17 Oktyabr 2021, Bazar

Xalqımızın ümummilli lideri Heydər Əliyev yolunun uğurla davam etdirildiyi doğma diyarımız Naxçıvan işğalçı Ermənistanın hərbi təcavüzü nəticəsində ölkənin əsas hissəsindən ayrı düşərək iqtisadi və nəqliyyat əlaqələri baxımından blokada şəraitində yaşamağa məhkum edilməsinə baxmayaraq, ölkədə həyata keçirilən genişmiqyaslı quruculuq prosesində həmişə fəal iştirak edib. Bunun nəticəsidir ki, iqtisadi inkişafın və sosial tərəqqinin təmin olunmasında mühüm rol oynayan nəqliyyat sektoru da hərtərəfli qayğı ilə əhatə olunub, məqsədyönlü tədbirlər həyata keçirilib, müasir avtomobil yolları salınıb, hava və dəmir yolu nəqliyyatının infrastruktur təminatı yaxşılaşdırılıb. Diyarımızda ən perspektivli sahələrdən biri  sayılan nəqliyyatın vəziyyəti barədə Naxçıvan Muxtar Respublikasının Dövlət Nəqliyyat Xidmətinin Nəqliyyatın təşkili və idarə edilməsi sektorunun aparıcı məsləhətçisi Saleh Həsənovla həmsöhbət olduq:  

 

– Saleh müəllim, istərdik ki, əvvəlcə Naxçıvanda nəqliyyat sahəsinin dünəninə nəzər salaq. Nəqliyyat blokadası hansı çətinlikləri yaradırdı?

– Nəqliyyat dövlətin və cəmiyyətin həyat fəaliyyətinin ilkin tələbatını təmin etməklə sosial, iqtisadi, xarici siyasət və digər dövlət prioritetlərinə nail olmaq üçün mühüm rol oynayır. Naxçıvan Muxtar Respublikasında bütün sahələr kimi, nəqliyyat infrastrukturunun da inkişafı dövlətin əsas məsələlərindən biri olub. Ötən əsrin 90-cı illərinin əvvəllərində – Azərbaycan öz tarixinin çətin günlərini yaşadığı bir dövrdə ermənilər tərəfindən blokadaya alınmış Naxçıvanda vəziyyət daha da ağır idi. Yolların bağlanması, kommunikasiya əlaqələrinin kəsilməsi, muxtar respublikanın nəqliyyat əlaqələri baxımından Azərbaycanın əsas hissəsindən təcrid olunması bir sıra ciddi problemləri meydana çıxarmışdı. Təmin olunmuş sosial-iqtisadi fəallıq fonunda yenidən qurulmuş və ya fəaliyyəti bərpa edilmiş təsərrüfat subyektlərinin istehsal etdikləri tələbatdan artıq məhsulların digər regionlara göndərilməsi və gündəlik sərnişindaşıma xidmətləri əsasında muxtar respublikanın digər şəhər və regionlarına gediş-gəlişin məhdudluğu məhz bununla bağlı idi. Lakin qeyd olunan çətinliklərin təsirini azaltmaq məqsədilə yük və sərnişin daşınmasında tətbiq olunan tariflərin minimum həddə saxlanılması nəqliyyat blokadasının mənfi təsirini müəyyən dərəcədə yumşaltmağa imkan yaratmışdı. Muxtar respublikada nəqliyyat sisteminin ahəngdar işinin bərpası, eləcə də qonşu ölkələrin ərazisinə gediş-gəlişin asanlaşdırılması və tranzit istifadə imkanlarının genişləndirilməsi istiqamətində atılan addımlar bu istiqamətdə əhəmiyyətli dönüşə səbəb olub. Ötən dövr ərzində blokada vəziyyəti ilə bağlı çətinlikləri aradan qaldırmaq məqsədilə Türkiyə və İran İslam Respublikasının şirkətləri ilə müqavilələr bağlanmışdır. Müqavilələrə uyğun olaraq Türkiyə Respublikasının əksər şəhərlərinə, İran İslam Respublikasının Təbriz, Tehran, Urmiya və Mahabad şəhərlərinə sərnişindaşıma xidməti göstərilmişdir. Bundan əlavə, 2007-ci ildən Naxçıvan-Bakı-Naxçıvan müntəzəm avtobus marşrutlarının fəaliyyətə başlaması blokadanın yarılması ilə yanaşı, nəqliyyat əlaqələrinin genişlənməsində mühüm əhəmiyyət daşıyır.

– Naxçıvanda nəqliyyatın inkişafı hansı dövrləri əhatə edir?

– Naxçıvanın əlverişli geostrateji mövqeyi, Böyük İpək Yolunun üzərində yerləşməsi, həmçinin zəngin ticarət və sənətkarlıq mərkəzi olması qədim zamanlardan sərnişin və yükdaşıma nəqliyyatının təşəkkülünə səbəb olub, bu xidmət növü əsrdən-əsrə formalaşıb. Naxçıvanda sərnişin və yükdaşımaların tarixi nə qədər qədim olsa da, onun dövlət səviyyəsində idarə olunması, avtomobil nəqliyyatının mərkəzləşdirilmiş qaydada fəaliyyəti ötən əsrin iyirminci illərindən başlanıb, avtomobil nəqliyyatı ilə əlaqədar olan ilk təşkilat 18 yanvar 1924-cü ildə Naxçıvan Xalq Kommunal Komissarlığının tərkibində Avtonəqliyyat şöbəsi fəaliyyətə başlayıb. Arxiv sənədlərinə əsasən deyə bilərəm ki, 1938-ci ildə Naxçıvan Kommunal Təsərrüfat Şöbəsinin balansında 3 avtobus, 2 taksi, 8 yükdaşıyan avtomobil, Ordubad rayon şöbəsində 4, Culfa rayon şöbəsində isə cəmi 1 avtomobil olub.

Azərbaycanın hər yerində olduğu kimi, Naxçıvanda da avtomobil nəqliyyatının inkişafının ən parlaq dövrü ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illəri əhatə edir. 1969-cu ildə respublika rəhbər­liyinə gələn ulu öndərin şəxsi təşəbbüsü sayəsində bütün sahələrdə olduğu kimi, avtomobil nəqliyyatı sahəsində də əsaslı dəyişikliklərə və köklü inkişafa təkan verildi. Ümummilli lider siyasi rəhbərlikdə olduğu illərdə Naxçıvanda avtomobil nəqliyyatının inkişafını daim diqqət mərkəzində saxlamışdır. Belə ki, 1969-1982-ci illərdə Naxçıvanda avtomobil nəqliyyatı ilə əlaqədar mühüm tədbirlər həyata keçirilmiş, bu sahənin maddi-texniki bazası daha da möhkəmləndirilmiş, rayon mərkəzlərində və Naxçıvan şəhərində avtovağzallar tikilərək istifadəyə verilmişdir. Görkəmli dövlət xadimi Heydər Əliyevin müəyyən etdiyi dövlət nəqliyyat siyasəti bu gün ölkə Prezidenti cənab İlham Əliyevin ardıcıl inkişaf siyasətinə uyğun olaraq yeni mərhələyə qədəm qoymuşdur. Ümummilli liderimizin siyasi kursunu layiqincə davam etdirən Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin rəhbərliyi altında muxtar respublikanın sürətli tərəqqisi, əldə olunan davamlı sabitlik və yüksəliş iqtisadiyyatın bütün sahələrində olduğu kimi, nəqliyyat sahəsinin də inkişafı üçün böyük imkanlar yaradıb. Ötən dövr ərzində muxtar respublikada nəqliyyat xidmətinin təkmilləşdirilməsi istiqamətində mühüm işlər görülüb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müxtəlif illərdə təsdiq edilmiş müvafiq fərmanları ilə Naxçıvan Muxtar Respublikası Avtonəqliyyat Dövlət Konserni, Naxçıvan Muxtar Respublikası Nəqliyyat Nazirliyi yaradılıb. Ali Məclis Sədrinin 2018-ci il 31 iyul tarixli Fərmanı ilə muxtar respublikada avtomobil nəqliyyatı sahəsində idarəetməni təkmilləşdirmək məqsədilə Naxçıvan Muxtar Respublikası Nəqliyyat Nazirliyinin bazası əsasında Naxçıvan Muxtar Respublikasının Dövlət Nəqliyyat Xidməti yaradılıb, strukturu təsdiq edilib. Belə ki, xidmət muxtar respublikada avtomobil nəqliyyatı sahəsində dövlət siyasətinin işlənib hazırlanmasında və bu sahədə normativ-hüquqi tənzimləmənin həyata keçirilməsində iştirak edir, sərnişin və yükdaşımalarını yerinə yetirən avtomobil nəqliyyatı subyektləri tərəfindən beynəlxalq norma və qaydalara, habelə müvafiq qanunvericiliyə riayət olunmasına nəzarət edir. Bununla yanaşı, avtomobil nəqliyyatı ilə müntəzəm sərnişindaşımalarının təşkilini və bu sahədə dövlət sifarişinin formalaşdırılmasını təmin edir, daşımaların vahid norma və qaydalar əsasında təhlükəsiz yerinə yetirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görür.

– Naxçıvan Muxtar Respublikasının Dövlət Nəqliyyat Xidməti müasir nəqliyyat sisteminin qurulması, nəqliyyat sektorunun səmərəli idarə olunması istiqamətində hansı tədbirlər həyata keçirib?

– Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə son illərdə muxtar respublikada sərnişindaşıma xidmətinin səviyyəsini yaxşılaşdırmaq üçün həyata keçirilən tədbirlərin miqyası ölçüyəgəlməzdir. Muxtar respublikada aparılan genişmiqyaslı quruculuq tədbirləri avtovağzalları da əhatə edib. Ötən dövrdə Naxçıvan, Şərur, Ordubad, Culfa və Şahbuz şəhərlərində müasir avtovağzal kompleksləri tikilərək və ya əsaslı təmir olunaraq sərnişinlərin istifadəsinə verilib. Bunun da nəticəsində nəqliyyat sisteminin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər insanların rahatlığının təmin edilməsinə əlverişli zəmin yaradıb, muxtar respublika daxilində sərnişindaşıma xidmətinin səviyyəsi daha da yüksəldilib, fəaliyyətdə olan 136 marşrut xəttində 313 avtobusla rayon mərkəzləri və kəndlərin hamısı marşrutla təmin edilib. Naxçıvan şəhəri üzrə əhaliyə nümunəvi sərnişindaşıma xidmətinin göstərilməsi istiqamətində də mühüm tədbirlər həyata keçirilib, 2013-cü ildə Naxçıvan şəhərində müasir tələblərə cavab verən Avtobus Parkı istifadəyə verilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Fərmanı ilə müxtəlif dövrlərdə təsdiq edilmiş Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı Dövlət proqramlarına uyğun olaraq şəhərdaxili və şəhərlərarası nəqliyyatda işləyən avtobusların daha müasir, beynəlxalq standartlara cavab verən avtobuslarla əvəz olunması işi davam etdirilib. Hazırda Avtobus Parkında 74-ü avtobus, 23-ü isə taksi minik avtomobili olmaqla, ümumilikdə, 97 avtonəqliyyat vasitəsi vardır ki, onlar da muxtar respublika sakinlərinə nümunəvi sərnişindaşıma xidməti göstərir.

– Saleh müəllim, bəs nəqliyyatın inkişafını zəruri edən amillər hansılardır?

– Muxtar respublikanın sürətli və hərtərəfli inkişafında nəqliyyat sektorunun xüsusi yeri var. Bu sektor məhsul və xidmətlərin istehsalı, paylanması və istehlakı sahəsində fəaliyyət növlərini əhatə edir. Nəqliyyat yalnız sərnişin və yükdaşımaları həyata keçirmir, eyni zamanda əhalinin məskunlaşmasında, ərazi üzrə optimal yerləşdirilməsində mühüm rol oynayır. Ölkələr yerləşdikləri coğrafi mövqedən asılı olmayaraq, çalışırlar ki, öz məhsullarını daha sərfəli yollarla dünya bazarlarına çıxarsınlar və daha çox səmərə əldə etsinlər. Məhz bu baxımdan beynəlxalq əhəmiyyətli nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən muxtar respublikanın əlverişli nəqliyyat sisteminə malik olması qonşu ölkələrlə qarşılıqlı səmərəli iqtisadi əlaqələrin həyata keçirilməsinə münbit şərait yaradır. Məlumdur ki, nəqliyyat vasitələri olmadan yollar əhəmiyyətsiz olur, yollar keyfiyyətsiz olduqda isə nəqliyyat vasitələrinin səmərəli istismarı qeyri-mümkündür. Başqa sözlə desək, nəqliyyat sisteminin və onun mühüm infrastrukturlarından biri olan yolların vəziyyətini yaxşılaşdırmadan arzuedilən inkişafa nail olmaq mümkün deyil. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqəti nəticəsində muxtar respublikada nəzərdə tutulan bütün infrastruktur layihələr, Dövlət proqramları yüksək səviyyədə icra olunur. Sosial infrastrukturun mühüm sahələrindən sayılan yol təsərrüfatının yenidən qurulması, yeni yolların salınması, mövcud yolların isə əsaslı şəkildə təmiri ilə bağlı layihələr uğurla davam etdirilir. Bu layihələr sırasında xüsusi əhəmiyyətə malik olan Naxçıvan-Sədərək, Naxçıvan-Culfa, Culfa-Ordubad, eləcə də Naxçıvan-Şahbuz-Batabat magistral avtomobil yollarının qurulması əhalinin sosial şəraitinin yaxşılaşdırılması ilə yanaşı, Naxçıvanın tranzit imkanlarını xeyli artırıb.

Xatırladaq ki, Culfa-Ordubad magistral yolunun inşası Prezident cənab İlham Əliyevin “Naxçıvan Muxtar Respublikasında Culfa-Ordubad magistral avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında” və “Culfa-Ordubad avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında” sərəncamlarına əsasən inşa olunub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev mayın 10-da Culfa-Ordubad magistral avtomobil yolunun açılışında iştirak edib.

– Muxtar respublikanın nəqliyyat sahəsinə hansı yenilənmələr, müasir texnologiyalar tətbiq edilib?

– Muxtar respublika rəhbərinin diqqət və qayğısı nəticəsində avtonəqliyyat sisteminin mütərəqqi və innovativ texnologiyalara əsaslanaraq inkişaf etdirilməsi istiqamətində müvafiq işlər həyata keçirilib. Belə ki, 2020-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən taksi ilə günün tələbləri səviyyəsində nümunəvi sərnişindaşıma xidməti təşkil etmək məqsədilə “Elektron taksi xidməti” yaradılıb. Şəhərdaxili və beynəlxalq marşrutda fəaliyyət göstərən avtomobillərin iş qrafikinə və təhlükəsizliyinə nəzarət olunması məqsədilə yeni nəsil texnologiyası olan “Naxtel” 4G GPS monitorinq izləmə sistemi quraşdırılmış, taksi minik avtomobillərinə bu sistemin quraşdırılması işi davam etdirilməkdədir. Eyni zamanda Türkiyə və İranın böyük şəhərlərinə, həmçinin Naxçıvan-Bakı-Naxçıvan avtobus marşrutları üzrə fəaliyyət göstərən avtobuslara bilet satışının onlayn qaydada həyata keçirilməsi istiqamətində işlər görülməkdədir. Muxtar respublikanın nəqliyyat sektorunda əldə edilmiş nailiyyətlərin daha da genişləndirilməsi və irimiqyaslı layihələrin reallaşması istiqamətində aparılan işlərin davam etdirilməsi Dövlət Nəqliyyat Xidmətinin qarşısında duran əsas vəzifələrdəndir və bu istiqamətdə görülən işlərin məqsədyönlü şəkildə həyata keçirilməsi bütünlükdə nəqliyyat xidmətinin inkişafına öz töhfəsini verəcəkdir.

– Müsahibə üçün sağ olun.

Güntac ŞAHMƏMMƏDLİ

 

 

 

ARXİV

Oktyabr 2021
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR