07 Dekabr 2021, Çərşənbə axşamı

Baharın gəlişi ilə torpaq oyanıb, təbiət canlanıb. Yazın müjdəçisi dedikdə ağıla ilk gələn qaranquşlar olsa da, bu fəslin sorağını həm də kiçik can-cüssələri ilə çiçəkdən-çiçəyə qonub min bir zəhmətlə bal hazırlayan arılardan da alırıq. Torpaqdan yenicə baş qaldıran çiçəklərin aləmə yaydıqları xoş qoxu qışboyu “evlərindən” bayıra çıxmayan arıları, sanki yeni həyata, təbiətin qoynuna səsləyir. Kiçik olmalarına baxmayaraq, yuvalarında yaratdıqları qayda-qanun, gördükləri iş və ortaya çıxardıqları nəticə onların mükəmməl canlı olduqlarını sübut edir. Bunun nəticəsidir ki, çalışqanlıqları ilə təbiətin əsrarəngiz canlılarından olan arıların və zəhmətsevər insanların birliyindən hər dərdə dərman olan bal ərsəyə gəlir.

Zəhmətkeş əllərin sorağı ilə yolumuzu bu dəfə Babək rayonunun Cəhri qəsəbəsinə saldıq. Qonağı olduğumuz Əhmədovlar ailəsi 10 ildir ki, arıçılıqla məşğuldur. 95 arı ailəsinə qulluq edən Məhərrəm dayı deyir ki, elə ki arılar qış yuxusundan oyandı, deməli, arıçıların zəhmətli günləri başladı. Arıçılıq xüsusi diqqət tələb edən işdir, hər arı ailəsinə gərək ayrıca qulluq edəsən. Nə qədər yaxşı qulluq olarsa, məhsul da bir o qədər yaxşı olar. İl ərzində arıçılıqda görülən işlər isə 4 dövrə bölünür: erkən yaz, beçə, bal və ya məhsul dövrləri, nəhayət qış dövrü. Qışlama dövrünü yaxşı keçirən, yaxşı qidalanan arı ailəsi ili daha yaxşı yola verir, nisbətən zəif qidalanmış ailələr isə tez xəstəliyə tutulur və böyük bir qismi tələf olur. Xəstəliyə tutulmuş arılar yuvadan ayrılmazdan əvvəl mütləq müayinə edilməli, zəif düşmüş arı ailələrinin qidalanmaları üçün pətəklərinə ballı çərçivəli şam qoymaq lazımdır. Əgər ehtiyat bal yoxdursa, yem tələbatını şəkər şərbəti ilə də tamamlamaq olar.
Müsahibimiz deyir ki, arıçılıqda məhsul istehsalına müsbət təsir edən əsas amillərdən biri erkən yaz dövründə arı ailələrinə qulluğun düzgün aparılmasıdır. Ona görə də yaz yoxlanışı zamanı arı xəstəliklərinin olub-olmamasına nəzarət etmək lazımdır. Buna diqqət göstərilməməsi arı ailələrinin məhv olmasına gətirib çıxarır və xəstəlik səbəbindən zəifləmiş ailələrdə məhsuldarlıq xeyli aşağı düşür. Xüsusən erkən yazda bir arı ailəsinin həyatda qalması üçün ana arının olması vacibdir. Əgər arılar sürətli bir şəkildə çalışıb sürfəyə çiçək tozu gətirirlərsə, bu, ana arının varlığına işarədir. Yox, əgər arılar çiçək tozu gətirmir və pətəkdən qıraqda gəzirsə, böyük ehtimalla ana arı tələf olub.

Arıçı deyir ki, erkən yaz dövrü başa çatdıqdan sonra may ayından etibarən arıçılıqda “beçə dövrü”, “beçə ayı”, “pətək ayı” kimi tanınan yeni mərhələ başlayır. Bu aydan etibarən arılar çiçək tozundan (güləm) şirə, nektar gətirməyə başlayır. Təcrübəli arıçılar söyləyir ki, may ayında arılar alaqaranlıqdan hava isinənə qədər güləm, bundan sonra isə şirə gətirir. Bu zaman bütün yuvalarda qızğın iş prosesi gedir. Ana arı dayanmadan yeni pətəklər toxuyur, həmin pətəklərin gözcüklərinə sürfələr qoyur. Bu sürfələrdən yekə gözcüklərdə olanlardan erkək arılar, normal gözcüklərdən isə işçi arılar çıxır. Daha böyük bir neçə gözcüklər də olur ki, bunlardan da ana arılar çıxır. Yeni çıxan ana arılar özü ilə bir dəstə arı götürərək yeşikdən ayrılır ki, buna “beçə” deyirlər. Bir beçə dəstəsində 4-5 ana arı olur. Sonradan arılar seçib birini saxlayır, qalanlarını isə ­öldürürlər. Yeşikdən çıxan beçə yaxınlıqdakı ağacın, kol-kosun üstünə düşür. Bir-iki saat ərzində beçə tutulub yeşiyə, səbətə salınmazsa, uçub hara gəldi gedəcək. Bəzən də elə olur ki, beçə yaxınlıqda olan arıçıların qoyduğu yeşiyə girib orada özünə məskən salır. Bu zaman da onu pətəklərə (yuvaya) qaytarmaq çətin olur.
Məhərrəm Əhmədov deyir ki, yağıntının bolluğu da beçələməyə təsir göstərir. Bu səbəbdən arıları tez-tez dağlıq ərazilərə – Batabata, Gərməçatağa aparıram. Yağıntılı illərdə gül-çiçək çox olduğu üçün arı üç dəfə beçə verə bilər. Onlar da sırası ilə “şahbeçə”, “ortabeçə” və “xorabeçə” adlanır.
Çiçək, sevgi, zəhmət... Bunların birgə vəhdətindən ortaya halal qazanc, ruzi-bərəkət çıxır. Bəli, bunları Cəhri qəsəbəsində söhbətləşdiyim Əhmədovlar ailəsinin timsalında bir daha gördüm.
Yeri gəlmişkən qeyd edək ki, muxtar respublikamızda arıçılığın inkişafında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 18 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı” əhəmiyyətli rol oynayır. Arıçılıqla məşğul olan təsərrüfat subyektlərinə kreditlər, subsidiyalar, pulsuz dərman preparatları verilir, bu sahə üçün hərtərəfli şərait yaradılır. Buna görə də muxtar respublikamızda bu sahə ilə məşğul olan təsərrüfatların sayı da günü-gündən artır və əhalinin arıçılıq məhsullarına olan tələbatı yerli istehsal hesabına ödənilir. Eyni zamanda hər il muxtar respublikada “Arıçılıq məhsulları – bal” festivalı keçirilir, arıçılara öz məhsullarını satmaq üçün lazımi şərait yaradılır. Adıçəkilən Dövlət proqramı isə arıçılığın inkişafında yeni mərhələ yaradır. İnanırıq ki, yaxın gələcəkdə Naxçıvanın arıçılıq məhsulları xarici bazarlarda da özünə böyük alıcı kütləsi toplayacaq.

 Məcid RƏŞADƏTOĞLU

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR