28 Noyabr 2021, Bazar

Müasir dövrdə ölkəmizin sərhədlərinin etibarlı müdafiəsindən tutmuş iqtisadi-mədəni həyatın bütün sahələrinədək özünün möhkəm güclü konsepsiyasını ortaya qoymuş Azərbaycan Respublikası enerji təhlükəsizliyi sahəsində də dünya liderləri ilə bir sırada əmin addımlarla irəliləməkdədir.

Bu gün Avropanın enerji mübadiləsi xəritəsində ən etibarlı tərəfdaş kürsüsünü tutmuş Azərbaycan ixrac oluna bilən zəngin karbohidrogen ehtiyatlarına rəğmən alternativ və bərpa olunan enerji mənbələrindən istifadədə də qərarlılığını nümayiş etdirməkdə, işğaldan azad olunmuş Qarabağ torpaqlarında ilk həyata keçirdiyi irimiqyaslı quruculuq tədbirləri arasında yaşıl enerji və ağıllı kənd layihələri ilə də diqqətləri cəlb etməkdədir. Bu baxımdan bərpa olunan enerji mənbələri ilə zəngin olan Naxçıvan Muxtar Respublikasında illər ərzində görülmüş işlər və əldə olunmuş nəticələr ölkəmizin bu sahədə böyük potensialından xəbər verir. Çünki bu potensial həm də bizim iqtisadi gücümüz və gələcəyə ümumi baxışımızdır.

Naxçıvan Muxtar Respublikası özünün enerji təminatı və enerji təhlükəsizliyi məsələlərinin həllində unikal təcrübə əldə edib. Səbəb-nəticə əlaqələri baxımından bu təcrübənin arxa zəminində Naxçıvanın artan sənayeləşmə və əhalinin mədəni tələbatları ilə yanaşı, regionun uzun dövr ərzində blokada şəraitində olmasını da görmək olar. Belə ki, ötən əsrin 90-cı illərindən başlayaraq Naxçıvandakı bütün iqtisadi aktivliyi və sosial həyatı iflic vəziyyətinə salmış olan enerji çatışmazlığı daha sonralar regionda həyata keçirilən məqsədyönlü tədbirlər sayəsində tamamilə aradan qaldırılmış, elektrik enerjisi ilə təminatda alternativ mənbələrdən istifadəyə maraq daha da artmışdır. Yaxın keçmişə qısa nəzər saldıqda görürük ki, Azərbaycanın müstəqilliyinin ilk illərində Araz çayı üzərindəki su elektrik stansiyasının verdiyi cüzi enerjinin ümidinə qalmış Naxçıvanda keçən müddət ərzində inşa olunmuş, əsasən, bərpa olunan enerji mənbələri ilə işləyən müxtəlif elektrik stansiyaları hesabına enerji təminatı yüz faizə çatmış, ixracat potensialı da yaranmışdır. Bütün bu görülən işlərə ən yüksək qiymət isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu il may ayının 10-da Naxçıvana səfəri zamanı verilmişdir. Ölkə başçısı Naxçıvanın enerji ilə təminatını yüksək qiymətləndirərək demişdir: “Vaxtilə Naxçıvanda işıq yox idi, enerji yox idi. Azərbaycandan gələn xətlər də Ermənistan tərəfindən kəsilmişdi. İndi isə Naxçıvan özünü elektrik enerjisi ilə tam təmin edir və bərpa olunan mənbədən istifadə edir. Bu, çox önəmlidir. Çünki bu, Naxçıvanın gözəl təbiətinə və ekoloji vəziyyətinə töhfə kimi qəbul edilməlidir”.

Hazırda Naxçıvanda elektrik enerjisi istehsalında kifayət qədər güc və etibarlı infrastruktur vardır. Belə ki, 2020-ci ildə muxtar respublikanın elektrik stansiyalarında 424 milyon 414 min kilovat-saat­dan artıq elektrik enerjisi istehsal edilib sistemə ötürülüb ki, bu enerjinin 47 faizinə qədəri region­da istifadəyə cəlb olunmuş alternativ və bərpa olunan enerji mənbələrinin payına düşür. Naxçıvandakı çayların güclü hidroenerji potensialı və bu torpağın bol günəşi burada hər iki mənbə hesabına əldə olunan enerjinin iqtisadi səmərəliliyini artıran amillərdəndir. Səmərəlilik baxımından regionda enerjiyə olan tələbat bu strateji sahədə idxaldan asılılığın aradan qaldırılması ilə yanaşı, həm də gələcək perspektivlərin də nəzərə alınması ilə daha da artmaqdadır. Belə ki, əhalinin artan tələbatları ilə yanaşı, Naxçıvanda sənaye, kənd təsərrüfatı, meliorasiya, dəmir yolu nəqliyyatı və digər sahələrdə elektrik enerjisinə olan ehtiyac davamlı olaraq artmaqdadır. Buna görə də mövcud güc mənbələrinin daha da şaxələndirilməsi, enerji istehsalı ilə yanaşı, onun ötürülməsində texniki itkilərin minimuma endirilməsi məqsədilə yeni stansiyaların tikintisi də davam etdirilməkdədir. Belə ki, hazırda Ordubad rayonu ərazisində Araz çayı üzərində tikilən derivasiyatipli 36 meqavat gücündəki Ordubad Su Elektrik Stansiyası, gücü 15,6 meqavat olacaq Tivi Su Elektrik Stansiyası, Culfa rayonu ərazisində 1.1 meqavat gücündə olacaq Külək-Günəş Hibrid Elektrik Stansiyası, Şərur rayonunda artıq istifadəyə hazır olan və ilkin mərhələdə layihə gücü 5 meqavat olacaq yeni Günəş Elektrik Stansiyası bu uğurlu işlərin davamıdır.

Göründüyü kimi, muxtar respublikamızda alternativ enerji layihələrindən istifadədə geniş hədəflər vardır. Hər sahədə inkişaf edən bir regionda yeni dövrün çağırışı kimi bu belə də olmalıdır. Belə ki, alternativ enerji layihələrindən istifadə yüksək texnoloji yeniliklərin geniş tətbiq olunduğu bir sahədir. Öz xərcini çıxardıqdan sonra çox ucuz qiymətə təmiz enerji istehsal olunduğu, iqtisadi və ekoloji davamlılıq baxımından sərfəli olan belə layihələrin həyata keçirilməsi regional inkişaf və uzunmüddətli investisiya cazibədar­lığı ilə yanaşı, eyni zamanda beynəlxalq əməkdaşlıq baxımından da ölkəmizin imicinin yüksəlməsinə mühüm töhfədir. İndi Naxçıvana gələn hər bir qonaq buradakı inkişafı öz gözləri ilə görür və ölkəsində Azərbaycanın bu qədim diyarından fəxrlə danışır.

 Əli CABBAROV

ARXİV

Noyabr 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR