17 Oktyabr 2021, Bazar

Şərq aləminin canlı muzeyi


Ulu öndər Heydər Əliyevin “Azərbaycanın incisi” adlandırdığı Ordubad, burada mühafizə olunaraq nəsillərdən-nəsillərə ötürülən adət-ənənələr, milli-mənəvi dəyərlərimiz, yeraltı və yerüstü sərvətlər, qonaqpərvərlik, bölgənin mətbəxi və digər diqqətçəkici məqamlarla bağlı səyyahların, tarixçilərin, ziyalıların söylədiklərini toplasaq, yəqin ki, bir kitabça alınar. Və qədim yurd yerinin dünəninə, bu gününə baxsaq, deyilənlərin həqiqət olduğunu təsdiq edərik.

Ordubad, sözün həqiqi mənasında, tarixiliklə müasirliyin harmoniyasını yaratmış bir bölgədir. Bu gün o tarixilik böyük sevgi və ehtiramla qorunur. Nuhun ayağı dəydiyi Gəmiqaya bu yurdun ilkin yaşayış məskəni olduğunu ortaya qoyur. Eləcə də Ordubadın tarixi-memarlıq abidələri. Mənbələrdə Ordubadın şəhər kimi formalaşması V-VI əsrlərə aid edilir, adı isə ilk dəfə VII əsrdə çəkilib. Deyilənləri bir daha sübut edən mənbələr sırasında Ordubadda izləri yaşayan Gilan və Azad şəhərləri, buraya ayaq basanlara İçərişəhəri xatırladan qədim məhəllələri yada salmaq olar.

Bəs bu gün? Burada Ordubada səfər etmiş amerikalı jurnalist və tədqiqatçı Peter Tasenin dediklərini xatırlamaq yerinə düşür: “Ordubadın gözəl mənzərəsi var. İnsanları çox qonaqpərvər və istiqanlıdır. Gözəl mənzərələr və müasir infrastruktur turistlərin diqqətini cəlb edir. Ordubad şəhərində yaradılmış infrastruktur, həqiqətən də, Qərbi Avropanın şəhərlərindəki kimidir. Tarixən strateji yer hesab olunan Ordubada səfər edən turist və tədqiqatçılara buranın qədim mədəniyyətini tanıtmaq imkanı vardır. Ordubad şəhərində XVI əsrə aid olan bazarın yanında hazırda muzey kimi fəaliyyət göstərən tarixi Qeysəriyyə binası yerləşir. Tarixən bu regionda 3 belə, Qeysəriyyə binası olub. Digər iki Qeysəriyyə binası Səmərqənd və Təbrizdədir. Bu gün valehedici Ordubad şəhəri Şərq aləminin canlı muzeyi hesab olunur. Avropa və Asiya arasında coğrafi və etnoqrafik əlaqəni təmin edən şəhər öz tarixini və ənənələrini qoruyaraq nəsildən-nəslə ötürür”.

Əslində, Ordubadın bu günü ötən əsrin yetmişinci illərindən başlayıb. O illərdə tikinti-quruculuq işləri genişləndirilib, rayon mərkəzində və böyük kənd yaşayış məntəqələrində müxtəlif təyinatlı obyektlər həyata vəsiqə alıb. Bu gün Ordubad şəhərindəki bütün ictimai yaşayış binaları, bir neçə inzibati obyekt o illərin yadigarlarıdır. Həmin illərdə sənayenin, kənd təsərrüfatının inkişafı istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilib. Bir qədər geriyə qayıtsaq, görərik ki, 1926-cı ildə Ordubadda barama toxumu istehsal edən zavod və corab-kəlağayı fabriki fəaliyyətə başlayıb. Hələ XIX əsrin sonlarından rayonda ipəkçilik inkişaf etdirilməyə başlamışdı. XX əsrin əvvəllərində artıq Ordubadda güclü ipəkçilər yetişmişdi. Onların istifadə etdikləri texnoloji avadanlıqlar burada yüksəkkeyfiyyətli ipək istehsalına imkan vermişdi. 1924-1940-cı illərdə bölgədə xam ipək istehsalı 2 min tondan 17 min tona çatdırılmışdı. Bu qiymətli məhsullar 13 dəfə qızıl medala layiq görülmüşdü. Rayon mərkəzindəki baramaaçan fabriki, iki növbədə, işləməklə, burada yüzlərlə ordubadlı özünə iş yeri tapmışdı.
Naxçıvanda yeyinti sənayesinin bünövrəsi də Ordubadda qoyulub. Belə ki, 1928-ci ildə Ordubadda meyvə-konserv zavodunun fəaliyyətə başlaması burada yeni iş yerlərinin yaradılmasına və bölgədə yetişdirilən dadlı-tamlı meyvələrdən istifadə edərək müxtəlif konservlər hazırlanmasına imkan vermişdi. Zavodda cəviz, tut, alma, heyva, armud, şaftalı, gilənar, gilas, qızılgül mürəbbələri, kompotlar hazırlanaraq SSRİ-nin müxtəlif respublikaları ilə yanaşı, xarici ölkələrə də göndərilirdi. Burada yetişdirilən meyvələr dəfələrlə beynəlxalq sərgilərə çıxarılmış, 9 qızıl medal almışdı.
Tarix və muzeylər məskəni rayonun mərkəzində 2 xüsusi elmi-texniki konstruktor bürosu fəaliyyət göstərib.
Ordubad şəhərinin qoruq şəhəri statusu alması da ulu öndərin bu bölgəyə verdiyi töhfədir.
Sovet dönəminin son illərində bütün bölgələrimiz kimi, Ordubad rayonu da baş verən hadisələrdən sığortalana bilmədi. Ölkədə tüğyan edən anarxiya, xaos, özbaşınalıq bu bölgənin də qaynar həyatını pozdu. Bəzi idarə və müəssisələr fəaliyyətini müvəqqəti olaraq dayandırdı. XX əsrin 70-80-ci illərində yaradılmış emal və istehsal müəssisələri iflic vəziyyətə düşdü. Bərəkətli torpaq sahələri əkilməmiş qaldı. Çətinliklər ordubadlıları sıxsa da, onlar doğma yurd yerindən üz çevirmədilər. Vətən, torpaq təəssübü hər şeyə üstün gəldi. Bu ziya xalqımızın ümummilli lideri Heydər Əliyev idi. Ulu öndər Moskvadan Naxçıvana qayıdandan sonra Ordubad rayonuna gəldi. Rayon mərkəzindəki böyük meydanda ordubadlıların ulu öndər­imizi necə qarşılaması bu sətirlərin müəllifinin gözləri önündədir.
Bu tarixin ən mühüm sahələrindən biri ölkə başçısı cənab İlham Əliyevin bu il may ayının 10-da muxtar respublikaya səfəri zamanı Ordubad rayonunda Culfa-Ordubad magistral avtomobil yolunun, Ordubad şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin açılışında iştirakı, Ordubad Su Elektrik Stansiyasının tikintisi, Ordubad Dəmir Yolu Stansiyası ilə tanış olmasıdır. Qeyd edilməlidir ki, yeni tarixin hüdudları genişdir və statistikaya müraciət etməyə ehtiyac var. 2021-ci ilin ilk 6 ayının statistikasına baxaq.
Ümumi inkişafı xarakterizə edən əsas göstəricilər olaraq bəhs edilən dövrdə bir il öncəyə nisbətən əsas kapitala yönəldilmiş vəsaitlər 0,8 faiz, kənd təsərrüfatı məhsulu 3,2 faiz, informasiya və rabitə xidmətləri 0,1 faiz artıb. Sənaye məhsulunun dəyəri 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,8 faiz artaraq 4 milyon 613 min 700 manat olub. Birinci yarım ildə iqtisadi fəaliyyətin müxtəlif sahələrində 7 istehsal və xidmət sahəsi yaradılıb, 16 istehsal və xidmət sahəsinin yaradılması hazırda davam etdirilir.
Rayonda infrastruktur quruculuğu tədbirləri çərçivəsində 2021-ci ilin birinci yarım ilində bütün maliyyə mənbələrindən əsas kapitala 30 milyon 880 min 100 manat dəyərində vəsait yönəldilib. Tikinti-quraşdırma işlərində istifadə olunmuş investisiyanın dəyəri 30 milyon 83 min 500 manat olmaqla, əsas kapitala yönəldilmiş investisiyanın 97,4 faizini təşkil edib. Bəhs olunan dövrdə Kapital Bankın Ordubad filialının inzibati binasının tikintisi başa çatdırılıb. Yaşayış məntəqələrinin abadlaşdırılması, səmərəli idarəetmənin və əhaliyə göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi tədbirlərinə uyğun olaraq 2 kənd mərkəzi istifadəyə verilib, 6 kənd mərkəzinin tikintisi davam etdirilib.
Nüsnüs kəndində 414 şagird yerlik, Ordubad şəhərində 612 şagird yerlik 1 nömrəli tam orta məktəb binaları yenidən qurularaq istifadəyə verilib. Vələver və Pəzməri kənd­lərində məktəb binalarının tikintisi, Aşağı Əndəmic və Dırnıs kəndlərində məktəb binalarının yenidən qurulması davam etdirilib. Əhaliyə göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi məqsədilə Nüsnüs və Yuxarı Əndəmic kəndlərində xidmət mərkəzləri də istifadəyə verilib, Kələki, Dırnıs, Unus, Vələver, Aşağı Əndəmic və Pəzməri kəndlərində xidmət mərkəzlərinin tikintisi davam etdirilib.
Rayon Uşaq Xəstəxanası üçün binanın yenidən qurulması, Nüsnüs və Yuxarı Əndəmic kəndlərində həkim ambulatoriyası binalarının tikintisi başa çatdırılıb, Dırnıs kəndində həkim ambulatoriyası binasının tikintisi həyata keçirilib.
Rayonda idmanın inkişafı 2021-ci ildə də diqqətdə saxlanılıb, Ordubad Şəhər Stadionunun yenidən qurulması davam etdirilib.
Milli dəyərlərimizin təbliği, onun daha da zənginləşdirilərək gələcək nəsillərə ötürülməsi istiqamətində zəruri tədbirlər diqqət mərkəzində saxlanılıb, rayon mərkəzində Cümə məscidi yenidən qurulur.
Nüsnüs kəndində bir körpü tikilərək, bir körpü təmir olunaraq istismara verilib. Culfa-Ordubad magistral və Yuxarı Əndəmic-Nüsnüs kənd avtomobil yollarının yenidən qurulması başa çatdırılıb. Hazırda Vənənd-Pəzməri, Aşağı Əndəmic kənd avtomobil yollarının yenidən qurulması davam etdirilir.
Əhalinin həyat səviyyəsinin yaxşılaşması fərdi yaşayış evlərinin tikintisinə də müsbət təsir göstərib. Əhalinin şəxsi vəsaiti hesabına, ümumilikdə, 12 min 126 kvadratmetr yaşayış sahəsi istifadəyə verilib.
Tikintisi başa çatdırılan obyektlər sırasında rayon mərkəzində və Şəhriyar qəsəbəsində içməli su təchizat və kanalizasiya sisteminin tikintisi, Nüsnüs və Yuxarı Əndəmic kəndlərində içməli su xətlərinin çəkilişi də var.
Elektroenergetika sektoruna da quruculuq proseslərindən pay düşüb. Davamlı olaraq yeni güclərin yaradılması, infrastrukturun müasir standartlar səviyyəsində yenilənməsi istiqamətində gücü 36 mVt olan Ordubad və 15,6 mVt olan Tivi Su Elektrik stansiyalarının tikintisi davam etdirilir. Bu yeni obyektlər istifadəyə verildikdən sonra muxtar respublikamızda yeni uğurlara nail olunacaq.
Ordubad həm də aqrar bölgədir. Öz dadlı-tamlı meyvələri və limonu ilə məşhur olan bölgədə bu sahədə hər il yüksək nəticələr əldə edilir. İstər əkinçilikdə, istər bağçılıqda və digər təsərrüfat sahələrində zəngin təcrübə qazanılıb. Son illər bu istiqamətlərdə qəbul edilən müvafiq Dövlət proqramları torpaq mülkiyyətçilərinin, ailə təsərrüfatlarının yeni nailiyyətlər əldə etmələrinə imkan verib. Bu baxımdan 2021-ci il də istisna deyil. Bu ilin məhsulu üçün 3937 hektar sahədə əkin aparılıb. Əkin sahəsinin 1789 hektarını dənli və dənli-paxlalı bitkilər (qarğıdalısız), 1 hektarını dən üçün qarğıdalı, 645 hektarını tərəvəz bitkiləri, 16 hektarını ərzaq üçün bostan bitkiləri, 586 hektarını kartof və otlaqlar təşkil edir. Taxıl tədarükünü uğurla başa vuran torpaq adamları artıq gələn ilin məhsulu üçün əkin işlərinə başlayıblar.
Meyvəçilik və tərəvəzçiliklə məşğul olanlar üçün də il uğurlu gəlib. Həyata keçirilmiş tədbirlərin nəticəsi olaraq 2021-ci ilin birinci yarım ilində bir il öncəyə nisbətən 3,2 faiz çox, yəni 13 milyon 417 min 700 manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunub.
Əhalinin yaşayış səviyyəsinin yüksəldilməsi, öz növbəsində, demoqrafik vəziyyətə müsbət təsir göstərib, 1 iyun 2021-ci il tarixə rayon əhalisinin sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 121 nəfər artaraq 50 min 400 nəfər olub.
Qeyd olunan bu rəqəmlər həyata keçirilən tədbirlər hesabına qazanılan uğurların bir qismidir. Hər bir uğurun arxasında isə insan amilinə, onun layiq olduğu səviyyədə yaşamasına, fəaliyyət göstərməsinə hərtərəfli dövlət qayğısı dayanır. Belə qayğı illərdir ki, davamlı xarakter alıb. Bütün bunlar isə yeni tarixin yeni səhifələridir.

Abbas SEYİD
“El həyatı” qəzetinin redaktoru, Azərbaycan Respublikasının Əməkdar jurnalisti

ARXİV

Oktyabr 2021
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR