01 Dekabr 2021, Çərşənbə

Maliyyə Tədris Mərkəzində təşkil olunan dörd günlük təlimə muxtar respublikada fəaliyyət göstərən icra hakimiyyəti orqanlarında çalışan 12 nəfər maliyyə-mühasibatlıq işçisi cəlb olunub.

Gündəliyə uyğun olaraq Mərkəzin direktoru Mehriban İmanova keçirilən təlimlər haqqında ümumi məlumat verib, mövzunun aktuallığı və mahiyyəti barədə danışıb. Qeyd olunub ki, təlimin əsas məqsədi beynəlxalq standartlara uyğun olaraq maliyyə hesabatlarının hazırlanmasının nəzəri tərəfləri ilə bağlı biliklərin verilməsi, praktiki biliklərin təkmilləşdirilməsindən ibarətdir. Büdcədən maliyyələşən təşkilatlarda çalışan maliyyə-mühasibat işçiləri üçün nəzərdə tutulan təlim paketinə əlavə olunmuş büdcə və vergi qanunvericiliyi ilə bağlı modulların, bu qanunvericiliklərin düzgün tətbiq edilməsində xüsusi əhəmiyyətə malik olduğu vurğulanıb.

Təlimin ilk günü “Büdcə sistemi və vahid büdcə təsnifatının mahiyyəti” modulu ətrafında çıxış edən Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin Büdcə şöbəsinin əməkdaşı Ramil Hüseynov qeyd etmişdir ki, büdcə sistemi dövlət maliyyəsinin tərkib hissəsi olduğu üçün maliyyə-mühasibat sahəsində çalışan işçilərin ölkənin maliyyə - büdcə siyasəti və büdcə sisteminin fəaliyyəti ilə bağlı biliklərinin artırılması mühüm əhəmiyyət kəsb edir. Təlim zamanı ölkənin büdcə sisteminin bütün səviyyələrində gəlir və xərclərin formalaşması, bölüşdürülməsi, istifadəsi ilə əlaqədar maliyyə münasibətləri haqqında məlumat verilib.
Gündəliyə uyğun olaraq növbəti gün Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətinin əməkdaşı İsmayıl Bağırov “Büdcə təşkilatlarında vergi uçotunun təşkili” adlı mövzu ətrafında çıxış edərək vergi uçotunun mühasibat uçotunun tərkib hissəsi olduğunu, vergiyə cəlb olunma və vergi hesabatı tərtib etmək məqsədi daşıdığını qeyd edib. Təqdimat zamanı Azərbaycan Respublikasının vergi sistemi, vergitutma obyekti, vergi ödəyiciləri, azadolma və güzəştlər haqqında məlumat verilib və vergi bəyannamələrinin, hesabatlarının tərtib edilməsi və göndərilməsi qaydaları izah edilib.
Təlimin son iki günü ərzində Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı Elvin Əlimərdanov “Büdcə təşkilatlarında maliyyə hesabatlarının tərtib edilməsinin nəzəri və praktiki izahı” modulu ətrafında beynəlxalq standartlara uyğun olaraq maliyyə hesabatlarının hazırlanma qaydaları haqqında məlumat verib, müvafiq praktiki tapşırıqlar yerinə yetirilib.
Hər təlimin sonunda tədris olunan mövzularla bağlı aparılan qiymətləndirmənin yekun nəticələrinə görə iştirakçılara Maliyyə Tədris Mərkəzinin sertifikatları təqdim edilib.

Naxçıvan Muxtar Respublikası
Maliyyə Nazirliyinin mətbuat xidməti