Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi 2021-ci ilin iyul ayında da fəaliyyətini nazirliyin illik iş planının və Dövlət proqramlarının icrası istiqamətində həyata keçirmişdir. Nazirliyin əməkdaşları tərəfindən muxtar respublikada taxıl biçininin qısa müddətdə başa çatdırılması, biçin zamanı baş verə biləcək fəsadların tez bir vaxtda aradan qaldırılması barədə sahibkarlara və ailə təsərrüfatı üzvlərinə maarifləndirici məsləhətlər verilmişdir. Ötən ay meyvə və üzüm bağlarında, bostan-tərəvəz sahələrində xəstəlik və zərərvericilərə qarşı mübarizə tədbirlərinin aparılması istiqamətində maarifləndirmə tədbirləri davam etdirilmiş, iqtisadi cəhətdən səmərəli olan tütün bitkisinin aqrotexniki qaydalara uyğun becərilməsi istiqamətində təsərrüfat sahibləri ilə görüşlər keçirilmişdir.


Ötən ay meyvə bağları və üzümlüklərdə zərərverici və xəstəliklərə qarşı mübarizə ilə bağlı 20, təkrar əkinlərin aparılmasında əlverişli üsullarla bağlı 17 nəfər nazirliyə müraciət etmiş, onlara lazımi tövsiyələr verilməklə əməli köməkliklər göstərilmişdir.
“Araz” Elm-İstehsalat Birliyinin Aqrokimya, torpaqşünaslıq və torpaqların kütləvi analizləri şöbəsinin əməkdaşları “Bərəkət Toxumçuluq” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim olunan 20 torpaq nümunələrini analiz edərək tərkibindəki qida maddələrinin miqdarı barədə nəticə aktını təqdim etmişlər. Birliyin bitki sortlarının seleksiyası, sınağı, mühafizəsi və toxumçuluq şöbəsi tərəfindən 56 payızlıq buğda sortu üzərində tədqiqat, seleksiya və seçmə işləri başa çatdırılmışdır.
Toxumçuluq və Bitkilərin Mühafizəsi İdarəsinin mütəxəssisləri ziyanvericilərin aşkarlanması üçün muxtar respublikanın bir sıra ətraf ərazilərində olmuş, müşahidələr aparmış, mübarizə tədbirlərinin aparılması barədə icra nümayəndələrinin, ailə təsərrüfatı rəhbərlərinin və fermerlərin iştirakı ilə maarifləndirici tədbirlər keçirmişlər.
Heyvandarlıqda mal-qaranın inkişaf etdirilməsi, onlara zoobaytar qaydalara uyğun qulluq edilməsi və cins tərkibinin yaxşılaşdırılması, yaylaqlardan səmərəli istifadə edilməsi istiqamətində maarifləndirmə tədbirləri davam etdirilmiş, arı ailələrinin mərhələli şəkildə köçürülməsi və xəstəliklərinə qarşı profilaktik tədbirlərin aparılması məqsədilə arıçılarla görüşlər keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti