17 Oktyabr 2021, Bazar

Müasir dövrdə günü-gündən yeniləşən Azərbaycanımızın Naxçıvan Muxtar Respublikası özünün hazırkı sürətli inkişaf dövründə ötən hər ili sosial-iqtisadi həyatda əldə olunan mühüm nailiyyətlərlə başa vurur. Bu illərdə uğurla həyata keçirilən regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları əsasında muxtar respublikanın sosial-iqtisadi strategiyasına uyğun olaraq bir sıra mühüm qərarlar qəbul edilmiş, müsbət nəticələr  əldə olunmuşdur. Qeyd edək ki, ölkədə əhalinin etibarlı ərzaq təminatı sosial dayanıqlığın, iqtisadi sabitliyin və hərbi gücün başlıca meyarıdır. Bu baxımdan  muxtar respublikada əhalinin ərzaqla təmin olunmasına xüsusi diqqət yetirilir. 

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 8 fevral tarixli Sərəncamı ilə təsdiq etdiyi və icrası uğurla başa çatan “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nda bölgədə 46,2 min ton meyvə, 20 min ton üzüm istehsal olunması planlaşdırılmış və həyata keçirilmişdir. Hazırda “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nda bu məqsədə nail olunması üçün intensiv texnologiya ilə becərilən yeni meyvə, tərəvəz və üzüm sahələrinin yaradılması, unudulmuş aborigen sortların bərpası, yüksəkkeyfiyyətli və məhsuldar yerli sortlardan ibarət yeni bağların salınması, intensiv texnologiyaya əsaslanan perspektivli sortların introduksiya edilməsi, əkin sahələrinin genişləndirilməsi və artımına nail olunması, yabanı meyvə-tərəvəz bitkilərindən istifadə imkanlarının müəyyənləşdirilməsi, əkin sahələrini gübrələrlə, xəstəliklərə və ziyanvericilərə qarşı mübarizəsi üçün kimyəvi preparatlarla dolğun təmin edilməsi, mövsümlərarası dövrlərdə əhalinin fasiləsiz meyvə-tərəvəz və üzüm məhsulları ilə təmin edilməsi üçün anbar şəbəkələrinin və saxlama soyuducu kameraların yaradılması, daxili bazarın qorunması, meyvə-tərəvəz məhsullarının tədricən idxalının azaldılması və ixracının təşkili, yeni müasir istehsal müəssisələrinin yaradılması kimi mühüm tədbirlərin həyata keçirilməsi planlaşdırılmış və icra edilməkdədir.

Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə müvafiq Dövlət proqramları bölgədə aqrar siyasətin hazırkı dövrdə əhalinin artan tələbatına uyğun olaraq meyvəçiliyin və tərəvəzçiliyin davamlı inkişafı üçün qəbul edilmiş mühüm dövlət sənədi olmaqla, qarşıya mühüm vəzifələr qoyur.
Uzun illərdir ki, AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunda muxtar respublikada meyvəçiliyin, tərəvəzçiliyin və üzümçülüyün öyrənilməsi, tətbiqyönümlü sortların müəyyənləşdirilməsi, istehsalata yönəldilməsi istiqamətində elmi-tədqiqat işləri aparılmaqdadır. Aparılan tədqiqatlar nəticəsundə məlum olmuşdur ki, muxtar respublikada 200-dən çox meyvə sortu, 150-dən çox sort və formalardan ibarət üzümün zəngin genofondu mövcuddur. Mövcud meyvə və üzüm genofondundan səmərəli istifadə olunması muxtar respublika əhalisini yerli məhsullar hesabına tumlu, çəyirdəkli meyvə sortları və üzüm məhsulları ilə dolğun təmin edilməsinə, hətta ixracına şərait yaradır.
Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin beşinci sessiyasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Muxtar respublikada yaradılan şərait elmin inkişafına və istehsalatda tətbiqinə geniş imkanlar açır. Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi elmi tədqiqatların səmərəliliyinə diqqəti artırmalı, gənc tədqiqatçıların hazırlanması və elmin istehsalatda tətbiqi ilə bağlı konkret təkliflər verməlidir”.
Bu mühüm vəzifələrin layiqincə həyata keçirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin inkişaf strategiyasına uyğun olaraq aşağıdakı praktik tədbirlərin daha genişmiqyasda həyata keçirilməsi nəzərdə tutulur:
- Muxtar respublikada meyvə genofondunun qorunması, öyrənilməsi, meyvəçiliyin genişləndirilməsinin elmi-praktik əsaslarının hazırlanması;
- Meyvəçilik üzrə fermer təsərrüfatlarının müasir elmi əsaslarla təşkili, meyvəçi–aqronom kadrların bu işlərə cəlb edilməsi, aqronomların peşə hazırlıqlarının mütəmadi olaraq yenilənməsi üçün aqronomluq ixtisasartırma kurslarına cəlb olunmasının təşkili;
- Meyvəçilik üzrə ixtisaslaşdırılmış tinglik təsərrüfatlarının yaradılması, tətbiqyönümlü meyvə sortlarının əkin dövriyyəsinə daxil edilməsi;
- Dağlıq, dağətəyi və Arazboyu düzənlik ərazilərdə landşafa uyğun iqtisadi əhəmiyyətli və tətbiqyönümlü tumlu və çəyirdəkli meyvə sortlarının müəyyənləşdirilməsi, mövcud bağların qaydaya salınması, əkinəyararsız boş torpaq sahələrinin əkin dövriyyəsinə daxil edilməsi və yeni bağların salınması;
- Meyvəçiliyin intensiv əsaslarla inkişafı üçün sənaye əhəmiyyətli yeni sortların introduksiyası;
- Meyvəçilik üzrə ailə təsərrüfatı və fermer təsərrüfatlarının yaradılmasının genişləndirilməsi, inkişaf etdirilməsi, satış bazarlarına daha çox təzə yerli meyvə məhsullarının çıxarılmasında dövlət dəstəyinin artırılması, əhalinin yerli meyvə məhsulları ilə dolğun təminatının yaxşılaşdırılması;
- Meyvəçilik üzrə innovativ texnologiyaya əsaslanan ilkin emal müəssisələrinin yaradılması, müxtəlif çeşidli konservləşdirilmiş məhsulların istehsalının artırılması və ixrac məhsullarının genişləndirilməsi;
- İstehsal olunmuş ekoloji təmiz meyvə məhsullarının itkisiz toplanılması, qurudulmuş meyvə istehsalının təşkili və genişləndirilməsi;
- Meyvə bağlarının suvarma şəbəkələrinin yaxşılaşdırılması və genişləndirilməsi, yerli rəqabət əsasında pərakəndə satışının təşkili və maliyyə-kredit problemlərinin həlli üçün dövlət dəstəyinin artırılması;
- Meyvəçilik üzrə rəqabətədavamlı ayrı-ayrı çeşidli məhsulların hazırlanması, reklamların təşkili, yerli bazara satışa çıxarılması və xaricə ixrac edilməsi üçün müasir texnologiya əsasında sənaye müəssisələrinin yaradılması;
Son vaxtlar muxtar respublikada üzümçülüyün genişləndirilməsinə dövlət qayğısı artmaqdadır. Bölgədə yerli üzüm sortlarının əkin sahələrinin genişləndirilməsi, torpaq və iqlim şəraitinə uyğun yeni plantasiyaların salınmasında yararsız torpaqların əkin dövriyyəsinə daxil edilməsi, üzümçülük və şərabçılığın inkişafı ön plana çəkilib.
Buna uyğun olaraq Bioresurslar İnstitutunun Meyvə-tərəvəz və üzümçülük laboratoriyasında elmi nailiyyətlərin istehsalata tətbiq olunması istiqamətində məqsədyönlü elmi-tədqiqat işləri yerinə yetirilmişdir. Nəticədə, 150-dən çox yerli üzüm sortlarının biomorfoloji xüsusiyyətləri öyrənilmiş, rentabelliyi yüksək olan tətbiqyönümlü sortlar müəyyənləşdirilmiş, iqtisadi səmərəliliyi qiymətləndirilmişdir. Seleksiya yolu ilə çoxlu sayda yeni sort və formalar əldə olunmuşdur. Çoxillik məqsədyönlü elmi-tədqiqat işləri nəticəsində yaradılmış tətbiqyönümlü 8 yeni üzüm sortu 2020 -2021-ci illərdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Azərbaycan Respublikası ərazisində kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadəsinə icazə verilmiş və mühafizə olunan seleksiya nailiyyətlərinin dövlət reyestrində daxil edilməklə patent və müəlliflik şəhadətnaməsi verilmişdir. Artıq iqtisadi səmərəliliyi və yüksək rentabelliliyi ilə qiymətləndirilən “Naxçıvan muskatı”, “Əlincə”, “Oğuz üzümü”, “Qəhvəyi kişmişi”, “Milax üzümü”, “Bənəniyar üzümü”, “Nərgizi”, “Bayançirə süfrə” adlı yeni üzüm sortlarının Azərbaucan Respublikasının əsas üzümçülük bölgələrində rəsmi olaraq əkilib becərilməsinə və yayılmasına başlanılmışdır.
Ölkə Prezidenti cənab İlham Əliyev Naxçıvan Muxtar Respublikasında növbəti səfər zamanı demişdir: “Muxtar respublika hərtərəfli inkişaf edir və bu gün Naxçıvan ölkəmizin ən inkişaf etmiş bölgələrindən biridir. Əminəm ki, Naxçıvan bu liderliyi bundan sonra da saxlayacaqdır”.

Bu baxımdan digər sahələrdə olduğu kimi, AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun Meyvə-tərəvəz və üzümçülük laboratoriyasının əməkdaşları da altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin beşinci sessiyasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun çıxışından irəli gələn tələbləri layiqincə yerinə yetirəcək, elmi nəticələrin istehsalata daha da geniş tətbiq olunmasına çalışacaqlar.

Varis QULİYEV
AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun
Meyvə-tərəvəz və üzümçülük laboratoriyasının rəhbəri, aqrar elmlər doktoru

ARXİV

Oktyabr 2021
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR