məmmədov, Hicran Muradov, İsa Qasımov, Minayə Xəlilova, Məmməd Məmmədov, Bayram Nəcəfov, Xaliq Abbasov, Aybəniz Fərəcova, Vidadi Naibov, Seyfəddin Xəlilov, Fikrət Həsənov, Mübariz Şirəliyev, Elxan Quliyev və Azad Cabbarov əməklərinə verilən yüksək qiymətə görə ölkə Prezidentinə minnətdarlıq etmiş və bunu çalışdıqları kollektivlərin fəaliyyətinə göstərilən qayğı kimi dəyərləndirmişlər. Qeyd olunmuşdur ki, ulu öndərimiz Heydər Əliyevin siyasi xəttinin uğurla davam etdirilməsi bütün sahələrdə inkişafı təmin edib. Qazanılan uğurlar və bu işdə əməyi olanların dövlətimizin yüksək mükafatlarına layiq görülməsi məsuliyyət və etimadı daha da artırır. Təltif olunanlardan Azad Cabbarov Naxçıvan Muxtar Respublikasının yaranmasının 95 illik yubileyi münasibətilə muxtar respublika gəncləri adından Ali Məclisin Sədrini təbrik etmişdir. 

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 8 fevral tarixli Sərəncamına əsasən “Naxçıvan Azərbaycan dövlətçilik tarixində” kitabı elm sahəsində Naxçıvan Muxtar Respublika Mükafatına layiq görülmüşdür. 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “Naxçıvan Azərbaycan dövlətçilik tarixində” kitabına görə Naxçıvan Muxtar Respublika mükafatını kitabın müəllifi, Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevə təqdim etmişdir. 

İsmayıl Hacıyev minnətdarlıq edərək demişdir ki, muxtar respublikada elmin inkişafı sahəsində ardıcıl tədbirlər görülür. Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin yaranması və ötən dövrdə keçdiyi inkişaf yolu bu qayğının bəhrəsidir. 95 illik muxtariyyət tarixinin ötən 25 ilə yaxın bir dövründə bütün sahələrdə inkişaf, tərəqqi və sabitlik təmin edilib. Muxtar respublikanın yubileyləri yüksək səviyyədə qeyd olunub,  muxtariyyətimiz daha da möhkəmləndirilib. İsmayıl Hacıyev verilən yüksək qiymətə görə Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin kollektivi və elm adamları adından Ali Məclisin Sədrinə minnətdarlıq etmişdir.    

 Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 8 fevral tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafında səmərəli fəaliyyətlərinə görə bir qrup şəxs Naxçıvan Muxtar Respublikasının "Əməkdar müəllimi ", "Əməkdar dövlət qulluqçusu", "Əməkdar hüquqşünası", "Əməkdar jurnalisti", "Əməkdar mədəniyyət işçisi", "Əməkdar tibb işçisi", "Əməkdar həkimi", "Əməkdar rəssamı", "Əməkdar kənd təsərrüfatı işçisi" və "Əməkdar bədən tərbiyəsi və idman xadimi" fəxri adlarına layiq görülmüşdür. 

Ali Məclisin Sədri fəxri adların döş nişanlarını və vəsiqələrini təqdim etmişdir. 

Naxçıvan Muxtar Respublikasının "Əməkdar müəllimi" fəxri adı ilə təltif olunmuş Güllü Allahyarova minnətdarlıq edərək demişdir: Muxtar respublikada təhsilin inkişafına xüsusi diqqət yetirilir. Bu gün Naxçıvan şəhəri ilə yanaşı, ən ucqar dağ kəndlərində də lazımi şəraiti olan məktəb binalarının tikilib istifadəyə verilməsi gələcəyimizə göstərilən qayğıdır. Müasir tədris avadanlıqları ilə təmin olunmuş məktəblər müəllimlərin fəaliyyəti üçün geniş imkanlar açır. Müəllimlərin əməyinin qiymətləndirilməsini də yaradılan şəraitin və təhsilə göstərilən qayğının bəhrəsi kimi dəyərləndiririk. Bu etimadın müqabilində daha səylə çalışacaq, ölkəmiz və xalqımız üçün savadlı və vətənpərvər gənclər yetişdirəcəyik. 

Təltif olunanlardan Nurlana Əliyeva, Aybəniz Seyidova, Kəmalə Əliyeva, Bahar Hüseynova, Turac Xudiyeva, Hikmət Əliyev, Nadir Hüseynov, Ədalət İsmayılov və Aydın Mirzəyev muxtar respublikanın 95 illik yubileyində əməklərinə verilən yüksək qiymətə görə minnətdarlıq etmişlər. 

Naxçıvan Muxtar Respublikasının "Əməkdar kənd təsərrüfatı işçisi" fəxri adı ilə təltif olunmuş fermer Qəzənfər Qurbanov çıxış edərək demişdir: Muxtar respublikada kənd təsərrüfatı sahəsində fəaliyyət göstərmək üçün geniş imkanlar yaradılıb. Torpaq mülkiyyətçiləri, fermerlər qayğı ilə əhatə olunub. Ailə təsərrüfatları inkişaf etdirilir. Ali Məclis Sədrinin yaylaqlarda olması, fermerlərlə görüşməsi və onların qayğıları ilə maraqlanması, eləcə də əməyimizin qiymətləndirilməsi bizi daha da ruhlandırır. Söz veririk ki, doğma diyarımızın inkişafına töhfəmizi verəcəyik. 

Tədbir çay süfrəsi arxasında davam etdirilmişdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3866368
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
3883
4264
14758
56759
3866368

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter