07 Dekabr 2021, Çərşənbə axşamı

Payızı məhsul fəsli də adlandırırlar. Çünki insanlar ilboyu çəkdikləri zəhmətlərinin bəhrəsini, əsasən, payız aylarında götürürlər. Həqiqətən də, indi diyarımızın hansı kəndinə üz tutsaq, insanların səhərin erkən saatlarından axşama qədər məhsul tədarükü ilə məşğul olduqlarını görərik.

Payız fəslində yetişən, özünəməxsus görünüşü ilə diqqəti cəlb edən bitkilərdən biri də sumaqdır. Dünyada 250-yə qədər kol və ağac növü məlum olan bu nadir və qiymətli bitki muxtar respublikamızda da geniş yayılıb. Hələ 1727-ci ildə tərtib edilmiş “Naxçıvan sancağının müfəssəl dəftəri” ndə oxuyuruq ki, vaxtilə əksər yaşayış məntəqələrindən sumaq vergisi alınıb. Bu da onu göstərir ki, Naxçıvanda sumaq təbii halda yayılmaqla yanaşı, həm də əkilib-becərilib. Bu gün də diyarımızın bir sıra yaşayış məntəqələrində yol kənarlarında belə, sumaq ağaclarına rast gəlmək mümkündür. Hətta bu bitki o qədər geniş yayılıb ki, onun satışını da həyata keçirənlər vardır. Belə ki, sumaq Ordubad rayonunun dağlıq ərazilərində – Biləv, Tivi, Unus, Üstüpü və digər kəndlərində geniş yayılıb. Üstüpü kənd sakini Əkbər Kərimov da uzun illərdir, təbii halda yayılan bu bitkinin meyvələrini toplayaraq gəlir əldə edən təsərrüfatçılarımızdan biridir. Onunla söhbət zamanı bildirdi ki, sumaq ağacları hamar torpaqlarda bar gətirmir, daha çox daşlı, əhəngli yamaclarda, qayalarda və seyrək meşələrdə, çay sahillərində bol məhsul verir. Ağaclar iyun-iyul aylarında çiçəkləyir, xırda yaşıltəhər göy rəngli tutqun çiçəkləri bir budaq üzərində toplanır. Sumaq ağacının meyvələri budaqların uc hissəsindəki zoğlarda salxım şəklində olur. Meyvələri nəzəri cəlb edən tünd-qırmızı və girdə formadadır. Meyvələr tam qırmızı rəng aldıqdan sonra, xüsusilə də sentyabr-oktyabr aylarında toplanılır. Sumağın xüsusi yığılma və emal qaydaları vardır. Sumağı əlcəklə yığırıq, əks halda, bitkinin turşluğu əl və qol nahiyəsində səpgilər, yaralar əmələ gətirə bilər. Meyvələri topladıqdan sonra günəş yaxşı düşən yerdə bir neçə gün müddətində quruduruq, sonra meyvələri zoğdan ayırırıq. Daha sonra həmin xammalı dibəkdə döyür, ya da bir torba içərisinə doldurularaq ağır bir vasitə ilə toxumlarından ayrılanadək əzirik. Əldə edilən məhsul ələkdən keçirildikdən sonra istifadə üçün hazır olur.

Müsahibim qeyd edir ki, sumaqdan həm tibbi məqsədlə, həm də ədviyyat kimi istifadə edirik. Sumaq Azərbaycan mətbəxində xüsusi yer tutur. Turşluğu və büzüşdürücülüyü ilə ət və balıq yeməklərinə, salatlara əlavə dad qatır.
Mütəxəssislərin fikrincə, sumaq şəkər, üzvi turşular, C vitamini ilə zəngindir. Onun tərkibində şərab turşusu olduğundan dadı çox turş olur. Texniki və tibbi məqsədlər üçün bitkinin yarpaqları və meyvələrindən istifadə edilir. Sumağı həm də xalq təbabətində çay kimi dəmləyib ishala və dizenteriyaya qarşı işlədirlər. Elmi təbabətdə isə onun duru ekstraktını hipertoniya, eləcə də şəkər xəstələri qəbul edirlər. Sumaq həzmi asanlaşdırır, iştahanı artırır, boğaz xəstəliklərinə qarşı faydalıdır, temperaturu aşağı salır, susuzluğu aradan qaldırır, diş xəstəliklərinə və zəhərlənmələrə qarşı təsirlidir. Arıqlamaq istəyənlər bu ədviyyatı qidalarına əlavə etsələr, faydasını görərlər. Tibb və boya sənayesi sahələrində də istifadə edilən sumaq, həmçinin doşab, çay və digər içkilərin istehsalında istifadə olunur.
Qeyd edək ki, nəsli kəsilmək təhlükəsindən xilas edilmək məqsədilə sumaq bitkisi “Qırmızı kitab”a salınaraq mühafizə olunur. Süfrələrimizi bəzəyən, yeməklərimizə dad və rəng qatan sumaq tək ədviyyat deyil, həm də təbii dərmandır. Ona görə də gəlin bu nadir və qiymətli bitkini qoruyaq və ondan səmərəli istifadə edək.

 Güntac ŞAHMƏMMƏDLİ

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR