09 Dekabr 2021, Cümə axşamı

Muxtar respublikadakı əlverişli biznes və investisiya mühiti digər sənaye sahələri ilə yanaşı, mebel sənayesinin inkişafı üçün də geniş imkanlar yaradır, yeni mebel istehsalı müəssisələri açılır. Belə müəssisələrdən biri “Şahin Şah” Məhdud Məsuliyyətli Cəmiyyətidir.
Muxtar respublikanın müasir mebel istehsalçılarından biri olan “Şahin Şah” MMC 1998-ci ildən fəaliyyətə başlayıb. Əsas fəaliyyəti mebel istehsalı və satışı olan müəssisə xarici bazarlarda bir marka kimi tanınmaq üçün uğurla irəliləyir, daim müştərilərinə keyfiyyətli məhsullar təqdim etməyə çalışır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin bu il fevralın 27-də sahibkarlarla keçirdiyi görüşdə istehsal sahəsinin genişləndirilməsi və avadanlıqların alınması məqsədilə “Şahin Şah” güzəştli kreditlə təmin olunub.
Müəssisədə yüksəkkeyfiyyətli məhsul istehsal etmək üçün “Şahin şah” MMC-yə ümumi dəyəri 136 min manat olan Almaniya istehsalı EDGETEQ S-380 PVC əsaslı kənar bantvurma avadanlığının alınması məqsədilə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sahibkarlığın İnkişafı Fondu tərəfindən 80 min manat məbləğində dövlət maliyyə dəstəyi ayrılıb. Gündəlik istehsal gücü uzunluğu 1350 metr bant olan müasirtipli bu avadanlıqlar vasitəsilə yüksəkkeyfiyyətli məhsul istehsalına nail olunacaq. Bu cür müəssisələrin yaradılması və fəaliyyətlərini genişləndirməsi birbaşa insanların rifah halının yüksəlməsinə, yaşayış səviyyəsinin daha da yaxşılaşmasına səbəb olur.
“Şahin Şah” MMC tərəfindən mebel istehsalı sahəsinin genişləndirilməsi həm də onu göstərir ki, muxtar respublikada sənaye potensialının möhkəmləndirilməsi istiqamətində məqsədyönlü tədbirlər uğurla davam edir.

Muxtar respublikamızda ümumi daxili məhsul istehsalında özəl sektorun xüsusi çəkisi böyükdür. Bu mənada, iqtisadiyyatın şaxələndirilməsinin, yerli məhsulların istehsalının artırılmasının, idxaldan asılılığın azaldılmasının və digər strateji vəzifələrin həllinin, xüsusilə aktual olduğu indiki dövrdə özəl sektorun rolu mühüm əhəmiyyət kəsb edir. Özəl sektorun iştirakçıları isə sahibkarlardır. Sahibkarlığın inkişafı həm də milli şüurun formalaşmasında mühüm rol oynayır. Reallıq ondan ibarətdir ki, Ali Məclisin Sədri sahibkarların iqtisadiyyatda rolunu və yerini düzgün qiymətləndirir. Odur ki, son illərdə muxtar respublikada yeni iqtisadi siyasətin reallaşması istiqamətində həyata keçirilən tədbirlərin bir hissəsi sahibkarlıq sahəsini əhatə edib. Yoxlamaların minimuma endirilməsi, lisenziyalaşdırma sisteminin təkmilləşdirilməsi, satınalmalarda yerli sahibkarlara üstünlük verilməsi, ixracın və investisiyaların təşviqi mexanizmlərinin tətbiqi sahibkarlıq fəaliyyətinə diqqətin davamlı olmasını göstərməklə yanaşı, özəl bölmənin inkişafı üçün də xüsusi əhəmiyyət daşıyır.

Çinarə BALAYEVA
Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin əməkdaşı

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR