22 Sentyabr 2021, Çərşənbə

Bura Babəkdir. Hər il geniş abadlıq-quruculuq işlərinin aparıldığı, 76 mindən çox əhalinin yaşadığı, ən ucqar dağ və sərhəd kəndlərində şəhər rahatlığının hökm sürdüyü, yeni iş yerlərinin, emal və istehsal sahələrinin yaradıldığı, aqrar sektorun dinamik inkişaf etdiyi rayon qədim Naxçıvan torpağının sosial-iqtisadi həyatında mühüm pay sahibidir. 2021-ci ilin ötən dövrü ərzində əldə olunmuş nailiyyətlər, rayonun quruculuq xəritəsinin daha da genişlənməsi bu iri yaşayış məntəqəsinə göstərilən davamlı dövlət qayğısının daha bir ifadəsidir.

 Uca dağ yamaclarına sığınıb, düşmənə gözdağıdır Aşağı Buzqov və Yuxarı Buzqov, Gərməçataq. Səfalıdır, qonaqpərvərdir Nəhəcir və Göynük kəndləri. Naxçıvançay boyunca sıralanan Şəkərabad, Yarımca, Hacıvar, Badaşqan gözəlliyi ilə göz oxşayır. İnkişafın zirvəsində dayanıb rayon mərkəzi olan Babək şəhəri… Böyüyüb, simasını dəyişib Nehrəm və Cəhri qəsəbələri. Müstəqilliyin nuruna boyanıb Qahab, Naxışnərgiz, Zeynəddin, Sirab, Kərimbəyli, Nəzərabad, Didivar. Abaddır Gülşənabad, Payız. Kiçik yaşayış məntəqələri olsalar da, böyük quruculuq işləri aparılıb Nəcəfəlidizədə, Çeşməbasarda, Güznütdə. Kəndlə şəhər arasındakı fərq götürülüb Şıxmahmudda, Xəlillidə. Yeniləşir, müasirləşir, həmin kəndlərin siyahısına qoşulur Araz. Məktəb binası, kənd və xidmət mərkəzləri inşa olunur, yeni yol salınır, evlərə içməli su və kanalizasiya xətləri çəkilir Araz adlı kiçik yurd yerində. Tezliklə Araz müasir Azərbaycan kəndinin real nümunəsinə çevriləcək.

Bu il Babəkin ən ucqar dağ kəndi olan Göynük də müasir yaşayış məntəqəsi kimi həyata vəsiqə alacaq. Vaxtilə şəraitsizliyin hökm sürdüyü, sosial qayğıların baş alıb getdiyi kəndə dövlət müstəqilliyimizin işığı nur salıb. Texnikaların səsi Göynüyü bürüyüb. İndi köhnə, nimdaş binalar sökülür, yerində müasir layihə əsasında təhsil ocağı üçün bina inşa olunur, dövlət qurumlarının yerləşəcəyi kənd mərkəzi, rahat alış-veriş üçün xidmət mərkəzi tikilir.

Sirabda əsaslı şəkildə yenidən qurulan kənd məktəbi, Cəhri qəsəbəsində tikilən məscid Babək rayonunun davamlı inkişafından xəbər verir. Rayon Statistika İdarəsindən aldığımız rəqəmlər də fikrimizi təsdiqləyir. 2021-ci ilin yanvar-may aylarında iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 17 milyon manatdan artıq vəsait yönəldilib. Vəsait qoyuluşlarının 96,4 faizi tikinti-quraşdırma işlərində istifadə edilib.
Kənd təsərrüfatı sürətlə inkişaf etdirilir, hər il on minlərlə hektar sahədə əkin aparılır Babəkdə, tonlarla taxıl, meyvə-tərəvəz, heyvandarlıq məhsulları istehsal olunur bu diyarda. Dövlət torpaq mülkiyyətçisinə dəstək göstərir, kredit ayırır, texnika təminatını, suvarma imkanlarını yaxşılaşdırır, subsidiyalar verir.
Bu ilin fevral ayında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin ailə təsərrüfatçıları və sahibkarlarla keçirdiyi görüşdə Babək rayonunun Cəhri qəsəbəsindən və Aşağı Buzqov kəndindən olan 2 nəfərə heyvandarlıq və maldarlıq üzrə ailə təsərrüfatları qurmaq və ya genişləndirmək üçün, ümumilikdə, 30 min manat dəyərində güzəştli kredit verilib. Cari ilin ötən dövrü ərzində rayonda daha 3 ailə təsərrüfatı yaradılıb və beləliklə, Babəkdə ailə təsərrüfatlarının ümumi sayı 193-ə çatdırılıb. 2021-ci ilin yanvar-may aylarında rayonda diri çəkidə 1131,9 ton ət, 6238,8 ton süd istehsal olunub.
Uzun illər əkilməyən torpaqların münbitliyi artırılır, yenidən əkin dövriyyəsinə daxil edilir. Bir sözlə, dövlət bununla torpaq mülkiyyətçisinə deyir ki, təsərrüfatını qur, iş-güc sahibi ol, istehsal sahəsi yarat. Bu gün Babəkdə torpaq ən yaxşı iş yerinə, dolanışıq vasitəsinə çevrilib. Torpaq tər verənə zər verir, insanı naümid qoymur. Müstəqillik illərində dövlət tərəfindən aqrar sahədə həyata keçirilən kompleks tədbirlər, qəbul olunmuş Dövlət proqramlarının uğurlu icrası bol məhsul təminatı yaradıb. 2021-ci ilin məhsulu üçün Babək rayonunda 10 min 603 hektar sahədə taxıl əkini aparılıb. Artıq elin sərvəti toplanır. İndiyə kimi 2858 hektar sahənin taxılı biçilib. Bu il taxılın alış qiymətləri daha da artırılıb. Belə ki, dövlət tərəfindən fermerlərin, ailə təsərrüfatçılarının istehsal etdikləri arpanın 1 kiloqramı 40, buğdanın 1 kiloqramı 45, qarğıdalının 1 kiloqramı isə 40 qəpikdən satın alınacaq. Tədarük olunan məhsulun ödənişi yerində və nağd formada həyata keçirilir. Bütün bunlar bol taxıl istehsalına zəmin yaradıb.
Ötən əsrin 90-cı illərindəki dağıdıcı proseslər Naxçıvandakı arıçılıq təsərrüfatlarına da təsirsiz ötüşməmişdi. Belə ki, muxtar diyarda arı ailələrinin sayında və məhsul istehsalında kəskin azalma müşahidə olunurdu. Halbuki Naxçıvanın təbiəti ta qədimdən kənd təsərrüfatının aparıcı sahələrindən olan arıçılığın inkişafına şərait yaradıb. Müstəqillik illərində muxtar respublikada bu sahənin inkişafına hesablanmış konkret tədbirlər həyata keçirildi. Ali Məclis Sədrinin 2016-cı il 18 noyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”, arıçılıqla məşğul olan hüquqi və fiziki şəxslərə subsidiyaların verilməsi, festivalların, yarmarkaların təşkil olunması, arıçılıq təsərrüfatlarının yaradılması üçün güzəştli kreditlərin ayrılması bu sahəyə marağı daha da artırıb. Bu il rayonda daha 1 arıçılıq təsərrüfatının yaradılması davam etdirilib.

Vaxtilə ərzaq təhlükəsizliyi ilə üzləşən Naxçıvan bu gün 300 növdən çox məhsul istehsal edir. Qədim diyarda yaradılan emal və istehsal sahələri, ailə təsərrüfatları, iri sənaye müəssisələri həm də məşğulluq məsələlərinin həllinə müsbət təsir göstərir. Beləliklə, artıq insanlar yaşadığı kənddə, qəsəbədə, şəhərdə iş qurub, sahibkar adını qazanıb, dost-tanışlarını, qohum-qardaşlarını da iş-güc sahibi edib. Məşğulluq məsələlərinin uğurlu həllində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 28 yanvar tarixli Sərəncamı ilə təsdiq olunan “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” mühüm əhəmiyyətə malikdir. Proqrama uyğun olaraq cari ildə rayonda 23 aztəminatlı ailə fərdi təsərrüfatlarını qurmaq üçün özünüməşğulluq pro­qramına cəlb olunub.
Ötən əsrin 90-cı illərində həm də informasiya blokadasına məruz qalan Naxçıvan ölkədə və dünyada baş verən hadisələrdən, demək olar ki, xəbərsiz qalmışdı. Paralel olaraq energetika sektorunda da dərin böhran yaşanırdı. Qədim diyar zülmətə, qaranlığa qərq olmuşdu. Amma bütün bunlar artıq acı bir xatirə kimi arxada qalıb. 2021-ci ilin ötən dövrü ərzində Babəkdə informasiya, rabitə, energetika və sosial təminat sahəsində işlər uğurla davam etdirilib. Statistik göstəricilərə nəzər saldıqda görürük ki, bu dövrdə rayonda informasiya və rabitə xidmətlərinin dəyəri 2 milyon manatdan artıq olub. Rabitəçilər tərəfindən 29 ədəd 32 yerlik internet platası avtomat telefon stansiyalarına əlavə olunub və beləliklə, 900-dən artıq abunəçinin internetdən istifadə etməsinə şərait yaranıb. Rayonda əhaliyə müasir poçt xidmətləri də göstərilir.
Bu gün Babək rayonunun ərazisində yerləşən elektrik stansiyaları muxtar respublikanın enerji təhlükəsizliyinə mühüm töhfə verir, qədim diyar enerji ixracatçısı kimi şöhrət qazanır. Bununla belə, rayonda energetika sahəsində infrastruktur daim yenilənir. Belə ki, Babək şəhərində və Şəkərabad kəndində smartkarttipli elektrik sayğacları quraşdırılıb, yeni inşa olunmuş evlər elektrik enerjisi və mavi yanacaqla təmin olunub.
İnsan amilinə verilən yüksək dəyər, davamlı dövlət qayğısı muxtar respublikanın hər yerində olduğu kimi, Babək rayonunda da məskunlaşma, sosial rifah halının yaxşılaşması sahəsində qazanılan uğurlarla özünü doğruldur. Təkcə bu faktı qeyd etmək yerinə düşər ki, bu ilin 5 ayı ərzində 219 işaxtaran vətəndaş qeydiyyata alınıb ki, onlardan 206-sı daimi işlə təmin olunub. Rayonda tibbin ən son nailiyyətləri tətbiq edilir, müasir səhiyyə infrastrukturu yaradılır. Bu ilin yanvar-may aylarında Babək rayonunda 5732 pasiyent icbari tibbi sığortanın imkanlarından faydalanıb, bu dövrdə rayonda 213 uşaq doğulub.

Ulu öndər Heydər Əliyevin əməyi, dəstəyi, təşəbbüsü ilə yaradılan Babək rayonu bu gün müasirliyin, inkişaf və tərəqqinin ünvanı kimi şöhrət qazanıb. Ali Məclis Sədrinin himayəsi və qayğısı ilə Göynük və Araz kəndlərinin də abadlaşmasından sonra Babək rayonunun bütün yaşayış məntəqələrinin yenidən qurulması prosesi başa çatdırılacaq. Qısa zaman ərzində görülən böyük işlər göz qabağındadır. Budur Vətən sevgisi, xalqa sədaqətlə xidmət etmək amalı.

Muxtar RZAZADƏ
“Şərqin səhəri” qəzetinin redaktoru

ARXİV

Sentyabr 2021
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR