Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Robert Sekuta “Şərq qapısı” qəzetinə məxsusi müsahibə verib. Həmin müsahibəni oxucularımıza təqdim edirik:
– Siz muxtar respublikanın təbiət mənzərələri ilə tanış oldunuz. Naxçıvan Muxtar Respublikasında ekoturizmin inkişafı perspektivlərini necə qiymətləndirirsiniz?
– Əvvəlcə qeyd etmək istərdim ki, mən Naxçıvan Muxtar Respublikasına səfərimdən çox məmnunam. Həyat yoldaşım En xanımla mən Naxçıvanın tarixi yerləri, eyni zamanda füsunkar təbiəti ilə tanış olmaq fürsətini yüksək dəyərləndiririk. Biz Şahbuz Dövlət Təbiət Qoruğuna gedərkən yolboyu ətrafı seyr etdik. Çox möhtəşəm, əvəzolunmaz təbiət mənzərələri ilə qarşılaşdıq. Şahbuz Dövlət Təbiət Qoruğunun ərazisi isə bizi heyran etdi, bizdə buranın böyük turizm potensialına malik olmasına dair əminlik yarandı. Batabat yaylağının qorunub saxlanılması gələcəkdə də turizmin inkişafı üçün əsaslı zəmin yaradır. Burada ekoturizmin inkişaf etdirilməsi üçün geniş imkanlar var.