17 Oktyabr 2021, Bazar

Müasirləşən kəndlərimiz

Təbiətlə bağlı material hazırlamaq üçün şəhərdən dağ kəndlərimizə yolum düşəndə özümü cəmi bir neçə kilometr aralıdakı başqa bir yurd yerinə gedirmiş kimi deyil, tamamilə ayrı bir aləmə düşmüş kimi hiss edirəm.

 

Çünki kənd bambaşqa aləmdir. Belə yaşayış ünvanlarında təbiət insanın ən böyük həmdəmi, ilham mənbəyidir. Bizi əhatə edən ətraf aləm gözəl təbiət mənzərələri ilə zəngindir. Adi bir su şırıltısı, yarpaqların xəfif titrəyişi, qarışıq fikir və düşüncələrimizi alıb götürən həzin meh bizi xəyallar aləminə aparır. İnsan bir anlıq bu əsrarəngiz aləm qarşısında heyrətini gizlədə bilmir. Şair qələmi, rəssam fırçası acizdir bunları vəsf etmək üçün...
Yolumuz belə yaşayış məntəqələrindən birinə – Culfa rayonunun Ləkətağ kəndinədir. Bir neçə dəfə olmuşam orada. Yolboyu ətrafı seyr edirəm. Cəmi bir saata qədərlik yolda pəncərədən çöldəki təbiət dəfələrlə rəngini dəyişir. Yeri gəlmişkən, onu da deyim ki, uzun illər əvvəl Ləkətağa gediş-gəliş çox çətin olub. Buna da səbəb ucqar dağ kəndinin yollarının bərbad vəziyyəti idi. Ancaq muxtar respublikada kompleks quruculuq tədbirlərinə başlandıqdan sonra Ləkətağa gedən yol da əsaslı surətdə yenidən quruldu.
Həmin yolla irəlilədikcə hər rəng bir yeni ovqat, yeni düşüncələr, yeni təəssüratlar gətirir özüylə. Yenicə biçilmiş taxıl sahələrini, yol boyunca uzanan yaşıllıqları gördükcə gözün bayram edir, sanki. Qış yuxusuna yatan təbiətin bahar oyanışı kimi dirçəlirsən. Ləkətağ kəndinə az qalmış isə təbiət bütün gözəlliyi, füsunkarlığı, cazibədarlığı ilə səni salamlayır elə bil. Yamyaşıl, sıx ağaclar, bol oksigen canına can qatır, sanki gümrahlaşırsan.
Gedəcəyimiz ünvana yaxınlaşdıqca havadan gələn sərin meh ovqatımıza daha da xoş əhvali-ruhiyyə gətirir. Uzaqdan möhtəşəmlik mücəssəməsi olan Göydağ görünür. Kəndə bir əzəmət bəxş edən dağın yamacları yaşıl xalını xatırladır, bu mənzərə insan qəlbinə bir təravət bəxş edir. Bizi xüsusi mehribanlıq və qonaqpərvərliyi ilə qarşılayan Arzuman müəllim insanın əhvalını yüksəldən kəndin gözəllikləri ilə bizi tanış edir. Deyir ki, “Dədə Qorqud” filmində torpaq haqqında deyilən söz hər birimizin qulağında sırğa olmalıdır: “Torpağın Vətən olması üçün iki əsas şərt var: biri odur ki, gərək onu qoruyasan, ikincisi isə torpağı gərək əkib-becərəsən. Əgər qoruya bilmirsənsə, əkib-becərməyə, əkib-becərmirsənsə, qorumağa dəyməz”. Artıq aforizmə çevrilmiş bu fikir ləkətağlılar üçün də yazılmamış qanuna çevrilib. Əkirlər, becərirlər, gün-güzəranlarını yaxşılaşdırırlar, daxili bazara töhfələrini verirlər.
Kəndin torpaqları çox münbitdir. Ləkətağlılar bu qiymətli sərvətin hər qarışından səmərəli istifadə etməyi bacarırlar. Hər daşında, kəsəyində, gülündə, çiçəyində bir tarix yatan bu füsunkar yer insanı elə ilk dəqiqələrdən öz sehrinə salmağı bacarır. “Həm ziyarət, həm ticarət”, – deyib getdiyimiz yerlərdə gəzmək, istirahət etməklə kifayətlənməyib, həm də bu kəndin dadlı meyvələrindən alırıq. Onu deyim ki, ilin bu çağında kənddə böyükdən-kiçiyə hamı üçün iş var. Çölə, tarlaya, adətən, ailəliklə çıxırlar, yetişdirdikləri məhsulu birlikdə yığırlar. Beləcə, yayın qızmar günlərində kəndlinin əli işdən-gücdən soyumur. Əksinə, əkib-becərdiyinin bəhrəsini gördükcə sevinir, tarlanın, bağ-bostanın məhsulunu tez və itkisiz toplamağa çalışır, yorulmaq bilmir. Mal-qarası olanlar ot tədarükünə önəm verirlər. Kişilər ot tayaları qurur, qışın qayğısına qalırlar. Çöl-çəməndə otlayan mal-qaranın südü bu fəsildə daha keyfiyyətli olduğu üçün qadınlar fürsəti əldən vermir, ondan cürbəcür məhsullar hazırlayırlar. Beləliklə, həm ailə­lərini ekoloji cəhətdən təmiz ağartı məhsulu ilə təmin edir, həm də satışa təbii ərzaq məhsulu hazırlayırlar. Yaşlılar da evdə duruş gətirə bilmirlər. Şirin-şirin söhbətləşə-söhbətləşə bağ-bostandan yığılan mer-meyvəni həyətlərə daşıyırlar.
Yay günlərində qızlar çöldə işləyən ata-analarına evdən sinidə, boğçada yemək gətirirlər. Yerdən bir çəngə ot qaldıran balaca oğlanlar da bunu hünər sayıb böyüklərə kömək etdikləri üçün qürrələnirlər.
Belə günlərdə kənardakı ağacların kölgəsində, yaşıl otların üstündə oturub dincəlməyin, yaxınlıqdakı göldə, çayda çimib sərinləməyin də öz ləzzəti var...
Həftəsonları Ləkətağ və ona yaxın ətraf kəndlərdə Əlincə çayı boyu onlarla şəhər sakininin istirahət etdiyini görmək olar. Sərin havası və əsrarəngiz təbiəti bu yerləri turizm məkanı kimi də tanıdıb. Elə bil təbiət də öz gözəlliklərini bu yerlərə bəxş edərkən xəsislik etməyib, səxavətlə davranıb. Əlincə çayı, sıra dağlar, bumbuz bulaqlar, kiçik göllərin yaratdığı fərqli mənzərələr buraya ayaq basan insanları, sözün həqiqi mənasında, heyran edir. Qonaqları heyran qoyan təkcə səfalı təbiəti, gözoxşayan gözəlliyi, təmiz və sərin havası deyil, həm də bu yerlərin quruculuq ərməğanlarıdır. Ləkətağda da müasir üslubda tikilmiş bir-birindən yaraşıqlı sosial obyektləri, kənddaxili yolları, fərdi yaşayış evlərini seyr etdikcə müasirliklə qədimliyin vəhdətini görürsən. Yeri gəlmişkən, onu da qeyd edək ki, burada fəaliyyəti ilə yaxından tanış olduğum kənd və xidmət mərkəzlərində, təhsil ocağında yurda bağlılıq, tikilənlərə, qurulanlara minnətdarlıq hissləri duydum. Yaxınlarda isə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 31 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı”nın icrası ilə bağlı kənddə “Ləkətağ kənd yaşıl turizm” istirahət sahəsinin yaradılması ilə bağlı tədbirlərə başlanılıb. Onu da qeyd edək ki, kənddəki eyniadlı körpünün təmiri də başa çatdırılıb.

Ləkətağlılar bunları kənd sakinlərinə qayğı kimi dəyərləndirdilər. Məktəbdə eşitdiklərimdən aldığım təəssürat da yüksək oldu: tam orta təhsilini başa vurmuş 6 məzunun hər biri ali məktəblərə qəbul imtahanlarında yüksək nəticələr qazanıb.
Bu yerləri bir az da maraqlı edən Ləkətağ kəndinə çatmamış, Ərəfsə kəndində, iki çayın birləşdiyi ərazidə, yolun sol tərəfindəki təpənin üzərində yerləşən Ərəfsə piridir. Ziyarətgah haqqında müxtəlif mülahizələr vardır. Burada üç ərəbin dəfn edilməsi söylənilir. Pirin həyətində bərpa edilmiş bulaq daşı üzərində Seyid Hüseyn pirinə ərməğan olunduğu qeyd edilib. Pirin otaqlarının birində olan üç qəbirdən başqa, həyətdə də üç qəbir vardır. Ərəfsə piri haqqında “Naxçıvan Abidələri Ensiklopediyası”nda oxuyuruq: “Culfa rayonunun Ərəfsə kəndində orta əsrlərə aid ziyarətgah. İki böyük otağı, cənub və şərq tərəfə eyvanları var. Əsas ziyarət obyekti nisbətən böyük ölçüyə malik mərkəzi otaqdakı qəbirdir. Pirin adı kəndin adından götürülərək qədim sak türklərinin adı ilə bağlıdır. Pirin yerində Xanəgah olması barədə mülahizələr mövcuddur”.
Bizim eradan əvvəl VIII-VII əsrlərə aid edilən qədim Ərəfsə piri kənd sakinlərinin söylədiklərinə görə, möcüzələrlə dolu bir ziyarətgahdır. Kəndin yaşlı sakinləri pirdə daşyapışdırma, daşqaldırma kimi inanc formalarının indi də yaşadıldığını söyləyirlər. Pirin eyvanında böyük niyyət daşı var. Daşın yapışması, eyni zamanda qaldırılan daşın insana yüngül gəlməsi inancı xalq arasında duaların qəbul edildiyi fikrinin yayılmasına səbəb olub. Bu gün həm Ərəfsədən, həm də qonşu kəndlərdən piri ziyarət edənlər çox olur.
... Ləkətağ kəndi, onun insanları, insanların məşğuliyyət sahələri, zəngin və gözəl təbiəti haqqındakı yazımızı bir qədər də genişləndirə bilərik. Bunun üçün Ləkətağda həmsöhbət olduğumuz insanların öz dədə-baba yurd yerlərinin keçmişi, bugünkü inkişafı ilə bağlı söylədikləri kifayət edər. Ancaq unutmayaq ki, min eşitməkdənsə, bir görmək daha faydalıdır... Həm görmək, həm də istirahət və təbiəti seyr etmək üçün.

Alim AĞAYEV

ARXİV

Oktyabr 2021
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR