09 Dekabr 2021, Cümə axşamı

Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində kollegiya iclası keçirilmişdir. İclasda nazir Rövşən Məmmədov məruzə ilə çıxış etmişdir.
Qeyd olunmuşdur ki, muxtar respublikada həyata keçirilən quruculuq tədbirlərindən nazirlik və onun strukturları da bəhrələnmiş, ötən ilin mart ayında Şərur rayonunda Rabitə evi, Şərur və Sədərək rayonlarını əhatə edən Yeni Nəsil Telekommunikasiya Sisteminin idarəetmə mərkəzi istifadəyə verilmişdir. Burada xidmət sahələri tamamilə kompyuterləşdirilmişdir. Şərur və Sədərək rayonlarını əhatə edən ehtiyat idarəetmə sisteminin istifadəyə verilməsi ilə muxtar respublika ilk dəfə tam alternativi olan dayanıqlı telekommunikasiya şəbəkəsinə malik olmuşdur. Hesabat ilində 30 kənd avtomat telefon stansiyasının arabağlantıları optik kabel xətləri ilə əvəz edilmişdir. Hazırda muxtar respublika üzrə mövcud olan 124 elektron avtomat telefon stansiyasından 101-i optik arabağlantılarla təmin edilmiş, Culfa rayonunun Nəhəcir kəndində “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin Ehtiyat Yerüstü İdarəetmə Mərkəzinə 14 kilometr, Şərur rayonunun Gümüşlü kəndi yaxınlığındakı Arpaçay Su Elektrik Stansiyasına 11 kilometr uzunluğunda optik kabel xətləri çəkilmişdir. Bundan əlavə, ötən ilin avqust ayından etibarən Naxçıvan şəhərində “Evədək optika” layihəsinin icrasına başlanılmış, ilin sonunadək 10 abonentin evinə optik kabellə yeni xidmətlər verilmişdir.

Bildirilmişdir ki, 2012-ci il ərzində 12 poçt bölməsi və 25 avtomat telefon stansiyası yeni binaya köçürülmüşdür. Poçt bölmələrindən 6-sı yeni açılmış, avtomat telefon stansiyalarından isə 17-si yeni qurulub istifadəyə verilmişdir. Muxtar respublikada yeni avtomat telefon stansiyaları və “Naxtel” simsiz rabitə şəbəkəsi üzrə yeni baza stansiyalarının istifadəyə verilməsi nəticəsində 1616 ədəd məftilli, 808 ədəd məftilsiz olmaqla, ümumilikdə, 2424 ədəd yeni telefon nömrəsi istismara verilmiş, hər 100 ailəyə düşən sabit telefonların sayı 66-ya çatdırılmışdır.
Yaşayış məntəqələrində genişzolaqlı internet xidmətlərinin təşkil edilməsi ilə əlaqədar ötən il ərzində Şərur və Sədərək rayonları ərazilərində 3-cü nəsil telekommunikasiya sistemi və 57 yaşayış məntəqəsində genişzolaqlı internet xidmətləri üçün avadanlıqlar qurulmuşdur. Hazırda muxtar respublikanın yaşayış məntəqələrinin 58 faizində genişzolaqlı internet xidmətləri göstərilir. Genişzolaqlı internet xidmətlərinə qoşulmanın avtomatlaşdırılması məqsədilə Naxçıvan Muxtar Respublikası İnternet Mərkəzində “Billinq” sistemi yaradılmış, üzərində milli dəyərlərə həsr edilmiş təsvirlər olan internet kartları hazırlanaraq satışa buraxılmışdır.
Rövşən Məmmədov qeyd etmişdir ki, “Elektron hökumət”in formalaşması ilə bağlı “Naxçıvan Muxtar Respublikasında dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 15 iyul 2011-ci il tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə həvalə edilən vəzifələrin icrası ilə bağlı 73 dövlət orqanına internet səhifəsi hazır­lanmış, onlara domen adları, elektron poçt ünvanları verilmiş və qlobal şəbəkədə yerləşdirilmişdir.
Həmin fərmanın icrasını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin “Elektron xidmət növlərinin siya­hısı”nın təsdiq edilməsi haqqında Qərarına əsasən, Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən 34 dövlət orqanına elektron xidmətlərin göstərilməsi üçün reyestr kodları verilmiş, xidmətlərin reqlamentlərinin hazırlanmasında dövlət orqanlarına müvafiq köməklik işləri davam etdirilir. 19 dekabr 2012-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən “Elektron hökumət” layihəsinin həyata keçirilməsi vəziyyəti və qarşıda duran vəzifələr mövzusunda müşavirədə verilən tapşırıqlar rəhbərliyə alınaraq, 2013-cü ilin birinci yarısınadək “Elektron İmza Sertifikat Mərkəzi”nin və “Elektron hökumət” portalının yaradılması üçün fəaliyyət planı hazırlanmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının 90 illik yubileyinin keçirilməsi haqqında” 19 aprel 2012-ci il tarixli Sərəncamına uyğun olaraq, Naxçıvan Muxtar Respublika Kitabxanasının bazasında “Elektron kitabxana” yaradılmışdır.
Sonra gündəlikdə duran məsələlərlə əlaqədar çıxışlar olmuşdur.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR