18 Sentyabr 2021, Şənbə

Muxtar respublikada aqrar sahənin inkişaf etdirilməsi, ərzaq təhlükəsizliyinin təmin olunması və kənd təsərrüfatı məhsullarının keyfiyyətinin yüksəldilməsi məsələləri daim diqqət mərkəzində saxlanılır. Bu istiqamətdə əsas hədəflərdən biri də ailə təsərrüfatlarının inkişaf etdirilməsindən ibarətdir.
Bazar iqtisadiyyatının tələblərinə uyğun fəaliyyət göstərən və ildən-ilə genişlənən ailə təsərrüfatlarına artan maraq muxtar respublika iqtisadiyyatının önəmli hissəsini təmin edir. Kiçik ailə təsərrüfatlarının böyüyüb gələcəkdə sahibkarlıq obyektinə çevrilməsi, onların tutduğu biznes profilləri üzrə yüksək dərəcədə ixtisaslaşıb rəqabətqabiliyyətli məhsullarla dünya bazarına çıxmasınadək keçən bütün proseslərdə ailə təsərrüfatlarına maliyyə dəstəyi və digər köməkliklər göstərilir. Ailə təsərrüfatlarına kreditlərin verilməsi, onların fəaliyyətinin stimullaşdırılması üçün sərfəli şərtlərlə xammal, avadanlıq alınması, ixrac bazarlarına çıxış üçün sərgi, yarmarka və biznes görüşlərdə iştiraklarının təmin edilməsinin diqqətdə saxlanılması bu gün öz bəhrəsini verməkdədir.

Aqrar sektorda tətbiq edilən güzəştlər və subsidiyalar ailə təsərrüfatlarının inkişafını stimullaşdırıb, onların öz zəhmətləri hesabına ailə gəlirlərini artırmalarına və sahibkarlığa çıxış imkanı qazanmalarına, muxtar respublikada kiçik ailə biznesinin genişlənməsinə şərait yaradıb. Eyni zamanda bu təsərrüfatlar muxtar respublikada özəl sektorun inkişafına əlavə dəstək olmaqla, həmin sektorda məhsul istehsalının artımını da stimullaşdırıb. Verilmiş güzəştli kreditlərdən səmərəli şəkildə istifadə etməklə ailələr öz kiçik ailə təsərrüflarını gözlənilən səviyyədə, uğurla qurmaları və həmin təsərrüfatları daim inkişaf etdirməyə, genişləndirməyə çalışmaları bu sahədə müsbət təcrübənin formalaşdığını deməyə əsas yaradıb. Bu isiqamətdə işlər cari ilin ötən dövrü ərzində də davam etdirilib. Sahibkarlığın İnkişafı Fondu tərəfindən heyvandarlıq, arıçılıq, bağçılıq təsərrüfatlarının, kompost və torf istehsalı sahəsinin yaradılması məqsədilə 34 ailə təsərrüfatına 519 min manatdan çox dövlət maliyyə dəstəyi göstərilib. “İstehsaldan marketə” prinsipinə əsaslanaraq ailə təsərrüfatları 27 çeşiddə 2100-dən artıq tara ilə təmin olunub.

Hazırladıqları məhsulları özlərinə məxsus brend adı altında satışa çıxarmaları ailə təsərrüfatlarını işlərini inkişaf etdirməyə, bazara yeni məhsullar təqdim etməyə daha da həvəsləndirir. Ailə təsərrüfatlarında istehsal olunan məhsulların tanıdılması, təşviqi və sərgisi məqsədilə “Naxçıvan Biznes Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Sərgi Salonunda 55 ailə təsərrüfatının 19 növdə 87 çeşiddə məhsulunun nümayişi təmin olunub. Şəhər və rayonlarımızda fəaliyyət göstərən ticarət obyektlərində ailə təsərrüfatı məhsulları guşələrinin yaradılması muxtar respublikada belə məhsulların çeşid və rəqabət qabiliyyətinin stimullaşdırılmasında, istehlakçıların ekoloji təmiz ərzaq məhsulları ilə təmin edilməsində mühüm rol oynayıb.
Ailə təsərrüfatlarının sayının artması istehsal olunan məhsulların satışını zərurətə çevirmiş, bu məqsədlə Naxçıvan şəhərindəki Mərkəzi Bazarda hər həftənin şənbə və bazar günləri ailə təsərrüfatlarının istehsal etdikləri məhsulların sаtış yаrmаrkаsı təşkil olunmaqdadır. Cari ilin ötən dövrü ərzində “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçirilən göycə məhsullarının satış yarmarkası da bu sahə ilə məşğul olan ailə təsərrüfatçılarının məhsullarını vaxtında və əlverişliliyinə satmalarına şərait yaratmışdır.
İstehsalın mühüm şərtlərindən biri keyfiyyət amilidir. Bu istiqamətdə ötən dövr ərzində Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin nəzdində fəaliyyət göstərən “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ailə təsərrüfatlarının istehsal etdikləri məhsulların keyfiyyətinə mütəmadi olaraq nəzarət olunur. Bu məqsədlə cari ilin ötən dövrü ərzində ailə təsərrüfatlarında hazırlanan 178 halda məhsullardan orta nümunələr götürülərək Mərkəzi Qida Sınaq Laboratoriyasında analizləri aparılıb, nümunələrin keyfiyyət və təhlükəsizlik göstəricilərinin qüvvədə olan normativ-texniki sənədlərin tələblərinə cavab verdiyi müəyyən edilib.
Bundan sonrakı illərdə də muxtar respublikada fəaliyyət göstərən fermer və ailə təsərrüfatlarının ixtisasına uyğun kiçik, orta və irihəcmli əkinçilik, heyvandarlıq, süd emalı, bağçılıq, balıqçılıq və digər istehsal sahələri üzrə layihələrin hazırlanması, onlarla birlikdə həmin layihələrin təqdimatının keçirilməsi və dövlət maliyyə dəstəyinin göstərilməsi istiqamətində görüləcək tədbirlər həm istehsal edilən məhsulların həcminin, həm də keyfiyyətinin dəyişilməsinə, eyni zamanda bu sahə üzrə ixtisaslaşmış yeni ailə təsərrüfatları yaranmasına səbəb olacaq.

Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti

ARXİV

Sentyabr 2021
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR