18 Sentyabr 2021, Şənbə

Son illər muxtar respublikamızda həyata keçirilən iqtisadiyyatın şaxələndirilməsi siyasətinin mühüm istiqamətlərindən birini kənd təsərrüfatında yüksək inkişafa nail olmaq, o cümlədən güclü aqrar-sənaye komplekslərinin yaradılması təşkil edir. Bu mənada, ərzaq təhlükəsizliyinin təmin olunması sahəsində görülən tədbirlər sırasında heyvandarlığın inkişafı mühüm yer tutur. Ailə təsərrüfatlarının yaradılması, damazlıq işinin düzgün qurulması və cins tərkibinin yaxşılaşdırılmasına yardım məqsədilə heyvandarlıqla məşğul olan fermerlərə banklar və digər kredit təşkilatları tərəfindən müxtəlif kreditlərin verilməsi təmin edilir, baytarlıq xidmətlərini müasir tələblər səviyyəsində təşkil etmək məqsədilə bu sahənin maddi-texniki təchizatının yaxşılaşdırılması istiqamətində davamlı tədbirlər görülür. Görülən işlər məhsul istehsalının artırılmasında xüsusi əhəmiyyət kəsb edir. Bunun nəticəsidir ki, kənd təsərrüfatında həyata keçirilən məqsədyönlü siyasət adıçəkilən sahənin inkişafına öz müsbət təsirini göstərir və artıq bir sıra ərzaq məhsulları ilə təminat sırf daxili istehsal hesabına həyata keçirilir.

Təsərrüfat həyatının özəyini təşkil edən maldarlıq xalqımızın ən qədim məşğuliyyətlərindən biri kimi bu gün də ən gəlirli sahələrdən sayılır. Bu sahə, sözsüz ki, gəlirli olması ilə bərabər, həm də özündə bol zəhməti, əziyyəti birləşdirir. Bu mənada, biz də zəhmətkeş əllərin sorağı ilə yolumuzu bu dəfə Kəngərli rayonunun Qarabağlar kəndinə saldıq.
Zəngin təbiəti ilə fərqlənən Qarabağlar kəndi Kiçik Qafqaz silsiləsinin ətəyində əlverişli və səfalı bir ərazidə yerləşir. İki min nəfərə yaxın əhalisi olan bu kəndin böyük bir qismi bizim də qonağı olduğumuz Cabbarovlar ailəsi kimi öz dolanışığını bağçılıq, bostançılıq, arıçılıq və maldarlıqla təmin edir. Ailənin böyüyü, yaşı 55-i ötmüş Eldar kişi 10 ildən çoxdur ki, ata-babasından görüb-götürdüyü maldarlıq təsərrüfatı ilə məşğul olur. Gününün böyük bir qismini elə təsərrüfatında min bir zəhmətlə saxladığı mal-heyvanına, toyuq-cücəsinə, qoyun-quzusuna baxmaqla keçirir. Belə zəhmət tələb edən işdə onun ən yaxın köməkçiləri isə ailə üzvləridir. Bu qonaqpərvər ailə ilə həmsöhbət olarkən öyrəndik ki, onlar maldarlıq təsərrüfatı ilə yanaşı, bağçılıq-bostançılıqla da məşğul olurlar. Bir sözlə, Eldar kişinin süfrəsinə qoyduğu bütün nemətlər ailənin zəhmətinin bəhrəsidir.
Müsahibimiz deyir ki, kəndimizdə hansı qapını döysən, orada təsərrüfatla məşğul olan zəhmət adamlarını görərsən. Kimisi bağçılıq, bostançılıq, kimisi arıçılıq, quşçuluq, kimisi də bizim kimi maldarlıqla məşğul olur. Yəni hər kəs öz halal ruzisini təsərrüfatdan çıxarır. Mən də bu işə 2 baş inəklə başlamışam. Ötən ilin fevral ayında əldə etdiyim kreditlə aldığım 3 baş simmental cinsi olan inəklə birlikdə təsərrüfatımda bu gün, ümumilikdə, 10 baş südlük inək var. Hər gün 30-40 litrə yaxın süd istehsal edirik. Keyfiyyətli və təmiz məhsullarımız Naxçıvanla yanaşı, digər şəhərlərdə də özünə xeyli alıcı kütləsi qazanıb.
Təsərrüfatçı illərin qazandırdığı təcrübə ilə heyvandarlığın qayğılarından danışaraq qeyd edir ki, bu sahə həm də özündə böyük məsuliyyət daşıyır. Çünki bir heyvanın tələf olması təsərrüfatçı üçün ağır itkidir. Bu səbəbdən heyvandarlıqla məşğul olan təsərrüfatçılar yetişdirmə işlərində iki əsas qaydaya ciddi riayət etməlidirlər. Onlardan birincisi saxlanılan heyvanın sağlamlığıdır. Erkən yaz dövründə heyvanlar qışdan yenicə çıxdıqları üçün xəstəliyə yoluxma riski yüksək olur. Bu səbəbdən təsərrüfatçılar yaz aylarının gətirdiyi müxtəlif xəstəliklərin əleyhinə peyvəndlərdən istifadə etməlidirlər.
İkinci məsələ isə heyvanların yaxşı və sağlam qidalanmasıdır. Mal-qaranın məhsuldar olması düzgün bəslənmədən asılıdır. Qidalanmanın düzgün aparılması da birbaşa heyvanın sağlamlığı ilə əlaqəlidir.
Eldar Cabbarovla başladığımız səmimi söhbətə oğlu Kirman Cabbarovla davam edirik. Müsahibim deyir ki, arzularına çatmaq üçün hər zəhmətə qatlaşmalısan, insan zəhmət çəkib öz işi ilə məşğul olursa, mütləq bəhrəsini görür. Biz də bu işdə atamıza yaxından kömək edirik. Həyətimizdə 20-yə yaxın xırdabuynuzlu heyvanımız, 20-30 toyuq-cücəmiz var. Heyvanlarımızın yem tədarükünü 3 hektar yoncalıq sahəmizdən əldə edirik. İstehsal etdiyimiz pendir, süd, qatıq, şor, yağ kimi keyfiyyətli məhsullarımız özünə xeyli alıcı qüvvəsi toplayıb. Bir əsas məsələni də qeyd etmək lazımdır ki, iş üçün vətəndaşa daim dövlət qayğısı gərəkdir. Bunu da muxtar respublikamızın hər yerində görmək mümkündür. Biz də bu qayğıdan istifadə edərək yaxın vaxtlarda təsərrüfatı genişləndirmək, heyvanların sayını artırmağı düşünürük.
Sevgi, torpaq və zəhmət... Bunların vəhdətindən ortaya halal qazanc, xoşbəxtlik, ruzi-bərəkət çıxır. Qonağı olduğumuz Cabbarovlar ailəsinin timsalında bunun bir daha şahidi olduq. Şahid olduq ki, insan nə olursa-olsun, çöhrəsindən təbəssümü, süfrəsindən halal qazancı əskik etməməlidir. Biz də bu zəhmət adamlarına sağlam həyat, bol qazanc, uzun ömür arzu edirik.

 Məcid RƏŞADƏTOĞLU

ARXİV

Sentyabr 2021
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR