01 Dekabr 2021, Çərşənbə

İstehsal və xidmətin bütün sahələrində müasir keyfiyyət standartlarının tətbiqinə nail olmaq muxtar respublikada həyata keçirilən sosial-iqtisadi inkişaf siyasətinin mühüm tərkib hissəsidir. Bu çərçivədə əhalinin sağlamlığının və alıcılıq qabiliyyətinin qorunub saxlanılması, keyfiyyətli yerli məhsulların istehsalının təşviqi Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin qarşısına qoyulmuş mühüm və təxirəsalınmaz vəzifələrdəndir.
Bu istiqamətdə həyata keçirilən tədbirlər aprel ayında da davam etdirilmiş, məhsul göstəricilərinin texniki normativ-hüquqi aktların, standartların və texniki şərtlərin tələblərinə uyğunluğu diqqətdə saxlanılmış, ümumilikdə, məhsul nümunələrinin 60 halda, o cümlədən qida məhsullarının 55 halda keyfiyyət göstəriciləri üzrə laboratoriya sınağı aparılmış və nöqsanlar aşkar edilməmişdir.

Yüksəkkeyfiyyətli bal və digər arıçılıq məhsulları gəlirliliyinə və faydalılığına görə aqrar sahədə mühüm yer tutur. Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, Dövlət Baş Sığorta Agentliyinin və Dövlət Baytarlıq Xidmətinin nümayəndələri ilə birlikdə ötən ay Şərur rayonunun Mahmudkəndində, Naxçıvan şəhərinin Tumbul kəndində arıçılıq məhsulları istehsalçıları ilə maarifləndirmə xarakterli görüş keçirilmiş, müvafiq standart üzrə bal məhsulunun tərkibində saxarozanın və nəmliyin yolverilən həddinə dair məlumatlar çatdırılmış, bal məhsulunun 2 halda laboratoriya analizi aparılmış, nəticələrinin standartın tələblərinə uyğun olduğu müəyyən edilmiş və sınaq protokollarının surəti ailə təsərrüfatlarına təqdim olunmuşdur.
Muxtar respublikada bütün istiqamətlər üzrə kənd təsərrüfatının inkişafına dövlət dəstəyi göstərilməkdədir. Ötən ay emal olunmuş kənd təsərrüfatı məhsullarının 15, meyvə-tərəvəz məhsullarının 13 halda keyfiyyət göstəriciləri üzrə laboratoriya analizləri aparılmış, nəticələrin texniki normativ-hüquqi aktların, standartların və texniki şərtlərin tələblərinə uyğun olduğu müəyyən edilmişdir.
Muxtar respublika iqtisadiyyatında ailə təsərrüfatı modelinin dəstəklənməsi işi davam etdirilməkdədir. Ötən ay Şahbuz rayonunun Aşağı Qışlaq kəndində Kənd Təsərrüfatı və İqtisadiyyat nazirliklərinin, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin, AMEA Naxçıvan Bölməsinin əməkdaşları ilə birlikdə ailə təsərrüfatları üçün seminar-müşavirə keçirilmiş, “Naxçıvan qovurması”nın istehsalının genişləndirilməsi, kiçikhəcmli taralarda qablaşdırılması və ixracının dəstəklənməsi, meyvə və tərəvəzlərin, bostan məhsullarının qurudulması, qablaşdırılması, etiketlənməsi ilə bağlı 30 ailə təsərrüfatına maarifləndirici bukletlər və “Naxçıvan qovurması” əmtəə nişanlı etiketlər təqdim olunmuşdur. Ay ərzində muxtar respublika üzrə 2 ailə təsərrüfatına istehsal etdiyi məhsulların etiketlərində məhsulun adının və digər məlumatların orfoqrafik qaydalara uyğun yazılmasını, saxlanma şəraitinin və yararlılıq müddətinin qüvvədə olan standartların tələblərinə uyğun göstərilməsini təmin etmək məqsədilə metodik köməklik göstərilmişdir. Ailə təsərrüfatı məhsullarının keyfiyyətinə nəzarətin aparılması üçün ay ərzində İqtisadiyyat Nazirliyi ilə birgə məhsullardan 12 halda nümunələr seçilərək laboratoriyaya təqdim olunmuş, sınaqların nəticələrinin texniki normativ-hüquqi aktların və standartın tələblərinə uyğun olduğu müəyyən edilmişdir.
Alkoqollu içkilər istehsal edən 2 müəssisədə arağın 2, pivənin 1 halda laboratoriya analizləri aparılaraq keyfiyyət göstəricilərinin texniki normativ-hüquqi aktların və standartların tələblərinə uyğun olduğu müəyyən edilmişdir.
Xarici bazarlara çıxış imkanlarının artırılması xüsusi diqqət mərkəzindədir. Bu məqsədlə ötən ay da muxtar respublikadan kənara məhsulların göndərilməsi və satışı üzrə fəaliyyət çərçivəsində sahibkarlıq subyektlərinin və ailə təsərrüfatlarının iqtisadi aktivliyi ardıcıl qaydada dəstəklənmiş, digər bölgələrimizdə fəaliyyət göstərən “Naxçıvan məhsulları” mağazalar şəbəkəsinə tələbata uyğun olaraq davamlı qaydada məhsulların göndərilməsi təmin edilmişdir.
Verilmiş tapşırıqların və qarşıya qoyulmuş vəzifələrin icrası istiqamətində tədbirlər davam etdirilir.

Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti