01 Dekabr 2021, Çərşənbə

Azərbaycanda kənd təsərrüfatını inkişaf etdirmək və ərzaq təhlükəsizliyinə nail olmaq ümummilli liderimiz Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi hər iki  dövrdə prioritet vəzifə kimi qarşıya qoyulmuş, aqrar sahənin inkişafına xüsusi diqqət yetirilmişdir. Təkcə onu xatırlatmaq kifayətdir ki, Müstəqil Dövlətlər Birliyi məkanında ilk dəfə olaraq aqrar islahat Azərbaycanda ulu öndərimizin rəhbərliyi ilə aparılmışdır.

Aqrar sahə həmişə olduğu kimi, bu gün də ölkəmizdə diqqət mərkəzindədir. Bu sahənin inkişafının vacibliyini və əhəmiyyətini qeyd edən Prezident cənab İlham Əliyev demişdir: “Kənd təsərrüfatı ilə bağlı məsələlər xüsusi diqqət tələb edir. Çünki bu sahə həm məşğulluqdur, həm inkişafdır, həm də ixracdır”.

Naxçıvan Muxtar Respublikasında da həyata keçirilən sosial-iqtisadi siyasətin prioritet istiqamətlərindən birini əhalinin keyfiyyətli və təmiz ərzaq məhsulları ilə təmin olunması təşkil edir. Bu istiqamətdə görülən işlər ərzaq təhlükəsizliyinin gücləndirilməsi üçün vacib əhəmiyyətə malikdir. Heyvandarlıq aqrar sektorun əsas sahələrindən olmaqla, əhalinin ərzaq məhsulları ilə təmin edilməsində xüsusi əhəmiyyət kəsb edir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 17 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “2020-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında baytarlıq təbabətinin inkişafı üzrə Dövlət Proqramı”nın da əsas məqsədlərindən biri heyvan mənşəli qida məhsullarının ilkin istehsalı, tədarükü, emalı, qablaşdırılması, saxlanılması, daşınması, dövriyyəsi də daxil olmaqla, qida zəncirinin bütün mərhələlərində məhsulların təhlükəsizliyinin təmin edilməsidir.
Naxçıvanda həyata keçirilən abadlıq-quruculuq tədbirlərinin mərkəzində insan amili dayanır. Yeni istifadəyə verilən sosial obyektlərin sayının ildən-ilə artması əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin də artmasına səbəb olur. Muxtar respublikada tikilən kənd mərkəzlərində baytarlıq məntəqələrinin yaradılması insanların keyfiyyətli qida məhsullarına olan tələbatının ödənilməsinə xüsusi diqqət yetirildiyini bir daha sübut edir. Bu işlər birinci rübdə də uğurla davam etdirilmiş, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin iştirakı ilə yanvarın 14-də Şərur rayonunun Şəhriyar, fevralın 5-də Ordubad rayonunun Nüsnüs və Yuxarı Əndəmic kənd­lərində istifadəyə verilən kənd mərkəzlərində baytarlıq məntəqələrinin fəaliyyət göstərməsi üçün hərtərəfli şərait yaradılmışdır. Kəngərli Rayon Baytarlıq İdarəsi üçün inzibati binanın tikintisinin davam etdirilməsi isə bu sahədə infrastrukturun daha da yaxşılaşdırılmasının diqqət mərkəzində saxlanılmasından xəbər verir.

Heyvandarlığın inkişaf etdirilməsi mal-qaranın sağlamlığının qorunması və onların xəstəliklərə qarşı dayanıqlılığının artırılmasından əhəmiyyətli dərəcədə asılıdır. Heyvan xəstəliklərinə qarşı profilaktik tədbirlərin vaxtında aparılması yüksək məhsuldarlığın sabitliyi üçün başlıca amillərdəndir. Dövlət proqramında da bu istiqamətdə tədbirlərin həyata keçirilməsi üçün mühüm tapşırıqlar müəyyənləşdirilmişdir. Birinci rübdə qarayara xəstəliyinə qarşı 100 min 591 baş iribuynuzlu, 5 min 380 baş təkdırnaqlı, dabaq xəstəliyinə qarşı 110 min 53 baş iribuynuzlu, nodulyar dermatit xəstəliyinə qarşı 83 min 613 baş iribuynuzlu heyvanda, nyukasl xəstəliyinə qarşı 140 min 812 baş quşda, quduzluq xəstəliyinə qarşı 2 min 989 baş itdə peyvəndləmə, profilaktik məqsədlə 1302 obyektdə 231 min 474 kvadrat metr sahədə dezinfeksiya tədbirləri aparılmışdır. Bu dövrdə diaqnostik olaraq vərəm xəstəliyinə görə 18 min 904 baş iribuynuzluda, epididimitə görə 97 baş qoçda, manqo xəstəliyinə görə 1633 baş təkdırnaqlıda müayinələr həyata keçirilmişdir. Bruselyoz xəstəliyinə görə 7 min 923 baş iribuynuzlu, 1933 baş xırdabuynuzlu heyvan və 97 baş qoçdan qan nümunələri götürülərək yoxlanılması təmin edilmişdir. Həmçinin 5 adda xəstəliklərə görə heyvanlardan nümunə götürülərək yoxlanılmış və təyinatı üzrə tədbirlər həyata keçirilmişdir. Proqramın icrasına uyğun olaraq 763 baş heyvandan götürülən patoloji nümunələrin yoxlanılması iti gedişli infeksion xəstəlik aşkar edilməməsi ilə nəticələnmişdir.
Dövlət proqramında nəzərdə tutulan tapşırıqlardan biri də tələf olmuş heyvan cəsədlərinin ətraf mühitə atılmasının qarşısının alınmasıdır. Bu istiqamətdə görülən işlər yoluxucu və parazitar xəstəliklərin yayılmasına vaxtında mane olmaq məqsədi daşıyır. Yanvar-mart aylarında muxtar respublikada 2 baş iribuynuzlu, 53 baş xırdabuynuzlu və 8 baş it tələf olmuşdur. Tələf olmuş heyvanların cəsədləri baytar həkimlərin nəzarəti altında və təlimata uyğun qaydada texniki vasitələrlə qazılan xəndəklərdə dərmanlanaraq basdırılmışdır. Eyni zamanda heyvan cəsədlərinin ətraf mühitə atılmasının qarşısının alınması məqsədilə Şahbuz rayonunun Badamlı və Şada kəndlərində quyular qazılmışdır.

Heyvan xəstəliklərinin qarşısının alınması ilə yanaşı, baş verən xəstəliklərin düzgün müalicəsinin təşkili də xüsusi önəm kəsb edir. Dövlət proqramının icrasına uyğun olaraq heyvandarlıq-arıçılıq sahələri üzrə əczaxanaların yaradılmasının diqqətdə saxlanılması bu sahədə geniş potensialın formalaşmasına gətirib çıxarır. Həmin tədbirlər birinci rübdə də davam etdirilmiş, Dövlət Baytarlıq Xidmətinə Babək şəhəri və Sədərək rayonunda yeni əczaxanaların açılması ilə bağlı müraciət daxil olmuşdur. Müraciətlərə uyğun olaraq araşdırma aparıldıqdan sonra müvafiq lisenziyalar təqdim edilməklə heyvandarlıq-arıçılıq sahələri üzrə 2 yeni əczaxananın fəaliyyətə başlaması təmin olunmuşdur. Həmçinin yanvar-mart aylarında baytarlıq preparatlarının, yemlərin, yem əlavələrinin, biostimulyatorların, hormonların təhlükəsizliyinə və keyfiyyətinə nəzarət davam etdirilmişdir. Bu məqsədlə Naxçıvan şəhəri, Şərur, Ordubad, Culfa və Babək rayonlarında fəaliyyət göstərən baytarlıq əczaxanalarında, ümumilikdə, 12 reyd keçirilmişdir.
Heyvandarlıq məhsullarının istehsalına müsbət təsir göstərən faktorlardan biri də süni mayalanma işinin təşkilidir. Mal-qaranın cins tərkibinin yaxşılaşdırılması ət və süd istehsalının intensiv surətdə artırılmasına təkan verən əsas amillərdəndir. Dövlət proqramının icrasına uyğun olaraq birinci rübdə 2 min 240 baş iribuynuzlu heyvanda süni mayalanma işləri aparılmış, ötənilki mayalanma nəticəsində 3 min 312 baş buzov doğulmuşdur. Doğulan buzovların birkalanaraq qeydiyyata alınması təmin edilmişdir. Süni Mayalanma Mərkəzinin fəaliyyətinin təmin olunması istiqamətində həyata keçirilən tədbirlər isə bu sahədə görülən işlərin effektivliyini artırmağa hesablanmışdır. Belə ki, birinci rübdə burada mövcud olan 3 baş qoç və 4 baş təkə 1 baş kəllə əvəzləşdirilmiş, ümumilikdə, mərkəzdə 5 baş törədici buğa və 2 baş kəlin saxlanılması təmin olunmuşdur. Həmçinin mərkəz Fransa istehsalı olan avadanlıqlarla təmin edilmiş, toxum istehsalına başlanılmış və toxum bankı yaradılmışdır. Qeyd edilən dövrdə Süni Mayalanma Mərkəzi tərəfindən bu sahədə fəaliyyət göstərən texniklərə 750 buğa toxumu paylanmışdır. Görülən işlər onu deməyə əsas verir ki, Naxçıvanda heyvandarlıq sahəsində həyata keçirilən süni mayalanma tədbirləri heyvan sağlamlığının təmin edilməsi, heyvandarlıq məhsullarının qısa müddət ərzində artırılması, heyvanların cins tərkibinin yaxşılaşdırılması və yeni cinslərin yaradılması üçün geniş imkanlar açmağa davam edir.

Cəmiyyətin inkişafının bütün mərhələlərində baytarlıq sahəsində fəaliyyət göstərən mütəxəssislərin həyata keçirdikləri fəaliyyətin böyük önəmi vardır. İstər muxtar respublikada mövcud olan mal-qaranın müxtəlif növlü xəstəliklərdən qorunması, istərsə də kənardan heyvan mənşəli xəstəliklərin daxil olmasının qarşısının alınması sahəsində baytarlıq təbabəti əvəzedilməz rol oynayır. Bütün bunlarla yanaşı, əhalinin artım tempinə uyğun olaraq heyvandarlıq məhsullarının istehsalının çoxaldılması zərurəti bu sahənin əhəmiyyətini xarakterizə edən digər mühüm amildir. Bu işlərin yüksək peşəkarlıqla reallaşdırılması üçün baytarlıq təbabəti sahəsində dərin nəzəri biliklərə və təcrübəyə malik mütəxəssislərin yetişdirilməsi əsas şərtlərdəndir. Muxtar respublikada müvafiq ixtisas üzrə təhsil alan tələbələr üçün hərtərəfli şəraitin yaradılması, Dövlət proqramında bu istiqamətdə tapşırıqların nəzərdə tutulması baytarlıq təbabəti sahəsinə göstərilən dövlət qayğısının bariz nümunəsidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “Heyvandarlığın inkişafında ixtisaslı kadr hazırlığı və elmi yanaşma mühüm şərtdir. Çünki hər hansı bir sahədə inkişafa nail olmaq üçün, ilk növbədə, kadr hazırlığı aparılmalıdır. Naxçıvan Dövlət Universitetində Baytarlıq təbabəti ixtisası yaradılmış, müvafiq ixtisas üzrə təhsil alan tələbələr ödənişlərdən azad olunmuşlar. Naxçıvan Dövlət Universitetində və Naxçıvan Dövlət Texniki Kollecində bu sahə üzrə təhsillərini başa vuran gənclərimiz hazırda muxtar respublikanın Dövlət Baytarlıq Xidmətində fəaliyyətlərini davam etdirirlər. Muxtar respublikada yeni Süni Mayalanma Mərkəzinin yaradılması da bu sahədə işlərin lazımi səviyyədə həyata keçirilməsinə imkan verəcəkdir. Tələbələr ali və orta ixtisas təhsili müəssisələrində bu işi nəzəri, Dövlət Baytarlıq Xidmətində və Süni Mayalanma Mərkəzində isə praktik cəhətdən öyrənəcəklər”.
Proqramda bu istiqamətdə nəzərdə tutulan tapşırıqların icrası birinci rübdə də davam etdirilmiş, Dövlət Baytarlıq Xidməti tərəfindən fevralın 25-də Naxçıvan Dövlət Universitetinin, həmin ayın 18-i və martın 17-də isə Naxçıvan Dövlət Texniki Kollecinin müvafiq ixtisas üzrə təhsil alan tələbələri ilə görüşlər keçirilmişdir. Həmçinin Süni Mayalanma Mərkəzinə Türkiyə Respublikasından dəvət olunmuş mütəxəssis tərəfindən fevralın 17-si və 23-də Naxçıvan Dövlət Universitetinin, həmin ayın 19 və 25-də Naxçıvan Dövlət Texniki Kollecinin müvafiq ixtisasda təhsil alan tələbələrinə, ayın 22-də isə 19 süni mayalanma texnikinə praktik dərslər keçilmişdir. Qeyd olunanlarla yanaşı, Naxçıvan Dövlət Texniki Kollecinin Baytarlıq ixtisası üzrə təhsil alan dördüncü kurs tələbələrinin martın 16-dan aprelin 26-dək Süni Mayalanma Mərkəzində istehsalat təcrübəsi keçməsi üçün lazımi şərait yaradılmışdır.
Muxtar respublikada heyvandarlıqla məşğul olan təsərrüfatçılar üçün xüsusi əhəmiyyət daşıyan məsələlərdən biri də heyvanların gözlənilməz hadisələrə qarşı sığorta olunmasıdır. Riskli hadisələr nəticəsində dəyə biləcək zərərlərin ödənilməsinin təmin edilməsi faydalı heyvandarlıq fəaliyyəti ilə məşğul olmağı stimullaşdıran tədbirlərdəndir. Bu istiqamətdə Dövlət proqramında nəzərdə tutulan tapşırıqların icrası birinci rübdə də diqqətdə saxlanmış, heyvandarlıq sahəsi üzrə 650 sığorta müqaviləsi bağlanmışdır. Bu müqavilələrin bağlanması heyvandarlıqla məşğul olan təsərrüfatçıların əmlak mənafelərinin qorunmasının aqrar sektorun əsas prioritetlərindən olduğunu deməyə əsas verir.
“2020-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında baytarlıq təbabətinin inkişafı üzrə Dövlət Proqramı”nın icrası bu sahədə daha böyük uğurların qazanılmasına imkan verəcəkdir.

“Şərq qapısı”