22 Sentyabr 2021, Çərşənbə

Sahələrdən 103 min 372 ton məhsul götürülüb

Daha bir təsərrüfat ilinin ən qayğılı dövrünü yaşayırıq. Muxtar respublikanın aqrar sahə ilə məşğul olan sahibkarları, ailə təsərrüfatları, torpaq mülkiyyətçiləri erkən yazdan indiyə qədərki dövrün uğurla keçdiyini bildirirlər. Bunu dükan-bazarlarımızdakı, kənd təsərrüfatı məhsullarının satış yarmarkalarındakı bolluq da təsdiq edir. Təbii ki, təsərrüfat ilinin başa çatmasına hələ çox var və sahələrdən məhsul tədarük olunmaqdadır. Ancaq ilin ilk və ən qiymətli məhsulunun toplanılması uğurla başa çatdırılıb. Yüksək nəticəyə nail olunub. Bu isə o deməkdir ki, süfrələrimizin şahı, ən müqəddəs nemət olan çörək üçün çəkilən zəhmət hədər getməyib.


Məlumat üçün bildirək ki, ötən ilin payızında və cari ilin yazında muxtar respublikada 32721 hektar sahədə taxıl əkilmişdi. Mövsüm boyu əkin sahələrinə göstərilən aqrotexniki qulluq öz bəhrələrini verib. Əvvəlcədən həyata keçirilən hazırlıq tədbirləri, torpaq mülkiyyətçiləri, mexanizatorlar arasında aparılan maarifləndirici tədbirlər yeni nəticəyə nail olunmasında başlıca rol oynayıb. Belə ki, sahələrdən hektarın orta məhsuldarlığı 31,6 sentner təşkil etməklə 103372 ton yüksəkkeyfiyyətli taxıl götürülüb.
Muxtar respublikanın ən böyük bölgəsi olan Şərur rayonunda hər il taxılçılıqda yüksək məhsuldarlığa nail olunur. Bu il də bölgə taxılçılarının zəhməti hədər getməyib. Rayon taxıl tədarükündə birinci yerə sahib çıxıb. Belə ki, 3866 hektar sahədən məhsuldarlıq 40,5 sentner olmaqla, 15655 ton taxıl tədarük edilib.
İkinci yerlə kifayətlənən Sədərək torpaqları taxılçılıq üçün çox münbitdir. Bunu nəzərə alaraq rayonda taxıl sahələri ildən-ilə genişləndirilir. Cari ildə 2283 hektar sahə taxılçıların zəhmətini yerə vurmayıb: Sərhəd bölgəsində 8407 ton məhsul yığılıb, məhsuldarlıq 36,8 sentner olub.
Uzun illərin təcrübəsi Babək rayonunda da özünü göstərib. Qeyd edək ki, hər təsərrüfat ilini uğurla başa vuran rayonun taxılçıları 2021-ci ilin məhsulu üçün muxtar respublika üzrə əkin sahəsinin həcminə görə ilk yerdə olmaqla, yəni 10823 hektar taxıl zəmisindən 33440 ton məhsul əldə ediblər. Bu isə orta məhsuldarlığın 30,9 sentner olması deməkdir.
5998 hektar sahədə taxıl əkini keçirən Kəngərli rayonunun torpaq mülkiyyətçiləri sahələrdən 18205 ton məhsul tədarük etməklə mövsümü başa vurub, 30,4 sentner məhsuldarlığa nail olublar.
Digər yerlərdə Culfa, Ordubad rayonları, Naxçıvan şəhəri və Şahbuz rayonu qərarlaşıb. Qazanılan uğurların təməlində duran başlıca amil isə, təbii ki, dinamik xarakter alan dövlət qayğısıdır. Belə ki, muxtar respublikaya müasir kənd təsərrüfatı texnikalarının gətirilməsi, meliorasiya və irriqasiya tədbirlərinin həyata keçirilməsi, taxılçıların yüksək reproduksiyalı toxum və gübrələrlə təchiz edilməsi xüsusi vurğulanmalıdır. O da qeyd olunmalıdır ki, istehsal edilmiş taxılın uzun müddətə saxlanılması üçün yeni anbarların inşa edilməsi, əvvəllər inşa olunmuş anbarların həcminin genişləndirilməsi, məhsulun üyüdülməsi üçün un dəyirmanlarının tikilməsi və mövcud dəyirmanların yenidən qurulması, çörəkbişirmə sexlərinin sayının artması, həmçinin bu sahə ilə məşğul olanlara kreditlərin verilməsi taxılçılıqda əldə edilən nailiyyətlərə stimul olub. İstehsal edilən məhsulların münasib qiymətlə satışının təşkili də bu sıradadır.
Belə uğurlar taxılçılığa marağı artırmaqla bu sahə ilə məşğul olanların ailə büdcəsinə xeyli gəlir gətirib. Ona görə də onlar gələn ilin məhsulu üçün payızlıq taxıl əkinlərinə hazırlıq işləri görürlər.

Muxtar MƏMMƏDOV

 

 

 

 

 

ARXİV

Sentyabr 2021
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR