25 Oktyabr 2021, Bazar ertəsi

Dövlət proqramı icra olunur

İnsanın ruhuna hüzur bəxş edən, gözoxşayan, ruhu dinləndirən yaşıllıq insan həyatının neməti, sərvətidir. Tanrının insanlara bəxş etdiyi bu neməti sərvətə çevirmək insanın öz əlindədir. Çünki təbiəti nizama salan, daha füsunkar, daha abad və ecazkar edən elə insanın özüdür. Bu mənada, təbiəti qorumaq daim diqqət mərkəzində olan vacib bir məsələdir. 

  Yaşıllıq sahələrinin genişləndirilməsi muxtar respublikamızda əldə olunan ən mühüm uğurlardandır. Hətta bu uğurumuz beynəlxalq qurumlar tərəfindən də nümunə göstərilir. İndi başdan-başa yaşıllıqlarla əhatə olunan diyarımızın ötən əsrin sonlarındakı mənzərəsini gözlər önündə canlandırdıqda bu sahədə əldə olunan nailiyyətləri daha əminliklə görə bilərik. O, həmin dövrlər idi ki, ağacların məhv edilməsi, kəsilib doğranması gündəmin ən aktual mövzusu idi. Lakin bu gün ana Vətənimizin yaşıl örpəyinin qorunması məqsədilə qəbul edilən Dövlət proqramlarının icrası, reallaşdırılan yaşıllaşdırma tədbirləri öz nəticəsini verib. Bir zamanlar təbiətin yaşıl simasını dəyişərək səhraya çevirənlər anladılar ki, bizdən səxavətini əsirgəməyən ana təbiətin sonsuz nemətlərindən istifadə ediriksə, deməli, ona qənim kəsilməməliyik. Ötən əsrin 70-ci illərində ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə başlanılan ümumxalq işi nəticəsində doğma diyarımızın siması başdan-başa dəyişib. Təkcə bir faktı nəzərə çatdıraq ki, 1995-ci ildə muxtar respublika ərazisinin cəmi 0,6 faizi yaşıl örtüyə bürünmüşdürsə, hazırda bu rəqəm 20 faizi ötüb.

Təkcə cari ilin ötən dövründə Naxçıvan Yaşıllaşdırma Xidməti publik hüquqi şəxsi tərəfindən 2110 müxtəlif meşə, 4 min 670 meyvə, 1642 həmişəyaşıl ağac, 12 min 724 gül kolu və 140 ədəd dekorativ kol əkilərək muxtar respublikamızın gözəlliyinə gözəllik qatıb. Bundan əlavə, qeyd olunan dövrdə 6 hektar ərazidə yeni meyvə bağları salınıb və 11 hektar ərazidə meşə ağaclarına qulluq göstərilib və ya yeni ağaclar əkilib. Bir hektar ərazidə 1120 ədəd üzüm kolu əkilib.
Təbiətin mühafizəsi, hər şeydən əvvəl, ekoloji mədəniyyətdən keçir. Ağac əkmək, yaşıllıqlar salmaq insan həyatı üçün nə dərəcədə əhəmiyyətlidirsə, bu zənginlikləri qoruyub saxlamaq da bir o qədər vacib amildir. Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər aidiyyəti qurumlar tərəfindən mütəmadi olaraq yaşayış məntəqələrində ekoloji-hüquqi maarifləndirmə tədbirləri həyata keçirilir, təbiəti mühafizənin əhəmiyyəti, bu sahədə hüquqpozmalara görə tətbiq olunan inzibati cərimələr insanların diqqətinə çatdırılır, onlara maarifləndirici bukletlər təqdim edilir. Bütün bunlar isə hər il ötdükcə öz bəhrəsini daha da artıqlaması ilə verir. Artıq cəmiyyətimizdə təbiətə xələl gətirən, ağacları kəsib qurudan nəsil deyil, təbiətə həssas münasibətilə seçilən, yaşıllıqları artıran ekoloji könüllü gənclər yetişib formalaşır.

Başqa sözlə, muxtar respublikamızda son illər geniş vüsət alan yaşıllaşdırma siyasətinə xidmət edən insanların əməyi bu diyarı cənnətməkana çevirib. Həyata keçirilən yaşıllaşdırma tədbirlərinin nəticəsidir ki, bu gün muxtar respublikada bu tədbirlər zamanı meyvə tinglərinin əkilməsinə daha çox diqqət yetirilir. “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı” da bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Proqram çərçivəsində əkinçilik üçün yararlı olmayan torpaq sahələrində yeni meyvə bağlarının salınması muxtar respublikanın yaşıl örtüyünü zənginləşdirməklə yanaşı, həm də əhalinin tələbatının ödənilməsi üçün geniş imkanlar açır. Hər il bu meyvə bağlarından tonlarla məhsul yığılır.
Meyvə bağlarında yüksək məhsuldarlığa nail olunması üçün vaxtında və lazımi aqrotexniki tədbirlərin həyata keçirilməsi ilə yanaşı, torpaq və iqlim şəraitinin də nəzərə alınması mühüm şərtlərdən biridir. Bu işlərin icrası istiqamətində muxtar respublikanın torpaq-iqlim şəraitinə uyğunlaşmış, yüksək məhsuldarlığa malik 372 meyvə sortunun genetik fondu toplanıb. Həmin sortların çoxaldılaraq torpaq mülkiyyətçilərinə paylanması və yeni bağların salınması ilə əlaqədar işlər davam etdirilir.
Hazırda bu işlərə mühüm töhfə verən bir çox toxumçuluq və tingçilik təsərrüfatları fəaliyyət göstərir. Naxçıvan Yaşıllaşdırma Xidmətinin nəzdində fəaliyyət göstərən 6 saylı Tingçilik Sahəsi də belə təsərrüfatlardandır. Təsərrüfatın fəaliyyəti ilə yaxından tanış olmaq üçün həmin sahəyə yollandıq. Sahənin rəisi Elməddin Səmədovla söhbət zamanı öyrəndik ki, ərazisi 4 hektar olan sahədə bu ilin ötən dövründə 81 min müxtəlif meyvə tingi, gül və bəzək kolları yetişdirilib. Burada əsasən, mövsümi və çoxillik gül şitilləri becərilir. Qar gülü, zanbaq, karikoza, qızılgül və müxtəlif meyvə tingləri xüsusiyyətlərinə uyğun olaraq torpaqda, eləcə də dibçəklərdə yetişdirilir. Sahədə ərik, alma, alça, şaftalı, heyva, badam və yerli şəraitə uyğun digər məhsuldar meyvə tingləri və həmişəyaşıl ağaclar toxumla çoxaldılır. Ərazidə qələmlə çoxaldılan istiot ağacı da diqqətimizi cəlb edir.

Elməddin Səmədov deyir ki, burada yaradılmış 8 istixana və 4 binada işçilər üçün hər bir şəraitlə təmin olunmuş iş otaqları yerləşir. Əsas binada gül-bəzək kollarının və meyvə tinglərinin yetişdirilməsi ilə məşğul olunan “İqlim otağı” fəaliyyət göstərir. Otaqda 108 rəf quraşdırılıb. Buradakı şərait toxum vasitəsilə 11 min 664, şitil və ya qələm vasitəsilə 4536 ədəd olmaqla, il ərzində 105 min müxtəlif növ ağac, gül və bəzək bitkiləri yetişdirməyə imkan verir. Otaq təbii hava şəraitindən tamamilə təcrid olunub, avtomatlaşdırılmış işıqlandırma, suvarma, havalandırma, isitmə və nəmləndirmə sistemləri ilə təchiz edilib. Buradakı süni iqlim şəraiti istənilən növ bitkini yetişdirməyə və digər növ istixanalarla müqayisədə bitki yetişdirilməsi sahəsindəki məhsuldarlığı bir neçə dəfə artırmağa imkan verir. “İqlim otağı”nda yetişdirilən bitkilər təbii şəraitə uyğunlaşdırılmaq üçün daha sonra müvəqqəti saxlanma anbarına verilir və satışa çıxarılır. Elməddin Səmədov ərazidə gübrə və digər vasitələrin saxlanması üçün anbar yaradıldığını, bütün binaların istilik, elektrik və su sistemləri ilə təchiz olunduğunu da diqqətimizə çatdırdı.
Qeyd edək ki, müasir avadanlıqlarla təmin olunmuş “İqlim otağı”nda tinglər və gül kolları açıq havaya nisbətən daha tez böyüyür. Nəticədə isə yerli şəraitə uyğun meyvələrin genofondu qorunmaqla yanaşı, həm də daha sağlam tinglər əldə olunur. Burada yetişdirilən ağac tingləri və gül kolları cənnətməkan Naxçıvanın təbiətini daha da gözəlləşdirməyə imkan verir.
Bütün bunların nəticəsidir ki, muxtar respublikamızın yaşayış məntəqələri müasirliyi ilə yanaşı, yaşıllığı ilə də diqqəti cəlb edir. Müasir və yaraşıqlı binalarla yanaşı, onların ətrafında salınan yaşıllıq sahələri, gülkarlıqlar, yol kənarlarında boy-boya verən meyvə ağacları doğma diyarımızın hüsnünə ayrıca bir gözəllik bəxş edir. Bu sahədə əməyi olanların zəhmətini yüksək qiymətləndirir, hər kəsi diyarımızın yaşıllıqlarını qoruyub saxlamağa, onların sahəsini daha da genişləndirməyə xidmət edən xeyirxah əməllərdə fəal iştirak etməyə dəvət edirik.

Gülcamal TAHİROVA

 

 

 

 

ARXİV

Oktyabr 2021
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR