17 Oktyabr 2021, Bazar

və ya yaxın tarixə qısa bir səyahət


Belə bir deyim vardır: “Çəkilən əziyyət yerdə qalmaz, gec-tez mükafatla nəticələnər”. Düşünürəm ki, bu cür fikirlər heç vaxt əsassız deyilmir. Bu, həqiqətən də belədir. Elə muxtar respublika sakinlərinin 1990-cı illərdə çəkdiyi əziyyətlər və həmin əziyyətlərin bugünkü mükafatları kimi...
Həmin illərdə Naxçıvanla Azərbaycanın əsas əraziləri arasında bütün kommunikasiya əlaqələrinin kəsilməsi əhalinin yaşamını daha da çətinləşdirmişdi. Ulu öndər Heydər Əliyevin dediyi kimi: “Taleyin ümidinə buraxılmış tənha bir ada”nı xatırladırdı Naxçıvan.

 Çətinliklər çox idi

Evlərdə elektrik və qazın yoxluğu böyük problemlərə gətirib çıxarırdı. İstilik yarada bilməyən əhali evi qızdırmaq, ocaq qalayıb yemək bişirmək üçün çarəni ağacları kəsməkdə görürdü. Hətta çoxları məcbur qalıb yeni meyvə və meşə ağaclarını da kəsirdilər. Beləliklə, Naxçıvanın ana təbiəti də blokada çətinliyinin ağırlığını yaşayırdı. Yenə də problemlər həll olunmur, əhalinin ərzaq qıtlığı, insanların isti, soyuq hava demədən çörək növbələrində günlərlə gözləməsi, lampa və şam işıqlı gecələri ilə insanlarımızın imtahanı davam edirdi...
Saymaqla bitməyən çətinliklər dolu blokadanın ən ağır günlərində dahi şəxsiyyət Heydər Əliyevin Naxçıvana gəlişi qədim diyarımızı çətinliklərdən qurtardı. Ümummilli liderimiz Naxçıvanı labüd vəziyyətdən çıxarmaq üçün mühüm qərarlar qəbul etdi. Və beləcə, çətin olan hər bir yoldan böyük siyasi bacarıqla istifadə edən ulu öndər Naxçıvanı blokadadan xilas etdi. Muxtar respublikanın elektrik enerjisi və ərzaqla təmin olunması istiqamətində qonşu Türkiyə və İran ilə razılıq əldə edildi. Bütün görülən bu tədbirlər insanlarımızın gələcəyə olan ümidlərini daha da artırmaqla yanaşı, gələcək inkişaf üçün kiçik qığılcımların alışmasına səbəb oldu.

Çəkilən zəhmət öz bəhrəsini verir

Azərbaycanın müstəqilliyinə gedən yol Naxçıvandan başlandı. Ölkəmiz 1991-ci ildə dahi şəxsiyyət Heydər Əliyevin rəhbərliyi ilə müstəqilliyinə qovuşaraq inkişaf, tərəqqi yolunda addımlamağa başladı. Bütün regionlar, eləcə də muxtar respublika da bu inkişafdan öz payını aldı. Böyük quruculuq layihələri zamanla diyarımıza tətbiq olundu. Muxtar respublika əhalisinin yaşayışının təmin edilməsi üçün öncə aqrar sahənin inkişafına diqqət artırıldı. Kənd əhalisinin pay torpaqları ilə təmin olunması ərzaq probleminin həllinə, kənd və ailə təsərrüfatının inkişafına, eləcə də muxtar respublikada ərzaq bolluğunun yerli məhsullarla təminatına şərait yaratdı. Bununla yanaşı, digər sahələrin də inkişafına diqqət göstərildi. Bu sahələrdən ən vacibi elektrik enerjisi ilə təminat idi. Çünki həyatı elektrik enerjisi olmadan təsəvvür etmək mümkün deyil. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “Enerji harada varsa, orada inkişaf var, həyat var”.

Muxtar respublika əhalisinin fasilələrlə istifadə etdiyi elektrik enerjisi dövlətimizin diqqət və qayğısı ilə daimi enerjiyə çevrilməyə başladı. Bu diyarın iqlim şəraiti alternativ və bərpa olunan enerjidən istifadə üçün geniş imkanlar açdı. Müasir energetika infrastrukturunun yaradılması və enerji təhlükəsizliyinin təmin olunmasında bu amil əsas götürülərək su, külək, günəş elektrik stansiyaları tikilərək bir-birinin ardınca istifadəyə verildi.
Qeyd edək ki, son illər ölkə Prezidentinin iştirakı ilə Naxçıvan Muxtar Respublikasında Heydər Əliyev Su Anbarı üzərində gücü 4,5 meqavat olan yeni su elektrik stansiyası, ümumi gücü 87 meqavat olan Naxçıvan Modul Elektrik Stansiyası, Azərbaycanda ilk derivasiyatipli 22 meqavat gücündə Biləv Su Elektrik Stansiyası, 20,5 meqavat gücündə “Arpaçay-1”, və 1,4 meqavat gücündə “Arpaçay-2” Su Elektrik stansiyaları, Babək rayonunun Xalxal kəndində 20 meqavat gücündə Günəş Elektrik Stansiyasının tikilib istifadəyə verilməsi, 2017-ci ildə həmin ərazidə 2 meqavat, 2019-cu ildə Kəngərli rayonunun Qabıllı kəndində 2, ötən il isə 3 meqavat gücündə yeni Günəş Elektrik stansiyalarının qurulması Naxçıvanın etibarlı enerji təminatına səbəb olub. Bununla yanaşı, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 29 mart tarixli Fərmanı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq muxtar respublikamızda irimiqyaslı infrasturuktur layihələrinin icrası, əhaliyə göstərilən kommunal xidmətlərin səviyyəsinin yüksəldilməsi, bütün sahələrdə maddi-texniki bazanın gücləndirilməsi və insanların rifahının yaxşılaşdırılması istiqamətində görülən quruculuq tədbirləri davam etdirilməkdədir.
Proqramda nəzərdə tutulan və icrası həyata keçirilən tədbirlər muxtar respublikada enerji təchizatı sahəsində müsbət dinamikanın əldə olunmasına gətirib çıxarıb. Ümumi enerji istehsalının əsas hissəsini alternativ və bərpa olunan enerji mənbələri hesabına ödənilən muxtar respublikada hazırda elektrik enerjisinə olan tələbatın 50 faizdən çoxu bərpa edilən enerji mənbələri hesabına ödənilir. Bütün bunlar doğma diyarımızda enerji təminatını yaxşılaşdırır və bu sahənin daha da inkişaf etməsinə geniş imkan yaradır.

Bu tədbirlərin davamı olaraq 2019-cu il avqustun 26-da Bakı şəhərində Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidməti ilə Çin Xalq Respublikası Ticarət Nazirliyi arasında Naxçıvan Muxtar Respublikasına mobil elektrik stansiyalarının verilməsi haqqında imzalanmış müqaviləyə əsasən Naxçıvan Muxtar Respublikasına 2 dəst 200 kilovat gücündə “İSUZU” markalı dizel generator maşını, 410 dəst 2 kilovat gücündə mobil günəş elektrik stansiyası, 410 dəst günəş su qızıdırıcısı, 6 dəst 10 kilovatlıq Külək-Günəş Hibrid Elektrik Stansiyası qurğusu verilmişdir. Naxçıvan Dövlət Universitetində Elektroenergetika ixtisası üzrə təhsil alan tələbələrin biliklərinin təcrübə ilə daha dərindən mənimsəmələri, yeni texnologiyalarla yerində tanış olmaları üçün universitet şəhərciyində 1 ədəd 10 kilovat gücündə Külək-Günəş Hibrid Elektrik Enerjisi Mənbəyi və 1 dəst günəş su qızdırıcısı quraşdırılmışdır. Digər 5 dəst külək turbinlərinin və günəş panellərinin təyinatları dəyişdirilərək Culfa rayonunun Gülüstan kəndi yaxınlığında 3,3 hektar ayrılmış əkinəyararsız ərazidə komplektləşdirilərək 1,1 meqavatlıq yeni Külək-Günəş Hibrid Elektrik Stansiyası tikilmişdir. Qeyd edək ki, stansiyanın layihələndirilməsi, avadanlıqların seçilməsi, uyğunlaşdırılması və quraşdırılması Energetika Xidmətinin mütəxəssisləri, tikinti-quraşdırma işləri isə “Gəmiqaya Holdinq” Şirkətlər İttifaqı tərəfindən qısa müddətdə və yüksək keyfiyyətlə aparılmışdır. Burada hər birinin gücü 280 vatt olan 3520 müasir alüminium çərçivəli günəş paneli, 50 kilovat gücü olan 20 invertor, 11 ədəd 10 kilovat gücü olan invertor-controller, müasir tip kommutasiya aparatları və digər elektrik avadanlıqları quraşdırılmışdır. Daxilində 10/0,4 kilovoltluq transformator, 10 kilovoltluq qapalı paylayıcı və 0,4 kilovoltluq paylayıcı və idarəetmə otaqları inşa edilmişdir. Stansiyaya alçaq və yüksəkgərginlikli, eləcə də rabitə, müşahidə və idarəetmə sistemləri üçün kabel xətləri çəkilmiş, ərazi çəpərlənmiş, videomüşahidə qurğuları ilə təmin olunmuşdur. Eyni zamanda stansiya 10 kV-luq 6 saylı şəhər hava elektrik verilişi xəttinə qoşulmuşdur. Burada il ərzində 1,6 milyon kilovat-saat elektrik enerjisi istehsalı nəzərdə tutulmuşdur. Külək potensialını ətraflı araşdırmaq üçün daha 7 ədəd 10 kilovatlıq külək turbini sifariş olunub gətirilmiş və 6-sı quraşdırılmışdır. Ümumilikdə, stansiyada 11 külək turbini quraşdırılmışdır.
Bildirək ki, Culfa Külək-Günəş Hibrid Elektrik Stansiyası rayon üzrə əhali abonentlərinin elektrik enerjisinə olan tələbatının 10 faizdən çoxunu təmin edəcəkdir.

Qaranlıqdan işıqlı diyara

Artıq muxtar respublika qaranlıq, şam işıqlı gecələrini geridə qoymuş, enerji tələbatını özü təmin edən, eyni zamanda ixrac edən bir diyara çevrilmişdir. Əminliklə deyə bilərik ki, bundan sonra da bərpa olunan enerji mənbələrindən istifadə muxtar respublikada elektrik stansiyaları elektrik enerjisinin istehsal və ixracına daha geniş imkan yaradacaqdır.

Səriyyə SALAHOVA
“Arazın səsi” qəzetinin məsul katibi

 

ARXİV

Oktyabr 2021
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR