Bir qərinədən də az olan zaman kəsiyində qədim diyarımız, sanki yüzillik yol keçib. Bu reallığı dünənimizi görənlər daha dolğun müqayisə edə bilərlər. Bu məqamda Azərbaycan Respublikasının Əməkdar jurnalisti Mətanət Məmmədovanın “Naxçıvan blokadası” ikicildliyində özünə yer almış yazıların birində dediyi: “Bugünkü nəsil elə bilir ki, Naxçıvan əzəldən belə olub” fikrini xatırlatmaq yerinə düşər. O dövrü yaşayanların, görənlərin isə həmkarımızın fikrinə öz münasibətlərinin birmənalı olması şəksizdir: Dünənki Naxçıvanla bugünkü Naxçıvan arasında yerlə göy qədər fərq var. Təbii ki, söhbət təkcə paytaxt şəhərimizdən getmir; bugünkü tərəqqi və inkişaf muxtar respublikanın hər bir guşəsini, həyatımızın hər bir sahəsini əhatə edir. Dünən ucqar bir əyalət təsiri bağışlayan məmləkətdən tərəqqi və inkişafa nail olan, müasirliyə qovuşan indiki Naxçıvan kərpic-kərpic, bina-bina, kənd-kənd yenidən qurulub. Min bir zəhmətlə qurulub. Dünənə ehtiram, sabaha cavabdehlik hissindən qurulub. Bu gün istənilən yurd yerimizə yolumuz düşsə, tərəqqi və inkişafın ifadəsi olan gözəlliklərin ovsunu bizi bir anda öz ağuşuna alacaq. Şərur rayonu da eləcə. Bu rayonun da dünəni ilə bu gününü müqayisə etməyə dəyməz. Çünki bu, mümkünsüzdür.