28 Noyabr 2021, Bazar

Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 2012-ci ilin yekunlarına həsr olunmuş kollegiya iclası keçirilmişdir. İclasda komitənin sədri Malik Rzayev məruzə ilə çıxış etmişdir. Bildirilmişdir ki, 2012-ci ilin “Milli dəyərlər ili” elan olunması ilə əlaqədar ötən il monitorinq aparılmış 641 təsərrüfat subyektində 1754 ədəd istehlakçının seçmə sərbəstliyinə təsir göstərən qanunsuz reklam üsullarından istifadənin qarşısı alınmışdır. İstehsal prosesi “Halal” ət məhsulları standartının tələblərinə uyğun olmayan 3 ət məhsulları emalı müəssisəsində “Halal” adı ilə markalanan ət məhsullarının istehsalı dayandırılmış, 286 kiloqram etiketin istifadəsinə, istehsal olunan 140 kiloqram, eləcə də idxal olunan 171 kiloqram məhsulun satışına qadağa qoyulmuşdur. 2012-ci ildə 37 laboratoriyada akkreditasiya işləri aparılmış, 2 sınaq laboratoriyasının təkmilləşdirilməsi və 12 təsərrüfat subyektinə laboratoriyanın qurulması üçün metodik köməklik göstərilmişdir. 6 təsərrüfat subyektində yeni yaradılmış laboratoriya akkreditasiyadan keçirilmişdir ki, bunların da 2-si un dəyirmanına aiddir. 6 laboratoriyada məhsulların sınaqlarında istifadə olunan 21 reaktiv sertifikatlaşdırılmışdır. İxracyönümlü müəssisələrdə müasir standartlara uyğun şəraitin yaradılması və istehsal prosesinin qabaqcıl texnologiyalar əsasında təşkili məqsədilə muxtar respublikaya idxal olunan 61 avadanlıq sertifikatlaşdırılmışdır. Ümumiyyətlə, ötən il 521 ədədi dövlətlərarası, 5163 ədədi beynəlxalq, 308 ədədi milli standartlara, 202 ədədi təhlükəsizlik göstəricilərinə və 9 ədədi müəssisələr tərəfindən hazırlanmış texniki şərtə uyğun olaraq, cəmi 6203 ədəd sertifikat verilmişdir.

Qeyd olunmuşdur ki, markalanması Azərbaycan dilində olmayan və standartın tələblərinə cavab verməyən meyvə və tərəvəzlərin muxtar respublikaya idxal olunmaması barədə 3 soyuducu anbarın rəhbəri və 23 meyvə-tərəvəz idxalçısı maarifləndirilmişdir. İstixana və bostanlarda yetişdirilən, ticarət obyektlərində satılan 336 halda, 3 soyuducu anbarda saxlanılan 6 halda məhsulların, bostanlardan götürülmüş 42 halda torpağın laboratoriya sınaqları aparılmışdır. 998 halda kənd təsərrüfatı məhsullarında nitratın miqdarı yoxlanmışdır. 85 halda məhsullarda nitratın miqdarı şübhə yaratdığından nümunələr götürülərək analizlər aparılmışdır. Uşaq qidalarının keyfiyyətinə və təhlükəsizliyinə nəzarətin gücləndirilməsi ilə bağlı idxal olunan 6 adda uşaq yeməyinə uyğunluq sertifikatı verilmişdir. Yeyinti məhsullarının istehsalı, emalı, daşınması, saxlanması və satılması zamanı məhsulların keyfiyyəti ilə bağlı qanunvericiliyin pozulması hallarına qarşı mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə 100 müəssisədə dövlət nəzarəti aparılmışdır. 62 təsərrüfat subyektinə aşkar olunmuş nöqsanların aradan qaldırılması barədə iradnamə və 1 təsərrüfat subyektinə məhsul satışının qadağan edilməsi barədə tələbnamə verilmişdir. 
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 14 fevral 2012-ci tarixli Sərəncamı ilə təsdiq edilmiş “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Pro­qramı”nın müvafiq bəndlərinin icrası ilə əlaqədar konserv məhsullarının keyfiyyətinin standartlara uyğunluğu nəzarətdə saxlanılaraq 123 konserv məhsulunun sertifikatlaşdırılması təmin edilmişdir.
Komitədə su sayğaclarının müqayisəli yoxlanması, kalibrlənməsi və sınağı məqsədilə laboratoriya avadanlığı alınmışdır. Muxtar respublikada məhsulların ekoloji təmizliyinin və geninin müəyyən edilməsi üçün sınaq laboratoriyalarının yaradılması ilə əlaqədar 1 əməkdaş İSO 17025 standartı və ölçmələrin qeyri-müəyyənliyi mövzusunda Türk Akkreditasiya Qurumunda keçirilən təlim kurslarında iştirak etmiş, Dövlət Gömrük Komitəsi Ekspertiza İdarəsinin laboratoriyasının milli və beynəlxalq akkreditasiyadan keçirilməsinə hazırlıq məqsədilə köməklik göstərilmişdir. Laboratoriyada avadanlıqların kalibrlənməsi, attestasiyadan keçirilməsi və dövlət reyestrinə daxil edilməsi işləri həyata keçirilmişdir. 10 quşçuluq, 2 balıqçılıq müəssisəsində, 53 iri və xırdabuynuzlu fermer təsərrüfatında istifadə olunan idxal olunmuş yemlərlə bağlı araşdırma aparılmış və muxtar respublikaya idxalı məqsədəuyğun hesab edilmişdir.
Malik Rzayev işdə buraxılan nöqsanlara da toxunmuşdur. Qeyd etmişdir ki, komitənin xidmətlərinin elektron formada təşkili istiqamətində görülən işlər qənaətbəxş deyil. Komitənin 2012-ci il üzrə fəaliyyətinin 2011-ci illə müqayisəli təhlillərinə nəzər saldıqda bəzi şöbələr ötən il zəif fəaliyyət göstərmişdir. Komitənin Maliyyə, Patent və dövlət nəzarəti şöbələri işlərində bir sıra nöqsanlara yol vermişdir. 2013-cü ildə bu nöqsanlar tamamilə aradan qaldırılmalıdır.
Sonra məruzə ətrafında çıxışlar olmuşdur.

Xəbərlər şöbəsi

ARXİV

Noyabr 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR