18 Sentyabr 2021, Şənbə

Muxtar respublikada iqtisadi və sosial sahələrdə qazanılmış uğurlar 2021-ci ilin ilk yarım ilində də qorunub saxlanılmış, çoxşaxəli iqtisadiyyatın formalaşdırılması və sosial sahənin inkişafı üzrə mühüm tədbirlər həyata keçirilmişdir.

Cari ilin ilk yarım ilində ən mühüm hadisələrdən biri ölkə başçısı cənab İlham Əliyevin muxtar respublikaya səfəri olmuşdur. Ölkə başçısı səfəri zamanı Naxçıvan Beynəlxalq Hava Limanının yeni uçuş-enmə zolağının, Əlahiddə Ümumqoşun Ordunun Hərbi Aerodrom Kompleksinin, “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialının, Naxçıvan Qarnizonu Mərkəzi Hospitalının, Süni Mayalanma Mərkəzinin, Culfa-Ordubad magistral avtomobil yolunun, Ordubad şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin açılışında iştirak etmiş, “ASAN xidmət” Mərkəzinin və Ordubad Su Elektrik Stansiyasının tikintisi, Ordubad Dəmir Yolu Stansiyası ilə tanış olmuşdur. Muxtar respublikada aparılan irimiqyaslı quruculuq tədbirlərini yüksək qiymətləndirən ölkə başçısı demişdir: “Muxtar respublika hərtərəfli inkişaf edir və bu gün Naxçıvan ölkəmizin ən inkişaf etmiş bölgələrindən biridir. Əminəm ki, Naxçıvan bu liderliyi bundan sonra da saxlayacaqdır”.

Cari ilin ilk yarım ilində inkişafı xarakterizə edən əsas göstərici kimi ümumi daxili məhsul istehsalı 1 milyard 328 milyon 275 min manat olmuşdur ki, bu da bir il öncəki göstəricidən 0,5 faiz çoxdur. Hər bir nəfərə düşən ümumi daxili məhsul isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 1 faiz artaraq 2875,7 manat olmuşdur. Ümumi daxili məhsulun tərkibində ilk yeri 30,2 faizlik payla sənaye sahəsi tutmuş və maddi istehsalın payı 58 faiz təşkil etmişdir.
2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 2021-ci ilin ilk yarım ilində sənaye məhsulu 1 faiz, əsas kapitala yönəldilən vəsaitlər 0,4 faiz, kənd təsərrüfatı məhsulu 3 faiz, nəqliyyat sektorunda yük daşınması 0,3 faiz, informasiya və rabitə xidmətləri 8,2 faiz artmışdır.

Makroiqtisadi göstəricilər

*) müqayisəli qiymətlər üzrə
**) yanvar-may ayları göstəricisi

Sənaye

Muxtar respublikada yeni sənaye müəssisələrinin yaradılması sənayeləşmə prosesini daha da sürətləndirmiş, dinamik inkişaf qorunub saxlanılmışdır.
2021-ci ilin yanvar-iyun aylarında muxtar respublikada 572 milyon 248 min manat dəyərində sənaye məhsulu istehsal olunmuşdur ki, bu da bir il öncəki göstəricini 1 faiz üstələmişdir.
Sənaye məhsulu istehsalının 94,8 faizi malların, 5,2 faizi isə xidmətlərin payına düşmüşdür. İstehsal olunan sənaye məhsulunda özəl bölmənin payı 92,8 faiz təşkil etmişdir ki, bu da ölkənin digər iqtisadi rayonları ilə müqayisədə ən yüksək göstəricidir.

Sənaye məhsulu istehsalının dinamikası, min manat

2021-ci ilin yanvar-iyun aylarında muxtar respublikada dövlət dəstəyi ilə iqtisadi fəaliyyətin müxtəlif sahələrində 55 layihə üzrə istehsal və xidmət obyektləri yaradılmış, 54 layihə üzrə istehsal və xidmət obyektlərinin yaradılması isə davam etdirilmişdir.
Sənayenin inkişafı məqsədilə bank və kredit təşkilatları tərəfindən təsərrüfat subyektlərinə 2021-ci ilin yanvar-iyun aylarında 7 milyon 720 min manat kredit verilmişdir.

Hərbi quruculuq

Muxtar respublikada ordu quruculuğu istiqamətində tədbirlər davam etdirilir.
2021-ci ilin yanvar-iyun aylarında Naxçıvan şəhərində Mərkəzi Hospitalın, qərargah binasının, iki əsgər yataqxanasının, iki anbarın, aerodrom kompleksinin, təlim meydanının və Türkiyə-Naxçıvan Dostluq Parkının tikintisi başa çatdırılmış, hərbi zavodun və anbarın tikintisi, əsgər yataqxanasının əsaslı təmiri davam etdirilmişdir.
Babək və Şərur rayonlarında saxlancların tikintisi, Culfa rayonunda əsgər yataqxanasının əsaslı təmiri davam etdirilmiş, Şahbuz rayonunda əsgər yataqxanasının əsaslı təmiri başa çatdırılmış, yaşayış binasının tikintisi, əsgər yataqxanasının əsaslı təmiri davam etdirilmişdir.
Naxçıvan Əlahiddə Sərhəd Diviziyasının şəhərciyində idman zalının yenidən qurulması, Şərur rayonunda 6-cı Sərhəd Zastavası üçün infrastruktur obyektlərinin tikintisi, 1-ci Sərhəd Komendantlığı binasının yenidən qurulması davam etdirilmişdir.
Əlahiddə Ümumqoşun Orduya “Mitsubishi L200” markalı xidməti avtomobillər təqdim olunmuşdur.
Hərbi qulluqçuların mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə 2 ailəyə mənzil və Sədərək rayonunda 1 ailəyə xidməti mənzil təqdim olunmuşdur.

Tikinti-quruculuq və su təchizatı tədbirləri

Ümumi inkişafın təmin edilməsində vəsait qoyuluşları mühüm rol oynayır. Bu istiqamətdə muxtar respublikada 2021-ci ilin yanvar-iyun aylarında bütün maliyyə mənbələrindən əsas kapitala 564 milyon 609 min manat vəsait yönəldilmişdir ki, bu da bir il öncəki göstəricidən 0,4 faiz çoxdur. Bu göstərici ölkənin digər iqtisadi rayonları ilə müqayisədə Naxçıvan Muxtar Respublikasında əsas kapitala vəsait qoyuluşlarının həcminin daha çox olduğunu deməyə əsas verir. Vəsait qoyuluşlarının 542 milyon 11 min manatı və ya 96 faizi tikinti-quraşdırma işlərində istifadə edilmişdir ki, bu da bir il öncəki göstəricidən 0,8 faiz çoxdur.
2021-ci ilin yanvar-iyun aylarında muxtar respublikada 116 müxtəlif təyinatlı obyekt tikilmiş, yenidən qurulmuş və ya əsaslı təmir olunmuş, 168 müxtəlif təyinatlı obyektin tikintisi, yenidən qurulması və ya əsaslı təmiri davam etdirilmişdir.
Yaşayış məntəqələrinin abadlaşdırılması, səmərəli idarəetmənin və əhaliyə göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi tədbirlərinə uyğun olaraq 2021-ci ilin ilk yarım ilində 3 kənd mərkəzi istifadəyə verilmiş, 9 kənd mərkəzinin tikintisi, 1 kənd mərkəzinin yenidən qurulması davam etdirilmişdir. Bundan əlavə, Şərur şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin inzibati binası yenidən qurulur.
Muxtar respublikada kommunal xidmətlərin səviyyəsinin daha da yaxşılaşdırılması məqsədilə bələdiyyələrə 15 traktor və 15 qoşqu verilmişdir.
Muxtar respublikada 2 yaşayış binasının tikintisi başa çatdırılmış, 1 yaşayış binasının tikintisi, 12 yaşayış binasının yenidən qurulması davam etdirilmişdir. Bundan əlavə, Naxçıvan şəhərində tələbə yataqxanasının yenidən qurulması başa çatdırılmış, “Gənclər Yaşayış Kompleksi”nin tikintisi davam etdirilmişdir.
Əhalinin həyat səviyyəsinin yaxşılaşması fərdi yaşayış evlərinin tikintisinə də müsbət təsir göstərmişdir. 2021-ci ilin yanvar-iyun aylarında muxtar respublikada əhalinin şəxsi vəsaiti hesabına, ümumilikdə, 232 min kvadratmetr yaşayış sahəsi istifadəyə verilmişdir.
Ordubad rayonunun Nüsnüs və Yuxarı Əndəmic kəndlərində içməli su xətlərinin çəkilişi, Ordubad rayon mərkəzində və Şəhriyar qəsəbəsində içməli su təchizatı və kanalizasiya sisteminin, Şərur rayonunun Sərxanlı kəndində içməli su şəbəkəsinin tikintisi başa çatdırılmışdır. Bundan əlavə, Şahbuz rayonunun Külüs kəndində əhalinin içməli su təminatını yaxşılaşdırmaq məqsədilə subartezian quyusunun tikintisi başa çatdırılmışdır.
Babək, Kəngərli və Sədərək rayon mərkəzlərində, ətraf qəsəbə və kəndlərdə içməli su təchizatı və kanalizasiya sistemlərinin, Kəngərli rayonunun Qarabağlar, Xok, Yurdçu və Qabıllı, Sədərək rayonunun Dəmirçi kəndlərində içməli su şəbəkələrinin tikintisi, Babək rayonunun Sirab kəndində içməli su xəttinin çəkilişi davam etdirilmişdir.

Kənd təsərrüfatı və yaşıllaşdırma tədbirləri

Muxtar respublikada əhalinin ərzaq məhsulları ilə etibarlı təminatında mühüm yer tutan kənd təsərrüfatının inkişafı üzrə ardıcıl tədbirlər həyata keçirilir.
2021-ci ilin məhsulu üçün muxtar respublikada 64259 hektar sahədə əkin aparılmışdır ki, bu da 2020-ci ilin məhsulu üçün əkilmiş sahədən 854 hektar çoxdur.

Cəmi əkin sahələri, hektarla

Muxtar respublikada taxılçılıq mühüm sahə olaraq diqqətdə saxlanılmış və 2021-ci ilin məhsulu üçün 32721 hektar sahədə taxıl əkilmişdir ki, bunun da 31824 hektarı payızlıq, 897 hektarı isə yazlıq taxıldır. Taxıl zəmilərinin 20930 hektarında buğda, 11791 hektarında isə arpa əkilmişdir.
Muxtar respublikada ilk dəfə 2021-ci ildə Kəngərli rayonunda 4 hektar sahədə çəltik əkini aparılmışdır. Bu dövrdə dən üçün qarğıdalı əkini sahəsi 2150 hektar olmuşdur ki, bu da 2020-ci illə müqayisədə 601 hektar çoxdur.
Tələbata uyğun olaraq kartofçuluğun inkişafında müsbət dinamika saxlanılmış və 2021-ci ildə 3470 hektar sahədə kartof əkini aparılmışdır ki, bu da bir il öncəyə nisbətən əkilmiş sahədən 229 hektar çoxdur.
2021-ci ildə muxtar respublikada tütünçülüyün inkişafı üçün də tədbirlər görülmüş, Şərur, Babək və Kəngərli rayonlarında, ümumilikdə, 52,4 hektar sahədə tütün əkini aparılmışdır ki, bu da bir il öncəki göstəricidən 7,3 hektar çoxdur.
Muxtar respublikada meyvə-tərəvəz məhsullarına olan tələbatın yerli istehsal hesabına ödənilməsi, ixracyönümlü və ekoloji təmiz meyvə-tərəvəz məhsulları istehsalı sahələrinin yaradılması məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 12 mart tarixli Sərəncamı ilə “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı” təsdiq edilmişdir. Meyvəçiliyin inkişafını stimullaşdırmaq məqsədilə göycə məhsullarının satış yarmarkası keçirilib. Əhalini təzə və keyfiyyətli ərzaq məhsulları ilə təmin etmək məqsədilə 2 istixana təsərrüfatı və 2 soyuducu anbar yaradılmış, 1 istixana təsərrüfatı genişləndirilmiş, 3 soyuducu anbarın yaradılması davam etdirilir.
Məhsul istehsalçılarının kənd təsərrüfatı maşın və mexanizmləri ilə təchizatı davamlı olaraq yaxşılaşdırılır. “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə 261-i 2021-ci ilin yanvar-iyun aylarında olmaqla, ümumilikdə, 3336 müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və texnoloji avadanlıq alınaraq muxtar respublikaya gətirilmişdir. 2021-ci ilin yanvar-iyun aylarında 182 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və texnoloji avadanlıq lizinq yolu ilə icarəyə verilmiş, 61 ədədi nağd yolla satılmışdır. Bu dövrdə məhsul istehsalçıları 7542,3 ton mineral gübrə ilə təmin olunmuşdur.
Kənd təsərrüfatının əsas sahələrindən olan heyvandarlığın inkişafı 2021-ci ilin yanvar-iyun aylarında da diqqətdə saxlanılmış, 19 heyvandarlıq təsərrüfatının yaradılması, 7 heyvandarlıq təsərrüfatının genişləndirilməsi başa çatdırılmış, 17 heyvandarlıq təsərrüfatının yaradılması, 1 heyvandarlıq kompleksinin yenidən qurulması və 2 heyvandarlıq təsərrüfatının genişləndirilməsi davam etdirilir. Ümumilikdə, bank və kredit təşkilatları tərəfindən bu sahəyə cari ilin yanvar-iyun aylarında 7 milyon 256 min 100 manat kredit verilmişdir ki, bu da bir il öncəki göstəricidən 58 faiz çoxdur.
Muxtar respublikada süni mayalanma işlərini günün tələbləri səviyyəsində təşkil etmək və mal-qaranın cins tərkibinin yaxşılaşdırılması məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 21 sentyabr tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının Süni Mayalanma Mərkəzi yaradılmış və mərkəzdə yeni infrastruktur obyektlərinin tikintisi başa çatdırılaraq istifadəyə verilmişdir.
Cari ilin ilk yarım ilində heyvandarlıq təsərrüfatlarında 6735 baş inək, düyə və camış süni yolla mayalandırılmış, bu dövrdə 5868 baş sağlam bala alınmışdır.
1 iyul 2021-ci il tarixə muxtar respublikanın bütün təsərrüfat kateqoriyalarında qaramalın sayı 128 min 875 baş, xırdabuynuzluların sayı 816 min 927 baş olmuşdur ki, bu da 1 iyul 2020-ci il tarixə olan göstəriciləri 1,9 və 2,1 faiz üstələmişdir.
Daxili bazarda yerli istehsalın həcminin artırılması məqsədilə 1 quşçuluq təsərrüfatının yaradılması başa çatdırılmış, 1 quşçu­luq təsərrüfatının genişləndirilməsi davam etdirilir.
2021-ci ilin yanvar-iyun aylarında muxtar respublikada diri çəkidə 13081,4 ton ət, 51138,4 ton süd istehsal olunmuşdur ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,3 və 1,8 faiz çoxdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 18 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”nın icrası diqqətdə saxlanılmış, 2021-ci ilin yanvar-iyun aylarında 6 arıçılıq təsərrüfatının yaradılması, 1 arıçılıq təsərrüfatının genişləndirilməsi başa çatdırılmış, 6 arıçılıq təsərrüfatının yaradılması davam etdirilir. Təsərrüfat subyektlərinə 2021-ci ilin yanvar-iyun aylarında 283 min manat kredit verilmişdir ki, bu da bir il öncəki göstəricidən 8,7 faiz çoxdur. Arıçılıqla məşğul olan hüquqi və fiziki şəxslərə subsidiyaların verilməsi bu sahəyə marağı daha da artırmışdır.
Muxtar respublikada əhalinin keyfiyyətli və təhlükəsiz heyvandarlıq məhsulları ilə təminatını qoruyub saxlamaq məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 17 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “2020-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında baytarlıq təbabətinin inkişafı üzrə Dövlət Proqramı”nın icrası üzrə müvafiq tədbirlər həyata keçirilmiş, cari ilin ötən dövründə Şərur rayonunun Şəhriyar, Ordubad rayonunun Nüsnüs və Yuxarı Əndəmic kəndlərində istifadəyə verilən kənd mərkəzlərində baytarlıq məntəqələri üçün müasir iş şəraiti yaradılmış, Kəngərli Rayon Baytarlıq İdarəsinin binasının tikintisi davam etdirilmişdir.
Muxtar respublikada kənd təsərrüfatının dayanıqlı inkişafının təmin olunması, istehsal olunan məhsulların ixrac potensialının artırılması və kənd təsərrüfatı istehsalına əsaslanan emal müəssisələrinin qurulması məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 29 mart tarixli Sərəncamı ilə “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və ixracının stimullaşdırılmasına dair Dövlət Proqramı” təsdiq edilmişdir.
Cari ilin ilk yarım ilində kənd təsərrüfatı sahəsi ilə məşğul olan təsərrüfat subyektlərinə, ümumilikdə, 8 milyon 691 min 600 manat kredit verilmişdir ki, bu da bir il öncəki göstəricidən 55,3 faiz çoxdur.
Həyata keçirilmiş tədbirlərin nəticəsi olaraq 2021-ci ilin yanvar-iyun aylarında bir il öncəyə nisbətən 3 faiz çox, yəni 145 milyon 683 min 700 manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunmuşdur.

Kənd təsərrüfatının ümumi məhsulu, min manat

Bu dövrdə meliorasiya-irriqasiya sistemlərinin yenilənməsi diqqət mərkəzində saxlanılmış, Şahbuz rayonunun Külüs kəndində nasos stansiyasının və təzyiqli boru xəttinin tikintisi başa çatdırılmış, Araz Su Anbarından qidalanan nasos stansiyasının və təzyiqli boru xəttinin, Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində nasos stansiyasının və boru xətlərinin, qapalı suvarma və kollektor-drenaj şəbəkələrinin, Şahbuz rayonunun Külüs, Mahmudoba və Nursu kəndlərinin ərazisində qapalı suvarma şəbəkəsinin tikintisi davam etdirilmişdir.
Bundan əlavə, Naxçıvan şəhərində və Babək rayonunda Uzunoba Su Anbarı yaxınlığında hər birində bir subartezian quyusunun tikintisi başa çatdırılmışdır.
Meşə fondunun mühafizə olunması, bərpası, yeni yaşıllıqların salınması istiqamətində tədbirlər görülmüş, 2021-ci ilin ilk yarım ilində 283 hektar sahədə meşəsalma və meşəbərpa işləri aparılmış, 175 min ağac və gül kolu əkilmişdir.

Nəqliyyat, informasiya - rabitə və energetika

Artan əhali tələbatına uyğun olaraq muxtar respublikada müasir nəqliyyat sisteminin qurulması, nəqliyyat sektorunun səmərəli idarə olunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
2021-ci ilin yanvar-iyun aylarında Culfa-Ordubad magistral avtomobil yolunun, Naxçıvan şəhərində avtomobil yolunun, Şərur şəhərinə giriş və daxili avtomobil yollarının, Ordubad rayonunun Yuxarı Əndəmic-Nüsnüs və Şərur rayonunun Şəhriyar kənd avtomobil yollarının, Şərur şəhərində yeraltı piyada keçidinin yenidən qurulması başa çatdırılmışdır.
Naxçıvan şəhərində avtomobil yolunun, Çərçiboğan, Dərvişlər, Xanlıqlar-Aşağı Daşarx-Yuxarı Daşarx, Xanlıqlar-Şərur şəhəri-Yengicə-Şəhriyar-Kürçülü-Kərimbəyli-Dəmirçi, Maxta-Dəmirçi, Babək rayonunda Göynük, Ordubad rayonunda Vənənd-Pəzməri, Aşağı Əndəmic kənd avtomobil yollarının, Culfa şəhərində daxili avtomobil yolunun yenidən qurulması davam etdirilir.
Ordubad rayonunun Nüsnüs kəndində bir körpünün tikintisi, bir körpünün təmiri başa çatdırılmışdır.
Naxçıvan şəhərində 400 yerlik avtomobil parkının, Şərur şəhərində avtovağzal binasının tikintisi davam etdirilir.
“Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin Naxçıvan stansiyasında rabitə qovşağının anbarının əsaslı təmiri başa çatdırılmış, polis şöbəsi üçün inzibati binanın tikintisi, nəzarət-ölçü cihazları sexinin əsaslı təmiri, Şərur rayonunda Elektrik Təmas Şəbəkəsi binasının, Dövriyyə Deposu binasının və təmir sexinin yenidən qurulması davam etdirilir.
Culfa rayonunda İstismar Vaqon Deposunun təmir sexinin tikintisi, inzibati binasının və Babək rayonunda Təhlükəsizlik Komandası binasının yenidən qurulması davam etdirilir.
2021-ci ilin yanvar-iyun aylarında muxtar respublikada nəqliyyat sektorunda 7 milyon 584 min 300 ton yük, 48 milyon 107 min 700 sərnişin daşınmışdır. 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 0,3 faiz, sərnişin daşınması 2 faiz artmışdır.
2021-ci ilin yanvar-iyun aylarında muxtar respublikada informasiya və rabitə sahəsinin inkişafı diqqətdə saxlanılmış, 3 poçt bölməsi yeni bina ilə təmin olunmuş, 2 avtomat telefon stansiyası quraşdırılmışdır.
Sədərək Radio-Televiziya Ötürücü Stansiyasının binasının tikintisi başa çatdırılmışdır.
2021-ci ilin yanvar-iyun aylarında muxtar respublikada informasiya və rabitə xidmətlərinin dəyəri 2020-ci ilin müvafiq dövründəki göstəricini 8,2 faiz üstələyərək 29 milyon 875 min manat olmuşdur. Ümumi xidmətlərin 74,7 faizi mobil rabitənin payına düşmüş, mobil rabitə xidmətlərinin dəyəri 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,3 faiz artmışdır.
Muxtar respublikada alternativ enerji istehsalı sahələrinin yaradılması istiqamətində 5 meqavat gücündə Şərur Günəş Elektrik Stansiyasının və Culfa rayonunda 1,1 meqavat gücündə Külək-Günəş Hibrid Elektrik Stansiyasının tikintisi başa çatdırılmış, Ordubad rayonunda 36 meqavat gücündə Ordubad Su Elektrik Stansiyasının, 15,6 meqavat gücündə Tivi Su Elektrik Stansiyasının tikintisi davam etdirilir.
Enerji sistemini daha da müasirləşdirmək məqsədilə Şərur rayonunun Maxta kəndində 35/10 kilovoltluq transformator yarımstansiyasının, Şərur şəhərində yüksəkgərginlikli elektrik xətti üçün tunelin tikintisi başa çatdırılmış, Muğanlı kəndində 35/10 kilovoltluq transformator yarımstansiyasının tikintisi davam etdirilmişdir.
Muxtar respublikada 31,3 kilometr uzunluğunda 35, 10 və 0,4 kilovoltluq yeni elektrik xətləri çəkilmiş, ümumilikdə, 8 transformator yarımstansiyası quraşdırılmışdır.
Şərur rayonu ərazisində yanacaqdoldurma stansiyasının yenidən qurulması başa çatdırılmış, Naxçıvan şəhərində Qaz Kompressor Stansiyası tikilmişdir. 1 iyul 2021-ci il tarixə muxtar respublikada 89 min 54 əhali abonenti təbii qazla təmin olunmuşdur.
Naxçıvan şəhərində smartkarttipli elektrik və qaz, Babək rayonunda və Şərur şəhərində smartkarttipli elektrik sayğaclarının quraşdırılması davam etdirilir.

Sahibkarlıq fəaliyyəti və məşğulluq məsələləri

Muxtar respublika iqtisadiyyatının aparıcı qüvvəsi olan sahibkarlığın inkişafı üçün ardıcıl tədbirlər həyata keçirilir.
2021-ci ilin ilk yarım ilində muxtar respublikada sahibkarlara 18 milyon 253 min manat kredit verilmişdir. Verilmiş kreditin 7 milyon 690 min manatı yeni istehsal sahələrinin yaradılmasına və ya genişləndirilməsinə, 10 milyon 563 min manatı isə fərdi sahibkarlığın inkişafına sərf olunmuşdur. Bu dövrdə 28 hüquqi və 1342 fiziki şəxs qeydiyyata alınmışdır.
Sahibkarlığa göstərilən diqqət və qayğının nəticəsidir ki, bu gün muxtar respublikada 384 növdə məhsul istehsal olunur. Bu məhsulların 127-si ərzaq, 257-si qeyri-ərzaq məhsullarıdır. 108-i ərzaq, 242-si qeyri-ərzaq olmaqla, 350 növdə məhsula olan tələbatın tamamilə yerli imkanlar hesabına ödənilməsi təmin edilmişdir.
Muxtar respublikada əhalinin məşğulluğunun artırılması və rifahının daha da yüksəldilməsi, əmək bazarının tələblərinə uyğun kadr hazırlığının aparılması və özünüməşğulluq imkanlarının genişləndirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 28 yanvar tarixli Sərəncamı ilə “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” təsdiq edilmişdir.
2021-ci ilin yanvar-may aylarında ortaaylıq əməkhaqqının məbləği 536,4 manat təşkil etmişdir ki, bu da 2020-ci ilin müvafiq dövründəki göstəricidən 3,2 faiz çoxdur və Naxçıvan Muxtar Respublikası üzrə ortaaylıq nominal əməkhaqqının səviyyəsi ölkənin digər iqtisadi rayonları ilə müqayisədə daha yüksəkdir.
2021-ci ilin yanvar-iyun aylarında muxtar respublikada 174 yeni iş yeri yaradılmışdır. Əmək bazarının tələblərinə uyğun olaraq Naxçıvan Regional Peşə Tədris Mərkəzində bərbər, dərzi, bərbər-manikürçü və qazanxana maşinisti peşələri üzrə hər birində 20 nəfər, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Cəzaçəkmə Müəssisəsində 12 məhkum daş üzərində oyma peşə hazırlığı kurslarına cəlb edilmişdir. Qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər peşəsi üzrə 11, dəmir yolu nəqliyyatında elektrik montyoru peşəsi üzrə 12, kabel xətlərinin quraşdırılması və təmiri üzrə rabitə montyoru peşəsi üzrə 16, dayə peşəsi üzrə isə 20 nəfər ixtisasartırma kurslarına cəlb edilmişdir. Bundan əlavə, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyindəki peşə ixtisas təhsili müəssisələrində 1690 nəfər müxtəlif peşələrə yiyələnmişdir.
Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən dövlət qulluğu vəzifələrinin tutulması üçün keçirilmiş müsabiqədə uğur qazanmış 84 nəfər və ehtiyat kadrlar siyahısından 1 nəfər olmaqla, ümumilikdə, 85 nəfər aidiyyəti dövlət orqanları tərəfindən dövlət qulluğu vəzifələrinə təyin olunmuşdur.
Müəllimlərin dövlət ümumi təhsil müəssisələrinə işə qəbulu üçün elan edilmiş müsabiqədə 47, Dövlət Vergi Xidməti üzrə vakant vəzifələrin tutulması üçün elan edilmiş müsabiqədə 16, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazir­liyinin tabeliyində olan müəssisələrdə vakant vəzifələrin tutulması üçün elan edilmiş müsabiqədə 18, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində vakant vəzifələrin tutulması üçün elan edilmiş müsabiqədə 1 nəfər müvafiq vəzifələrə təyin olunmuşdur.

İstehlak bazarı

Səmərəli məşğulluq imkanlarının yaradılması əhalinin alıcılıq qabiliyyətini yüksəltmiş, əmtəə dövriyyəsinin həcmini genişləndirmişdir.
2021-ci ilin yanvar-iyun aylarında muxtar respublikanın istehlak bazarında əhaliyə 806 milyon 184 min manat dəyərində istehlak malları satılmış və ödənişli xidmətlər göstərilmişdir. Satılmış istehlak mallarının 97,1 faizi pərakəndə ticarət dövriyyəsinin payına düşmüşdür.
Bir nəfərə düşən pərakəndə ticarət dövriyyəsinə və məişət xidmətlərinə görə Naxçıvan Muxtar Respublikası ölkənin digər iqtisadi rayonları arasında ilk yerdədir.
Əhaliyə göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi məqsədilə Şərur rayonunun Şəhriyar, Ordubad rayonunun Nüsnüs və Yuxarı Əndəmic kəndlərində xidmət mərkəzlərinin, Culfa rayonunun Əbrəqunus kəndində xidmət sahəsinin tikintisi başa çatdırılmışdır.
Şərur rayonunun Dərvişlər, Çərçiboğan, Ordubad rayonunun Dırnıs, Kələki, Unus, Aşağı Əndəmic, Pəzməri, Vələver və Babək rayonunun Göynük kəndlərində xidmət mərkəzlərinin, Culfa rayonunun Ləkətağ kəndində və Culfa şəhərində xidmət sahələrinin tikintisi davam etdirilir.

Bank işi və sığorta fəaliyyəti

Bazar münasibətlərinə əsaslanan milli iqtisadiyyatın formalaşdırılmasında və makroiqtisadi sabitliyin qorunmasında bank sistemi mühüm rol oynayır.
1 iyul 2021-ci il tarixə muxtar respublikanın banklarında açılmış bank hesablarının sayı 95514-ə çatmışdır ki, bunun da 82654-ü və ya 86,5 faizi aktiv hesablardır. 2021-ci ilin yanvar-iyun aylarında açılmış 21728 bank hesabının 21692-si aktiv hesablar olmuşdur.
1 iyul 2021-ci il tarixə muxtar respublikada quraşdırılmış POS-terminalların sayı 1467-yə çatdırılmışdır. 2021-ci ilin yanvar-iyun aylarında internet və POS-terminallar vasitəsilə həyata keçirilən nağdsız ödənişlər 56 milyon 188 min 728 manat təşkil etmişdir ki, bu da bir il öncəki göstəricidən 39,5 faiz çoxdur.
2021-ci ilin ilk yarım ilində muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 107 milyon 739 min manat kredit verilmişdir ki, bu da bir il öncəki göstəricidən 26,2 faiz çoxdur. Verilmiş kreditlərin 13 milyon 703 min manatı və yaxud 12,7 faizi qısamüddətli, 94 milyon 37 min manatı və yaxud 87,3 faizi uzunmüddətli kreditlər olmuşdur.
Naxçıvan Muxtar Respublikasında ölkənin digər iqtisadi rayonları ilə müqayisədə bank sektoru üzrə verilən kreditlərin ən aşağı orta faiz dərəcəsi tətbiq edilir ki, bu da özəl sektorun inkişafında ciddi amillərdən biridir.
Muxtar respublikada əhaliyə göstərilən bank xidmətlərinin səviyyəsinin yüksəldilməsi istiqamətində Kapital Bankın Ordubad filialının inzibati binasının tikintisi başa çatdırılmış, “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin Şahbuz və Culfa rayon filialları üçün inzibati binaların tikintisi davam etdirilir.
Muxtar respublikada sığorta sahəsinin inkişafı diqqətdə saxlanılmış, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən 2021-ci il 24 may tarixdə “Naxçıvan Muxtar Respublikasında dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” Fərman imzalanmışdır.
2021-ci ilin yanvar-iyun aylarında muxtar respublikada sığorta növləri üzrə daxilolmalar 3 milyon 410 min manat olmuşdur ki, bunun da 714 min manatını könüllü, 2 milyon 696 min manatını isə icbari sığorta təşkil etmişdir.

Təhsil, səhiyyə, sosial təminat,
mədəniyyət və turizm

Təhsil sahəsi üzrə infrastruktur quruculuğu tədbirləri çərçivəsində Naxçıvan Dövlət Universitetinin Xarici dillər fakültəsinin binasının yenidən qurulması, yeni mərkəz, kabinə və laboratoriyaların yaradılması başa çatdırılmışdır. Texnologiyalar Parkının yaradılması davam etdirilir.
Şərur rayonunun Şəhriyar kəndində 224, Ordubad rayonunun Nüsnüs kəndində 414, Ordubad şəhərində 612 şagird yerlik 1 nömrəli tam orta məktəb binalarının yenidən qurulması başa çatdırılmışdır. Bundan əlavə, Ordubad rayonunda innovativ dərnəklər yaradılmışdır.
Naxçıvan şəhərində Kimya-Biologiya Təmayüllü Liseyin, Babək rayonunun Sirab, Araz və Göynük, Ordubad rayonunun Vələver və Pəzməri kəndlərində məktəb binalarının tikintisi, Şərur rayonunun Dərvişlər və Çərçiboğan, Ordubad rayonunun Aşağı Əndəmic və Dırnıs kəndlərində məktəb binalarının yenidən qurulması davam etdirilir.
Mütərəqqi təhsil metodu kimi əhəmiyyəti nəzərə alınaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 7 iyun tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində STEAM Təlim-Tədris Mərkəzi yaradılmışdır.
Şərur rayonunun Şəhriyar kəndində uşaq musiqi məktəbi binasının yenidən qurulması başa çatdırılmış, Çərçiboğan kəndində uşaq musiqi məktəbinin və Naxçıvan şəhərində uşaq bağçasının tikintisi davam etdirilir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 18 dekabr tarixli Sərəncamı ilə muxtar respublikada təhsillə bağlı teleradio proqramlarının hazırlanması və yayımını təmin etmək, eləcə də sistemli maarifçilik işinin aparılması məqsədilə Televiziya və Radio Verilişləri Redaksiyası Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyinə verilmişdir.
Muxtar respublikanın ərazisi üzrə təhsil müəssisələrinin yerləşməsini və sıxlığını vizual olaraq nümayiş etdirən “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələri (xəritələr)” kitabı hazırlanmışdır.
Əhaliyə göstərilən səhiyyə xidmətlərinin daha da yaxşılaşdırılması istiqamətində Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzinin, modul tipli xəstəxananın, Şərur və Şahbuz Rayon Gigiyena və Epidemiologiya şöbələrinin, Şərur rayonunun Şəhriyar, Ordubad rayonunun Nüsnüs və Yuxarı Əndəmic kəndlərində həkim ambulatoriyası binalarının tikintisi başa çatdırılmışdır.
Dezinfeksiya tədbirlərinin daha keyfiyyətlə aparılması məqsədilə Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzinə və onun rayon şöbələrinə, ümumilikdə, 9 avtomobil verilmişdir.
Şərur rayonunun Çərçiboğan, Ordubad rayonunun Dırnıs kəndlərində həkim ambulatoriyası binalarının tikintisi, Culfa Rayon Gigiyena və Epidemiologiya Şöbəsinin binasının yenidən qurulması davam etdirilir. Ordubad Rayon Uşaq Xəstəxanası üçün binanın yenidən qurulması başa çatdırılmışdır.
Muxtar respublikada əhaliyə göstərilən tibbi sığorta xidmətlərinin keyfiyyətinin daha da yaxşılaşdırılması məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin inzibati binasının tikintisi davam etdirilir.
Sosial layihələr çərçivəsində 2021-ci ilin ilk yarım ilində yüksəkixtisaslı həkim heyəti tərəfindən, ümumilikdə, 149 cərrahi əməliyyat aparılmışdır.
Hesabat dövründə muxtar respublikada hər bir nəfərə düşən aylıq gəlirləri ehtiyac meyarından aşağı olan 421 ailəyə ünvanlı dövlət sosial yardımı ödənilmiş, 14 şəhid ailəsinə mənzil, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı sağlamlıq imkanlarını qismən itirmiş 2 nəfərə, Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın aradan qaldırılmasında iştirak edən 1 nəfərə və hərbi xidmət vəzifələrinin icrası zamanı sağlamlıq imkanları məhdudlaşmış 2 nəfərə, ümumilikdə, 5 nəfərə minik avtomobili təqdim edilmişdir.
Muxtar respublikada 97 aztəminatlı ailənin hər birinə 2 baş iribuynuzlu, 35 ailənin hər birinə 20 baş xırdabuynuzlu, 16 ailənin hər birinə yerşumlayan aqreqat, 4 ailənin hər birinə 10 arı ailəsi, 2 ailənin hər birinə inkubator aparatı, 2 ailənin hər birinə otbiçən aqreqat, 2 ailənin hər birinə unlu və qənnadı məmulatlarının hazırlanması avadanlığı və ləvazimatları, 2 ailənin hər birinə dərzi avadanlıqları və ləvazimatları, 1 ailəyə döşəmə hamarlayan dəzgah, 1 ailəyə mebellərin təmiri və üzlənməsi avadanlığı, 1 ailəyə qaynaqçı avadanlığı və ləvazimatları verilmişdir. Ümumilikdə, 2021-ci ilin ilk yarım ilində 163 aztəminatlı ailənin özünüməşğulluğu təmin edilmişdir. Bundan əlavə, monitorinqlər aparılaraq təsərrüfatlarını nümunəvi inkişaf etdirən 3 ailəyə arpa-buğdaqıran, 2 ailəyə otdoğrayan və 1 ailəyə südsağan aqreqatları verilmişdir.
Hesabat dövründə 305 tənha ahıl və sağlamlıq imkanları məhdud vətəndaşa evlərində sosial xidmət göstərilmiş, Naxçıvan Əlillərin Bərpa Mərkəzində 116 nəfərin, Naxçıvan Uşaq Bərpa Mərkəzində 112 uşağın müalicəsi təşkil edilmişdir. Sağlamlıq imkanları məhdud şəxslər 286 texniki və 283 köməkçi reabilitasiya vasitələri ilə təmin olunmuş, 141 nəfərə protez-ortopediya xidmətləri göstərilmişdir.
Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbində davamlılığın təmin edilməsi, bu sahədə təlim-tədris proseslərinin daha da müasirləşdirilməsi və sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyası məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 15 mart tarixli Sərəncamı ilə “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı” təsdiq edilmişdir.
Cari ilin ötən dövründə Heydər Əliyev Sarayında və “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində məhdud fiziki imkanlıların və digər kateqoriyalardan olan şəxslərin, ümumilikdə, 1858 ədəd rəsm və əl işinin sərgisi təşkil olunmuş, 576 əsər satılmışdır.
Muxtar respublikada əhalinin yaşayış səviyyəsinin yüksəldilməsi, öz növbəsində, demoqrafik vəziyyətə müsbət təsir göstərmiş, əhalinin sayı bir il öncəyə nisbətdə 1700 nəfər artaraq 1 iyun 2021-ci il tarixə 462,2 min nəfər olmuşdur.
Əhalinin hər 1000 nəfərinə hesabı ilə ölənlərin sayının az olmasına görə muxtar respublika ölkənin iqtisadi rayonları arasında ilk yerlərdə təmsil olunur. Əhali artımının təmin olunmasında yeni doğulanlar və müsbət miqrasiya ilə yanaşı, insanların uzunömürlü yaşaması da mühüm rol oynayır. Naxçıvan şəhərində əhaliyə göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi istiqamətində Qeydiyyat Şöbəsi üçün yeni binanın tikintisi davam etdirilir.
“Naxçıvan Muxtar Respublikasının Şərur və Sədərək rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” 2021-ci il 23 fevral tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Şərur rayonunun inzibati ərazi bölgüsünə daxil olan Dəmirçi kəndi Sədərək rayonunun inzibati ərazi bölgüsünə daxil edilmişdir.
Muxtar respublikada pensiya və müavinətlərin dayanıqlı maliyyə təminatı formalaşdırılmışdır. Dövlət Sosial Müdafiə Fondu tərəfindən 2021-ci ilin yanvar-iyun aylarında pensiya və müavinətlərin ödənilməsinə 95 milyon 601 min manatdan artıq vəsait yönəldilmişdir ki, bu da bir il öncəki göstəricidən 5,8 faiz çoxdur.
Muxtar respublikada idmanın inkişafı cari ilin ötən dövründə də diqqətdə saxlanılmış, Uzunoba Təlim-Məşq İdman Kompleksinin, Kəngərli rayonunun Qabıllı kəndində minifutbol meydançasının tikintisi başa çatdırılmış, Ordubad Şəhər Stadionunun yenidən qurulması davam etdirilmişdir. Muxtar respublikanın təhsil müəssisələrində yaradılan idman klubları yeni idman avadanlıqları ilə təmin olunmuşdur.
Muxtar respublikada ilk dəfə kişilər və qadınlar arasında şahmat üzrə Azərbaycan çempionatı keçirilmişdir.
Milli dəyərlərimizin təbliği, onun daha da zənginləşdirilərək gələcək nəsillərə ötürülməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir.
Bu istiqamətdə cari ilin yanvar-iyun aylarında Naxçıvan şəhərində Uşaq Kitabxanasının və Şahbuz rayonunda Tarix-Diyarşünaslıq Muzeyinin tikintisi davam etdirilmişdir.
Şərur şəhərində “Saat Meydanı”nın tikintisi başa çatdırılmış, Şərur Rayon Mədəniyyət Sarayının tikintisi, Mərkəzi Kitabxana və Uşaq Kitabxanası binasının yenidən qurulması davam etdirilir.
Şərur və Sədərək rayonlarında Bayraq meydanlarının tikintisi başa çatdırılmışdır.
Naxçıvan şəhərində və Babək rayonunun Cəhri qəsəbəsində hər birində bir məscidin tikintisi, Ordubad Cümə məscidinin yenidən qurulması davam etdirilir.
Muxtar respublikada rəssamlıq sənətinin inkişafı diqqətdə saxlanılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən 2021-ci il 2 mart tarixdə “Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin 50 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalanmış, “Naxçıvan – bəşəriyyətin beşiyi” V Beynəlxalq Rəsm Festivalı keçirilmişdir.
Muxtar respublikada medianın inkişafının dəstəklənməsi, media sahəsində mütəxəssislər hazırlanması və onların əlavə təhsilinin təşkili, audiovizual, çap, onlayn media subyektlərinin və informasiya agentliklərinin, habelə jurnalistlərin və digər media işçilərinin fəaliyyətinin, eləcə də media sahəsində yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 21 yanvar tarixli Fərmanı ilə “Naxçıvan Muxtar Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxsi yaradılmışdır.
Muxtar respublikada televiziya və radio fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 17 mart tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin əsasında “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti yaradılmışdır.
Cari ilin ötən dövründə Universitet televiziyasının muxtar respublika miqyasında yayımı təmin edilmişdir.
Muxtar respublikanın ictimai-siyasi və sosial-iqtisadi həyatındakı yeri nəzərə alınaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən 2021-ci il 1 iyun tarixdə “Şərq qapısı” qəzetinin 100 illik yubileyinin qeyd olunması barədə Sərəncam imzalanmışdır.
Muxtar respublikada turizmin inkişafı istiqamətində tədbirlər davam etdirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 31 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı”nın icrası həyata keçirilən tədbirlərin davamlılığını təmin etmiş, 2021-ci ilin ilk yarım ilində Şahbuz rayonunda Ağbulaq Xizək Mərkəzinin tikintisi başa çatdırılmış, Culfa rayonunda Darıdağ Arsenli Su Müalicə və İstirahət Kompleksinin tikintisi davam etdirilir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 19 fevral tarixli Sərəncamı ilə yaradılmış Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanında “ASAN xidmət” Mərkəzinin tikintisi davam etdirilir.

Hüquq-mühafizə orqanları ilə iş

Muxtar respublikada hüquq-mühafizə orqanlarının maddi-texniki bazasının gücləndirilməsi və iş şəraitinin yaxşılaşdırılması istiqamətində Sədərək Gömrük Sərhəd-Buraxılış Məntəqəsinin tikintisi, Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Babək Rayon Şöbəsinin inzibati binasının yenidən qurulması davam etdirilir.
Aparılan təhlillər göstərir ki, bütün sahələrdə əldə edilmiş yüksək göstəricilər, davam etdirilən məqsədyönlü tədbirlər, əhalinin səmərəli məşğulluğunun təmin edilməsi üzrə görülən işlər muxtar respublikanın dinamik inkişafına etibarlı zəmin yaratmaqdadır.

Naxçıvan Muxtar Respublikası
Dövlət Statistika Komitəsi

ARXİV

Sentyabr 2021
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR