01 Dekabr 2021, Çərşənbə

Müasir dövrümüzdə texnologiyadan istifadənin ildən-ilə artması banklar tərəfindən təklif edilən xidmətlərin çeşidliliyinin çoxalmasına səbəb olur. Bu sahədə formalaşan rəqabət mühiti rəqəmsal ödəniş vasitələrinin də fərqli növlərinin ortaya çıxmasına imkan yaradır. Təklif edilən xidmətlərdən səmərəli istifadə nəticəsində fiziki və hüquqi şəxslər maliyyə hesablaşmalarını rahatlıqla həyata keçirirlər.

Dünyada meydana çıxan yeniliklərə çevik reaksiya verilməsi və modern texnoloji imkanların qısa müddət ərzində tətbiqinin təmin olunması muxtar respublikamızda artıq ənənəyə çevrilmişdir. Kənd təsərrüfatından təhsilə, rabitə xidmətlərindən enerji sektoruna, sosial-iqtisadi həyatın bir çox sahələrinədək müasir texnologiyanın tətbiqi muxtar respublikanın dayanıqlı inkişafına ciddi təkan verməkdədir. Bu istiqamətdə diqqəti cəlb edən sahələrdən biri də bank sektorudur. Naxçıvanda rəqəmsal ödəniş infrastrukturunun təkmilləşdirilməsi sahəsində həyata keçirilən tədbirlər nağdsız dövriyyənin həcminin əhəmiyyətli dərəcədə artması ilə nəticələnmişdir. Bu tədbirlərin davamı olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 9 avqust tarixli Sərəncamı ilə “2019-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında rəqəmsal ödəniş xidmətlərinin tətbiqinin və nağdsız hesablaşmaların genişləndirilməsi üzrə Proqram” təsdiq edilmişdir. Proqramın giriş hissəsində deyilir: “Nağdsız hesablaşmalar sahəsində görülmüş işlərin növbəti mərhələsi olan yeni proqramın məqsədi əhali, biznes subyektləri və dövlət strukturları arasında nağdsız ödəniş imkanlarının daha da genişləndirilməsi və mövcud infrastrukturun təkmilləşdirilməsi ilə əlaqədar tədbirlərin həyata keçirilməsindən ibarətdir”. Proqramda nəzərdə tutulan tədbirlərin icrası muxtar respublikada rəqəmsal ödəniş xidmətləri sahəsində fəaliyyət imkanlarının hər keçən il daha da təkmilləşməsinə imkan yaradır.
Bu tədbirlər yanvar-mart aylarında da davam etdirilmiş, banklar tərəfindən 120 təmassız ödəniş etməyə imkan verən POS-terminal, 16 çoxfunksiyalı ödəniş terminalı və 1 bankomat quraşdırılmışdır. Proqramda müəyyənləşdirilmiş tapşırığın icrası məqsədilə birinci rübdə muxtar respublikada fəaliyyət göstərən 3 publik hüquqi şəxs statuslu müəssisənin 10 obyektində ödənişlərin nağdsız qaydada aparılması üçün POS-terminal quraşdırılması təmin edilmişdir. Görülən işlər nəticəsində Naxçıvanda POS-terminalların sayı 711-i təmassız ödəniş imkanlı olmaqla, 1437-yə, bankomatların sayı 115-ə, ödəniş terminallarının sayı isə 95-ə çatdırılmışdır.
Muxtar respublikamızda fəaliyyət dairəsi genişlənən sahələrdən biri də məsafəli bank xidmətləridir. Banklar tərəfindən müştəri məmnunluğunun təmin edilməsi məqsədilə təklif edilən bu xidmətlər vaxta qənaət edilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Ödəniş terminallarından istifadə imkanlarının artırılması isə banka getmədən kredit və digər ödənişlərin həyata keçirilməsi üçün geniş şərait yaradır. Proqramda nəzərdə tutulan və icrası uğurla həyata keçirilən işlərin nəticəsi olaraq birinci rübdə muxtar respublikada fəaliyyət göstərən banklarda 1627 onlayn kart sifarişi həyata keçirilmişdir. Bununla yanaşı, bankların kredit müştərilərinin 20 milyon 420 min 299 manat məbləğində kredit ödənişini banka getmədən ödəniş terminalları vasitəsilə ödəməsi əhalinin rahatlığının təmin edilməsinə hesablanmış addımların səmərəlilik dərəcəsinin yüksək səviyyədə olmasından xəbər verir.
Nağdsız ödənişlərin həcminin çoxalması maliyyə sektorunun inkişafını dayanıqlı hala gətirir. Rəqəmsal ödəniş xidmətlərindən istifadə, öz növbəsində, vergi sisteminin səmərəliliyinin artmasına da şərait yaradır. Proqramın icrasına uyğun olaraq birinci rübdə 203 vergiödəyicisi tərəfindən POS-terminal hesabına alınmış kartlar vasitəsilə 77 min 475 manat, 506 vergiödəyicisi tərəfindən isə şəxsi kartları vasitəsilə 157 min 178 manat məbləğində vergi və sosial ayırmaların nağdsız qaydada ödənilməsi təmin edilmişdir. Bu dövrdə özəl sektorda 42 vergiödəyicisi üzrə 302 işçinin əməkhaqqının ödəniş kartları vasitəsilə ödənilməsinin təmin olunması bu istiqamətdə rəqəmsal xidmətlərin tətbiqinin diqqətdə saxlanılmasının əyani sübutudur.
Proqramın icrasına uyğun olaraq rəqəmsal ödəniş xidmətlərinin əhatə dairəsinin genişləndirilməsi nəqliyyat sektorunda da xidmət səviyyəsinin artırılmasına gətirib çıxarır. Birinci rübdə muxtar respublikada fəaliyyət göstərən aviakassalarda mövcud olan 10 POS-terminal vasitəsilə 91 min 337 manat məbləğində nağdsız qaydada bilet satışının həyata keçirilməsi bunun daha bir ifadəsidir.
Nağdsız dövriyyənin genişlənməsini təmin edən mühüm faktorlardan biri də istehlakçıların rəqəmsal ödəniş xidmətlərindən istifadə etməkdə maraqlı olmasıdır. Bu istiqamətdə həyata keçirilən maarifləndirici tədbirlər əhalinin maliyyə savadlılığının artırılması baxımından xüsusi önəmə malikdir. Proqramın icrası məqsədilə birinci rübdə Naxçıvan şəhərində yerləşən ümumtəhsil məktəbləri və Naxçıvan Dövlət Texniki Kollecində 1160-dan çox şagird, tələbə və müəllimə rəqəmsal ödəniş xidmətləri haqqında zəruri biliklərə dair müvafiq məlumatlar verilmiş, təhsil işçilərinə ticarət və ictimai iaşə obyektlərində nağdsız qaydada əməliyyatların aparılmasında fəal iştirak etmələri tövsiyə olunmuşdur. Həmçinin bu dövrdə Şərur rayonunun Xanlıqlar, Babək rayonunun Şıxmahmud, Ordubad rayonunun Vənənd, Culfa rayonunun Saltaq, Kəngərli rayonunun Xok, Şahbuz rayonunun Şahbuzkənd və Sədərək rayonunun Sədərək kəndlərində proqramın icrasına uyğun olaraq maarifləndirmə işi aparılmışdır.
Əhali arasında rəqəmsal ödəniş vərdişlərinin aşılanması üçün həvəsləndirici tədbirlərin mühüm əhəmiyyəti vardır. Nağdsız ödənişlərin stimullaşdırılması üçün proqramda nəzərdə tutulan müvafiq tapşırığın icrası xüsusi önəm kəsb edir. Birinci rübdə “Nağdsız ödəyin, hədiyyə qazanın!” adlı həvəsləndirici tədbirin 14-cü tirajı keçirilmiş, 442 şəxsə 25 min manat dəyərində hədiyyələr təqdim olunmuşdur.
Proqramın icrası istiqamətində tədbirlərin davam etdirilməsi muxtar respublikada bank sektorunun maliyyə resursları bazasının gücləndirilməsini təmin edəcəkdir.

“Şərq qapısı”