09 Dekabr 2021, Cümə axşamı

Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən banklar və kredit təşkilatları tərəfindən 1 aprel 2021-ci il tarixə muxtar respublikasının iqtisadiyyatına yönəldilən kredit qoyuluşunun həcmi 220 milyon 965 min manata çatıb. Bu kreditlərin 12 milyon 547 min manatı qısamüddətli, 208 milyon 391 min manatı isə uzunmüddətli kreditlərin payına düşür.
Keçən ilin müvafiq dövrü ilə müqayisədə muxtar respublikanın iqtisadiyyatına yönəldilən kredit qoyuluşunun həcmi 31 milyon 790 min manat və ya 16,8 faiz artmışdır.

Bank və kredit təşkilatları tərəfindən 2021-ci ilin yanvar-mart ayları ərzində 48 milyon 368 min manat kredit verilmişdir ki, bunun da 8 milyon 830 min manatını qısamüddətli, 39 milyon 538 min manatını isə uzunmüddətli kreditlər təşkil edir. Verilmiş kreditlərin 4 milyon 700 min manatı sənaye, 4 milyon 157 min manatı kənd təsərrüfatı, 1 milyon 78 min manatı kommersiya, 1 milyon 165 min manatı daşınmaz əmlakla əlaqədar ipoteka kreditlərinin verilməsinə, 30 min manatı səhiyyə və sosial xidmət sahəsinə, 37 milyon 238 min manatı isə digər kommunal, sosial və istehlak kreditlərinin verilməsi kimi sahələrə yönəldilmişdir.
Muxtar respublikamızda icrası uğurla davam etdirilən “2019-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında rəqəmsal ödəniş xidmətlərinin tətbiqinin və nağdsız hesablaşmaların genişləndirilməsi üzrə Proqram’’a uyğun olaraq regionda fəaliyyət göstərən bank qurumlarının ilk rübü ərzində qeyri-nağd ödənişlərin həcminin artırılması istiqamətində gördüyü işlər də uğurlu olub. Belə ki, muxtar respublikada quraşdırılmış POS-terminalların sayı 1437-yə çatdırılıb. Aparılmış tədbirlər nəticəsində nağdsız ödənişlərin həcmindəki artım dinamikası bu dövrdə də qorunub saxlanılıb və 2021-ci ilin yanvar-mart aylarında POS-terminal və digər ödəniş vasitələri ilə aparılan nağdsız əməliyyatların həcmi 10 milyon 590 min 718 manat təşkil edib.
Təhlil olunan dövrdə bankların əhali ilə apardığı işlərin digər bir mühüm istiqaməti olan əmanətlərin cəlb olunmasında da mühüm işlər görülüb. Belə ki, 1 aprel 2021-ci il tarixə muxtar respublikada fəaliyyət göstərən banklarda fiziki şəxslərin əmanətlərinin həcmi 12 milyon 6 min manat, o cümlədən milli valyuta ilə 11 milyon 127 min, xarici valyuta ilə 879 min manat həcmində təşkil edib. Bu da əvvəlki dövrlə müqayisədə banklara qoyulan əmanətlərin həcmində milli valyuta ilə artım, xarici valyuta ilə cəlb edilən əmanətlərin həcmində isə azalma dinamikasının olduğunu görürük.
Statistik göstəricilərin təhlili onu göstərir ki, muxtar respublikanın bank sektorunda dayanıqlı fəaliyyət təmin olunmuşdur. Əldə olunmuş nəticələr qarşıdakı dövrdə də muxtar respublikada elektron ödəniş məkanının formalaşdırılması, nağd pul kütləsinin bank dövriyyəsinə cəlb edilməsi, kredit portfelinin keyfiyyətinə nəzarətin gücləndirilməsi, pul dövriyyəsinin təşkilinin daha da müasirləşdirilməsi kimi mühüm vəzifələrin uğurla həll olunacağını proqnozlaşdırmağa imkan verir.

Azərbaycan Respublikası
Mərkəzi Bankı Naxçıvan Muxtar Respublika İdarəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR