09 Dekabr 2021, Cümə axşamı

Naxçıvanın havası, suyu, meyvəsi can dərmanıdır. Bu torpağın bütün dad-tamlı meyvələri kimi göycənin də adı dillər əzbəridir. Göycə qədim diyarımızın ən sevilən, nübar meyvələrindən biridir. Qədim zamanlardan bəri göycə yalnız bu regionda becərilib. Naxçıvan göycəsinin tarixi VII əsrə gedib çıxır. “Göycə” sözü göyümtül-yaşıl mənasında olmaqla bərabər, “yeni”, “təzə” mənasını da ifadə edir.
Keçmiş zamanlarda olduğu kimi, hazırda da Naxçıvanda göycə meyvəsinin yetişdirilməsinə böyük önəm verilir, bu məhsulun istehsalının artırılması ilə yanaşı, təbliği və tanıdılması da diqqət mərkəzində saxlanılır. Maraqlıdır, bəs Naxçıvan göycəsi hansı faydalı xüsusiyyətlərinə görə seçilir, bu meyvənin yetişdirilməsində daha çox nələrə diqqət olunmalıdır? Elə biz də bu sual­lara cavab tapmaq üçün yolumuzu Şərur rayonundan saldıq.

Müsahibim 2019-cu ildə “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçirilən “Ən yaxşı göycə” müsaqibəsində iştirak edərək birinci yerə layiq görülən Nazim Abbasovdur. Şərur rayonunun Ələkli kəndində yaşayan Nazim əmi 6 ildən çoxdur ki, bağbanlıq edir. Onun sözlərinə görə, göycə müxtəlif alça sortlarının bağbanlarımız tərəfindən calaq edilməsi yolu ilə əmələ gəlib. Belə ki, əvvəlcə alça ağacı əkilir, sonra göycənin budağından ona calaq vururlar. İkinci, yaxud da üçüncü il artıq göycə ağacı bar verir. Calağın da öz vaxtı var. Dədə-babalarımız deyərdi ki, calaq arpa biçini zamanı edilməlidir. Göycənin calağı, əsasən, alça və almaxara ağaclarına vurulur. Təcrübələr əsasında demək olar ki, bu ağaclar vurulan calaqdan sonra yaxşı bar verir. Həm də həmin ağacların kökaltı hissələri yaxşı inkişaf etdiyindən gec quruyur, xəstəliklərə davamlı olur.
Bağban deyir ki, ağacları yağışlı havalarda zərərvericilər daha tez məhv edə bilər. Buna görə də yazda və çiçəkləmədən sonrakı dövrdə ağacları dərmanlayırıq. Məhsul verməyə bir ay qalmış dərmanlama dayandırılır ki, kimyəvi tərkib ağacın meyvəsinə təsir göstərməsin. Ağacları çiçəkləmə vaxtında dərmanlamaq olmaz. Bütün ağaclar kimi, göycənin də mineral maddələrə, üzvi gübrələrə ehtiyacı var. Lakin ağaca gübrə verilən zaman diqqətli olmaq lazımdır. Gübrə mütləq çiçəkləmədən əvvəl verilməlidir. Erkən yazda göycə ağacı budanmalıdır. Onun üst təpə tumurcuqları təmizlənməsə, məhsulu az olar.

Bəziləri göycə ilə alçanı səhv salır. Nazim əmi bu məsələyə toxunaraq qeyd edir ki, göycə alçadan tez yetişir. Yəni göycə satışa çıxarıldığı vaxt alçalar çox balaca və acı olur. Alçanı, adətən, göy ikən deyil, yetişəndən sonra yığıb istifadə edirlər. Göycə ilə bir fərqi də elə budur. Göycə, yəni göy ikən “gəl qopar məni”, – deyir. Qısaca, görünüş etibarilə göycə ilə alça səhv salınsa da, faktiki olaraq bunlar ayrı-ayrı meyvələrdir. Göycələrin turş olanı da var, şirini də. Əgər göycənin calağı şirin alçaya vurularsa, göycə şirin, yox, əgər xalq dili ilə desək, cır alçaya vurularsa, məhsul turş olar. Ağaca yaxşı qulluq olunarsa, vaxtlı-vaxtında mineral maddələrlə təmin edilərsə, bu onun məhsuldarlığını və keyfiyyətini artıracaq. Ağaca verilən suyun da onun məhsuluna bilavasitə təsiri var. Belə ki, şirin suyla suvarılan ağacın meyvəsilə şor su ilə suvarılan ağacın meyvəsi arasında, əlbəttə ki, fərq olacaq.
Göycənin insan orqanizmi üçün çox faydalı olduğunu söyləyən Nazim əmi deyir ki, C vitamini ilə zəngin olan bu meyvə qanazlığı olanlar üçün faydalıdır, susuzluğu yatırır, iştahaaçıcıdır, eləcə də diş ətlərinin möhkəmlənməsinə kömək edir. Ona görə də bu meyvədən, demək olar ki, hamı istifadə edir.
Müsahibimlə söhbət zamanı bu nəticəyə gəldik ki, Naxçıvan göycəsinin tanıdılması, brend məhsula çevrilməsi sahəsində son illərdə diyarımızda keçirilən göycə festivallarının rolu böyükdür. Festivallarda muxtar respublikamızın müxtəlif bölgələrindən torpaq mülkiyyətçiləri öz məhsulları ilə iştirak edir, onları tanıtmaqla bərabər, yaxşı qazanca da sahib olurlar. Naxçıvana gələn əcnəbilərin bu festivallarda satılan belə məhsullardan alaraq öz qohum-əqrəbalarına da pay aparması onu göstərir ki, regionumuza xas olan göycə hər kəs tərəfindən bəyənilir. Muxtar respublikamızda göycə bağları sahələrinin ildən-ilə genişlənməsi isə bu meyvəyə olan tələbatın artdığını göstərir. İnanırıq ki, Naxçıvan göycəsi yaxın gələcəkdə xarici bazarlarda da özünə böyük alıcı kütləsi qazanacaqdır.

 Aytac CƏFƏRLİ

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR