09 Dekabr 2021, Cümə axşamı

Mühüm coğrafi mövqedə yerləşən ulu yurdumuz Vətənimizin ən qədim meyvəçilik regionlarından biri hesab edilir. Əlverişli oroqrafik xüsusiyyətlərə və torpaq-iqlim faktorlarına malik olan diyarımızda Naxçıvan Muxtar Respublikası Ali Məclis Sədrinin müvafiq sərəncamları ilə təsdiq edilmiş meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət proqramlarının uğurlu icrası nəticəsində meyvəçilik sahəsində yüksək göstəricilərə nail olunub. Mart ayının 12-də Ali Məclisin Sədri cənab Vasif Talıbov “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. 

2021-2025-ci illəri əhatə edən yeni Dövlət proqramı da əvvəlki proqramların icrası dövründə əldə olunmuş müsbət nəticələrin davamlılığını təmin edəcəkdir. Meyvə-tərəvəzə olan tələbatın yerli istehsal hesabına ödənilməsi və ixrac imkanlarının artırılması, müvafiq sahədə ailə təsərrüfatlarının fəaliyyətinin genişləndirilməsi, müasir texnologiyalar əsasında yeni meyvə və tərəvəz emalı müəssisələrinin qurulması proqramın əsas məqsədlərindən biridir. Bu Dövlət proqramının reallaşdırılması bundan sonra da daxili bazarda meyvə-tərəvəz məhsullarına olan tələbatın yerli istehsal hesabına ödənilməsini, ixracyönümlü və ekoloji təmiz meyvə-tərəvəz məhsulları istehsalı sahələrinin yaradılmasını, muxtar respublikanın rayonlarında relyef və iqlim şəraiti nəzərə alınmaqla yeni meyvə bağlarının salınmasını, genişləndirilməsini təmin edəcək. Dövlət proqramlarının icrası zamanı Naxçıvana məxsus meyvə sortlarının istehsalının artırılması ilə yanaşı, onların təbliği və tanıdılması da diqqət mərkəzində saxlanılır.

Diyarımızda hər mövsümün özünəməxsus dadı ilə seçilən meyvələri vardır. Yaz fəslinin adla deyilən meyvəsi isə göycədir. Onu da qeyd edək ki, 2020-ci ilə kimi muxtar respublikada dörd “Göycə” festivalı keçirilib. Mayın 22-si və 23-də Naxçıvanqala Tarix-Memarlıq Muzey Kompleksində keçirilən ailə təsərrüfatlarının yetişdirdikləri göycə məhsullarının satış yarmarkası da bu sahə ilə məşğul olan zəhmət adamlarının məhsullarını vaxtında və əlverişli satmalarına şərait yaratdı.
Qeyd edək ki, yarmarkaya muxtar respublikanın şəhər və rayonlarından olan 218 ailə təsərrüfatı tərəfindən 20 tondan artıq göycə gətirilmişdi. Burada göycədən hazırlanan mürəbbə, cem, əzmə, kompot və araqların sərgi və satışı da təşkil edilmişdi. İki gün davam edən tədbirdə ailə təsərrüfatı sahibləri ilə həmsöhbət olduq.
Babək rayonunun Nehrəm qəsəbəsində yaşayan Cəmşid Həsənov illərdir ki, göycə bağına qulluq edir. O deyir ki, həyətindəki göycə ağaclarına xüsusi qayğı göstərir. Bu ağacları vaxtlı-vaxtında budayıb, dərmanlayır. Ailə təsərrüfatı sahibi gətirdiyi göycə məhsuluna marağın böyük olduğunu söyləyərək bildirir ki, belə yarmarkaların təşkili bu meyvənin tanıdılmasına xidmət etməklə yanaşı, məhsulu yetişdirməyə də stimul yaradır. İndiyə kimi keçirilən göycə festivalları çox maraqla qarşılanıb.
Şərur rayon təsərrüfatçıları ilə də həmsöhbət oluruq. Rayonun Danyeri kənd sakini Yaqub Həsənov deyir ki, 30 ildən çoxdur, göycə bağına sahibdir. Lakin məhsulu ilk dəfə elə burada təşkil edilən festivala çıxardıqdan sonra daha yaxşı tanınıb. Yaqub dayı bildirir ki, indi Azərbaycanın hər yerindən və naxçıvanlılar yaşayan xarici dövlətlərdən hələ göycələr çiçək açmamış göycə sifariş edirlər. Müsahibim deyir ki, onun yetişdirdiyi məhsul dadına və görünüşünə görə keçirilən festivallarda mükafat və diploma da layiq görülüb. Bütün bu qayğıya və diqqətə görə minnətdarlığını bildirən Yaqub dayı qeyd edir ki, Uca Yaradan dünyanın başı üzərini alan bu virus bəlasını tezliklə üstümüzdən götürsün, gələn il bu vaxt yenidən əvvəlki illərdə olduğu kimi, digər ölkələrdən də gələn qonaqların iştirakı ilə festivallar keçirək.
Ordubad şəhər Şəhriyar qəsəbə sakini Sabir Əliyev deyir ki, yetişdirdiyi bu məhsulun müştərisi həmişə başının üstündə olur. Hər həftə keçirilən kənd təsərrüfatı yarmarkaları ilə yanaşı, bu cür tanıdıcı xarakter daşıyan yarmarkaların da təşkil edilməsi bu məhsulun satışına daha geniş şərait yaradır. Naxçıvan göycəsinin adının dillər əzbəri olduğunu bildirən müsahibim deyir ki, bu meyvə Vətənimizin digər bölgələrində “sultan alça”, “alça” deyə yetişdirilsə də, Naxçıvan torpağında bitən göycə ilə eyni dadı vermir. Ona görə də bu meyvədən bir yeyən yenə yemək istəyir. Təsərrüfatçı muxtar respublikada meyvəçiliyin inkişafı üçün yaradılan hərtərəfli şəraitə görə minnətdarlıq etdi.
Bakı şəhərindən qonaq gələn Zəminə Abbaszadə: – Naxçıvan torpağının ləziz nemətlərinin dadı damaqda qalır. Yurdumuzdan uzaqda olsaq da, buranın bütün nemətlərini hər mövsümdə dadmaq imkanımız olur. “Yaz gələndə göycə yemədinsə, elə bil o yazı heç görməmisən”, – deyən Zəminə xanım onu da bildirir ki, həm məhsulun çeşidliliyi, həm də qiyməti ürəyimizcədir. Buna görə də yurdumuzun bu nemətindən doyunca dadmaqla yanaşı, Bakıya sovqat aparmaq üçün də xeyli göycə aldım. Piştaxtalarda nümayiş etdirilən məhsullar çeşidi və xüsusi zövqlə qablaşdırılması ilə seçilir. Göycə turşusunun dadına da söz ola bilməz. Yurdumun insanlarının qonaqpərvərliyi, əliaçıqlığı isə nəyə desən, dəyər.
“Yaz fəslində, ilin bu aylarında yurdundan uzaqda olan kiməsə sovqat göndərəndə onun içərisində birinci göycə payı qoymaq adətimizdir”, – deyir Sədərək rayonundan olan ailə təsərrüfatçısı Aybəniz İbrahimova. Onu da bildirir ki, ilk dəfədir Sədərəkdən olan ailə təsərrüfatları yarmarkaya göycə çıxarırlar. İllərdir, əkdiyimiz göycə ağacları bu il bar verdiyi üçün biz də burada rayonumuzu göycə və ondan hazırladığımız məhsullarla təmsil edirik. Göycənin cemini, mürəbbəsini, turşusunu və kompotunu satışa çıxarmışıq.
Rayonun Dəmirçi kənd sakini Ceyhun Abbasov bir hektara yaxın sahədə 400-ə qədər göycə ağacına qulluq edir.
O bildirir ki, burada yetişən göycənin bambaşqa dad-tamı var. Ona görə də Naxçıvan göycəsi adla deyilir. İstər diyarımızda olan, istərsə də digər rayonlarımızda yaşayan insanlar bu meyvəni çox sevir. Məhsulumuzun bol olması üçün ağaclara vaxtlı-vaxtında qulluq edir və zəhmətimizin də qarşılığını alırıq. Bu il ötən illərdən fərqli olaraq hava şəraitinin pis keçməsi məhsuldarlığa təsirsiz ötüşməyib, lakin məhsulumuz az da deyil. Şükür Allaha, torpaq ona alın tərini qatanları darda qoymur. Qiymətlərimiz də uyğun olduğu üçün həm alıcılar, həm də biz razı qalırıq.
Qeyd edək ki, iki gün davam edən yarmarkada Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə sağlamlıq imkanları məhdud olan istedadlı şəxslərin 400-dən çox əl işi, özünüməşğulluq proqramı və haqqıödənilən ictimai işlərə cəlb edilmiş, sosial qayğıya ehtiyacı olan şəxslərin hazırladıqları 150-dən çox məhsulun sərgi-satışı təşkil olunmuşdu.
Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən muxtar respublikadan olan 97 istedadlı qadının, ümumilikdə, 2028 əl işi də yarmarkaya çıxarılmışdı. İkigünlük sərgi-satışda 31 istedadlı qadının 605 manat dəyərində 118 əl işi satılmışdır.
Beləliklə, Naxçıvanın min bir təbii sərvətini, mətbəx zənginliyini və süfrə mədəniyyətini sərgiləyən tədbirlərdən biri də uğurla başa çatdı. Belə yarmarkaların təşkili sahibkarlığın inkişafına göstərilən dövlət qayğısından xəbər verməklə yanaşı, diyarımızın adla deyilən meyvəsi olan göycənin tanıdılmasına da xidmət edir.

Ramiyə ƏKBƏROVA

  

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR