Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 9 avqust tarixli Sərəncamı ilə “2019-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında rəqəmsal ödəniş xidmətlərinin tətbiqinin və nağdsız hesablaşmaların genişləndirilməsi üzrə Dövlət Proqramı” təsdiq edilib və həyata keçirilməsi üçün müvafiq dövlət orqanlarına tapşırıqlar verilib.
Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidməti və Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin birgə təşkilatçılığı ilə nağdsız ödənişlərin üstünlükləri mövzusunda maarifləndirici tədbirlər keçirilib.

Muxtar respublikanın bütün rayonlarını əhatə etməklə, yeddi kənd mərkəzində keçirilən silsilə tədbirlərdə qeyd olunub ki, rəqəmsal ödəniş sistemi müasir dünyanın əsas iqtisadi çağırışlarından biri olmaqla, vergi sisteminin təkmilləşdirilməsində, maliyyə sabitliyinin və ümumilikdə, iqtisadi inkişafın təmin edilməsində mühüm əhəmiyyətə malikdir. Muxtar respublikada rəqəmsal ödənişlərin genişləndirilməsi üçün lazımi infrastruktur yaradılıb, zəruri avadanlıqlar quraşdırılıb. Nağdsız ödənişlərin üstünlüklərindən bəhs olunaraq bildirilib ki, kart sahibləri bu ödənişlərə üstünlük verməklə həm vaxtlarına qənaət etmiş olur, həm sağlamlıqlarının qeydinə qalır, həm də təhlükəsiz şəkildə öz vəsaitlərini xərcləməklə yanaşı, şəxsi büdcələrinə nəzarəti də həyata keçirirlər.
Diqqətə çatdırılıb ki, bir may 2021-ci il tarixə muxtar respublikada 1446 POS-terminal aparatı, 115 bankomat və 95 ödəniş terminalı quraşdırılıb, ödəniş kartlarının sayı 272579 ədəd təşkil edib. Cari ilin dörd ayında muxtar respublika üzrə POS- terminal aparatı, internet və digər ödəniş vasitələri ilə 37 milyon 345 min manat nağdsız əməliyyat həyata keçirilib, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 11 milyon 765 min manat artıq olub. Aparılan nağdsız ödənişləri 11 milyon 915 min manatı POS-terminallar, 25 milyon 430 min manatı isə internet və digər ödəniş vasitəsilə həyata keçirilib. Muxtar respublika internet ödəniş vasitələrinə əlçatanlığı daha da rahat təmin etmək məqsədilə “Naxçıvanbank” ASC-yə məxsus ödəniş kartları üçün “CİB”, “Beynəlxalq Bank” ASC-yə məxsus ödəniş kartları üçün “İBO-mobile”, “Kapital Bank” ASC-yə məxsus ödəniş kartları üçün isə “BİRBANK” mobil tətbiqləri sakinlərin istifadəsinə verilib.
Bildirilib ki, nağdsız ödənişlər artdıqca, ödəniş sistemləri daha effektiv şəkildə fəaliyyət göstərməyə başlayır və xərclərin azaldılması imkanları yaradılır. Digər tərəfdən ödəniş sistemlərinin inkişafı əhalinin kreditə çıxış imkanlarını artırır və bu zaman kartlar rahat ödəniş vasitəsi kimi çıxış edir. Beləliklə, nağdsız ödənişlər iqtisadi inkişafa müsbət təkan verir.
Keçirilən tədbirlərdə sakinləri maraqlandıran suallar cavablandırılıb, qarşılıqlı fikir mübadiləsi aparılıb. görüşün mahiyyətinə uyğun olaraq hazırlanmış bukletlər iştirakçılara paylanılıb.

Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin
mətbuat xidməti