17 Oktyabr 2021, Bazar

Cəmiyyətin inkişafında təbii ehtiyatlardan səmərəli istifadə edilməsi də mühüm şərtlərdən biridir. Bunlar içərisində yerüstü və yeraltı sular əhəmiyyətli yerə malikdir. Ona görə də su ehtiyatlarının mühafizə edilməsi və qorunması qarşıda duran mühüm vəzifələrdən biridir. 

Su ehtiyatlarının başqa təbii ehtiyatlara görə özünəməxsus xüsusiyyətləri vardır. Bu xüsusiyyətlərdən biri də su ehtiyatlarının fasiləsiz bərpa olunmasıdır. Bununla da təbiətdə su dövranı daim təkrar olunur. Muxtar respublikamızın ərazisi quru, rütubətli, subtropik, dağlıq zonalara və sairəyə bölünür ki, burada da müxtəlif torpaq örtüyünün, bitki, heyvan aləminin inkişafına şərait yaranır. Belə bir şəraitin yaranması əraziyə düşən yağmurun miqdarından, yağma vaxtından, xarakterindən və ərazidə buxarlanmanın dərəcəsindən asılıdır. Təbii sərvətləri ilə zəngin olan muxtar respublikamızda son illər ərzində su təchizatının yaxşılaşdırılması istiqamətində xeyli işlər görülüb. Nəticədə, diyarımızda su təminatı dünyada gedən su qıtlığının əksinə olaraq ilbəil yaxşılığa doğru dəyişir.

Bunun ifadəsidir ki, son üç il ərzində qiymətli su mənbəyi sayılan, hidrotexniki qurğu olan 44 ədəd kəhriz təmir edilərək istismara tam yararlı hala gətirilib. Bəhs olunan dövrdə Şərur rayonunda 1, Kəngərlidə 27, Babək rayonunda 1, Şahbuzda 3, Culfa rayonu üzrə 1, Ordubadda 11 kəhriz yenidən istifadəyə verilib.
Muxtar respublika əhalisinin içməli su ilə təminatının davamlılığı istiqamətində görülən işlərin də həcmi gedikcə artır. Artıq Şərur rayonunun Şərur şəhəri və onun ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasının birinci mərhələsi başa çatdırılıb, Zeyvə, Düdəngə, Cəlilkənd, Xələc, Arbatan, Kosacan və Sərxanlı kəndlərinə su çəkilib. Şərur şəhər sutəmizləyici qurğular sistemi istifadəyə verilib.
Babək rayonunun Şəkərabad, Nehrəm, Naxışnərgiz, Hacıvar, Nəzərabad, Aşağı Buzqov, Gülşənabad, Ordubad rayon mərkəzində, Şəhriyar qəsəbəsində, Nüsnüs, Yuxarı Əndəmic, Dəstə, Vənənd, Culfa rayon Əbrəqunus, Saltaq kəndlərinə içməli su xətti çəkilib.
Əkin sahələrini suvarma suyu ilə təmin etmək, suvarmanı yaxşılaşdırmaq məqsədilə muxtar respublika üzrə 12, o cümlədən Şərur rayonunda 5, Babək rayonunda 4, Sədərək rayonunda 3 subartezian quyusu qazılıb. Babək, Ordubad və Şahbuz rayonlarının hər birində 1 ədəd olmaqla, 3 subartezian quyusu bərpa edilərək istifadəyə verilib.
Şərur rayonunun Zeyvə kəndində qapalı suvarma sistemi yaradılıb, Danyeri kandində nasos stansiyası, Arpaçayda üç, Axura selovunda isə bir istiqamətləndirici bənd tikilib.

Ordubad rayonunun Düylün kəndində suvarma üçün boru xətti çəkilib, Aza kəndinin suvarma axın yeri dəyişdirilib, Vənəndçayda istiqamətləndirici bənd yaradılıb, Biləv su kanalının tikintisi başa çatdırılıb.
Culfa rayonunun Dizə kəndinə suvarma üçün boru xətti çəkilib, Daşarx kanalının bir hissəsi dəyişdirilib, Saltaq kəndində qapalı, Əbrəqunus kəndində isə açıq drenaj xətləri çəkilib.
Babək rayonunun Hacıvar kəndində açıq, Babək qəsəbəsində 1 açıq, 1 qapalı drenaj xətti çəkilib. Sirab, Qahab və Payız selovlarında istiqamətləndirici bənd tikilib, Nehrəm qəsəbəsində, Güznüt kəndində hər birində bir, Hacıvar kəndində iki drenaj kanalının tikintisi başa çatdırılıb. Əshabi-Kəhf ziyarətgahına gedən yolun kənarında nasos stansiyası tikilib.
Son illərdə muxtar respublikada su sistemlərinin tətbiqi davamlı xarakter alıb. Onlardan biri də qapalı suvarma şəbəkəsidir. Belə şəbəkə sistemi su itkisinin qarşısının alınmasında, suvarmanın yaxşılaşdırılmasında, istifadə olunmayan torpaqların əkin dövriyyəsinə daxil edilməsində mühüm əhəmiyyətə malikdir. Kəngərli rayonunun ərazisində 310 hektar sahədə, Şahbuz rayonunun Türkeş, Sələsüz, Mərəlik kəndlərində 275 hektar sahədə qapalı suvarma şəbəkəsinin yaradılması öz bəhrəsini verib.

Naxçıvan-Sədərək magistral avtomobil yolunun kənarında qapalı drenaj xətti çəkilib. Hər il olduğu kimi, cari ildə də yaz tarla işləri başlanana qədər muxtar respublikanın bütün kəndlərinin ərazisində kanal və arxlar lildən təmizlənib. Göründüyü kimi, muxtar respublikada aparılan düzgün və məqsədyönlü tədbirlərin nəticəsidir ki, su qıtlığı, demək olar ki, hiss edilmir. Daha dəqiq desək, su təsərrüfatında görülən işlər bəhrələrini verib. Torpaq mülkiyyətçiləri hər il yüksək nəticələr qazanırlar.
Bu gün dünyada baş verən qlobal istiləşmə su ehtiyatlarının azalmasına da öz təsirini göstərib. Odur ki, muxtar respublika sakinləri böyük zəhmət və yüksək maliyyə vəsaiti hesabına diyarımızın içməli və suvarma suyu ilə təminatını görür və bu qiymətli sərvətdən qənaətlə və səmərəli istifadə edilməsini, onun çirklənmədən qorunmasını və mühafizə olunmasını özlərinin vətəndaşlıq borcu sayırlar.

Baxşəli MAZANOV
Naxçıvan Dövlət Universitetinin müəllimi

ARXİV

Oktyabr 2021
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR