18 Sentyabr 2021, Şənbə

İyunun 18-də Naxçıvan Muxtar Respublikasında ilk dəfə olaraq yeni Külək-Günəş Hibrid Elektrik Stansiyası istifadəyə verildi. Elektrik enerjisinə olan tələbatın 50 faizdən çoxunun bərpa olunan enerji mənbələri hesabına ödənilən muxtar respublikada yeni tip stansiyanın quraşdırılması həm də qədim diyarda innovativ layihələrin həyata keçirilməsi baxımından diqqət çəkir. 

Məlum olduğu kimi, külək enerjisi bərpa olunan enerji olaraq son dövrlər geniş yayılıb. Xüsusilə külək enerjisi digər alternativ enerji mənbələri olan günəş, hidroenergetika, geotermal və biokütlə enerjisindən özünün maya dəyərinə, ekoloji təmizliyinə və tükənməzliyinə görə ən sərfəlisi hesab olunur. Həmçinin külək qurğularının inşasına ənənəvi elektrik stansiyalarının qurulmasına nisbətən daha az vaxt sərf olunur. Bundan başqa, külək, əslində, istənilən ölkənin malik olduğu daimi təbii enerji mənbəyidir. Külək enerjisindən istifadə olunması energetikanın daha tez inkişaf edən sahələrindən biridir. Təsadüfi deyil ki, hazır­da Danimarka, Portuqaliya, Avstraliya, İrlandiya, İspaniya və Almaniya kimi ölkələrdə bu tip enerji mənbələrindən istifadə daha geniş yayılıb.

Külək enerjisindən istifadədə mühüm rolu coğrafi infrastruktur oynayır. Doğrudur, muxtar respublika ərazisinin şimal tərəfdən Kiçik Qafqaz dağları ilə əhatə olunması külək axınını ləngitsə də, Culfa rayonu ərazisində mövcud relyef hava axınına imkan verən külək dəhlizlərinin yaranmasına şərait yaradır. Bu isə haqqında bəhs etdiyimiz enerji istehsalına imkan verir.
Külək-Günəş Hibrid Elektrik Stansiyasının açılış mərasimində muxtar respublika rəhbərinə məlumat verildi ki, 2019-cu il avqustun 26-da Bakı şəhərində Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidməti ilə Çin Xalq Respublikası Ticarət Nazirliyi arasında Naxçıvan Muxtar Respublikasına mobil elektrik stansiyalarının verilməsi haqqında imzalanmış müqaviləyə əsasən Naxçıvan Muxtar Respublikasına 2 dəst 200 kilovat gücündə “ISUZU” markalı dizel generator maşını, 410 dəst 2 kilovat gücündə mobil Günəş Elektrik Stansiyası, 410 dəst günəş suqızdırıcısı, 6 dəst 10 kilovatlıq Külək-Günəş Hibrid Elektrik Stansiyası qurğusu verilmişdir. Naxçıvan Dövlət Universitetində Elektroenergetika ixtisası üzrə təhsil alan tələbələrin bilikləri təcrübə ilə daha dərindən mənimsəmələri, yeni texnologiyalarla yerində tanış olmaları üçün Universitet şəhərciyində 1 ədəd 10 kilovat gücündə “Külək-Günəş Hibrid Elektrik Enerjisi Mənbəyi” və 1 dəst günəş suqızdırıcısı quraşdırılmışdır. Digər 5 dəst külək turbinlərinin və günəş panellərinin təyinatları dəyişdirilərək Culfa rayonunun Gülüstan kəndi yaxınlığında 3,3 hektar ayrılmış əkinəyararsız ərazidə komplektləşdirilərək 1,1 meqavatlıq yeni Külək-Günəş Hibrid Elektrik Stansiyası tikilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov açılış mərasimində demişdir: “Muxtar respublikanın ərazisində ilk dəfə olaraq Külək-Günəş Hibrid Elektrik Stansiyası istifadəyə verilir. Hər bir ölkənin inkişafının əsas göstəricisi enerji təhlükəsizliyinin təmin olunmasıdır. Bu gün muxtar respublikanın inkişafının əsas hərəkətverici qüvvəsi elektrik enerjisinə olan tələbatın tamamilə yerli istehsal hesabına ödənilməsidir. Enerji harada varsa, orada inkişaf var, həyat var. Hazırda muxtar respublikada elektrik enerjisinə olan tələbatın 50 faizdən çoxu bərpa olunan enerji mənbələri hesabına ödənilir. Bu da imkan verir ki, həm əhalinin, həm də sənayenin və iqtisadiyyatın digər sahələrinin enerji təminatı davamlı olsun. Həmçinin Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin ucuz qiymətə elektrik enerjisi istehsal etməsi imkan verəcək ki, gələcəkdə elektroenergetika sahəsi daha da inkişaf etdirilsin. Culfa rayonunun ərazisi həm küləkli, həm də günəşlidir. Sınaq məqsədilə yaradılan elektrik stansiyası gələcəkdə növbəti külək elektrik stansiyalarının qurulması üçün əsas verəcəkdir”.
Qeyd edək ki, buradakı Külək-Günəş Hibrid Elektrik Stansiyasında hər birinin gücü 280 vatt olan 3520 müasir alüminium çərçivəli günəş paneli, 50 kilovat gücü olan 20 invertor, 11 ədəd 10 kilovat gücü olan invertor-controller, müasir tip kommutasiya aparatları və digər elektrik avadanlıqları quraşdırılmışdır. Daxilində 10/0,4 kilovoltluq transformator, 10 kilovoltluq qapalı paylayıcı və 0,4 kilovoltluq paylayıcı və idarəetmə otaqları inşa edilib. Alçaq və yüksəkgərginlikli, eləcə də rabitə, müşahidə və idarəetmə sistemləri üçün kabel xətləri çəkilib, ərazi çəpərlənib, stansiya 10 kilovoltluq “6 saylı şəhər” hava elektrik verilişi xəttinə qoşulub. Burada il ərzində 1,6 milyon kilovat-saat elektrik enerjisi istehsalı nəzərdə tutulub. Külək potensialını ətraflı araşdırmaq üçün daha 7 ədəd 10 kilovatlıq külək turbini sifariş olunaraq gətirilib və onlardan 6-sı artıq quraşdırılıb. Ümumilikdə, stansiyada 11 külək turbini quraşdırılıb.
Ali Məclisin Sədri stansiyanın açılış mərasimində bir məsələyə də toxundu. Qeyd etdi ki, yeni elektrik stansiyası Culfa rayonunda enerji tələbatının 10 faizdən çoxunu ödəyəcəkdir. Gələcəkdə yeni stansiyalar qurulduqdan sonra isə rayona kənardan enerji daşınmasına ehtiyac qalmayacaqdır. Stansiyada yeni iş yerləri də açılıb ki, bu da yeni mütəxəssislərin yetişməsinə, gələcəkdə digər stansiyaların yerli mütəxəssislər tərəfindən idarə olunmasına imkan verəcəkdir.
Xatırladaq ki, son dövrlərdə muxtar respublikada bərpa olunan enerji mənbələrindən istifadə üçün mühüm energetika infrastrukturu yaradılır. Ötən dövrdə tikilmiş Günəş Elektrik stansiyalarında istehsal olunan enerjinin həcmi muxtar respublikanı bu sahədə ölkə birincisi edib. Muxtar respublikada bu tip enerji mənbələrindən istifadəni ölkə başçısı cənab İlham Əliyev də yüksək qiymətləndirib. Naxçıvan Muxtar Respublikasına son səfərində dövlət başçısı demişdir: “Vaxtilə Naxçıvanda işıq yox idi, enerji yox idi. Azərbaycandan gələn xətlər də Ermənistan tərəfindən kəsilmişdi. İndi isə Naxçıvan özünü elektrik enerjisi ilə tam təmin edir və bərpa olunan mənbədən istifadə edir. Bu, çox önəmlidir. Çünki bu, Naxçıvanın gözəl təbiətinə və ekoloji vəziyyətinə töhfə kimi qəbul edilməlidir”.
Bəli, bərpa olunan enerji mənbələrindən istifadə muxtar respublikada həyata keçirilən enerji təhlükəsizliyi siyasətində ön yerdə dayanır. Yeni istifadəyə verilmiş 1,1 meqavat gücündə Külək-Günəş Hibrid Elektrik Stansiyası da Naxçıvanın ekoloji mühitinə yeni töhfədir. İnanırıq ki, bu sahədə mühüm addımların atıldığı muxtar respublikada bundan sonra da ekologiyamıza bu cür töhfələrin verildiyinin şahidi olacağıq.

 Səbuhi HƏSƏNOV

ARXİV

Sentyabr 2021
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR