17 Oktyabr 2021, Bazar

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən aldığımız məlumata görə, 2021-ci ilin yanvar-iyul aylarında muxtar respublikada vəsait qoyuluşları çərçivəsində bütün maliyyə mənbələrindən əsas kapitala 596 milyon 951 min 400 manat vəsait yönəldilib. Bu ötən ilin müvafiq dövründəki göstəricidən 0,3 faiz çoxdur. Əsas kapitala yönəldilmiş vəsaitin 572 milyon 178 min 100 manatı və ya 95,9 faizi tikinti-quraşdırma işlərinin payına düşüb. Bu da cari ildə də tikinti-quruculuq tədbirlərinin həyata keçirilməsinə imkan verib.

Hazırda muxtar respublikanın ayrı-ayrı ünvanlarında həmin tədbirlər davam etdirilir. Belə ünvanlardan biri də Culfa şəhəridir. Qeyd edək ki, digər bölgələrimizdə olduğu kimi, Culfa rayonunda da aparılan kompleks quruculuq tədbirləri sırasında yaşayış binalarının tikintisi və əsaslı şəkildə təmiri başlıca yer tutur. Hazırda rayon mərkəzinin Elşad Nağıyev küçəsində mövcud olmuş obyektdə inşaat işləri aparılır. Burada nəzərdə tutulmuş üçmərtəbəli yaşayış binasının inşasına ötən ilin iyul ayından başlanılıb. İnşaat işlərini Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsi həyata keçirib. Artıq tikinti işləri tamamilə başa çatdırılıb.
İş icraçısı Faiq Allahverdiyevdən aldığımız məlumata görə, 18 mənzilli yaşayış binası iki girişdən ibarətdir. Mənzillərdən 12-si üçotaqlı, 6-sı isə ikiotaqlıdır. Bütün mərtəbələrdə elektrik, istilik, kanalizasiya sistemi quraşdırılıb, su xətti çəkilib. Binanın bütün mərtəbələrində kafel döşəmə işləri həyata keçirilib. Binanın fasad hissəsində möhkəmliyi təmin etmək üçün beton gücləndiricilər qurulub.
İnşaat işlərinin yerinə yetirilməsində yerli inşaat materiallarından istifadə olunub, keyfiyyət amilinə ciddi diqqət yetirilib.
Yenidən qurulmuş yaşayış binasında hazırda son tamamlama işləri görülür. Belə ki, binanın həyətində uşaqlar üçün əyləncə, sakinlərin istirahəti üçün park, avtomobillərin saxlanılması üçün dayanacaq yaradılır.

Xəbərlər şöbəsi

ARXİV

Oktyabr 2021
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR