17 Oktyabr 2021, Bazar

Dövlət proqramı icra olunur


Naxçıvan Muxtar Respublikasında müasir dövrün çağırışlarına uyğun iqtisadi sistemin formalaşdırılması əsas inkişaf istiqamətlərindən birini təşkil edir. Rəqəmsal ödəniş xidmətlərinin əhatə dairəsinin genişləndirilməsi məqsədilə həyata keçirilən tədbirlər əhalinin, sahibkarların və dövlət qurumlarının gündəlik fəaliyyətinin asanlaşdırılmasına şərait yaradır. Yeni innovativ ödəmə sistemlərinin tətbiqi maliyyə sabitliyinin təmin olunması sahəsində görülən işlərin səmərəsini artırır.

 

Muxtar respublikamızda nağdsız hesablaşmaların genişləndirilməsində icrası uğurla həyata keçirilən plan və proqramların xüsusi əhəmiyyəti vardır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 9 avqust tarixli Sərəncamı ilə təsdiq edilən “2019-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında rəqəmsal ödəniş xidmətlərinin tətbiqinin və nağdsız hesablaşmaların genişləndirilməsi üzrə Proqram”ın icrası istiqamətində görülən işlər də bunu bir daha təsdiq edir.
Hazırda icrası davam edən proqramın məqsədi isə əhali, biznes subyektləri və dövlət strukturları arasında nağdsız ödəniş imkanlarının daha da genişləndirilməsi və mövcud infrastrukturun təkmilləşdirilməsi ilə əlaqədar tədbirlərin həyata keçirilməsindən ibarətdir. Naxçıvanda bu istiqamətdə tədbirlər ikinci rübdə davam etdirilmiş, banklar tərəfindən ticarət, iaşə və digər xidmət obyektlərində 91 təmassız ödəniş etməyə imkan verən POS-terminal quraşdırılmışdır. Həmçinin bu dövrdə əhalinin daha çox üz tutduğu ərazilərdə 2 çoxfunksiyalı ödəniş terminalının quraşdırılması təmin olunmuşdur. Nəticə etibarilə, ikinci rübün sonuna muxtar respublikada POS-terminalların sayı 802-si təmassız ödəniş imkanlı olmaqla, 1467-yə, bankomatların sayı 115-ə, ödəniş terminallarının sayı isə 97-yə çatdırılmışdır. Hava nəqliyyatında ödəniş texnologiyalarından istifadə davam etdirilmiş, ikinci rübdə muxtar respublikada fəaliyyət göstərən aviakassalarda mövcud olan 10 POS-terminal vasitəsilə 210 min 508 manat həcmində nağdsız bilet satışı həyata keçirilmişdir. Görülən işlər təhlükəsiz və effektiv ödəniş imkanlarının artırılmasına səbəb olmuşdur.
Proqramda nəzərdə tutulan tədbirlərin faydalılığını xarakterizə edən cəhətlərdən biri bank sektorunda ödəniş prosesinin asanlaşdırılmasıdır. Ödəniş terminallarından istifadənin rahatlığı və təhlükəsizliyi, eləcə də vaxt itkisinin minimuma endirilməsi kredit müştərilərinin bu terminallardan istifadəsini stimullaşdıran amillərdir. İkinci rübdə muxtar respublikada 22 milyon 670 min 319 manat həcmində kredit ödənişi banka getmədən ödəniş terminalları vasitəsilə gerçəkləşdirilmişdir. Bu dövrdə məsafəli bank xidmətlərindən istifadə davam etdirilmiş, 2 min 134 onlayn kart sifarişi həyata keçirilmişdir.
Proqramın icrası biznes subyektləri və dövlət strukturları arasında nağdsız ödəniş mühitinin genişlənməsinə şərait yaradır. Özəl sektorda işçilərə əməkhaqqı verilərkən ödəniş kartlarından istifadə olunması rəqəmsal ödəniş xidmətlərindən istifadənin geniş vüsət almasına təkan verən digər mühüm tədbirdir. İkinci rübdə “Naxçıvan Biznes Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətində 25 aprel – Sahibkarlıq Günü münasibətilə keçirilən tədbirdə 22 sahibkarlıq subyekti iştirak etmişdir. Tədbir zamanı maliyyə sövdələşmələrinin nağdsız hesablaşmalar vasitəsilə aparılması, o cümlədən vergilərin, sosial ayırmaların, sığorta məbləğlərinin, kommunal xərclərin və dövlət büdcəsinə digər ödənişlərin nağdsız şəkildə ödənilməsinin vacibliyi ilə bağlı sahibkarlar məlumatlandırılmışdır. Muxtar respublikada aprel-iyun aylarında 190 vergiödəyicisi tərəfindən POS-terminal hesabına alınmış kartlar vasitəsilə 104 min 111 manat, 464 vergiödəyicisi tərəfindən isə şəxsi kartları vasitəsilə 181 min 896 manat vergi və sosial ayırmaların nağdsız qaydada ödənilməsi təmin edilmişdir. Bu dövrdə özəl sektorda 5 vergi­ödəyicisi üzrə 31 işçinin əməkhaqqı ödəniş kartları vasitəsilə ödənilmişdir.
Rəqəmsal ödəniş xidmətləri sahəsində həyata keçirilən mütərəqqi tədbirlərdən biri də əhalinin maliyyə savadlılığının artırılması və nağdsız ödənişlərdən istifadəyə həvəsləndirilməsidir. Bu məqsədlə maarifləndirmə tədbirlərinin təşkili xüsusi diqqətdə saxlanılır və proqramın icrasına uyğun olaraq muxtar respublikanın rayonlarında, eləcə də təhsil müəssisələrində işlər davam etdirilir. İkinci rübdə Şərur rayonu üzrə 9, Babək rayonu üzrə 2, Şahbuz rayonu üzrə 1 ümumtəhsil məktəbində, ümumilikdə, 191 müəllimə və 222 şagirdə rəqəmsal ödəniş xidmətləri haqqında zəruri biliklərin verilməsi təmin olunmuşdur. Mayın 26-da Naxçıvan Dövlət Texniki Kollecinin müəllim və tələbələri ilə maarifləndirici görüş keçirilmiş, nağdsız ödənişlərin üstünlükləri, bu istiqamətdə müasir elektron vasitələrin tətbiqi, elektron bankçılıq və onun formalarından bəhs edilmişdir. Tədbirin sonunda tələbələr arasında nağdsız ödənişlərə marağın artırılması məqsədilə həvəsləndirici lotoreyaya start verilmişdir. 6 ay ərzində ən çox nağdsız ödəniş edən 9 tələbə həvəsləndirici lotoreyanın qalibi olacaqdır.
Qeyd olunanlarla yanaşı, ikinci rübdə Şərur rayonunun Mahmudkənd, Babək rayonunun Qahab, Ordubad rayonunun Nüsnüs, Culfa rayonunun Ərəzin, Kəngərli rayonunun Qarabağlar, Şahbuz rayonunun Sələsüz və Sədərək rayonunun Dəmirçi kəndlərində proqramın icrasına uyğun olaraq maarifləndirmə işi aparılmış, görülən işlər rəqəmsal ödəniş xidmətlərinin kütləviləşməsinə nail olmaq məqsədi daşımışdır.
“2019-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında rəqəmsal ödəniş xidmətlərinin tətbiqinin və nağdsız hesablaşmaların genişləndirilməsi üzrə Proqram”ında nəzərdə tutulan tədbirlərin icrasının bundan sonra da uğurla davam etdirilməsi iqtisadi artıma mühüm təkan verəcəkdir.


“Şərq qapısı”

ARXİV

Oktyabr 2021
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR