17 Oktyabr 2021, Bazar

 

 

 

Naxçıvanda kənd təsərrüfatının əsas qollarından biri olan taxılçılıq sahəsində son illər mühüm nailiyyətlər əldə olunub. Dövlət tərəfindən torpaq mülkiyyətçilərinə taxıl əkininə görə subsidiyaların və gübrələrin verilməsi, texnika və texnoloji avadanlıqların lizinq yolu ilə sahibkarlara satılması, mütərəqqi suvarma metodlarından istifadə, uzun illər əkilməyən torpaq sahələrinin yenidən əkin dövriyyəsinə daxil edilməsi təsərrüfatçıların əkinçiliyə marağını daha da artırıb.


Qeyd edək ki, təkcə Babək rayonunda bu il 2020-ci ilin payızlıq taxıl əkininə görə 1946 nəfər istehlakçıya 585 min 538 manat məbləğində subsidiya, 2 milyon 428 min 178 kiloqram azot, 112 min 227 kiloqram isə fosfor gübrəsi verilib. Cari ilin birinci yarısında “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə güzəştli şərtlərlə dövlət tərəfindən sahibkarlara 37 texnika və texnoloji avadanlıq lizinq yolu ilə satılıb. Məlumat üçün bildirək ki, taxıl biçinində 34 kombayndan istifadə edilib. Bundan başqa, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin yerli qurumu tərəfindən rayon ərazisində biçilmiş taxıl sahələrində yanğın təhlükəsizliyinin etibarlı təmin edilməsi və biçin zamanı yanğınların baş verməsinin qarşısının alınması məqsədilə zəruri tədbirlər həyata keçirilib. Dövlət dəstəyi alan sahibkarlar hər il əkin sahələrini genişləndirirlər. Artıq on minlərlə torpaq sahəsində əkin işləri aparılır və tonlarla məhsul tədarük edilir. Belə ki, 2021- ci ilin məhsulu üçün rayonda 16 min 172 hektar sahədə əkin aparılıb. Taxılçılıq üstün istiqamət kimi saxlanılaraq cari ilin məhsulu üçün 10 min 823 hektar sahədə taxıl əkilmişdi ki, bunun da 10 min 603 hektarı payızlıq, 220 hektarı isə yazlıq taxıl idi. Taxıl zəmilərinin 6973 hektarında buğda, 3850 hektarında isə arpa əkilmişdi. Əkilən sahələrdən 11 min 594 ton arpa, 21 min 846 ton buğda toplanmışdır.
Qeyd edək ki, bu ildən etibarən Ali Məclis Sədrinin tapşırığına əsasən buğdanın hər kiloqramı 45, arpa və qarğıdalının isə hər kiloqramı 40 qəpikdən qəbul edilərək dəyəri yerində ödənilir. Uzun illər blokada şəraitində yaşayıb, çörəklə sınağa çəkilən muxtar respublika bu gün daxili istehsal hesabına ərzaq ehtiyacını təmin edir, bununla yanaşı, ixrac potensialını genişləndirir. Ərzaq ehtiyacının əsasını təşkil edən un və un məhsullarının təminatı üçün taxıl əkini ildən-ilə genişləndirilir.


Nərminə SEYİDZADƏ

 

 

 

ARXİV

Oktyabr 2021
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR