18 Sentyabr 2021, Şənbə

İyulun 2-də “Naxçıvan Meyvə-Tərəvəz Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətinin soyuducu anbarı istifadəyə verilib.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat naziri Tapdıq Əliyev bildirib ki, müasir dövrdə etibarlı ərzaq təminatı hər bir ölkənin iqtisadi sabitliyinin və sosial dayanıqlılığının başlıca şərtlərindən biridir. Məhz buna görə də muxtar respublikamızda əhalinin ərzaq məhsulları ilə etibarlı təminatı iqtisadi strategiyanın əsas komponenti kimi diqqət mərkəzində saxlanılır, bu istiqamətdə qəbul edilmiş mühüm Dövlət proqramları ilə konkret inkişaf istiqamətləri müəyyənləşdirilib. Ötən dövr ərzində kompleks tədbirlər çərçivəsində yeni emal müəssisələrinin yaradılması, məhsul istehsalçılarına dövlət maliyyə yardımlarının göstərilməsi, istehsal olunan məhsulların saxlanılması və satışının təşkilinə şərait yaradılması, yeni satış bazarlarının təşviqi bu sahədə iqtisadi aktivliyi əhəmiyyətli dərəcədə artırıb.

Kənd təsərrüfatının inkişafı və ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində aparılmış məqsədyönlü tədbirlər nəticəsində ötən il soyuducu anbarlara 7256 ton kartof, 379 ton soğan, 379 ton kələm, 536 ton alma, 150 ton üzüm olmaqla, 8700 ton meyvə-tərəvəz məhsulları tədarük olunub. Ötən tədarük dövrü ərzində İqtisadiyyat Nazirliyinin təsisçisi olduğu “Naxçıvan Meyvə-Tərəvəz Məhsulları” MMC tərəfindən 1111 ton kartof, 287 ton soğan, 19 ton alma məhsullarının nağd alınaraq tədarük olunması yerli istehsalçıların fəaliyyətini stimullaşdırmaqla yanaşı, əkin sahələrinin genişləndirilməsinə də öz təsirini göstərib.
Nazir qeyd edib ki, “Naxçıvan Meyvə-Tərəvəz Məhsulları” MMC tərəfindən müasir standartlara cavab verən avadanlıqlarla təchiz edilən, ümumi tutumu 800 ton olan 4 kameradan ibarət yeni soyuducu anbar inşa olunub. Kameralarda temperatur mənfi 18 dərəcədən müsbət 18 dərəcəyədək tənzimlənib ki, bu da kartof və soğan məhsullarının saxlanılmasına şərait yaradıb. Hər iki anbarı fasiləsiz enerji ilə təmin etmək məqsədilə bir ədəd 1000 kilovat gücündə transformator, 630 kilovat gücündə generator quraşdırılıb.

Qeyd olunub ki, bu gün istifadəyə verilən soyuducu anbarla birlikdə “Naxçıvan Meyvə-Tərəvəz Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətinin soyuducu anbarlarının sayı 3-ə, ümumi tutumu isə 2350 tona çatdırılmışdır. Hazırda muxtar respublikada ümumi tutumu 20 min 900 ton olan 48 soyuducu anbar fəaliyyət göstərir.
İqtisadiyyat naziri Tapdıq Əliyev muxtar respublikamızın sosial-iqtisadi tərəqqisinə, sahibkarlıq fəaliyyətinin inkişafına, əhalinin tələbatının daha dolğun və keyfiyyətli məhsullarla ödənilməsinə, soyuducu anbarın yaradılmasına, kənd təsərrüfatı işçilərinin əməyinin qiymətləndirilməsinə göstərilən diqqət və qayğıya görə Ali Məclisin Sədrinə minnətdarlığını bildirib.
İqtisadiyyat Nazirliyinin Sahibkarlığın inkişafı şöbəsinin müdiri Xudakərim Məmmədov çıxış edərək nazirliyin təşkilatçılığı ilə iyulun 15-dən başlayaraq meyvə-tərəvəz məhsullarının tədarükü, saxlanılması və satışı üzrə soyuducu anbarlara məhsul qəbuluna başlanılacağını, cari ildə bu tədarükün 27 soyuducu anbar tərəfindən həyata keçiriləcəyini vurğulayıb.
Soyuducu anbarlara qəbul olunan məhsulların qiymətləri barədə məlumat verən Xudakərim Məmmədov bildirib ki, 1-ci növ kartof 40, 2-ci növ kartof 25, 1-ci və 2-ci növ qarışıq kartof isə 30 qəpiyə, 1-ci növ soğan 35, 2-ci növ soğan 25, 1-ci və 2-ci növ qarışıq soğan 30 qəpiyə, 1-ci növ alman 80, 2-ci növ alma 50, 1-ci və 2-ci növ qarışıq alma 60 qəpiyə, kələm 30 qəpiyə qəbul edilib, digər məhsullar isə mövsümə və məhsulun tam yetişməsinə uyğun olaraq qəbul ediləcək.
Sonra soyuducu anbara baxış olub.

Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti

ARXİV

Sentyabr 2021
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR