17 Oktyabr 2021, Bazar

İnkişaf edən bölgələrimiz

Çox sevdiyim bir atalar sözü var: Bağa baxarsan, bağ olar, baxmazsan, dağ... Bir də bu müdrik sözü tərsindən oxuyaq: Dağa baxarsan, bağ olar, baxmazsan, viran... Bağı bağ kimi saxlamaq üçün qulluq kifayət edər, dağı bağa çevirməksə, adi qulluqla mümkün deyil, bunun üçün sonsuz sevgi, müdriklik və torpağa bağlılıq gərəkdir. 17 il bundan öncə boş çöllük ərazidən başqa bir nəsnəyə rast gələ bilməyəcəyimiz bu günün çıraqban Kəngərlisi həmin sonsuz sevginin, müdrikliyin və torpağa bağlılığın nəticəsi kimi “dünyaya gəlib”...

Bu gün rayon mərkəzindən ən ucqar kəndinə kimi dövlət qayğısını görən, kompleks quruculuq nəticəsində bütün sahələri abadlaşan Kəngərli rayonu yaranmasından ötən 17 il ərzində böyük inkişaf yolu keçə bilib. Tarixin müasirliklə qovuşduğu bu cənnətməkan yurd yeri ötən dövrdə ulu əcdaddan qalan mirasına sahib çıxmaqla müasirlik donunu geyinə bilib. İndi hansı səmtinə üz tuturuqsa, orada bizi qədimlik və müasirlik birgə salamlayıb “xoş gəldin” edir. Və biz bu salamlamada insanların gülərüzlüyünü və xoşbəxt yaşayışını da görürük...

17 il ərzində Kəngərlidə nələr yaradılmayıb ki?! Mədəniyyətin ilkin göstəricisi olan yol infrastrukturu tamamilə yenilənib. Dünyanın ən qabaqcıl regionlarında belə, rast gələ bilməyəcəyimiz müasir yollar salınıb. Həm də bu müasir yollar yalnız mərkəzi hissələri əhatə etmir, ucqarlara, insan ayağının dəydiyi hər bir yerə uzanır. Rayon mərkəzində, ayrı-ayrı yaşayış məntəqələrində gözəl qəsəbə və kənd mərkəzləri inşa olunub. İnsanların ayağına gətirilən xidmətlər nəticəsində indi sakinlərin uzaq yollar qət etməyinə ehtiyac yoxdur. Gərəkli nəsnələrin böyük hissəsinə hər kəs yaşadığı yerdə asanlıqla sahib ola bilir...
Görülən işlər bunlarla da bitməyib. Kəngərlidə ötən illər ərzində aparılan quruculuq işləri bütün sahələri əhatə edib. Dahi Cavidin “Bir millətin tərəqqisinə əsas səbəb” adlandırdığı məktəb quruculuğu ötən dövr ərzində bu gənc rayonun hər bir yaşayış məntəqəsində reallığa çevrilib. Əminliklə deyə bilərik ki, Kəngərlidə təhsil sahəsində quruculuq işləri artıq başa çatdırılıb. İndi övladlarımız ən müasir avadanlıqlarla təchiz edilmiş bağçalarda, məktəblərdə təhsil alır, uğurlu gələcəklərinin binəsini sağlam təməllər üzərində qururlar. Müasir istilik və informasiya-kommunikasiya sistemləri, bütün növ ədəbi nümunələri özündə ehtiva edən zəngin kitabxanalar, idman qurğuları sabahımız olan uşaqları elə sabaha da güclü şəkildə hazırlayır...

Bir zamanlar səhhətimizlə bağlı kiçicik bir narahatlıqdan ötrü uzun məsafələr qət etməli olduğumuz halda, bu gün artıq görülən işlər nəticəsində səhiyyə xidməti ən yüksək səviyyədə qulluğumuzda durur. Qıvraq qəsəbəsindəki Mərkəzi Xəstəxana, yerlərdəki ambulatoriya və feldşer-mama məntəqələri müasir tibbi avadanlıqlarla təchiz edilmiş halda sakinlərin xidmətindədir. 17 il ərzində səhiyyə sahəsindəki quruculuq işlərinin yekunlaşdırıldığı Kəngərlidə tibbi xidmət də insanların sağlamlığına onların baş ucunda keşik çəkir.
Kəngərlidə mədəni tədbirlərin yüksək səviyyədə icra edilməsi və rayon sakinlərinin asudə vaxtlarının səmərəli keçirilməsi istiqamətində də böyük işlər görülüb. Müasir üslubda tikilmiş Mədəniyyət Sarayı, rayon mərkəzində inşa olunmuş Heydər Əliyev Mədəniyyət və İstirahət Parkı, eləcə də yerlərdə parkı xatırladan qəsəbə və kənd mərkəzləri burada yaşayanların rahatlığına hesablanıb. İnsanların mənzil-məişət şəraitinin yaxşılaşdırılması siyasəti də ötən dövr ərzində yüksək səviyyədə icra edilib. Təbii qaz təchizatı rayonun ən ucqarında belə, evləri qızdırır, isti yuvaları daha da isidir. Fasiləsiz elektrik enerjisi isə qaranlıq gecələrimizi nurlu, aydın edir...

Əcdadımızdan miras qalan, bu torpaqların ata-baba yurdumuz olduğunu sübut edən tarixi-dini abidələrimiz və maddi mədəniyyət nümunələrimizin qorunaraq gələcək nəsillərə ötürülməsi də ötən illərdə diqqət və qayğıdan bəhrələnib. Dünya memarlığının şah əsərlərindən olan Qarabağlar Türbə Kompleksi, Şahtaxtı kəndindəki Şərq hamamı əslinə uyğun bərpa edilməklə, eləcə də rayon Tarix-Diyarşünaslıq Muzeyi, Şahtaxtinskilər Muzeyi və sair inşa olunmaqla milli kimliyimiz və milli yaddaşımızın yaşadılması təmin edilib. İndi bu tarixi yerləri ziyarət edən, burada əcdadlarımızın yaratdığı bənzərsiz memarlığı, maddi mədəniyyət nümunələrini görən gənclik milli dəyərlərə bağlı gələcəyə doğru inamla addımlaya bilir...
Ötən illər ərzində Kəngərlidə yalnız abadlıq və quruculuq işləri həyata keçirilməyib. Burada yaşayan qədirbilən insanların məşğuliyyəti və sosial rifahı üçün də mühüm addımlar atılıb. Ata-baba məşğuliyyət növləri olan əkinçilik və heyvandarlığın inkişafı diqqətdə saxlanılıb. Torpağı özünə qaytarılan əməksevər insanlar indi əkir, becərir. Müasir texnikalar, dağlar-təpələr yarılaraq min bir əziyyətlə çəkilən meliorasiya və irriqasiya sistemləri kəndlinin işləmək əzmini daha da artırıb. Əkinçiliyin inkişafı üçün yaradılan bu şərait heyvandarlığın da inkişafına təsirsiz ötüşməyib. Son dövrlərdə yaradılan ailə təsərrüfatları isə aqrar sahədə yeni mərhələnin başlamasına səbəb olub. Beləliklə, sağlam qidalanma təmin edilib, kəndli əkdiyi, bəslədiyi heyvanlardan əldə etdiyi məhsuldan ehtiyacı üçün götürür, qalanını isə birbaşa özü yarmarkalarda satışa çıxara bilir. Bu cənnətməkanda böyük maddi vəsait hesabına inşa olunan iri sənaye komplekslərinin yanında, dövlət dəstəyi ilə yaradılmış orta və kiçik sahibkarlıq müəssisələri də insanların məşğuliyyətinin təmin edilməsi istiqamətində digər mühüm addımlardan hesab edilir. İşsizlik ucbatından daha ata-baba ocaqlarına qıfıl vurulmur, bir zamanlar köç etmiş insanlar geri qayıdır. Ocaqlarda, həmçinin toy-büsatlar qurulur, evlərdən uşaq səsləri gəlir...

Bütün bu sadaladıqlarımızın böyük hissəsi 17 il ərzində qurulub. Bir zamanlar Naxçıvan-Sədərək magistiral yolunun sağ tərəfindəki çöllük sahə indi şəhər mərkəzini xatırladır. Müasir üslubda tikilmiş yaşayış və inzibati binalar, yaşıllıqla və bir-birindən gözəl rəngarəng güllərlə bəzədilmiş bu ərazilər gün işığında cənnətməkanı xatırladır. Gün batımından sonra isə bu yerlər çıraqban olur. Bütün bunlar isə adi qulluqla başa gəlməyib. Bunun kökündə düzgün idarəetmə, sonsuz yurd sevgisi, müdriklik və torpağa bağlılıq dayanır...

Anar QASIMOV
“Yeni həyat” qəzetinin məsul katibi

 

 

 

 

 

 

 

 

ARXİV

Oktyabr 2021
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR