22 Sentyabr 2021, Çərşənbə

Dünya yaranandan bəri insan övladı əvvəlcə məişətdə daş, ağac əmək alətlərindən istifadə edibsə, sonralar bütün sahələrdə intibahın baş verməsi, əkinçiliyin, maldarlığın, sənətkarlığın, ticarətin inkişafı tuncdan, gildən əşyaların hazırlanmasına səbəb olub. Lakin həmin əmək alətlərinin dayanıqlığının azlığı, tez sıradan çıxması daha bərk materiala ehtiyacı yaradıb və nəticədə, yüksək dözümlülüyü ilə seçilən dəmir insan həyatına sirayət edib. Qolunun gücü ilə dəmiri əyərək müxtəlif formalara salan, bununla da kəndlinin əl əməyini xeyli yüngülləşdirən insanlar isə el arasında “dəmirçi” adlandırılıb. Antik dövrdən etibarən dəmirçilər dəmirdən kənd təsərrüfatı işlərində geniş istifadə olunan xış, kotan, balta, bel, kürək, dəhrə, dəryaz, oraq, çəkic, kərki, bıçaq və digər əşyalar düzəldiblər.

 

Ölkəmizdə zəngin filiz yataqlarının mövcud olması burada sənətkarlığın digər sahələri ilə yanaşı, dəmirçiliyin də inkişafına geniş imkanlar yaradıb, bu sahədə dövrünün tanınmış sənətkarları yetişib. Xalqımız tərəfindən insan övladının əl əməyi hər zaman üstün tutulub, dəmirçi nağıl və dastanlarımızda baş qəhrəmanlara öz xeyirxah ideyalarını gerçəkləşdirməkdə yardımçı olan müsbət obraz kimi təsvir edilib. Orta məktəb illərindən sevə-sevə oxuduğumuz “Koroğlu” dastanında, “Padşah və dəmirçi”, “Şəngül, Şüngül, Məngül” nağıllarında və digər şifahi xalq ədəbiyyatı nümunələrində ömrünü-gününü bu ağır zəhmət tələb edən işə bağlamış insanların şücaətindən, qəhrəmanlığından, səxavətindən, dürüstlüyündən söhbət açılır. Milli kimliyimizin açarı sayılan “Kitabi-Dədə Qorqud” dastanında da qədim Oğuz-türk tayfaları arasında bütün sənətkarlıq sahələri ilə yanaşı, dəmirçiliyin də geniş yayılması qeyd olunur. Günümüzdə də el arasında tez-tez söylənilən “Dəmiri isti-isti döyərlər”, “Dəmiri döyən dəmirçi olar”, “Dəmir döyülə - döyülə polad olur”, “Dəmir nəmdən, insan qəmdən çürüyər”, “Dəmir sürtüldükcə parıldar”, “Dəmiri kürədən dəmir çıxardar” və digər deyimlər, eləcə də bir insan haqqında söhbət düşərkən “Dəmir iradəli adamdır” deyilməsi bu məfhumun xalqımızın həyatındakı önəmindən xəbər verir.
Günümüzdə yeni texnologiyaların bütün sahələrə geniş şəkildə sirayət etməsinə baxmayaraq, dəmirçiliklə məşğul olanlar, bu dədə-baba sənətini yaşadanlar hələ də vardır. Onlardan biri – Şərur rayonunun Zeyvə kəndində yaşayan Səməd Rəsulovla dəmirçilik sənətinin dünəni və bu günü barədə söhbət etmək üçün işlədiyi emalatxanaya üz tuturam. İstehsal sahəsi səliqəli görünüşü və burada hazırlanan dəmirçilik məhsullarının üzərindəki incə əl işi ilə ilk baxışdan diqqətimi çəkir. Usta dəmiri kürədə möhkəmcə qızdırır, daha sonra çıxarıb zindan üzərində döyərək hazırlayır, böyük zəhmət çəkdiyini isə alnından süzülən tər damcıları təsdiqləyir. İş prosesinin çətinliyinə, ağırlığına baxmayaraq, sənətə həvəslə bağlanan bu insanın bir neçə dəqiqənin içərisində adi dəmir parçasını lazımlı əşyaya çevirməsini heyranlıqla izləyirəm.
Ustaya yaxınlaşır, salam verib, hal-əhval tuturam. Öyrənirəm ki, yaşı 50-ni haqlamış Səməd kişi dünyaya göz açıb özünü dərk edəndən gününün çoxunu atasının dəmirçi dükanında keçirib, necə deyərlər, kiçik yaşlarından görüb-götürüb. Atası, dövrünün tanınmış dəmirçilərindən olan Yusif kişi 75 yaşınadək dəmiri isti-isti döyüb, hazırladığı əl işlərinin üzərinə müxtəlif dekorativ naxışlar da vuraraq ecazkar sənət nümunələri yaradıb. Təsadüfi deyil ki, bu gün də onu təkcə Zeyvədə deyil, qonşu kəndlərdə də işinin sərrafı olan sənətkar kimi xatırlayırlar. Zaman keçdikcə Səməd usta da atasından qalma bu sənətə yiyələnir və Yusif kişi dünyasını dəyişdikdən sonra emalatxanada təkbaşına işləməli olur. İşində püxtələşib, özünü yaxşı tərəfdən tanıtdıqca sifarişləri də xeyli çoxalır. Dəmirçixanada keçirdiyi ötən aylar-illər Səməd kişinin saçlarının qarasını aparsa da, həyatına gətirdiyi xoşbəxt anları da az olmayıb. Dərin məhəbbətlə bağlandığı bu peşə sayəsində həm el-obanın rəğbətini qazanıb, həm də övladlarını yaxşı şəraitdə böyüdüb, onları təhsilli, savadlı gənclər kimi yetişdirə bilib.
Səməd usta söhbət zamanı dəmirçilik sənətinin dünənindən bu gününədək uzanan yola qısa nəzər salaraq deyir ki, qədim dövrlərdə digər sənət dükanları kimi, dəmirçixanalar da, əsasən, bazar və ya karvansaralarda yerləşib. Həmin yerlər bir qayda olaraq həm istehsal emalatxanası, həm də satış dükanı kimi fəaliyyət göstərib. Dəmirçixanalarda kustar üsulla balta, bel, kürək, dəhrə, dəryaz, oraq, çəkic, kərki, bıçaq və sair məişət əşyaları hazırlanırdı ki, onlar həm uzunömürlü, həm də ucuz olurdu. Sonralar dəmirçilər təcrübə nəticəsində metalların xassələrini dərindən öyrənməklə istehsal texnologiyasını təkmilləşdirərək daha mükəmməl əmək alətləri hazırlayıblar. Mən də 1950-ci ildə qurulan, atamdan yadigar qalan bu emalatxananı zaman keçdikcə təmir edib, avadanlıqları yeniləyərək işimi xeyli asanlaşdırmışam. Ölkəmiz müstəqillik qazandıqdan sonra yaradılan əlverişli şəraiti, eləcə də sifarişlərin çox olmasını nəzərə alıb Şərur rayonunun mərkəzində təsərrüfat mallarının satış mağazasını açdım. İndi burada istehsal etdiyim dəmirçilik məhsullarını həmin mağazada sataraq həm öz yaşayış şəraitimi yaxşılaşdırır, həm də rayonumuzun sakinlərini keyfiyyətli alətlərlə təmin etməyə çalışıram.
Xammalı Türkiyə Respublikası və Bakı şəhərindən gətirdiyini bildirən Səməd usta xalis dəmirin alınması prosesini izah edərək bildirir ki, əvvəlcə filiz parçaları kömürlə birlikdə kürənin odluğuna qoyulur. Qoşa körük vasitəsilə yaradılan yüksək temperatur filizi əridir, kürənin odluğundakı qaynar metal kütləsindən ərinti zamanı əmələ gələn pas isə kəfgir vasitəsilə çıxarılır. Əlbəttə, sırf dəmir əldə etmək üçün bu, kifayət etmir. Daha sonra ərinti saf dəmir halına gələnədək zindan üzərində döyülür. Çəkic və zindanların rolu, bununla bərabər, dəmirçinin məharəti də məhz bu prosesdə üzə çıxır. Ona görə də xammaldan hazırlanmış dəmir məmulatı davamlılığı və saflığına görə xarici ölkələrdən gətirilən hazır məhsullardan fərqlənir və üstünlük təşkil edir.
Təcrübəli dəmirçi deyir ki, müasir texnologiyaların məişətə və istehsalata dərindən nüfuzu bir sıra sənət növlərini sıradan çıxarsa da, elələri var ki, onlar özünü qoruyub saxlamaq gücünə malikdir. Həmin sənət sahələrinin sırasına daxil olan dəmirçilik bu gün də qədimliyi və ululuğu ilə öz dəyərini və əhəmiyyətini saxlayır. Dədə-babalarımızdan miras qalan bu sənəti yaşatmaq, gələcək nəsillərə ərməğan etmək isə biz dəmirçilərin üzərinə düşür. Lakin onu da təəssüflə deməliyəm ki, indiki gənclərimiz sənət öyrənməyə həvəs göstərmirlər, dəmirçiliyə marağın günü-gündən azalması bu sənətin yolçusu kimi məni narahat etməyə bilməz. Ata-babadan da eşitmişik ki, sənət sahibi heç vaxt çörəksiz qalmaz, sənət, peşə insanın el-oba içində hörmətini birə-beş artırar. Onunçün də bugünkü gəncliyi dədə-babadan miras qalan, adət-ənənələrimizi özündə təcəssüm etdirən qədim sənət növlərini qoruyub yaşatmağa səsləyirəm.
Günümüzdə bir işi həll etməyə çalışanda böyüklərimiz bizə “Ay bala, bu günün işini sabaha qoymazlar, dəmiri isti-isti döyərlər” söyləyərlər. Öz işinin sənətkarı olan Səməd usta da ağıl və gücünün hesabına yorulmaq bilmədən böyük həvəslə dəmiri isti-isti döyərək bu günün işini sabaha qoymamağa çalışır. Təcrübəli dəmirçiyə öz işində hər zaman belə dəmir iradəylə, dözümlə dayanmağı arzulayıb, emalatxanadan ayrılıram.

Nail ƏSGƏROV

 

 

 

 

ARXİV

Sentyabr 2021
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR